Azərbaycan-Gürcüstan əməkdaşlığının genişləndirilməsi məsələləri müzakirə edilib - Fotolar
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq, Gürcüstanda səfərdə olan İqtisadiyyat
naziri Şahin Mustafayevin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti
oktyabrın 28-də Tbilisidə bir sıra rəsmi şəxslərlə görüşlər keçirib, Azərbaycan
və Gürcüstan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi perspektivlərini
müzakirə edib. İN-nin mətbuat xidmətindən "Kaspi"yə bildirilib ki, səfər zamanı Azərbaycan
nümayəndə heyəti Tbilisin mərkəzindəki Heydər Əliyev parkında Azərbaycan
xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini və "Qəhrəmanlar abidəsi”ni
ziyarət edərək, önünə gül dəstələri düzüblər.
Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Azərbaycan nümayəndə heyətini qəbul edib.
Gürcüstanın dövlət başçısı Azərbaycanla siyasi-iqtisadi əlaqələrin uğurla inkişaf
etdiyini, ölkələrimiz arasında əməkdaşlığın strateji xarakter daşıdığını
bildirib. Gürcüstanın Azərbaycanla əməkdaşlığın genişləndirilməsinə böyük önəm
verdiyini qeyd edən cənab Giorgi Marqvelaşvili belə səfərlərin ölkələrimiz
arasında bütün sahələrdə əlaqələrin inkişafına və strateji tərəfdaşlığın daha
da möhkəmlənməsində əhəmiyyətini vurğulayıb.
İqtisadiyyat naziri Şahin
Mustafayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
salamlarını Gürcüstan Prezidentinə çatdırıb, Gürcüstanda keçirilmiş demokratik parlament
seçkiləri münasibəti ilə cənab Giorgi Marqvelaşvilini təbrik edib, bu
seçkilərin xalqın rifah halının yaxşılaşmasına, ölkədə demokratiyanın daha da
inkişafına xidmət edəcəyini qeyd edib.
Azərbaycan nümayəndə heyətinin
Gürcüstanın
Baş naziri Georgi Kvirikaşvili ilə keçirilmiş görüşündə Gürcüstanın
dost və qardaş Azərbaycan ilə əlaqələrin inkişafında maraqlı olduğu,
ölkələrimizin iqtisadi maraqlarının üst-üstə düşdüyü vurğulanıb, hər iki
ölkənin iştirakı ilə reallaşdırılan layihələrin xalqlarımızın rifahına və
dövlət maraqlarına xidmət etdiyi qeyd edilib, strateji tərəfdaşlığımızı daha da
möhkəmləndirəcəyinə əminlik vurğulanıb. Bildirilib ki, Azərbaycan və Gürcüstan
beynəlxalq təşkilatlar çərçivəsində də uğurla əməkdaşlıq edir və bütün
məsələlərdə, xüsusilə də ölkələrimizin ərazi bütövlüyü ilə bağlı məsələlərdə
bir-birini dəstəkləyir.
Görüşdə həmçinin, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığa və əlaqələrin
daha da genişləndirilməsinə, eləcə də qarşılıqlı maraq doğuran məsələlərə dair
müzakirələr aparılıb.
Tbilisiyə səfər çərçivəsində
Azərbaycan nümayəndə heyəti Gürcüstanın baş nazirinin birinci müavini, İqtisadiyyat
və Davamlı İnkişaf naziri Dmitri Kumsişvili ilə də görüşüb. Azərbaycanın
İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan və Gürcüstan arasında iqtisadi
sahədə də uğurlu əməkdaşlığın həyata keçirildiyini və əlaqələrin inkişafı üçün
geniş imkanların olduğunu vurğulayıb. Diqqətə çatdırılıb ki, uğurla həyata
keçirilən Cənub Qaz Dəhlizi layihəsi həm də mövcud Cənubi Qafqaz Boru Kəmərinin
genişləndirilməsinə imkan verir. 2017-ci ildə istifadəyə veriləcək
Bakı-Tbilisi-Qars dəmir yolu Şərq-Qərb və Şimal-Cənub dəhlizlərinin inkişaf
etdirilməsi üçün xüsusilə əhəmiyyətlidir. Azərbaycan və Gürcüstanın birgə tarif
siyasəti nəticəsində tranzit yükdaşımaları əhəmiyyətli dərəcədə artıb. Belə ki,
bu ilin yanvar-sentyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə neftin
nəqli 4 dəfə, avtomobil nəqliyyatı ilə yükdaşımalar 2,3 dəfə artıb. Azərbaycan
və Gürcüstanın birgə layihəsi olan "Enerji körpüsü” uğurla həyata keçirilir. 1995-2016-cı
illərdə Azərbaycan tərəfindən Gürcüstana 3,4 mlrd. dollar investisiya
yatırılıb, 2015-2016-cı illərdə Gürcüstana investisiya qoyuluşu üzrə Azərbaycan
lider olub. Hazırda Gürcüstanda 250-dən çox Azərbaycan şirkəti fəaliyyət
göstərir, Azərbaycanda isə artıq 243 Gürcüstan
şirkəti qeydiyyatdan keçib. "SOCAR Georgia” son bir neçə ildə Gürcüstanda ən
çox vergi ödəyən şirkətdir. Şahin Mustafayev ticarət əlaqələrinin
genişləndirilməsinin əhəmiyyətini qeyd edərək, 3 tərəfli formatda növbəti Azərbaycan-Gürcüstan-Türkiyə
biznes forumunun noyabr ayında Türkiyədə keçirilməsinin nəzərdə tutulduğunu qeyd
edib.
Gürcüstanın baş nazirinin
birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili
Gürcüstanın Azərbaycanla iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı
olduğunu, əməkdaşlığın inkişafı üçün böyük potensialı qeyd edib. Son iki ildə
Azərbaycanın Gürcüstana ən çox investisiya yatıran ölkə olduğunu vurğulayan
Dmitri Kumsişvili ölkəsinin Azərbaycan investisiyasına açıq olduğunu və bu
istiqamətdə ölkəmizi dəstəklədiyini deyib.
Görüşdə hər iki ölkənin böyük
turizm imkanlarının olduğu vurğulanıb və bu sahədə əməkdaşlığın
genişləndirilməsi üçün birgə tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti qeyd
edilib. Həmçinin, görüşdə qarşılıqlı investisiya qoyuluşu, ticarət və s.
sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib, ikitərəfli
ticarətin təşviqi ilə bağlı işçi qrupunun yaradılması barədə razılıq əldə
olunub.