Dövlətin bir neçə prioritet istiqamətdə hədəflərini müəyyənləşdirən qurum
Azərbaycan
Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi
yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, həmçinin
iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə dünyadakı vəziyyəti ətraflı
təhlil edərək, siyasi səbəblər üzündən neftin qiymətinin kəskin ucuzlaşmasını,
bundan irəli gələrək yeni iqtisadi böhranın yaranmasını diqqətə çatdırdı. Elə həmin
toplantıda ölkə başçısı yeni iqtisadi siyasətin əsas konturlarını müəyyən etdi.
Birmənalı olaraq qeyd etdi ki, ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi
təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə
aşağı düşdüyü hazırkı dövrdə həyata keçiriləcək bu siyasət, bir sıra
islahatları özündə əks etdirməklə, qeyri-neft sektorunun, eləcə də insanların
sosial rifahının daha da yaxşılaşmasına xidmət edəcək. Beləliklə də qarşıdakı
2016-cı ilin ciddi iqtisadi islahatlar ili olacağı, qarşıdakı aylar ərzində həyata
keçiriləcək tədbirlər nəticəsində Azərbaycanın dayanıqlı iqtisadi tərəqqisinin
təmin olunacağı bəyan edildi. 2016-cı ilin ilk aylarında isə iqtisadi
islahatların daha sürətlə aparılması üçün dövlət başçısı tərəfindən bir çox sərəncamlar,
qanunlar imzalandı, Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, ölkənin
ixrac potensialının artırılması, xarici sərmayənin cəlb edilməsi, yerli
istehsalın artırılması üçün çox mühüm qərarlar qəbul edildi. Bu çərçivədə
atılan addımlardan biri də həmin ilin aprel ayında "Ərzaq məhsullarının tədarükü
və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılması haqqında sərəncam
imzalaması oldu.
ASC-nin yaradılması kənd təsərrüfatı məhsullarının
istehsalını və emalını stimullaşdırmaq, kənd təsərrüfatı məhsulları
istehsalçılarının inkişafını təmin etmək, ərzaq məhsullarının keyfiyyətini daha
da artırmaq, dövlət vəsaitlərindən səmərəli istifadəni təmin etmək, regionlarda
kənd təsərrüfatı ilə məşğul olan əhalinin sosial rifahının yaxşılaşdırılmasına
zəmin yaratmaq, dövlət sifarişi ilə ərzaq məhsullarının satın alınmasının mərkəzləşdirilmiş
qaydada həyata keçirilməsini təmin etmək məqsədi daşıyırdı. Artıq qeyd olunan sərəncamın
imzalanmasından və sözügedən ASC-nin yaradılmasından bir ilə yaxın vaxt keçir.
Bu müddət ərzində ASC bölgələrdə nümayəndəliklərini yaradıb, dövlət başçısı
İlham Əliyevin tapşırıqlarından irəli gələn vəzifələrin həyata keçirilməsi üçün
zəruri addımlar atıb. İqtisadçı ekspertlər də "Ərzaq məhsullarının tədarükü və
təchizatı” ASC-nin fəaliyyəti barədə fikirlərini bizimlə bölüşərkən, sözügedən
qurumun əhəmiyyətini, məhz zərurətdən irəli gələrək zamanında yaradıldığını
vurğulayıblar.
Kəndli-fermer təsərrüfatlarının problemləri necə həll
edilir?
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının
sədri Aydın Hüseynov "Kaspi”yə
açıqlamasında vaxtilə qəbul edilən Ərzaq Təhlükəsizliyi Proqramını
xatırladaraq, bu proqram çərçivəsində qarşıya qoyulan əsas vəzifələrdən birinin
də bazarın yerli məhsullarla təmin olunması, kənd təsərrüfatının inkişaf
etdirilməsi, daxili bazarın qorunması olduğunu söyləyib. Millət vəkili deyib
ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC də bu kimi tədbirlərin
davamı, eyni zamanda post neft dövründə həyata keçirilən iqtisadi islahatların
tərkib hissəsi kimi yaradılıb: "Bu cəmiyyət yarandığı dövrdən qapalı müəssisələrin,
o cümlədən məktəblərin, uşaq bağçalarının, hərbi hissələrin, xəstəxanaların və
sair dövlət qurumlarının ərzaqla təminatına başlayıb. Qısa zamanda bu istiqamətdə
atılan addımlar yüksək effektlə özünü göstərdi. Deputat seçildiyim rayondakı
dövlət müəssisələrində tez-tez tədbirlərdə, görüşlərdə oluram. Apardığım
müşahidələr, eyni zamanda apardığım söhbətlər onu deməyə əsas verir ki, həmin
qurumlar, eləcə də sadə vətəndaşlar tərəfindən "Ərzaq məhsullarının tədarükü və
təchizatı” ASC-nin fəaliyyəti razılıqla qarşılanır. Dövlət müəssisələri
vaxtında keyfiyyətli ərzaq növləri ilə təmin edilir. Onu da yaddan çıxarmaq
olmaz ki, səhmdar cəmiyyətin funksiyası sadəcə, müəssisələri ərzaqla təmin etmək
deyil. Bu qurum paralel olaraq kənd təsərrüfatı məhsullarının tədarük edilməsini
də həyata keçirir. Yəni, əvvəlcədən fermerlərə, kəndlilərə sifarişlər edilir,
sonra isə istehsal edilən, əkib-becərilən həmin məhsullar təhvil alınır”.
Millət vəkili
A.Hüseynovun sözlərinə görə, ən önəmlisi və təsərrüfatçı üçün stimul yaradan məqam
burasıdır ki, səhmdar cəmiyyət bağlanılan müqavilə üzrə sifariş etdiyi məhsulun
ümumi həcminin 25 faizi qismində avans verir: "Loru dildə desək, yeni yaradılan
qurum kəndlidən alacağı məhsulun ümumi həcminin 25 faizinin pulunu bəri başdan
ödəyir. Bu, olduqca vacib məqamdır. Çünki, bu vaxta qədər kəndli, fermer əkib-becərdiyi
məhsulun əlində qalmasından, bazara çıxara bilməməsindən, nəticədə isə ziyana
düşməsindən şikayət edirdi. Yaxud, kəndlinin öz məhsulunu bazara çıxardığı
zaman təklif edilən qiymət həmin məhsulun maya dəyərini ödəmirdi. Bu da kənd təsərrüfatına
ziyan vurur, kəndlinin əkin-biçindən əlini soyudurdu. Ancaq yeni yaradılan cəmiyyət
tərəfindən tədarükün aparılması, sifarişlərin və öncədən avansların verilməsi kəndli-fermer
təsərrüfatlarının bir qədər əvvəl qeyd edilən problemlərini həll edəcək. Bu da
həm kənd təsərrüfatının inkişafına, həm də daxili bazarın qorunmasına, kənd təsərrüfatı
malları və ərzaqla təminatda xaricdən asılılığın aradan qaldırılmasına xidmət
edəcək. Bundan başqa, yeni yaradılan cəmiyyət ölkə daxilində istehsal edilən kənd
təsərrüfatı və ərzaq məhsullarının xaricə çıxarılmasına da təmin edir. Bu isə
bir qədər öncə sadaladığım müsbət məqamlardan əlavə, ölkəyə əlavə valyutanın
daxil olmasına da şərait yaradacaq”.
"İstehsalçılar arasında müəyyən maarifləndirmə işləri
aparılmalıdır”
Milli Məclisin İqtisadi siyasət, sənaye və
sahibkarlıq komitəsinin digər üzvü Tahir Mirkişiliisə deyib ki, makroiqtisadi tənzimləmədə dövlət
alışlarının və dövlətin keyfiyyət standartlarının çox böyük rolu var. Onun sözlərinə
görə, bazarda ən böyük alıcılardan biri kimi dövlət orqanlarının tələbi milli
istehsalçıların təklifini və onun strukturunu formalaşdırır. İqtisadçı deputat
bizimlə söhbətində bildirib ki, bu istiqamətdə effektliyə nail olmağın ən mühüm
yolu dövlət alışlarını mərkəzləşdirmək və bundan milli istehsalın inkişafında səmərəli
istifadə etməkdir. T.Mirkişilinin qənaətinə görə, məhz "Ərzaq məhsullarının tədarükü
və təchizatı” ASC-nin yaranması da bu zərurətdən irəli gəlib. Millət vəkili
bildirib ki, bu, həm milli istehsalın inkişafına, həm də ərzaq məhsullarının
keyfiyyətinin artırılmasına ciddi dəstək olacaq.
Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti
Qadir Bayramlıda hesab edir ki, "Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC yeni qurum
sayılsa da, artıq bir sıra addımlar atıb. Onun sözlərinə görə, ASC
istehsalçılarla müqavilə bağlayaraq, müqavilə dəyərinin yüzdə iyirmi beş faizi
həcmində onlara avans verir. İqtisadçı qəzetimizə açıqlamasında bildirib ki,
ASC tərəfindən gerçəkləşdirilən bu kimi tədbirlər mühüm əhəmiyyətə malikdir:
"Bu addımı dəstəkləsəm də, istehsalçılar arasında müəyyən maarifləndirmə işlərinin
aparılmasına, hüquqi yardımın göstərilməsinə də ehtiyac duyuram. Əksəriyyət
istehsalçı geniş məlumata sahib deyil. Ona görə də müqavilənin, şərtlərin müəyyən
edilməsi, yarana biləcək mübahisələrin həlli və sair məsələlər istehsalçıya ətraflı
izah edilməlidir. Təqdirəlayiq haldır ki, artıq ASC ölkənin müxtəlif ərazilərində
12 regional ofisini, tədarük anbarlarını yaradıb. Bu da yaxşı haldır. Arzu ediləndir
ki, istehsalçılar gələcəkdə haqsız rəqabətlə qarşılaşmasınlar deyə, onlar
arasında bərabərhüquqlu imkanlar yaradılsın. Hesab edirəm ki, ortaya daha səmərəli
iş çıxarmaq üçün yeni ASC həm aqrosənaye qurumları, həm də fövqəladə hallar
nazirliyi və digər dövlət təşkilatları ilə sistemli şəkildə hərəkət etməlidir.
Hətta biznes planların hazırlanması istiqamətində ASC-nin istehsalçılara yardım
etməsi də faydalı olar. Ən nəhayət, qurumun fəaliyyətinə dair hesabatların davamlı
şəkildə geniş ictimaiyyətə təqdim edilməsi onun şəffaflığını tam ortaya qoyar”.
"Ən vacib məqam idxaldan asılılığın aradan
qaldırılmasıdır”
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri,
iqtisadçı-alim Vüqar Bayramovda "Kaspi”yə açıqlamasında "Ərzaq məhsullarının tədarükü və təchizatı”
ASC-nin yaradılmasının zərurətdən irəli gəldiyini diqqətə çatdırıb. Onun sözlərinə
görə, belə bir qurumun yaradılması ilə Azərbaycan dövləti bir neçə prioritet
istiqamətdə öz hədəflərini müəyyənləşdirib: "Bu hədəflərdən birincisi ərzaq təhlükəsizliyinin
qorunması və vətəndaşların fasiləsiz olaraq ərzaqla təmin edilməsi, eyni
zamanda ərzaq və kənd təsərrüfatı məhsullarının çıxış imkanlarının
artırılmasıdır. İkinci hədəf dövlət müəssisələrində ərzaq və kənd təsərrüfatına
olan tələbatının yerli istehsal sayəsində ödənilməsidir. Nəticə etibarilə bu, rəqabətli
şəkildə, uyğun qiymətə dövlət mülkiyyətində olan müəssisələrin, dövlət
qurumlarının ərzaq təminatının həyata keçirilməsinə səbəb oldu. Üçüncüsü, bu ASC-nin
yaradılması ölkədə fermer təsərrüfatının inkişafı baxımından da vacib idi.
Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC fermer təsərrüfatçıları üçün
yeni bazar və ya alıcı deməkdir. Fermer təsərrüfatı sahibləri öz məhsullarının
realizasiyasında xeyli imkanlar əldə etdilər. Bu isə həmin təsərrüfatların daha
da inkişafına təkan verir. Sözügedən ASC-nin yaradılmasında ən vacib məqam
idxaldan asılılığın aradan qaldırılmasıdır. İdxaldan asılılığın azaldılması ölkədə
valyutanın qalmasına, Azərbaycanın ərzaq məhsullarına olan tələbatının ödənməsində
xaricdən asılılığın aradan qaldırılmasına xidmət edir. Artıq onu deyə bilərik
ki, yaradılan yeni ASC-nin hesabına dövlət qurumlarının ərzaq və kənd təsərrüfatı
məhsullarına olan tələbatı yerli istehsal hesabına ödənir. Bu baxımdan ASC-nin
öz fəaliyyətini tədricən qurduğunu, belə qurumların yaradılması ilə hədəflərin
postneft dövrünün yeni tələblərinə uyğunlaşdırıldığını söyləmək olar. Bunun
kimi instutsional dəyişikliklər imkan verəcək ki, qarşıya qoyulan bütün hədəflərə
çatmaq mümkün olsun”.
Sonda
qeyd edək ki, Azərbaycanda 2016-cı ilin əvvəlindən başlayaraq bir sıra
islahatların həyata keçirilməsi, o cümlədən "Ərzaq məhsullarının tədarükü və təchizatı”
ASC-nin yaradılması ölkəmizdə qeyri-neft sektorunun sürətlə inkişafına töhfə
verəcək. Belə tədbirlər gələcəkdə qeyri-neft sektorunun ixrac strukturunda da
böyük çəkiyə malik olması ilə nəticələnəcək. Bütün bunlar isə Cənubi Qafqazın
lider dövləti Azərbaycanın hərtərəfli tərəqqisinə səbəb olmaqla bərabər, vətəndaşlarımızın
sosial rifahını daha da yaxşılaşdıracaqdır.
Rufik
İSMAYILOV
Yazı "Ərzaq məhsullarının tədarükü və təchizatı”
ASC tərəfindən jurnalistlər arasında elan edilmiş yaradıcılıq müsabiqəsinə təqdim
edilir