• cümə, 29 Mart, 01:41
  • Baku Bakı 7°C

“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb

22.04.17 13:15 1081
“Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi yaradılıb
Bu gün Bakıda yeni yaradılmış "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin geniş ictimaiyyətə təqdimatı mərasimi keçirilib.
Trend-in məlumatına görə, tədbiri giriş sözü ilə açan birliyin sədri Elşən Rəhimov ilk növbədə Azərbaycanla ərəb ölkələri arasında mövcud olan dostluq münasibətlərindən bəhs edərək, belə əlaqələrin formalaşmasında Azərbaycan Prezidenti tərəfindən ortaya qoyulmuş siyasi iradənin böyük rol oynadığını bildirib.
E.Rəhimov bildirib ki, son illər ərzində ərəb ölkələri ilə Azərbaycan arasında həyata keçirilən yüksək səviyyəli qarşılıqlı səfərlər, biznes dairələr arasında təmasların artması, ölkəmizə gələn turistlərin sayında artımın müşahidə olunması əməkdaşlığın inkişafı üçün yeni əlverişli imkanlar yaradır.
Prezident İlham Əliyevin təşəbbüsü ilə bu il Azərbaycanda "İslam Həmrəyliyi İli” elan edildiyini, gələn ay ölkəmizin "İslam Həmrəyliyi” oyunlarına ev sahibliyi edəcəyini qeyd edən birliyin sədri, məhz belə bir vaxtda "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin yaradılması barədə qərar verildiyini və təşkilatın dövlət qeydiyyatına alındığını bildirib.
Yerli iş adamları ilə yanaşı ərəb ölkələrindən olan iş adamlarının da birlikdə təmsil olunacağını vurğulayan E.Rəhimov, təşkilatın yaradılmasında əsas məqsədin qarşılıqlı ticarət və investisiya yatırımlarının təşviqi ilə Azərbaycanla ərəb ölkələri arasında iqtisadi tərəfdaşlığı möhkəmləndirmək, dostluq münasibətlərini genişləndirməkdən ibarət olduğunu qeyd edib: "Bu istiqamətdə birlik tərəfindən müxtəlif üsullardan, o cümlədən, potensial biznes tərəfdaşları arasında dialoqun təmin edilməsi, sərmayə perspektivlərinin təhlil edilərək məlumatlandırma işlərinin aparılması, biznes layihələrinin hazırlanması, biznes mühitin qiymətləndirilməsi, üstünlük və imtiyazlar haqqında iş adamları arasında maarifləndirmə işinin təşkili, ixtisaslaşmış sərgilərin, biznes forumların və digər işgüzar xarakterli tədbirlərin, qarşılıqlı səfərlərin təşkili və s. bu kimi vasitələrdən istifadə ediləcək. "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi bir sıra oxşar təyinatlı təşkilatlarla, xüsusilə "Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi” ilə sıx tərəfdaşlıq əlaqələri qurmaqla, birliyin üzvlərinə daha geniş spektrdə xidmətlər təklif edəcəkr”.
E.Rəhimov vurğulayıb ki, hazırkı iqtisadi şərtlər investisiyaların cəlb edilməsi, ticarət əlaqələrinin genişləndirilməsi istiqamətində dövlətlər arasında rəqabəti gücləndirir.
Bu baxımdan, xarici investisiyaların ölkəmizə cəlb edilməsi ilə bağlı Azərbaycan Prezidentinin müəyyən etdiyi hədəflərin rəhbər tutulduğunu, yeni yaradılmış təşkilatın belə bir prosesin iştirakçısı olmaq üçün səy göstərəcəyini, zəngin maliyyə resurslarına sahib ərəb ölkələrinin işgüzar dairələri ilə sağlam prinsiplər əsasında sıx təmasların qurulacağını qeyd edən birlik sədri, bu istiqamətlər üzrə təşkilatın işgüzar platforma rolu oynayacağını diqqətə çatdırdı.
Yekunda iş adamlarını və biznes dairələrini "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İictimai Birliyinə üzv olmağa və aktiv əməkdaşlığa dəvət edən E.Rəhimov qeyd etdi ki, biz fəaliyyətimizi yüksək peşəkarlıq prinsipləri əsasında quracağıq və birlik üzvlərinin etimadını doğruldacağıq.
Daha sonra çıxış edən "Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi”nin rəhbəri Məhəmməd Adil bildirib ki, Azərbaycan qardaş bir xalq olaraq türk dünyasının çox önəmli bir parçasıdır: "Bu səbəbdən də biz Bakıya gəldik. Artıq Azərbaycan ilə ərəb dünyası arasında yeni körpülər inşa etmək lazımdır. Azərbaycanın bütün imkanlarını, xüsusilə biznes, investisiya, turizm imkanlarını ərəb dünyasında təbliğ etmək niyyətindəyik. Buna görə də "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin yaradılması münasibətilə sizləri təbrik edirəm. Bu bizim üçün çox önəmli və strateji bir əməkdaşlıq olacaq”.
M.Adil vurğulayıb ki, Azərbaycan ona görə ərəb dünyası üçün maraqlıdır ki, ilk növbədə bizim ortaq tarix və mədəniyyətimiz var: "İkincisi, Azərbaycan sovet dönəmində ərəb dünyasından uzaq qaldı, tamamilə yadlaşdırma şəraitində yaşadıq. Artıq indi biz çalışmalıyıq ki, xalqlarımız arasında əlaqələri daha da genişləndirək. Bu baxımdan "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyinin yaradılması çox gözəl bir başlanğıc olacaq”.
Daha sonra, "Azərbaycan-Ərəb ölkələrinin əməkdaşlığı” İctimai Birliyi və "Türk-Ərəb İqtisadi və Strateji Əməkdaşlıq Dərnəyi” arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb.
banner

Oxşar Xəbərlər