Azərbaycan dövləti pandemiya ilə ciddi mübarizə aparır
Lakin bəzi insanlar hələ də bu bəlanın təhlükəsini
anlamır, məsuliyyətsizlik edirlər
Prezident İlham Əliyev martın 19-da koronavirus
pandemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq
məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı
tədbirlər haqqında Sərəncam imzalayıb. Pandemiyanın mənfi fəsadlarını minimuma
endirmək üçün Nazirlər Kabinetinə 1 milyard manat vəsait ayrılıb və təsirləri
qiymətləndirmək məqsədilə dörd İşçi Qrup yaradılıb. Qısa müddət ərzində ölkədə
makroiqtisadi sabitliyi qorumaq və məşğulluğu təmin etmək üçün ölkənin
sosial-iqtisadi və maliyyə vəziyyəti təhlil edilib, lazımi əlavə tədbirlərin
görülməsi, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı ilə
bağlı təkliflər hazırlanıb. Bu təklifləri əhatə edən dövlət proqramlarının əsas
istiqamətləri açıqlanıb. Bəlli olub ki, dövlət dəstəyi məqsədilə 10 proqram
hazırlanıb.
Proqramlar 4 böyük sektoru və 20 fəaliyyət istiqamətini əhatə edir.
Bu fəaliyyət sahələri təsnifləşdirilib və ən çox zərər çəkmiş, mənfi təsirə əhəmiyyətli
dərəcədə məruz qalmış, minimal təsirə məruz qalmış və ya təsirə məruz qalmamış
sahələr müəyyən edilib.Aprelin 4-də isə Baş nazir Əli Əsədov "Koronavirus
(COVID-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında
baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi
sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin
azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Prezidentinin
imzaladığı Sərəncamın 10.2-ci bəndinin icrası ilə bağlı Tədbirlər Planı”nı təsdiq
edib.
Vətəndaşların
sağlamlığı üçün bütün mümkün tədbirlər
Məlumat üçün onu da əlavə edək ki, Dövlət dəstək
proqramlarının ümumi həcmi 2,5 milyard manat təşkil edir. Bu, Azərbaycanın ÜDM-nin
3 faizi deməkdir. Pandemiya ilə mübarizədə nə MDB məkanında, nə regionda
iqtisadiyyatın həcminə görə bu böyüklükdə dəstək paketi hələ ki, yoxdur.
Regional iqtisadiyyatların həcmi baxımından ayrılan vəsaitin ÜDM-ə nisbətinə
görə Azərbaycan liderdir. Azərbaycanda pandemiyanın kritik olmadığını nəzərə
alaraq 2,5 milyard manatlıq yardım paketi beynəlxalq maliyyə qurumları tərəfindən
də xeyli qənaətbəxş hesab olunur. Milli
Məclisin deputatı, Yeni Azərbaycan Partiyasının Beynəlxalq əlaqələr
komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nəsirov mövzu
ilə bağlı bildirib ki, hazırda bütün dünya dövlətləri koronavirus (COVID-19)
pandemiyası ilə müharibə vəziyyətindədir və bu bəlaya qarşı mübarizə aparır.
Onun sözlərinə görə, belə bir mürəkkəb dövrdə Azərbaycan bu amansız və qəddar xəstəliklə
təmkinlə mübarizə aparır, vətəndaşlarının sağlamlığı üçün bütün mümkün tədbirləri
həyata keçirir.
Ən müasir tibbi
laboratoriyalardan istifadə
Millət vəkili qeyd edib ki, Prezident İlham Əliyevin
rəhbərliyi ilə Azərbaycan dövləti koronavirus infeksiyasının fəsadlarından
qorunmaq üçün vaxtında preventiv addımlar atıb, profilaktik və sistemli tədbirlər
həyata keçirilməyə başlanıb: "Xəstəliyə yoluxmanın qarşısını almaq məqsədilə sərhədlər
bağlanıb, bütün təhsil müəssisələrində tədris dayandırılıb. Vəziyyəti bir mərkəzdən
idarə etmək üçün Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Dövlətimiz
tərəfindən bütün qüvvələr səfərbər edilib ki, xalqımız bu bəladan az zərər və
itki ilə çıxa bilsin. Prezident İlham Əliyevin birbaşa köməyi ilə ölkəyə ilk mərhələdə
10, sonra isə 4 laboratoriya gətirilib. Hazırda Azərbaycanda xüsusi karantin
rejimi tətbiq olunub. İnsanlar arasında virusa yoluxma hallarının sayının
azaldılması üçün dövlət tərəfindən ciddi qaydalar tətbiq edilir və tədbirlər həyata
keçirilir. Təəssüflə deməliyəm ki, görülən tədbirlərə baxmayaraq, ölkəmizdə
koronavirus infeksiyasına yoluxma halları artır. Yoluxmanın sayının məhz indi
artması bir sıra səbəblərlə izah olunur. Belə ki, ilkin dövrdə infeksiya
faktları müəyyən olunanda Azərbaycan yalnız Ümumdünya Səhiyyə Təşkilatından məhdud
şəkildə testlər alırdı və həmin dövrdə mövcud imkanlar çərçivəsində müayinələr
aparılırdı. Sonrakı dövrdə ölkəmiz artıq özü kifayət qədər testlər almağa
başladı. Əgər ilk dövrdə ölkədə gündə cəmi 200-300 insan testdən keçirilirdisə,
indi müayinələrin sayı 3 min civarındadır. İndiyədək ölkədə 35 mindən artıq
insan koronavirus testindən keçirilib. İmkanların genişlənməsi yoluxma
hallarını müəyyənləşdirmək üçün şərait yaradıb. İndi Azərbaycanda yeni, ən
müasir tibbi laboratoriyalardan istifadə olunur”.
Bir-birimizə və dövlətimizə
dəstək göstərmək
Koronavirusun inkubasiya dövrünün uzun olduğunu
diqqətə çatdıran deputat söyləyib ki, virusa yoluxma halları əsasən xaricdən gələn
və karantində yerləşdirilən insanlar arasında müşahidə olunur: "Təəssüf ki,
hazırda ölkə daxilində də insanların bir-birini yoluxdurması halları qeydə
alınır. Çünki tibb bu pandemiyanın qarşısını almaqda gücsüz qalıb. Dünya nəzər
saldıqda görürük ki, Avropada, xüsusən İtaliya və İspaniyada yoluxma və ölüm
halları artan xətt üzrə inkişaf edəndə, qitənin bir çox ölkəsində nisbi
sakitlik hökm sürürdü. İndi isə koronavirus Avropanın bir çox ölkəsində tüğyan
edir. Avropa ilə müqayisədə, ABŞ-da yayılma və ölüm halları daha gec başladı,
indi isə bu ölkə az qala koronavirus pandemiyasının əsarəti altındadır. Bu da
onu göstərir ki, infeksiyanın sürətlə yayılması və pik həddə doğru hərəkət etməsi
bir çox obyektiv və subyektiv amillərlə bağlıdır. Hər bir ölkə və region üçün
bu hal spesifiklik təşkil edir. Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev
və Birinci vitse-prezident Mehriban Əliyeva dəfələrlə öz çıxışlarında, müraciətlərində
vətəndaşları belə çətin məqamda diqqətli və məsuliyyətli olmağa çağırıblar.
Lakin bəzi insanlar hələ də bu bəlanın təhlükəsini anlamırlar, məsuliyyətsizlik
edirlər, küçələrə çıxaraq həm özləri, həm də digərləri üçün təhlükə yaradırlar.
İnsanların sağlamlığı cəmiyyətimiz, ölkəmiz və dövlətimiz üçün daha çox əhəmiyyətlidir.
Hər bir Azərbaycan vətəndaşının borcu belə ağır gündə məsuliyyətli olmaq,
ehtiyac olmadığı təqdirdə evdən çıxmamaq, bu çətin vəziyyətdə bir-birimizə və
dövlətimizə dəstək göstərməkdir”.
Sosial sabitliyin
qorunması
Milli Məclisin
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində
indiyə qədər ölkəmizdə atılan addımlardan söhbət açarkən diqqəti Baş Nazir Əli Əsədovun
Sərəncamı ilə təsdiqlənən Tədbirlər Planına yönəldib. Qeyd edib ki, Bu Tədbirlər
Planı həm məşğul əhalinin, yəni, muzdla işləyənlərin, eyni zamanda, çalışmayan
vətəndaşların sosial təminatını, onlara birbaşa yardımın edilməsini nəzərdə
tutur. Millət vəkili bildirib ki, Tədbirlər Planında iş yerlərinin, eləcə də
sosial sabitliyin qorunması istiqamətində vəsaitlərin ayrılması nəzərdə
tutulub: "Birinci istiqamət pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu
işçilərin əməkhaqlarının müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsidir. Məqsəd
iş yerlərinin sayının azaldılmaması və həmin sektorlarda, yəni, orta və iri
sahibkarlıq subyektlərində çalışan vətəndaşların indiki halda işləməsələr və məzuniyyətdə
olsalar belə, əməkhaqlarını ala bilmələridir. Bu, orta və iri sahibkarlıq
subyektlərində çalışan vətəndaşları əhatə edəcək. Əgər hansısa bir vətəndaşın
kiçik, orta və iri sahibkarlıq subyektində muzdlu işçi kimi əməkhaqqı müqaviləsi
varsa, dövlət ona dəstək göstərəcək. Hazırda muzdla çalışanların sayı 300 min nəfərdir.
Büdcədən bu istiqamətdə 215 milyon manat vəsait ayrılacaq. Bu, o deməkdir ki, muzdla
çalışan hər bir vətəndaşa orta hesabla 716 manat vəsait ödəniləcək. Təbii ki, əməkhaqqı
həcmindən asılı olaraq məbləğ dəyişə bilər”.
VÖEN-lə işləyən hər
bir vətəndaş üçün 267 manat
V.Bayramov vurğulayıb ki, mikro və fərdi sahibkar
kimi VÖEN-lə işləyən vətəndaşlarımıza da birbaşa yardımın verilməsi nəzərdə
tutulub. Onun sözlərinə görə, bu məqsədlə büdcədən 80 milyon manat vəsait
ayrılacaq: "VÖEN-lə işləyən hər bir vətəndaş üçün 267 manat vəsaitin ayrılması
nəzərdə tutulur. Burada yenə də məbləğ VÖEN-lə və mikro sahibkar kimi fəaliyyət
göstərən vətəndaşların əvvəlki dövrdə gəlirlərindən asılı olaraq dəyişə bilər. Əsas
meyar ondan ibarətdir ki, mikro və fərdi sahibkar 2019-cu ildə vergi ödənişlərini,
məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta ödənişlərini həyata
keçirmiş olsun. VÖEN-lə çalışanlar 2019-cu ildə məcburi öhdəliklərini yerinə
yetiribsə, vergi ödəyibsə və hesabatlar veribsə, həmin vətəndaşlar bu
imkanlardan yararlana biləcək. Eyni zamanda, aprel ayından vergi güzəştlərinin
tətbiqi nəzərdə tutulub. Mikro sahibkarlar üçün sadələşmiş vergi üzrə müddətə
güzəşt veriləcək. Bu, o deməkdir ki, VÖEN-lə işləyən sahibkarın illik dövriyyəsi
200 min manatdan çox deyilsə, o zaman sadələşmiş vergi subyektidir. Həmçinin əmlak
və torpaq vergisindən müddətli azadolmalar tətbiq ediləcək. Vergi ödəyiciləri
üçün mənfəət və ya gəlir vergisindən də güzəşt tətbiq olunacaq. Mikro
sahibkarlıq subyektləri üzrə hesabatların verilməsi və verginin ödənilməsi müddəti
uzadılıb. Burada xüsusən də pandemiyanın daha çox mənfi təsir göstərdiyi sahələr
üzrə vergilərin ödənilməsi müddəti artırılıb. Ölkəyə ərzaq və tibbi ehtiyaclar
üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli şəkildə azad edilməsi nəzərdə
tutulub. Eyni zamanda, icarə haqqından tutulan vergilər üzrə güzəşt tətbiq
olunacaq. Bu, icarə vergisinə güzəştin tətbiq edilməsi anlamına gəlir. Ödənilməmiş
vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarına görə
faizlərin hesablanması müəyyən müddətə təxirə salınacaq”.
İşsiz vətəndaşlara
yaşayış minimumu həcmində birdəfəlik ödəniş
İpoteka və Kredit Zəmanət Fondunun
formalaşdırıldığını deyən ekspert bildirib ki, daha çox sahibkarlıq subyektlərinə
dövlət zəmanəti ilə kreditlərin verilməsi və eləcə də kredit faizlərinin
subsidiyalaşdırılması nəzərdə tutulur: "Subsidiyalaşdırma nəticə etibarilə
faizin əhəmiyyətli hissəsinin dövlət tərəfindən ödənilməsi deməkdir. Bu istiqamətdə
20 milyon manat vəsait ayrılacaq. Güzəştli ipoteka kreditlərinin həcmində
artımlar olacaq, bu məqsədlə 90 milyon manat vəsait ayrılacaq. Vətəndaşlar güzəştli
ipoteka kreditlərindən yararlanaraq mənzil problemlərini həll edəcəklər. İkinci
istiqamət işləməyən vətəndaşlarla bağlıdır. Müvəqqəti məşğulluğun təmin edilməsi
üçün koronavirusun mövcud olduğu dövrlərdə iki ay müddətinə 50 min haqqı ödənilən
ictimai iş yerinin yaradılması nəzərdə tutulur. Bu məqsədlə büdcədən 30 milyon
manat vəsait ayrılıb. Dövlət məşğulluq xidməti orqanlarında işsiz kimi
qeydiyyata alınan 200 min şəxsə yaşayış minimumu həcmində, yəni, 190 manat birdəfəlik
ödənişin verilməsi nəzərdə tutulur. Bunun üçün dövlət tərəfindən 70 milyon
manat ayrılacaq. İşsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi
və proaktiv təyinat mexanizminin yaradılması üçün 20 milyon manat vəsait
ayrılacaq. Xüsusi karantin dövründə bütün ailələrə ünvanlı sosial yardımın
verilməsinin rejim bitənədək davam etdirilməsi və ünvanlı dövlət sosial
yardımının təyinatının sadələşdirilməsi nəzərdə tutulur. Bu, 62 min insanı əhatə
edəcək. Eyni zamanda, sosial baxımdan həssas qrupa aid ailələrin üzvü olan tələbələrin
təhsil haqqı dövlət tərəfindən ödəniləcək. Bu istiqamətdə 40 milyon manat
ayrılacaq. Aprel-may aylarında elektrik enerjisi ilə bağlı limitlər tətbiq
olunacaq. Bu məqsədlə dövlət büdcəsindən 10 milyon manat vəsait ayrılacaq”.
Alpər TURAN