• cümə, 29 Mart, 15:50
  • Baku Bakı 14°C

"Azərbaycan gələcəkdə əlil arabaları istehsal edəcək"

14.08.20 15:30 707
"Azərbaycan gələcəkdə əlil arabaları istehsal edəcək"
"Əvvəl işlədiyim dövrdəki təcrübəmi sizinlə bölüşmək istəyirəm. Əlil arabasının istehsalı çox mürəkkəb prosesdir. Araba komplektləşmiş xeyli hissədən ibarətdir və bunların hərəsi ayrıca istehsaldır".
Bunu "Report”a açıqlamasında Azərbaycan Milli Paralimpiya Komitəsinin (MPK) prezidenti İlqar Rəhimov ölkədə əlil arabalarının mümkün istehsalı barədə danışarkən deyib.
O bildirib ki, Azərbaycanda bir neçə dəfə buna cəhd olunub: "Təəssüflər olsun ki, proses hələ başlamayıb. Sonuncu dəfə İsmayıllıda velosiped zavodu ilə danışıqlar aparılırdı. Sonunun necə bitdiyini, olub-olmayacağını bilmirəm. Hər halda, bu, böyük bir istehsaldır".
İ.Rəhimovun sözlərinə görə, bəzən lazım olanhansısa əşyanı ölkə xaricindən idxal etmək istehsalından daha ucuz başa gəlir: "Bu, iqtisadi baxımdan təhlil olunmalıdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu sahədə elə fəaliyyət göstərib ki, bu gün Azərbaycanda əlil arabası ilə bağlı heç bir problem yoxdur. Ehtiyacı olanların hamısında əlil arabası var. Düzdür, kimisi az istifadə edir, kimisi çox, birinin arabası sınır, digərinin hansısa detalı zədələnir, bunlar dəyişməli olur".
Qurum rəhbərinin fikrincə, indiki məqamda həm Bakıda, həm də digər şəhər və rayonlarda əlil arabalarının təmir emalatxanalarını yaratmaq daha yaxşı olardı: "Çünki gündəlik istifadə olunan vasitədir. Kənd yollarında istifadə olunur, hansısa detalı sınır, zədələnir. İlkin mərhələdə təmir emalatxanalarına daha çox ehtiyac var ki, hansısa əlil arabası dərhal təmir olunsun, sazlansın".
İ.Rəhimov Azərbaycanın gələcəkdə nə vaxtsa əlil arabası istehsal edəcəyini istisna etməyib: "Bunun çeşidləri də çoxdur. Məişət, ev, küçə, idman növləri üçün əlil arabaları var. Bunların hamısının bir yerdə istehsalı qeyri-mümkündür. Arzu edərdik ki, Azərbaycanda istehsal həyata keçsin. Hesab edirəm ki, nə vaxtsa olacaq. Amma yenə deyirəm, hazırda Azərbaycanda əlil arabaları ilə bağlı heç bir problem yaşanmır. Xırdalıqları nəzərə almasaq, qlobal çətinlik yoxdur".
Paralimpiya Komitəsinin prezidenti idmançılar üçün əlil arabalarının müxtəlif şirkətlərdən alındığını qeyd edib: "Onu deyim ki, əlil arabalarını Milli Paralimpiya Komitəsi alsa, buna vəsaitimiz çatmaz. Bu sahədə bizə tərəfdaşlarımız kömək edirlər. Onlar hər bir əlilin müraciətinə baxaraq, bizimlə məsləhətləşirlər və xüsusi idman arabaları alırlar. Heydər Əliyev Fondu bu sahədə çox aktivdir. Bu günədəkbir çox insanı əlil arabası ilə təmin edib”.
İ.Rəhimov deyib ki, Azərbaycanda əlil arabalarının alınmasında əsas təminatçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyidir: "Onlar bu işi çox uğurla həyata keçirirlər. Çində müxtəlif müəssisələr var və keyfiyyətli məhsul istehsal edirlər. İstər Çin, istərsə də Avropa ölkələrindən alınan əlil arabalarına keyfiyyət zəmanəti verilir. Dünyanın ən aparıcı istehsalçı şirkətləri belə, bu gün öz müəssisələrini ucuz işçi qüvvəsinə görə Çində açıblar. Amma təbii ki, öz keyfiyyətilərinə nəzarət edirlər. Bildiyimə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əlil arabası alarkən bu şeylərə diqqətlə baxır”.
banner

Oxşar Xəbərlər