AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir

Azərbaycan dövləti koronavirusla mübarizədə üzərinə düşən bütün vəzifələri yerinə yetirir

Cəmiyyət
06 Aprel 2020, 15:23 130
COVID-19 virusu ilə bağlı son günlər daha çox yoluxma faktlarının aşkarlanmasının səbəbləri çoxdur. Bunlardan biri xəstəliyin inkubasiya müddətinin uzun olması və aparılan testlərin nəticələrinin müəyyən müddətdən sonra ortaya çıxması ilə bağlıdır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Elçin Mirzəbəyli deyib.
O bildirib ki, COVID-19 virusuna yoluxma hallarının artması ölkədə mübarizə tədbirlərinin zəif olması mənasına gəlməməlidir. "Bildiyimiz kimi, bir şəxsdə COVID-19 virusu aşkarlandıqda, onun ətrafı, təmasda olduğu insanlar, getdiyi yerlər haqqında məlumatlar toplanılır və bu məlumatlar dəqiqləşdikdən sonra, yoluxma ehtimalı olan şəxslərin karantinə cəlb olunması istiqamətində müvafiq addımlar atılır. Yalnız bundan sonra yoluxma halları ilə bağlı konkret rəqəmləri sistemə daxil etmək, bu barədə ictimaiyyəti məlumatlandırmaq mümkündür. Proses dünyanın bütün ölkələrində belədir. Baş verənlər heç də Azərbaycanda koronavirusa qarşı mübarizənin yüksək səviyyədə təşkil olunmasının üzərinə hər hansı formada kölgə sala bilməz. Azərbaycan bir çox məsələlərlə bağlı əksər ölkələrdən daha çevik qərarlar qəbul edir, önləyici tədbirlər həyata keçirir, həmçinin bu prosesdə insan hüquq və azadlıqlarının qorunmasını da təmin etməyi bacarır” , - deyə ekspert əlavə edib.
Vətəndaşların karantin rejiminin tələblərinə əməl etməli olduqlarını vurğulayan Elçin Mirzəbəyli bəzi insanların SMS xəbərdarlığı ilə bağlı məqsədə uyğun olmayan yanaşmalarından da söz açıb. Bu yanaşmalar təbii ki, təəccüb və təəssüf doğurur. İstənilən halda sadə məntiqlə SMS xəbərdarlığının hansı məqsədlə tətbiq olunduğunu müəyyənləşdirmək mümkündür. Burada söhbət vətəndaşların təhlükəsizliyini, sağlamlığını qorumaqdan gedir. Yoluxma halları ən çox insanların kütləvi toplaşdığı yerlərdə baş verir. Buraya marketlər və apteklər də daxildir. Təəssüflər olsun ki, insanlar bir çox hallarda qoruyuculardan istifadə etmir və ya sosial məsafəni gözləmirlər. Marketdə insan sayı artır, nəticə etibarilə orada olan hər hansı bir şəxs COVID-19 virusunun daşıyıcısıdırsa, daha çox insanın yoluxmasına zəmin yaranır. Amma SMS xəbərdarlıqla müvafiq ərazilərdə olan marketlərə, yaxud apteklərə gediş-gəlişin tənzimlənməsi mümkündür. İcazələr müvafiq ardıcıllıqla, ərazi, eləcə də bu və ya digər əraziyə toplaşa biləcək insan sayı nəzərə alınmaqla verilir. Yəni elə tənzimləyici qərarlar verilir ki, eyni vaxtda eyni marketə, aptekə daha çox insan toplaşmasın. Düşünürəm ki, bu proses kifayət qədər innovativ yanaşmadır və təqdir olunmalıdır.
Siyasi ekspert hesab edir ki, koronavirusla mübarizədə dövlət üzərinə düşən bütün vəzifələri yerinə yetirir. "Dövlət qurumları tam məsuliyyətlə çalışırlar. Tibb işçiləri, polislər və bütövlükdə bu prosesdə iştirak edən bütün dövlət qurumlarının nümayəndələri, Azərbaycanın peşəkar media nümayəndələri öz vəzifələrinin öhdəsindən layiqincə gəlirlər. Heç şübhə etmirəm ki, xüsusi karantin rejiminin tələblərinə əməl olunarsa və vətəndaşlarımız bu məsələdə daha məsuliyyətli davranış ortaya qoyarlarsa, biz COVID-19 virusunun daha geniş şəkildə yayılmasının qarşısını ala və bu bəladan tez bir zamanda qurtularaq yenidən əvvəlki həyatımıza qayıda bilərik. Qarşımızda çox böyük hədəflərimiz var və bu hədəflərə çatmaq, Azərbaycanı daha da inkişaf etdirmək üçün özümüzü, doğmalarımızı, xalqımızı qorumalıyıq. Azərbaycan dövləti hər bir vətəndaşının həyatının qorunmasına çox böyük məsuliyyətlə yanaşır. Eyni məsuliyyəti dəyərli vətəndaşlarımızın nümayiş etdirmələri də çox vacibdir” , - deyə E.Mirzəbəyli vurğulayıb.