• cümə, 29 Mart, 09:08
  • Baku Bakı 5°C

Azərbaycan güləşçiləri beynəlxalq yarışda 9 medal qazanıblar

05.03.17 09:15 1018
Azərbaycan güləşçiləri beynəlxalq yarışda 9 medal qazanıblar
Kiyevdə Ukraynanın görkəmli güləşçi və məşqçilərinin xatirəsinə həsr olunmuş sərbəst, yunan-Roma və qadın güləşi üzrə XXI beynəlxalq turnir başa çatıb.
"Report"un məlumatına görə, turnirdə sərbəst və qadın güləşi üzrə Azərbaycan yığma komandasının üzvləri mübarizə aparıb.
Onlar ilk yarış gününü 1 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub. Qızıl medalı Tatyana Omelçenko (60 kq), gümüş medalı Türkan Nəsirova (48 kq), bürünc medalları isə Gitinomaqomed Hacıyev və Məhəmməd Müslümov (hər ikisi 65 kq) qazanıb.
İkinci yarış günündə sərbəst güləş üzrə 61, 70, 86 və 125 kq, qadın güləşi üzrə 53, 58, 63 və 75 kq çəkidə idmançılar mübarizə aparıb. Bu dəfə Azərbaycan pəhləvanları günü 2 qızıl, 1 gümüş və 2 bürünc medalla başa vurub.
Sərbəst güləş üzrə kişilərin yarışında 61 kq-da mübarizə aparan Əhmədnəbi Qvarzatilov ardıcıl olaraq Bolqarıstan, Belarus və İrandan olan rəqiblərini üstələyib və finala yüksəlib. Finalda Ukrayna idmançısı Vasil Şuptarı təmiz qələbə ilə üstələyən Qvarzatilov turnirin qızıl medalını qazanıb.
86 kq çəki dərəcəsində yarışan Hacımurad Məhəmmədsəidov mübarizəyə 1/16 final mərhələsindən başlayıb və ardıcıl olaraq Ukrayna, Macarıstan, Belarus və yarımfinalda daha bir Ukrayna güləşçisini məğlub edərək finala yüksəlib. Finalda İran idmançısı Mostafa Giasi Çekanı tam üstünlüklə məğlub edən Məhəmmədsəidov turnirin qızıl medalını qazanıb.
Qadın güləşi yarışlarında 63 kq çəkidə mübarizə aparan Elmira Qəmbərova ABŞ, Almaniya və Ukraynadan olan rəqiblərindən üstün olub və adını finala yazdırıb. Final görüşündə Qəmbərova dünya və Avropa çempionu Yuliya Tkaça minimal hesabla uduzaraq gümüş medalla kifayətlənib.
Anjela Doroqan (53 kq) və İrina Netreba (58 kq) isə bürünc medal uğrunda həlledici görüşə çıxıb. Müvafiq olaraq Almaniya və Ukraynadan olan idmançıları məğlub edən Doroqanla Netreba turnirin bürünc medalına sahib olub.
Beləliklə, 2 gün davam edən yarışı Azərbaycan yığması ümumilikdə 3 qızıl, 2 gümüş və 4 bürünc medalla başa vurub. Bu medallardan 2 qızıl və 2 bürüncü sərbəst, 1 qızıl, 2 gümüş və 2 bürünc medal isə qadın güləşi növündə qazanılıb.
banner

Oxşar Xəbərlər