"O,
sadəcə elmə öz töhfəsini verməyib, həm də özündən sonrakı nəslin
yetişdirilməsində də mühüm rol oynayıb. O, 30-dan artıq elmlər namizədi
hazırlayıb. İxtiraları ilə alimin adı dünyanın ən
böyük auditoriyalarında səslənir. Keçmiş SSRİ məkanında onun tədqiqat
sahəsindəki təcrübələrindən çox yararlanıblar”. Görkəmli alim İsrafil Quliyevin
100 illik yubileyi ilə bağlı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində
(ADNSU) keçirilən tədbirdə səslənən bu fikirlər onun mənalı ömür yolunu bir
daha işıqlandırıb. "Dəniz neft və qaz yataqlarının işlənilməsinin aktual
problemləri” mövzusunda təşkil olunan yekun konfransda çıxış edənlər alim
haqqında xatirələrini bölüşüblər.
İ.Quliyevin
həyat yoluna nəzər salanda, ömrünü elmimizin inkişafına həsr edən zəhmətkeş bir
alimin həyatı ilə üz-üzə qalırsan. Bu ömrün səhifələrini vərəqlədikcə zəhmətin,
gərgin əməyin izləri görünür. Görkəmli alimin elm aləminə üz tutan gənclərə
örnək olan həyat yolu var. Onun həyat fəlsəfəsi, mənəvi dünyası, elmimizin
inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, fəaliyyətinə nəzər
salarkən onun həm də nəcib və xeyirxah şəxsiyyət olması öz təsdiqini tapır.Geniş dünyagörüşü, tədqiqatçılıq
bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış fədakar alimin
şərəfli ömür yolu hər bir Azərbaycan vətəndaşı, elm adamı üçün mənəviyyat,
kamillik və müdriklik məktəbidir.Onun zəngin elmi irsi, apardığı tədqiqatlar, qazandığı
nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan elminin parlaq səhifəsidir.
İ.Quliyev 28 il "Dəniz neft layihə” İnstitutunun elmi sahəsinə
rəhbərlik edərək, görkəmli alim və bacarıqlı təşkilatçı kimi tanınıb. O, neft
elmlərinin təzə sahəsinin - dəniz neft, qaz yataqlarının inkişafında böyük
nailiyyətlər qazanıb. İ.Quliyev dəniz neft sənaye hidrotexnikasının
yaradılmasının banilərindən biri kimi, həyata keçirdiyi nəzəri və praktik
tədqiqatlarla böyük elmi nəticələrə imza atıb. Görkəmli alim Xəzər dənizində
neft, qaz mədənlərinin tikintisi ilə əlaqədar layihə-konstruksiya və elmi-tədqiqat
işlərinə rəhbərlik, həmçinin Qara dəniz, Azov dənizi və Oxot dənizində neft,
qaz yataqlarının kəşfiyyat və işlənmə təşkilatı işlərində iştirak edib.
"Dənizdə neft quyularının tikintisinin əsas məsələləri"
alimin dənizdə neft quyuları ilə bağlı ilk elmi işlərindən biri olub. O, bu
mövzuda doktorluq dissertasiyasını da uğurla müdafiə edib. Görkəmli alim dəniz
neft və qaz yataqlarının işlənilməsi və dəniz neft mədənlərinin tikintisi,
dəniz neftdaşıyan akvatoriyaların geoloji-texnoloji və mürəkkəb təbii
şəraitlərinin tədqiqi və onların neft və qaz yataqlarının istehsalı məsələləri
ilə uyğunlaşdırılması üzrə böyük tədqiqatların müəllifi kimi şöhrət qazanıb.
Görkəmli alim yerli üzən buruq qurğuları kimi xüsusi neft mədən qurğularının
yaradılması sahəsində nəzəri və eksperimental tədqiqatların müəllifi kimi məşhurlaşıb.
Keçmiş SSRİ məkanında alimin tədqiqat sahəsindəki təcrübələrindən istifadə
olunub. İsrafil Quliyev elmi, texniki və "Yerin təkinin və dərin qazımanın
tədqiqatı”, "Korroziyadan müdafiə”, "Xəzər dənizinin problemi” problemləri üzrə
SSRİ Nazirlər Soveti Dövlət Komitəsinin idarələrarası elmi şuralarının üzvü
olaraq öz təcrübəsini bölüşüb.
İ.Quliyev 1978-1981-ci illərdə AzNKİ-da "Neft sənaye
təşkilatçılarının hazırlanması” və "İqtisadiyyat, təşkilat və istehsalatın
idarə edilməsi” kafedralarına rəhbərlik edib. Hazırladığı kadrlar keçmiş
SSRİ-nin neft, qaz sənayesi və geologiyasının idarə olunmasında böyük uğurlar
qazanıb.
İxtiraları ilə alimin adı dünyanın ən böyük auditoriyalarında
səslənir. Həmin auditoriyalardan biri də bu günkü Dövlət Neft və Sənaye
Universiteti (ADNSU) olub. İ.Quliyev 300-dən çox elmi məqalənin, 17
monoqrafiyanın və kitabın müəllifi kimi tanınıb. Alimin məqalələri müxtəlif
dillərə tərcümə edilib və dünyanın ayrı-ayrı ölkələrində nəşr olunub. Onun bu
gün də dəyərini itirməyən elmi araşdırmaları özündən sonra gələn alimlərin
yetişməsi üçün mənbə rolunu oynayıb.
Qürur doğuran məqam odur ki, görkəmli alimin ailə ocağının
davamçıları onun yolu ilə gedirlər. Alimin adını daşıyan nəvəsi İsrafil Quliyev
"Schlumberger” şirkətinin "Rezervuarların monitorinqi” şöbəsinin baş
mühəndisidir. Qızı Gülarə İmanova isə ADNSU-nun "Neftin-qazın nəqli və
saxlanması” kafedrasının dosentidir.
Tədbirdə çıxış edən ADNSU-nun
rektoru, professor Mustafa Babanlı görkəmli alimin rəhbərliyi altında
dənizdə neft-qaz qurğularının işlənməsi istiqamətinin müəyyənləşdirildiyini,
dəniz neft sənaye hidrotexnikası yaradıldığını qeyd edib.
Alimin həyatındakı nailiyyətləri əməksevərliyi ilə əldə etdiyini
vurğulayan AMEA-nın müxbir üzvü,
professor Elmira Ramazanova qeyd edib ki, əmək fəaliyyətinə 1932-ci ildə
"AzNeft" neft mədənlərində işləyərək başlayan alimin istər bu,
istərsə də 1933-1935-ci illərdə "Azizbekovneft" və
"Ordjonikidzeneft" trestlərində qazma üzrə texnik kimi qazandığı
kiçik təcrübələr elmi fəaliyyətində böyük nəticələrin təminatı olub: "Bu nümunə
indiki nəslə də qürurla təlqin edilir”.
Professor Qafar İsmayılov Böyük Vətən Müharibəsi iştirakçısı olan alimin idarəçilikdəki
uğurlarından bəhs edib: "İsrafil Quliyev 1950-1978-ci illərdə
"Dənizneftlayihə" institutunun elmi işlər üzrə direktor müavini
vəzifəsində olub, üstəlik, 10 il institut direktorunun vəzifəsini uğurla icra
edib”.
Professor İsrafil Quliyevin adına 2 təqaüd təsis edilib. Bu barədə
verilən qərara görə, həmin təqaüd "Neft-qaz mühəndisliyi” ixtisası üzrə yüksək
nəticələr göstərən 1 bakalavr və 1 magistrə təqdim olunacaq. Bundan başqa,
universitetdəki auditoriyalardan biri alimin şərəfinə qurulacaq.
Tədbirdə çıxış edənlər Azərbaycanda
neft sənayesinin inkişaf mərhələlərindən bəhs edərək bu sahədə İ.Quliyevin
əvəzsiz xidmətlərini vurğulayıblar. Alimin qızı Gülarə İmanova elm və təhsil
sahəsinə göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban
Əliyevaya minnətdarlığını bildirib.
İ.Quliyevin ömrü yalnız zəhmətdən və çalışqanlıqdan yoğrulan həyatın
kamil ola biləcəyini deyir. Məhz
bu cür insanlar Azərbaycan elminin iftixarı sayılırlar.
Bu fikrə inanmaq üçünsə görkəmli alimin həyat yoluna nəzər salmaq kifayətdir.