• cümə, 29 Mart, 19:33
  • Baku Bakı 14°C

"Azərbaycan evim, vətənim, Bakı sevdiyim şəhərdir” – Portret

16.05.20 10:00 4363
"Azərbaycan evim, vətənim, Bakı sevdiyim şəhərdir” – Portret
Olimpiya mükafatçısı Sabah Şəriəti: "Bu yolu bir dəfə keçmişəmsə, deməli, yenə bacararam'
Kamandar Məcidov, İlqar Məmmədov, Natiq Bağırov, Ramil Quliyev, Nicat Rəhimov... Müxtəlif səbəblərdən başqa ölkələrin bayrağı altında çıxış edərək, böyük nailiyyətlər qazanan azərbaycanlıların siyahısını bir az da genişləndirmək olar. Onların olimpiya, dünya çempionluqlarına "özümüzdən biridir" deyib sevinsək də, etiraf edək ki, üzücü yanı daha qabarıqdır. Ancaq bu da faktdır ki, idmana və idmançıya böyük dəyər verən vətənimiz Azərbaycana gələnlərin sayı, gedənlərdən qat-qat çoxdur. Götürək güləşi. Söz yox ki, güləş milli idman növümüzdür. Ta qədimdən yurdumuzun müxtəlif bölgələrində şöhrəti sərhədləri aşan, dünya səviyyəli pəhləvanlar yetişib. Nə qədər təzad doğursa da, günümüzdə "idmanımızda milliləşdirmə" dedikdə, ilk olaraq güləş yada düşür. Yüngül və orta çəkilərdə zaman-zaman nəzərə çarpan proses birmənalı qarşılanmasa da, ağır çəkilərdə ənənənin zəifliyi legionerlərin xidmətindən istifadəni zəruri edib. İdmansevər, habelə, mehribanlıq, qonaqpərvərlik kimi keyfiyyətləri ilə hər zaman xüsusi vurğulanan xalqımız da, öz növbəsində onların qitə və dünya arenalarındakı uğurlarına sevinib, bir çox məqamlarda yerli məktəbin nümayəndələrindən ayırmayıblar. "Azərbaycan mənim vətənimdir" deyən Sabah Şəriəti də ölkəmizin qucaq açıb dəyər verdiyi idmançılardandır. Yaxın əyləşin, "Rio 2016" Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı haqqında bilinməyənləri bizdən oxuyacaqsınız.

- Bəs, İranda sənə qarşı münasibət necədir?

- İdman rəsmilərinin münasibəti yaxşı deyil. Zamanla çox qınandım. Bütün qınaqlara da əsaslı cavabım olub, çox şükür, başım aşağı deyil. Ancaq sadə insanlar sevgisini, hörmətini göstərir. Sözün düzü, İranda daha çox tanınıram. Ümumiyyətlə, bizdə güləşçilər daha populyardırlar. Onlar nəinki özlərininkiləri, digər ölkələrin idmançılarını da adbaad tanıyırlar. Məsələn, siz istənilən zala gedib soruşsanız, Rövşən Bayramovu tanıyacaqlar. Bizimkilər onu çox sevir.
İdealı: "Ona görə yox ki, o, olimpiya və dünya çempionudur"
Olimpiya mükafatçımız şəriət qanunlarını rəhbər tutaraq yaşayır, "İdman, mükafatlar, şan-şöhrət öz yerində, insanlıq dəyərləri hər şeydən öndə gəlməlidir" deyir. İdmandakı idealını da həmin prinsipə söykənərək seçib: "Qulamrza Təxti, tək uşaqlığımın deyil, bütün zamanlarımın kumiridir. Ona görə yox ki, o, olimpiya, dünya çempionudur. Nə çox İranda beləsi. O, özündən sonra bir həyat məktəbi qoyub gedib. Təxti, İrandakı idmançıların az qala hamısının idealıdır".
Portret
"Pəhləvan" deyərkən, ağlınıza ilk nə gəlir? Nəhəng fiziki göstəricilərə sahib, güc-qüdrəti ilə şöhrəti ellər dolaşan biri, şübhəsiz ki. Tam da Sabah kimisi. Ancaq bu, onun haqqında təəssüratın ilkin, lap cüzi hissəsidir. O əzəmətli görünüşün arxasında gizlənən mülayim, həssas, uşaqla uşaq, böyüklə böyük xarakteri sezmək isə çətin deyil, əslində.
Sahib

banner

Oxşar Xəbərlər