• cümə axşamı, 25 aprel, 23:23
  • Baku Bakı 21°C

Azərbaycan haqqında mükəmməl sənədli film

20.12.19 19:52 1046
Azərbaycan haqqında mükəmməl sənədli film
Ölkəmiz "Əl-Cəzirə” telekanalı tərəfindən ərəb dünyasına yüksək səviyyədə təqdim olunub
Dekabrın 20-də Beynəlxalq Avrasiya Mətbuat Fondunda (BAMF) "Əl-Cəzirə” media şəbəkəsinin BAMF ilə birgə hazırladığı, Azərbaycana həsr edilmiş sənədli filmlər haqqında mətbuat konfransı keçirilib. "Əl-Cəzirə”nin "Müsafir” proqramının məşhur aparıcısı Hazim Abuvaftanın və baş prodüser Ziyad Calalın təqdimatı ilə hazırlanan filmin çəkiliş üzrə direktoru Nikolas Libersaledir. Filmlərin yayımında məqsəd Azərbaycanın zəngin tarixi, mədəniyyəti, əsrarəngiz təbiəti, insanların qədim adətləri, yaşam tərzi və turizm potensialını çox milyonluq ərəb dünyasına çatdırmaqdır.
Mətbuat konfransını giriş sözləri ilə açan BAMF-nin prezidenti Umud Mirzəyev filmlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşdü: "İyun ayından etibarən "Əl-Cəzirə” televiziyası ilə birgə əməkdaşlıq çərçivəsində çox ciddi bir layihənin reallaşması üçün fəaliyyətə başladıq. Belə ki, cari ilin 20 iyun -12 iyul tarixlərində Azərbaycanda səfərdə olan "Əl-Cəzirə”nin "Müsafir” proqramının çəkiliş heyəti Beynəlxalq Avrasiya Mətbuat Fondunun əməkdaşlarının yardımı və texniki dəstəyi ilə ölkəmizin gəzməli-görməli yerlərini, milli mətbəxini, tarixi irsini, folklorunu, musiqisini lentə alıb. Bu layihənin reallaşmasında bizə müxtəlif dövlət qurumlarının dəstəyi oldu. Prezident Administrasiyası, Mədəniyyət Nazirliyi, Dövlət Turizm Agentliyi, Bakı Şəhər İcra hakimiyyəti və digər qurumlar bu layihəni həyata keçirməkdə bizə texniki dəstək göstərdilər. Amma bu işin ərsəyə gəlməsində əsas resurslar "Əl-Cəzirə” televiziyası tərəfindən yönləndirildi. Bu layihənin meydana gəlməsində "Əl-Cəzirə” media şəbəkəsinin baş direktoru, dostumuz Mustafa Souj, eləcə də İbrahim Hamdan və Sami Əl Haccın xidmətlərini xüsusi qeyd etmək istərdim. Sənədli filmlər çox ciddi bir layihədir və ölkəmiz haqqında ətraflı məlumat verir. Bu, yüksək peşəkar komandanın və ən son imkanlara malik avadanlıqların istifadəsi ilə ölkəmizi ətraflı şəkildə dünyaya təqdim edən ilk beynəlxalq sənədli filmdir - desəm, bəlkə də yanılmaram. Noyabr ayından etibarən filmin dörd hissəsi efirdə təqdim olunub. Ümumilikdə filmlər ölkəmiz haqda mükəmməl təəssürat yaradır və misilsiz kadrlara malikdir. Filmlərin hər biri 25 dəqiqədən ibarətdir. Bu beş film Bakı və Naxçıvan şəhərləri də daxil olmaqla, Azərbaycanın əksər regionlarını əhatə edir. Aparıcı Nazim Abuvafta Azərbaycanın gözəlliklərini ərəb dünyasına öz dili ilə çatdıraraq, ölkəmiz haqqında fikirlərini çox gözəl şəkildə ifadə edib. O, "Əl-Cəzirə”nin çox məşhur aparıcılarından biridir. Ölkəmizin ərəb dünyasında təqdim edilməsi və tanıdılması baxımından filmlərin xüsusi əhəmiyyətini qeyd etmək istəyirəm. Bu vaxtadək İspaniya, Hollandiya, Malayziya, Vyetnam və digər ölkələrdə çəkilişlər aparan "Musafir”in bu peşəkar komandası ilə birlikdə işləmək və ölkəmizi təqdim etməkdən böyük qürur duyuruq”.
Ü.Mirzəyev bildirdi ki, nümayiş olunacaq beşinci film Naxçıvan haqqında çox möhtəşəm təqdimatdır: "Əslində bu layihə Azərbaycanın bütün dünyada qeyri-adi bir təqdimatı hesab oluna bilər. Bu günə kimi izləyicilərin film haqqında təəssüratları çox müsbətdir. Yazılan şərhlər yüksək emosiyalar ifadə edir. Bəziləri hətta Azərbaycana səfər etmək istədiyini dilə gətirib. Bu yaxınlarda Dohada "Əl-Cəzirə” televiziyasının təşkil etdiyi beynəlxalq simpoziumda iştirak edirdim. Orada olduğum zaman televiziya rəhbərliyi ilə görüşdük. Müxtəlif departamentlərdə olduq. Filmlərin dublyaj olunması məsələsi haqqında şifahi razılığa gəldik. Hal-hazırda bu haqda danışıqlar aparılır. Yəqin ki, yaxın gələcəkdə dublyajla bağlı rəsmi anlaşma əldə edərik. Əslində bu filmlərə tərcümə olmadan baxmaq da olar. Çünki ölkəmiz haqqında hər şey aydın şəkildə ifadə edilib. Aparıcı təqdimatı o qədər peşəkarlıqla edib ki, onun nədən danışdığı dərhal aydın olur”.
Daha sonra filmin müəyyən fraqmentləri nümayiş etdirildi. Nümayişdən sonra Mədəniyyət Nazirliyinin rəsmisi Elnarə Quliyevalayihə haqqında danışdı: "Film mədəniyyətimizin təbliğatında əhəmiyyətli rol oynayan layihələrdən biridir. Beynəlxalq Avrasiya Fondu mədəni irsimizin, mənəvi dəyərlərimizin tanıdılması istiqamətində həyata keçirdiyi layihələri ilə seçilən təşkilatlardan biridir. Ölkəmiz haqqında çəkilən sənədli filmin "Əl-Cəzirə”də nümayiş olunması tarixi hadisədir. Bu filmlər mədəniyyətimizin və ölkəmizin təbliğatında böyük rol oynayacaq”.

Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər