• cümə, 19 Aprel, 23:48
  • Baku Bakı 24°C

Azərbaycan dövləti vətənpərvər gəncləri ilə qürur duyur

24.12.16 09:00 1512
Azərbaycan dövləti vətənpərvər gəncləri ilə qürur duyur
Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla həyata keçirilir. Bu gün Azərbaycanda gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsidir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır.Bu günlərdə minlərlə gənci öz ətrafında birləşdirən "İrəli” İctimai Birliyinin yaranmasının 8-ci ildönümünün yüksək səviyyədə qeyd edilməsi, həmçinin Azərbaycan Prezidenti yanında Gənclər Fondunun fəaliyyətə başlamasının beş illiyinin keçirilməsi, görülən işlər barədə əhatəli hesabatların verilməsi də ölkədəki fənclər siyasətinin uğurla davam etdirilməsinə əyani misaldır.

Milli Məclisin Gənclər və idman komitəsinin sədri, millət vəkili Fuad Muradov mövzu ilə bağlı qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycanda ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan dövlət gənclər siyasəti ötən illər ərzində Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilib, hər bir azərbaycanlının prezidenti olan dövlət başçımızın yürütdüyü siyasi kurs bütün ölkə gənclərini əhatə edib. Deputat qeyd edib ki, Azərbaycanda dövlət gənclər siyasəti artıq dövlətin əsas siyasətinə çevrilib: "Azərbaycan prezidenti mütəmadi olaraq gəncləri qəbul edir, onlarla səmimi söhbət edir, müzakirələr aparır, gənclərin fikir və təkliflərini dinləyir. Bununla yanaşı, gənclərlə bağlı 2005-2009 və 2011-2015 illər üzrə dövlət proqramları qəbul olunub, 2015-2025-ci illəri əhatə edəcək Azərbaycan gənclərinin inkişaf strategiyası hazırlanıb və həyata keçirilməkdədir. Bu gün ən dinamik inkişaf edən sahə gənclərlə əlaqəlidir. 2015-ci ildə növbəti dəfə parlament seçkiləri keçirildikdən sonra qanunverici orqanda ayrıca olaraq Gənclər və idman komitəsi yaradılıb. Bir neçə gənc parlamentdə təmsil olunmaq hüququ qazanıb ki, onlar da bu komitənin üzvləridirlər. Ölkədə elə bir nazirlik, komitə, təşkilat, qurum yoxdur ki, orada gənclər çalışmasın. Qanunverici, icra və məhkəmə hakimiyyətlərinin hər birində gənclər təmsil olunur, Vətənə, dövlətə, xalqa layiqincə xidmət edirlər. Bütün bunlar isə onu deməyə əsas verir ki, Azərbaycanın gələcəyi etibarlı və əmin əllərdədir. Azərbaycan gəncinin özünü ifadə etməsi, realizə etməsi üçün dövlət hər cür şərait yaradıb. Qürurverici haldır ki, artıq xarici ölkələr Azərbaycanın bu təcrübəsindən, dövlətin gənclər siyasəti istiqamətində atdığı addımlardan yararlanmaq istəyirlər”.

Millət vəkili, Yeni Azərbaycan Partiyası (YAP) Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev də "Kaspi”yə açıqlamasında deyib ki, bu gün Azərbaycan dövləti vətənpərvər gəncləri ilə qürur duyur. Onun sözlərinə görə, ölkəmizdə ulu öndər Heydər Əliyevin müdrik siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilməsi nəticəsində sağlam, fəal, təşəbbüskar, yaradıcı potensiala malik gənclər yetişir, Azərbaycanın dinamik inkişafında mühüm rol oynayırlar. Millət vəkili bildirib ki, bütün bu uğurların təməlində ümummilli lider Heydər Əliyevin müəllifi olduğu dövlət gənclər siyasəti dayanır: "Azərbaycanda müasir gənclər ordusu formalaşıb. Ölkə başçısı İlham Əliyevin Azərbaycana rəhbərlik etdyi dövrdə gənclər siyasəti tamamilə yeni mərhələyə qədəm qoyub. Bu da gənclərimizdən zamanın tələblərinə uyğun olaraq, daha kreativ, daha innovativ olmağı tələb edir. Dövlət başçısının həyata keçirdiyi siyasi kursu dəstəkləyən minlərlə gənc müxtəlif təşkilat və birliklərdə fəaliyyət göstərərək, dövlətə və dövlətçiliyə öz töhfələrini layiqincə verirlər. Hazırda gənclərimiz ölkəmizdə 300-dən çox gənclər təşkilatında, 30-dan çox beynəlxalq platformada təmsil olunurlar. Gənclər Təşkilatları sıralarında birləşən gənclər Yeni Azərbaycan Partiyası sıralarında da yetişir və formalaşırlar. Partiya üzvlərinin 40 faizini məhz gənclər təşkil edir. Yüksək intellektli gənclərimiz müxtəlif transmilli şirkətlərdə də uğurla fəaliyyət göstərirlər. Xaricdə təhsil alıb ölkəmizə qayıdan, elm və təhsil sahəsində nümunə olan, parlamentdə, məhkəmə-hüquq sistemində və digər dövlət qurumlarında fəaliyyət göstərən gənclər, Azərbaycanın üçrəngli bayrağını əzəmətlə dalğalandıran idmançılarımız doğma Vətənimizin adına qürur və şərəf gətirirlər”.

Millət vəkili, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) sədri Şahin İsmayılov da bizimlə söhbətində Azərbaycanın müstəqilliyinin 25 ilinin tamam olduğunu diqqətə çatdıraraq, müasir tariximizin hər bir ilində gənclərlə bağlı hansısa əlamətdar hadisənin yaşandığını vurğulayıb. Deyib ki, gənclər siyasəti istiqamətində atılan bütün addımlar sistemli xarakter daşıyır, ölkəmizin gələcəkdə daha da inkişaf etdirilməsinə hesablanır: "Azərbaycanda mövcud olan dövlət gənclər siyasəti, o cümlədən bu məqsədlə yaradılan hüquqi baza, qəbul edilən dövlət proqramları və s. beynəlxalq tərəfdaşlar tərəfindən də uğurlu model kimi qarşılanır. Təbii ki, dövlət gənclər siyasətinin bu cür uğur qazanmasında dünyaşöhrətli siyasətçi, ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub. Hətta 90-cı illərin əvvəlində ölkədə hökm sürən gərginliklər fonunda belə, o, gənclərlə görüşüb, onların fikir və təkliflərini dinləyib, gənclərə tövsiyələrini çatdırıb, dövlət quruculuğunda gənclərin vacib rolunu xüsusi diqqətə çatdırıb. Ulu öndərin əsasını qoyduğu bu siyasət indi də gündəmdədir, Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Bunun nəticəsində Azərbaycan gəncliyi bütün sahələrdə özünə yer tapa bilir, bilik və bacarıqlarını, imkanlarını ifadə edir, potensialını üzə çıxarır. Fikrimcə, bu faktın özü gənclik üçün böyük məna kəsb edir”.

Rufik İSMAYILOV

banner

Oxşar Xəbərlər