AZE | RUS | ENG |

Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir - Fotolar

Azərbaycan informasiya müharibəsinin hədəfində dayanan ölkədir - Fotolar
Prezident İlham Əliyev: “Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır”

Respublika Günü münasibətilə keçirilən rəsmi qəbuldakı çıxışında Prezident İlham Əliyev Azərbaycan uzun illərdir informasiya müharibəsinin hədəfində dayanan ölkə olduğunu vurğulayıb. O, ölkəmiz haqqında təhrif edilmiş, yalan məlumatların, uydurma faktların, saxta xəbərlərin geniş vüsət aldığını dilə gətirib. Prezident İlham Əliyev bildirib ki, biz buna adekvat cavab verməli, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Dövlət başçısının sözlərinə görə, bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur: "Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhranları darmadağın edirik və etməliyik. Çünki bu gün Azərbaycan reallıqları onu göstərir ki, ölkə inamla, sürətlə inkişaf edir. Mənim Prezident kimi təcrübəmdə bir çox hallarda xarici qonaqlarla təmaslar, Azərbaycana ilk dəfə gəlmiş qonaqlarla görüşlər əsnasında onlar tərəfindən bir təəccüb hissi duyulurdu: yəni, biz bilmirdik ki, Azərbaycan bu qədər inkişaf etmiş ölkədir. Biz bilmirdik ki, Azərbaycanda vəziyyət bu qədər yaxşıdır, şəhərlər bu qədər təmizdir, səliqəlidir, gözəldir. İctimai ovqat müsbətdir. Xalq iqtidarı dəstəkləyir. Yəni, nəyə görə bu təəccüb hissləri oyanırdı? Ona görə ki, bizə qarşı çoxşaxəli, məqsədyönlü və davamlı informasiya müharibəsi aparılırdı. Məqsəd Azərbaycanı ləkələmək, inkişafımıza zərbə vurmaq, cəmiyyətimizin ənənəvi dayaqlarını sarsıtmaqdır. Biz buna heç cür imkan verə bilmərik və imkan vermirik. Çünki biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq. O dövlət ki, milli-mənəvi dəyərlər üzərində qurulub. Ona görə hədəflərin biri də məhz bizim milli dəyərlərimizdir, ənənələrimizdir. Çalışırlar ki, onları sarsıdaraq ölkəmizin inkişafına zərbə vursunlar. Azərbaycan xalqı hər şeyi yaxşı bilir və bilməlidir ki, biz informasiya müharibəsi şəraitində yaşayırıq və buna hazır olmalıyıq. Biz bu müharibədə ancaq öz işimizlə, öz qətiyyətimizlə qalib gələ bilərik”.
 


Mövzu ilə bağlı fikirlərini "Kaspi”yə bölüşən Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov bildirib ki, Azərbaycana qarşı kifayət qədər sistemli informasiya müharibəsi aparılır. Bunun ən müxtəlif təzahürləri ilə rastlaşırıq: "Bəzən ölkəmizlə bağlı çox xırda məsələ şişirdilir. Beynəlxalq ictimaiyyətdə qəsdən yanlış təsəvvür formalaşdırılır. Belə hallara qarşı psixoloji anlamda bir növ, öyrəşmişik. Amma mübarizə də aparmalıyıq. Cənab İlham Əliyev Respublika günü ilə bağlı keçirilmiş rəsmi qəbuldakı çıxışında özünün müxtəlif şəxslərlə təmaslarından söz açdı. Həmin şəxslərdəki Azərbaycan barədə olan yanlış təəssüratın bəzi detallarını açıqladı. Bu kimi vəziyyətlərlə biz də üzləşirik. İstər xaricdə, istərsə də ölkə daxilində. İnsanlarla ünsiyyət önəmlidir. Onlara obyektiv həqiqətləri çatdıranda, söhbətlər aparanda anlayırlar. Hətta etiraf da edirlər ki, indiyədək Azərbaycanla bağlı bilgiləri olmayıb, yaxud doğru məlumatlandırılmayıblar”.
 
 

Millət vəkili bildirib ki, informasiya müharibəsinə sistemli şəkildə hazırlıq aparmalıyıq: "Burada medianın üzərinə daha böyük məsuliyyət düşür. Cənab Prezident əvvəlki çıxışlarında bu barədə geniş söhbət açıb. Jurnalistlərimiz xarici dil biliklərinə malik olmalıdırlar. Nəinki xarici dildə danışmaq, eyni zamanda belə demək mümkünsə, xaricilərin başı ilə düşünərək hərəkət etmək lazımdır. Belə yanaşsaq və iş aparsaq, şübhəsiz, xeyli təhlükələrin qarşısını almış olacağıq. Əlbəttə, yenə də deyirəm ki, Azərbaycanla bağlı sırf inkarçılığa köklənmiş qüvvələr var. Bu qüvvələr bir qayda olaraq erməni lobbisi tərəfindən idarə olunurlar. Onların əməllərini ifşa etmək üçün real faktları qabartmalıyıq. Bu adamların nə məqsədlə meydana atıldıqlarını göstərməliyik. Beynəlxalq ictimaiyyəti reallıqlarla daha müntəzəm şəkildə tanış etməliyik. Əlbəttə, bu istiqamətdəki işləri daha da intensivləşdirməyə ehtiyac var. Çünki dünya daim dəyişir, yeni maraq və mənafelər yaranır. Bu kimi tendensiyalar diqqətdə saxlanılmalı, adekvat fəaliyyət aparılmalıdır”.
 


Millət vəkili, politoloq Hiukmət Babaoğludövlət başçısının çıxışında hazırda qlobal informasiya məkanında mövcud olan informasiya müharibələrinə də diqqət çəkməsinə toxunub: "Bu da "yumşaq güc” vasitəsilə aparılan müharibələr içərisində informasiya müharibəsinin hazırkı vəziyyətdə təsviri və təsbiti idi. Prezident qeyd etdi ki, Azərbaycan informasiya müharibəsinə cəlb edilib. Bu, doğrudan da hazırda qlobal müstəvidə beynəlxalq münasibətlərin iştirakçısı olan aktorlar arasında gedən müharibədir. Şübhəsiz ki, milli maraqlar hazırkı mərhələdə hər nə qədər "qaba güc” adlandırdığımız hərbi, iqtisadi və digər güc vasitələri ilə qorunursa, bir o qədər də "yumşaq güc" vasitələri ilə qorunur. Azərbaycanın milli informasiya məkanı bu mənada bir daha öz fəaliyyətində cazibə mərkəzi kimi dövlətçilik maraqlarını müəyyənləşdirməklə, informasiya müharibəsində də milli maraqlarımızı qorumalıdır. Düşünürəm ki, bu, ölkə daxilindəki informasiya resurslarının daşıyıcıları olan ictimai fəal fərdlərimizə verilən bir istiqamət, eyni zamanda bir çağırış idi. Azərbaycanın ictimai fəal fərdləri, informasiya resursları daim bu çağırışı öz fəaliyyətinin baş istiqaməti kimi müəyyənləşdirməklə, bütün imkanları milli maraqlarımız ətrafında səfərbər etməlidir”.
 
 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu da deyib ki, tutduğu vəzifədən asılı olmayaraq, hər bir vətəndaş ölkəmizə qarşı aparılan informasiya müharibəsinə, milli-mənəvi dəyərlər üzərindən Azərbaycana edilən hücumlara son dərəcə həssas yanaşmalıdır. Onun sözlərinə görə, XXI əsr dəyərlərin savaşdığı bir dövrdür: "Milli-mənəvi dəyərlər hər bir millətin xarakterik xüsusiyyətini, cizgilərini, kimliyini ortaya qoyan başlıca komponentlərdir. Əgər bu dəyərlər hədəfə alınırsa, onlara hücum edilirsə, sıradan çıxarılırsa, o zaman millət öz milli kimliyindən uzaqlaşır, simasını itirir. XXI əsrdə bir çox xarici dövlətlərin, o cümlədən Qərb ölkələrinin məhz mədəni ekspansiya ilə başqa xalqları öz nəzarətləri altına almalarında istifadə etdikləri ən başlıca silah budur – milli-mənəvi dəyərləri hədəfə almaq, onları silmək, bir milləti öz dəyərlərindən uzaqlaşdırmaq. İnformasiya müharibəsində bu, son dərəcə ciddi əhəmiyyət daşıyır”.
 


V.Zifəroğlu Azərbaycanın çox ciddi geosiyasi, geoiqtisadi əhəmiyyət kəsb edən coğrafi ərazidə yerləşdiyini diqqətə çatdırıb. Bildirib ki, yerləşdiyi coğrafi ərazi, həyata keçirdiyi müstəqil xarici siyasət baxımından Azərbaycanın beynəlxalq aləmdə ciddi siyasi əhəmiyyəti və rolu var. Onun sözlərinə görə, Azərbaycanın bu rolundan, əhəmiyyətindən, müstəqil siyasətindən narazı və narahat olan kifayət qədər ciddi qüvvələr, xüsusən də ölkəmizə düşmən mövqeyi sərgiləyən işğalçı Ermənistan, dünyadakı erməni lobbisi var: "Bu qüvvələr Azərbaycana qarşı apardıqları informasiya müharibəsi vasitəsilə həqiqətlərimizi təhrif etməyə, mənəvi dəyərlərimizi hədəfə almağa, daxildə müəyyən çaşqınlıqlara rəvac verməyə çalışırlar. Bu zaman onlar müxtəlif alətlərdən, o cümlədən sosial şəbəkələrdən, müxtəlif media quruluşlarından istifadə etməyə çalışırlar. Bütün bunları nəzərə alaraq, biz, son dərəcə ayıq olmalı, həqiqətlərimizin təhrif edilməsinə qarşı mövqe ortaya qoymalıyıq. Öz həqiqətlərimizi yaymaqdan, doğrularımızı dünyaya çatdırmaqdan çəkinməməli, qorxmamalıyıq. Kimliyindən və tutduğu vəzifəsindən asılı olmayaraq, hər bir insanımız bu məsələdə həssas davranmalı, əsl vətəndaşlıq mövqeyi ortaya qoymalıdırlar”.   

Rufik İSMAYILOV
 
 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8811
GEL 1 1 Gürcüstan larisi 0.5753
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1227
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7109
KWD 1 1 Küveyt dinarı 5.595
TRY 1 1 Türkiyə lirəsi 0.2982