• cümə axşamı, 18 aprel, 18:26
  • Baku Bakı 21°C

Azərbaycan-Çexiya Qarışıq Komissiyanın iclası keçirilib

18.01.17 15:40 1032
Azərbaycan-Çexiya Qarışıq Komissiyanın iclası keçirilib
Bu gün Bakı Biznes Mərkəzində Azərbaycan və Çexiya hökumətləri arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclası keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə Qarışıq Komissiyanın həmsədrləri - Azərbaycan iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Çexiya sənaye və ticarət nazirinin müavini Jiri Koliba, eləcə də hər iki tərəfdən komissiyada təmsil olunan müvafiq qurumların nümayəndələri iştirak ediblər.
İclasda çıxış edən komissiyanın həmsədri, iqtisadiyyat nazirinin müavini Sahil Babayev Azərbaycan və Çexiyanın strateji tərəfdaşlar olduğunu və bu barədə 2015-ci ildə bəyannamənin imzalandığını, ölkələrimiz arasında siyasi, iqtisadi və mədəni əlaqələrin inkişaf etdiyini vurğulayıb. Qeyd edilib ki, Azərbaycan-Çexiya arasında əməkdaşlığın genişlənməsində dövlət başçılarının, rəsmi nümayəndə heyətlərinin və işgüzar dairələrin qarşılıqlı səfərləri böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, indiyədək 40-a yaxın qarşılıqlı səfər həyata keçirilib, 25 sənəd imzalanıb: "Hazırda Azərbaycanda 19 Çexiya investisiyalı şirkət fəaliyyət göstərir və indiyədək bu şirkətlər tərəfindən ölkəmizə əsas kapitala 1,3 milyard dollar investisiya yatırılıb. Çexiya şirkətləri dəyəri 1,6 milyard manat olan 6 layihə üzrə podratçı qismində də iştirak edirlər. 2008-2015-ci illərdə iş adamlarının iştirakı ilə 6 biznes forum və işgüzar görüş keçirilib. Dünən növbəti Azərbaycan-Çexiya biznes forumu keçirilib”.
Qarışıq Komissiyanın 3-cü iclasından ötən müddət ərzində ticarət, enerji, investisiya qoyuluşu, kənd təsərrüfatı, maliyyə sahələrində, tvinninq aləti çərçivəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Əməkdaşlığın inkişafı üçün geniş imkanların olduğunu qeyd edən S. Babayev iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi, Çex şirkətlərinin Azərbaycandakı sənaye parklarında və aqroparklarda yaradılmış əlverişli imkanlardan yararlanmaqla, ölkəmizə investisiya yatırması, bu sahədə təcrübə mübadiləsi üçün imkanları diqqətə çatdırıb. Azərbaycanda həyata keçirilən iri layihələr - Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi,Bakı-Tbilisi-Qars, Dəniz Ticarət Limanı barədə məlumat verən S. Babayev Çexiyanın ölkəmizin nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə biləcəyini qeyd edib, çex şirkətlərini Ələtdə yaradılacaq XİZ-ə investisiya yatırmağa dəvət edib. O bildirib ki, Azərbaycanın Çexiyaya ixrac missiyaları, turizm sahəsində əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı infoturlar təşkil edilə bilər.
Çexiyanın sənaye və ticarət nazirinin müavini J. Koliba çıxışında ölkəsinin Azərbaycanla əlaqələrə önəm verdiyini qeyd edərək, komissiyanın ölkələrimiz arasında əməkdaşlığın inkişafında əhəmiyyətli rol oynadığını vurğulayıb. Müxtəlif sahələrdə əlaqələrin genişləndirilməsi perspektivlərinə dair fikirlərini bölüşən J. Koliba çıxışında Çexiya iqtisadiyyatına dair məlumat verib.
İclasda komissiyanın üzvləri müzakirə olunan məsələlərlə bağlı fikirlərini bildirib.
İclasın sonunda Azərbaycan və Çexiya arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiyanın 4-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi Qarışıq Komissiyanın həmsədrləri – Azərbaycanın iqtisadiyyat nazirinin müavini Sahil Babayev və Çexiyanın sənaye və ticarət nazirinin müavini Jiri Koliba imzalayıb. Protokola əsasən, ticarət, investisiya qoyuluşu, sənaye, maliyyə, nəqliyyat, enerji, kənd təsərrüfatı, səhiyyə, təhsil, elm və texnologiya, əmək, məşğulluq, sosial müdafiə, mədəniyyət və turizm sahələrində əməkdaşlığın davam etdirməsi nəzərdə tutulur.
banner

Oxşar Xəbərlər