• cümə axşamı, 28 mart, 18:40
  • Baku Bakı 13°C

Azərbaycan ilə strateji tərəfdaşlıq Ukraynanın şəksiz prioritetidir

13.06.20 17:15 1881
Azərbaycan ilə strateji tərəfdaşlıq Ukraynanın şəksiz prioritetidir
Azərbaycan Ukraynanın xarici siyasətində mühüm yer tutur. Ukrayna Xarici İşlər nazirinin müavini Vasili Bodnar bu fikriAZƏRTAC-a məxsusi müsahibəsində söyləyib.
- Siz Ukrayna ilə Azərbaycan arasında münasibətlərin indiki səviyyəsini necə səciyyələndirərdiniz?
- Azərbaycan Ukraynanın strateji tərəfdaşıdır, buna görə də bizim ikitərəfli münasibətlərin xüsusi xarakter daşıması və Ukraynanın xarici siyasətində Azərbaycan Respublikasının mühüm yer tutması tamamilə təbiidir.Hətta koronavirus pandemiyasının yayılmasına qarşı mübarizə şəraitində, bütün dünya öz sərhədlərini bağladığı, nəqliyyat əlaqələrini dayandırdığı bir vaxtda da biz Azərbaycan rəhbərliyi ilə ən yüksək səviyyədə müntəzəm siyasi dialoqu davam etdirməyə imkan tapırıq. Məsələn, son aylarda iki ölkənin prezidentləri arasında iki dəfə telefon söhbəti olub, bu söhbətlər zamanı həm COVID-19-un fəsadlarının aradan qaldırılması, həm də ikitərəfli əməkdaşlığın fəallaşdırılmasına yönəlmiş sonrakı addımlar barədə bir sıra mühüm məsələlər müzakirə edilib.Ölkələrimizin Xarici İşlər nazirləri səviyyəsində fəal dialoq davam etdirilib. Onlar da telefon söhbəti zamanı keçən il dekabr ayında Ukrayna Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı əldə edilmiş razılaşmaların yerinə yetirilməsinin gedişini müzakirə ediblər.Həmin razılaşmaların reallaşdırılmasının praktiki fazasına keçid məqsədilə bu ayın ikinci yarısında Ukrayna və Azərbaycan Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində videokonfrans formatında siyasi məsləhətləşmələr aparılması planlaşdırılıb. Həmin videokonfransda siyasi, iqtisadi-ticari, hərbi-texniki və digər sahələrdə ikitərəfli əməkdaşlığın prioritet istiqamətlərini müzakirə etmək nəzərdə tutulur.
- Pandemiya dövründə Azərbaycan ilə Ukraynanın əməkdaşlığı barədə nə deyə bilərsiniz?
- Biz hələ bu ilin yanvarında iki ölkə prezidentlərinin tapşırıqlarının icrası məqsədilə Kiyevdə Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlıq məsələləri üzrə Birgə Hökumətlərarası Komissiyanın 12-ci iclasını keçirdik. Həmin iclasda Ukrayna-Azərbaycan iqtisadi əməkdaşlığının konkret gündəliyi dəqiq müəyyən edildi, bütün istiqamətlər üzrə razılaşmaların həyata keçirilməsinə dair fəaliyyət planı hazırlandı.Koronavirus pandemiyası dövründə hökumətlərarası səviyyədə fəal əlaqələr davam edib. Məsələn, bu il mart ayında Ukrayna və Azərbaycanın hökumət başçıları səviyyəsində telefon söhbətində koronavirus pandemiyasının işgüzar fəallığa və iki ölkə arasında iqtisadi əməkdaşlığa mənfi təsirinin qarşısını almaq üzrə fəaliyyət məsələləri müzakirə edilib.Pandemiyanın davam etdiyi qısa dövrdə ölkələrimiz arasında münasibətlərdə baş vermiş bir sıra əlamətdar hadisələri xüsusi qeyd etmək istərdim.İlk növbədə, Ukraynada təxirəsalınmaz məsələlərin həlli üçün, o cümlədən Ukrayna vətəndaşları üçün zəruri dava-dərman və ukraynalı həkimlərin təhlükəsizliyi üçün xüsusi geyim sarıdan Azərbaycanın humanitar yardım göstərməsini qeyd etməliyəm.Gömrük idarələri xətti ilə, o cümlədən ölkələrimiz arasında ticarət əməliyyatlarının və tranzit-nəqliyyat daşımalarının təmin edilməsi üzrə zəruri prosedurların həyata keçirilməsi, habelə ölkələrimizin vətəndaşlarının vətənə qayıtmaları üçün dövlət aviasiya xidmətlərinin qarşılıqlı fəaliyyəti davam edir.GUAM-ın sahəvi qrupları çərçivəsində bir sıra onlayn konfranslar keçirilməsi də fərəhlə qeyd edilməlidir. Bu, xüsusən xarici ticarət, gömrükxana, təhlükəsizlik, nəqliyyat və turizm məsələlərinə aiddir.İyunun 11-də Ukrayna Ticarət-Sənaye Palatasının və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşəbbüsü ilə "Ukrayna-Azərbaycan: qlobal dəyişikliklər dövründə iqtisadi əməkdaşlıq” mövzusunda onlayn görüş keçirilib.
- İki ölkə prezidentlərinin yaxın vaxtlarda keçirilmiş görüşlərində qarşılıqlı investisiyaların nisbətən artırılması, o cümlədən ticarətin genişləndirilməsi barədə müsbət fikirlər səslənmişdi. Bu ideyaların reallaşdırılmasına dair hansı təkliflər var?
- 2020-ci ilin birinci rübünün yekunlarına əsasən Azərbaycanda Ukrayna mallarının həcminin fəal artması müşahidə olunur. Ərzaq qrupuna adi Ukrayna mallarının ənənəvi yüksək göstəriciləri ilə yanaşı yüksək texnologiyalı maşınqayırma məhsullarının həcminin artması meyili hiss edilir.Eyni zamanda, Ukraynanın enerji bazarında energetik infrastrukturun və logistikanın, ukraynalı istehlakçılar üçün neft və qaz tədarükünün, neft emalı məhsulları ticarətinin inkişafı, karbohidrogenlərin kəşfiyyatı və hasilatı üzrə birgə işlər aparılması üçün SOCAR-ın fəaliyyətinin daha da genişləndirilməsi Ukraynanın maraqlarına uyğundur.Energetika ilə yanaşı nəqliyyat, maşınqayırma, kimya sənayesi, aqrar-sənaye və müdafiə kompleksləri, turizm sahəsi də investisiya baxımından cəlbedicidir. Məsələn, Ukraynanın aparıcı müəssisələri yüksək texnologiyalar və mühəndis xidmətləri təqdim edilməsi yolu ilə Azərbaycanda gəmiqayırmanın, metro tikintisinin daha da inkişaf etdirilməsinə və kimya müəssisələri yaradılmasına kömək etməyə hazırdırlar.Eyni zamanda, biz Ukrayna ərazisində iri kimya, neftayırma və nəqliyyat müəssisələrinin özəlləşdirilməsində Azərbaycan biznesinin fəal inkişafına ümid bəsləyirik.Əminəm ki, hökumətlərarası səviyyədə qarşılıqlı fəaliyyətin davam etdirilməsi ölkələrimizin prezidentləri tərəfindən müəyyən edilmiş planların reallaşdırılması üçün əlverişli şərait yaradacaq.
- "Ukrayna-Türkiyə-Azərbaycan” formatında siyasi məsləhətləşmələr aparılması məsələsini necə qiymətləndirirsiniz?
- Mən əminəm ki, bu formatın böyük perspektivləri var, ona görə ki, bizdə bu cür tədbirlər keçirilməsi təcrübəsi mövcuddur. Məsələn, 2018-ci ildə Bakıda işgüzar səfərdə olarkən mən Xarici İşlər nazirlərinin müavinləri səviyyəsində Ukrayna-Azərbaycan-Türkiyə siyasi məsləhətləşmələrində iştirak etmişəm. Biz ölkələrimiz üçün qarşılıqlı maraq doğuran üçtərəfli əməkdaşlığın perspektivlərini müzakirə etdik.Qeyd etmək istəyirəm ki, Ukrayna, Azərbaycan və Türkiyə iqtisadi və enerji sahələrində kooperasiya üçün çox zəngin potensial imkanlara malikdirlər. Bunu belə bir fakt da təsdiq edir ki, Ukrayna Azərbaycanın həyata keçirdiyi genişmiqyaslı "Cənub qaz dəhlizi” layihəsini bütünlüklə dəstəkləyir. Həmin layihənin köməyi ilə ölkəmiz gələcəkdə karbohidrogen mənbələrini və marşrutlarını şaxələndirmək, beləliklə bir tədarükçüdən alınan enerji resurslarından asılılığı minimuma endirmək imkanı qazana bilər.Bundan əlavə, yuxarıda qeyd etdiyimiz siyasi məsləhətləşmələrin gündəliyində ən mühüm bənd suverenliyin və ərazi bütövlüyünün dəstəklənməsi məsələsidir. Hər iki ölkə beynəlxalq miqyasda tanınmış sərhədlər daxilində müvəqqəti işğal altında olan ərazilərin öz yurisdiksiyasına qaytarmaq məsələsində həmrəydir.Ukrayna həm Azərbaycanla, həm də Türkiyə ilə ikitərəfli formatlarda müsbət qarşılıqlı fəaliyyət təcrübəsinə malikdir. Bununla əlaqədar mən qəti əminəm ki, ümumi səylərimizin birləşdirilməsi siyasi dividendlərin və iqtisadi preferensiyaların daha geniş spektrini əldə etməyə imkan verəcək.Eyni zamanda, inamla deyə bilərəm ki, üçtərəfli "Ukrayna-Azərbaycan-Türkiyə” formatı beynəlxalq və regional təşkilatlar, o cümlədən BMT, ATƏT və QDİƏT çərçivəsində əməkdaşlıq xətti ilə də bizim üçün perspektivlikdir. Bu isə regional təhlükəsizliyin təmin olunması üçün xüsusi əhəmiyyət kəsb edir.
banner

Oxşar Xəbərlər