• cümə axşamı, 28 mart, 12:44
  • Baku Bakı 16°C

Azərbaycan intibahının şairi

24.11.19 11:30 1976
Azərbaycan intibahının şairi
Ataallah Arraninin lirikasında məhəbbət və azadlıq
17-ci Beynəlxalq Konfrans: Türk dünyası: sosial biliklər. Konqress İstanbulun məşhur universitetlərindən birində 2019-cu ilin oktyabrın 30-dan noyabrın 1-nə qədər davam edib. Bu konfransda bütün türkdilli ölkələr – Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Makedoniya, Azərbaycan və bir sıra başqa ölkələr iştirak ediblər.

Azərbaycanı Bakı Slavyan Universitetinin "Ədəbiyyat nəzəriyyəsi və dünya ədəbiyyat”ı kafedrasının müdiri, "Elm çırağı” İctimai birliyinin sədri, professor Naida Məmmədxanova təmsil edirdi. O, həmçinin konfransın mədəniyyət və ədəbiyyat bölməsinin rəhbəri idi. Konfransın təşkilatçıları və universitetin rəhbərliyi tərəfindən bölmə iclasında rəhbərlik etdiyinə, həmçinin "İntibah dövrünün məşhur şairi Ataallah Arraninin yaradıcılığında sevgi və azadlıq” mövzusunda maraqlı məruzəsinə görə təşəkkürnamə alıb. Həmin məruzəni təqdim edirik:

İntibah mədəniyyəti dünyanı nəşəli, nikbin dərki, rənglərin qamması, hissiyyatın və daxili azadlığın təcəssümüdür. Lakin hər şeydən əvvəl İntibah humanizmi, şəxsiyyətin əvəzolunmazlığı və hədsiz ucaldılmasıdır. Cismani və mənəvi, ümumi və fərdi, nur və zülmət, insan və kosmos – burada hər şey mütənasibliyə, qarışıqlıqlı nüfuz etmə və harmoniyaya gəlib çatmağa çalışır. İntibah humanizmi həssas, kortəbii münasibətə güvənir, o, emosionaldır.
Şərq və Qərb İntibah dövrünə, onların oxşar və fərqli cəhətləri ilə bağlı bir çox araşdırmalar vardır. Lakin biz bunu etməyəcəyik, yalnız onu deyəcəyik ki, Qərb və Şərq ağlı həmişə rasionallıq və irrasionalıq ilə bir-birinə qarşı çıxmışlar. Sonuncu hər zaman materiyadan kənara çıxa bildiyi üçün, özünü daha dərindən hiss edib anlamağa, düşünməyə, özünü mənəvi cəhətdən inkişaf etdirməyə və ən əsası, həqiqi məhəbbəti, hərəkət olaraq deyil, ruhun bir halı kimi başa düşməyə imkan yaradırdı.
Şərq poeziyası demək olar ki, bütünlüklə bu əhval-ruhiyyəyə köklənmişdir və Azərbaycan poeziyası Şərq mədəniyyətinin ayrılmaz hissəsi kimi bu mənşədən qaynaqlanır. Və bu gün biz Şərq İntibah dövrünün məhəbbət lirikasında əks olunması (Qərbə İntibah dövrü sonradan gəldiyindən) unikal Azərbaycan şairi Ataallah Arraninin timsalında tədqiq edəcəyik.

Arraninin lirikası lakonik və sadədir, bu sadəlik yalnız böyük ustalara xas olan möhtəşəm sadəlikdir. O, digər şairlərin bir neçə səhifədə ifadə etdiyi duyğu və düşüncələri bir neçə kəlmə ilə çatdıra bildi. Böyük Höte demişkən: "Şərq şairlərinin dörd sətri filosoflarımızın qalın risalələrindən daha çox müdrikliyə sahibdir”. Poeziyamızın dərinliyi heç kim üçün sirr deyil, bu yenilik deyil, bu bir həqiqətdir və bu məhəbbət fonunda poeziyanın həssaslığı aksiomadır.
Bir sözlə, Azərbaycan lirikasının poetik dünyagörüşündə olan məhəbbət, hər şeyi unutduran, bizi bütünlüklə ələ alan, özümüzü dərk etməyə imkan yaradan hissdir.
Lakin bu gün biz bütün sivil Qərb dünyasının yalnız XX əsrdə ucadan danışa bildiyi, Azərbaycan İntibah poeziyasının təzahürü olan Məhəbbət və Azadlıq fenomeni haqqında danışacağıq. Artıq XX əsrdə, Sartr bu şüarı irəli sürəcək və Haydergerin, Yaspersin əvvəlki düşüncələrini tamamlayaraq bu postulatları fəlsəfi məxrəcə gətirəcək. Fromm isə sonradan bu haqda "Məhəbbət haqqında traktat” yazacaq. Lakin burada da, Şərq filosofu və rəssamı, XX əsrin əvvəllərində yaşayan livanlı Cübran Xəlilin yaradıcılığının təsiri olmuşdur. Onun məşhur "Peyğəmbər” essesi insan şüurunu yüksəltdi, hisslər və düşüncələr labirintində gəzən Qərb ağıllarını həyəcanlandırdı. Şərq poeziyası həmişə məhəbbət fəlsəfəsi ilə əlaqəli idi.

Şirvan şairi Ataallah Arraninin kəşfi, ərəbşünas, XX əsrin görkəmli alimi (97 il ömür sürmüş) Teodor Şumovskinin adı ilə bağlıdır. O, "Müqəddəs Quran” monoqrafik əsərini yaratmış, səlis linqvo-filoloji və tarixi təhlilini vermişdir.
T.Şumovski uşaqlığını və gəncliyini Şamaxıda keçirmiş, Leninqradda (indiki Sankt-Peterburq şəhəri) Şərqşünaslıq fakültəsində oxumuşdur. 1936-cı ilin iyul ayında Şamaxıda tətildə olarkən İmamzadə Pirində Quran mətni ilə birlikdə təsadüfən Arraninin "Qızılgül ləçəkləri” şeirlər toplusu, Divanını tapır və sonradan bütün ömrü boyu bu gözəl şeirləri öyrənməyə başlayır və rus dilinə tərcümə edir.
Teodor Şumovski, yüz illər keçdikdən sonra, "Qızılgül ləçəkləri”nin müəllifini, Nizami və Xaqaninin dövründə yaşamış görkəmli Azərbaycan şairi Ataallah Arranini aşkara çıxartdı və ədibin özü və yaradıcılığı haqqında, bütün məlumatları bir-bir topladı.
Divanı oxuyarkən, məhəbbət hisslərinin çoxşaxəliyi və hərtərəfli olmasına heyran qalırsan: məhəbbət insanın sərbəst ruhu halında, bir-birini dərindən dərk etmə, sevgi varlığın vektoru kimi. Ən əsası, məhəbbət ilahi hədiyyə kimi.
Günahlardan tövbə etmək vaxtı gələndə
Deyərəm ki, bunu Allahın əmrinə uyğun bir həyat deyil,
Üç həyat yaşadım: biri – cismani həyati xilas etmək,
Digəri məhəbbətdə keçmən həyat, üçüncü həyat isə – şeirlərimdir.

Arrani Tanrı kateqoriyasını qəbul edir, onun üçün Allah qorxu deyil, əksinə Allah məhəbbətdir. O, Quranı vəsf edir, özünü həqiqi müsəlman hesab edir, çünki Allahla birlikdə yaradıcılıqla məşğuldur. O, şeirlər yaradır, lakin dindarlığı qəbul etmir və Uca Yaradanı onlardan ayırır.
.
Onun şeirlərindəki sevgilini itirmək, ayrılıq, əlçatmazlıq, xarici gözəlliyin cazibəsi kimi mövzular bir sıra Şərq şairlərinin əsərlərində yer alır. Bu duyğular Arraninin yaradıcılığında özünəməxsus parlaqlığı ilə seçilir, qeyri-adi dərinliyə getmək həssaslıqla təsvir olunur. Lakin onun əsərlərində Şərq sevgi poeziyasında demək olar ki, heç vaxt vurğulanmayan mövzular var. Yetkin məhəbbət vəsfi və həqiqi məhəbbəti yalnız evlilik xaricində olması onun şeirlərində öz əksini tapır.
Diqqətinizi məhz bu orijinal görüşlərə yönəltmək istərdim. Lakin əvvəlcə onun sevgi tərifinə qulaq asaq, o, çox incədir. Sevgi onun üçün zəka deyil, sevgi ürəyi ələ alan hissdir, "sən onu ağlınla qucaqlamırsan”, ağıl sevgidə məsləhətçi deyil.
Ağılla məhəbbətdə yaşama
Ürəiyni nəvazişlərə çağır
Soyuq, sər-hesab ağıl –
Məhəbbətin qəmgin məzarıdır.

Onun "Qızılgül ləçəkləri” şeir toplusu azad, yetkin, şüurlu məhəbbətə himndir. Şair vurğulayır ki, "Məhəbbət ölməzdir”. "Yaşadığın müddətdə sevməyə tələs!” Sevgisiz həyat heç nəyə yaramır.

Özüm üçün göz yaşı axıtmıram ...
Döyüşdə həlak olanlar üçün də ağlamıram.
O adamlar ki, sevgisiz həyat keçirirlər
Onlar üçün qəmlənirəm.
Çünki Uca Yaradan insanı məhəbbət üçün yaratmışdır. Və şairin həyatının əsas nəticəsi belədir:
Ölüm uçurumunun kənarında anladım:
İllərin aldığım dərslərdənsə, ehtiraslı an şirindir,
Sənin sevginin valehedici təravəti
Mənə disput və kitablardan əzizdir.
Və şair qeyd edir ki, insan üçün ən qorxulusu məhəbbətdən kənarda yaşamaqdır. Sevmədiyin insanlarla bir məkanda olmaq Allahın cəzasıdır.
Əgər sən düşmənlərinlə sərtsənsə,
Əgər zəhmli və qəddarsansa,
Əgər sən öz düşmənlərin üçün
Zülm və edam istəyirsənsə,
Onları sevmədiyi insanlarla
Bir həyat dustaqxanasına yerləşdir.
Arraninin müzakirə etdiyi mövzulardan biri də bir-birinə qovuşmanın əsl məhəbbətin əsas xüsusiyyəti kimi önə çəkilməsidir. Bu İntibah dünyagörüşü üçün xarakterikdir, eyni zamanda Arraninin də bütün poetik silsiləsindən keçən mövzulardandır:
Kimdən utanırsan sən? Məndən? Axı mən – sənəm!
Tale bizə təbiətdən verilir...
İki ürəyin və bədənlərin vəhdəti

Və ən təəccüblüsü odur ki, hər zaman Şərq poeziyasına xas olan metaforik müqayisələrlə sevdiyi qadının gözəlliyinin təsvir edərkən (biz bu məsələdə dayanmayacağıq) o, qeyri-adi bir müşahidə aparır:

Sən qadının üzərindən ağır paltarlarını çıxara bilərsən,
Lakin sən onu gizli düşüncələrdən qopara bilməzsən.

Bəli, Arrani üçün məhəbbət var-dövlətdir, bu, sevgilisinə qovuşmaqdır, eyni zamanda bu azadlıqdır, münasibətlərin azadlığı və evliliyin, əhdi-peymanın azadlığıdır. Şair hesab edir ki, məhəbbət nikahda mümkün deyil, o zaman bu hiss məhv olur:
Qızılgül olan məşuqəni həyat yoldaşı edən kimi,
Onun cazibəsi, təravətinin incəliyi itər...
Keçmiş bahar ilahəsi bahar nəğmələrinin düşməni olar.
Məhəbbət üçün görüşlər və ayrılıqlar vacibdir, şair qeyd edir ki, "hicran görüşdən vacibdir”.
Arraninin etiqad etdiyi bütün həyat fəlsəfəsi sevgidən keçir. Yetkinlik çağında da o, eşqi vəsf etməkdə davam edir, çünki sevgidə zaman hissi yoxdur. Sən sevdiyin insanla "qəlb-qəlbə” dayananda, sadəcə məhəbbət var və zaman keçdikcə sən bu hissi daha da dərinləşdirirsən və dəyərləndirirsən, çünki artıq bu məhəbbət şüurludur.
Yetkin oğlan kimi ehtirasdan əsirəm
Həyat boyu ehtirasdan yanıram.
Yarım əsr keçmişəm – və ağıldan işıqlanmış
Alovlanan ehtirası ikiqat dəyərləndirirəm.

XV əsrin görkəmli Azərbaycan şairi Ataallah Arraninin yaradıcılığında İntibah dövrünün əsas konstantları olan məhəbbət və azadlıq kəsişməsini nəzərdən keçirməyə çalışdıq. O, dünyaya özünəməxsus potensialını, məhəbbətin havasına,r uhuna əsaslanan düşüncə tərzini və hisslərini, görüşlərini və varlığını bəxş etdi. Və insanı indi bizdən uzaqlaşan o böyük hissə, "sevgiyə qərq olmağa” çağırır. Çünki bu gün biz bir növ təhrif olunmuş dünyada, bir çox anlayışların dəyişdirildiyi bir dünyada yaşayırıq: ağılla getməkdən hissiyyatla getmək daha vacibdir, burada "görünən” "varlıq”dan əsas olur, sevgi "mövcud olmaq” deyil, "fəaliyyət”dir, burada artıq genişlik yoxdur və üfüqə gedən yolun divara dirənir. Ona görə də, XV əsrin görkəmli Azərbaycan, Şirvan şairi Ataallah Arraninin poeziyası bu gün də əvəzsizdir.

1.Атааллах Арани. Лепестки роз // В голову солнце его целовало. Баку Нагыл еви. 2009.
2. Шумовский Т.А. Свет с Востока. С.-П. 2007.

Naida Məmmədxanova




banner

Oxşar Xəbərlər