Azərbaycan-Çin diplomatik münasibətlərinin 25-ci ildönümü qeyd olunub
Azərbaycan
Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Konfutsi İnstitutunun
təşkilatçılığı ilə Azərbaycan Respublikası və Çin Xalq Respublikası (ÇXR)
arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümünə həsr olunmuş
"Azərbaycan-Çin əlaqələri: tarix, müasirlik, perspektivlər” mövzusunda elmi
seminar keçirilib.
Seminarın açılışında
Konfutsi İnstitutunun direktoru, professor Rafiq Abbasov Azərbaycan-Çin əlaqələrinin
inkişafının əsas tarixi mərhələləri haqqında məlumat verib, Azərbaycanın
Ümummilli lideri Heydər Əliyevin Çinə Böyük İpək Yolu ilə bağlı iki ölkə
arasındakı çoxşaxəli əməkdaşlığın təməlini qoyan tarixi səfərindən danışıb.
Seminarda çıxış edən Azərbaycan
Milli Elmlər Akademiyası Tarix İnstitutunun Azərbaycanın beynəlxalq münasibətlər
tarixi şöbəsinin müdiri, professor Həsən Əlibəyli Azərbaycanın müstəqil xarici
siyasətinin strateji istiqaməti haqqında danışaraq, Şərq ölkələri ilə Azərbaycanın
qonşuluq və qarşılıqlı faydalı münasibətlərinin inkişaf xüsusiyyətlərini qeyd
edib.
Seminarda çıxış edən universitetin
Regionşünaslıq və beynəlxalq münasibətlər fakültəsinin dekanı, dosent Samir Həmidov
ölkənin milli maraqlarının təmin edilməsi, onun qlobal və regional mövqelərinin
möhkəmlənməsinə yönəlmiş xarici siyasətinin prioritetləri barədə danışıb.
Azərbaycan Milli Elmlər
Akademiyası Şərqşünaslıq İnstitutunun Ərəb ölkələri və tarixi şöbəsinin rəhbəri
Fərda Əsədov Çin ilə Ərəb xilafəti və türk tayfaları arasındakı münasibətləri
müəyyənləşdirən əsas amillər, Böyük İpək Yolunun Yaxın Şərq xalqlarının Çin ilə
tanışlığındakı rolu haqqında məlumat
verib.
Çinin Azərbaycandakı səfirliyinin
müşaviri Li Tzinsunun da iştirak etdiyi seminarda Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Çinə rəsmi səfərlərinin videogörüntüləri nümayiş etdirilib.
Sonda qonaqlara Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan və Çin arasında ənənəvi
dostluq münasibətlərinin genişlənməsi istiqamətində fəaliyyətinə həsr
olunmuş "İlham Əliyev – iki qədim xalqın
dostluğunun müasir davamçısı” adlı Çin dilində nəşr
olunmuş kitab hədiyyə olunub.