• şənbə, 20 Aprel, 01:52
  • Baku Bakı 15°C

Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixi

13.06.20 09:45 1808
Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixi
1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Xalqın təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib. Ulu Öndər böyük risklərə baxmayaraq, xalqın qurtuluşu missiyasını cəsarətlə öz üzərinə götürüb. Bununla da ölkədə uzun illər davam edən gərginlik və qarşıdurma səngidi, respublikamız vətəndaş müharibəsindən və parçalanma təhlükəsindən xilas olub. Bu mühüm tarixi gün xalqımızın yaddaşına Milli Qurtuluş Günü kimi həkk olunub və 1997-ci ildən etibarən parlamentin qərarı ilə rəsmi bayram kimi qeyd olunur. Auditorlar Palatasının sədri, iqtisad elmləri doktoru, professor Vahid Novruzov Milli Qurtuluş Günü ilə bağlıAZƏRTAC-ın suallarını cavablandırıb.
- Vahid müəllim, hər bir xalqın taleyində böyük əhəmiyyət daşıyan elə günlər var ki, onun gələcək həyatını müəyyən edən böyük başlanğıcların əsası məhz həmin günlərdə qoyulur. Belə günlərdən Azərbaycan xalqı üçün bəlkə də ən önəmlisi 1993-cü ilin 15 iyun günüdür. Həmin günün tarixi əhəmiyyətini siz necə dəyərləndirirsiniz?
- Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş iyunun 15-i sadəcə təqvim bayramı deyil, böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Bu gün Azərbaycan dövlətçiliyinin ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqına arxa, dayaq olan cahanşimul şəxsiyyət – ulu öndər Heydər Əliyevdir.1993-cü ilin səksəkəli yayında ümummilli lider Heydər Əliyevin Vətəni sevən hər bir azərbaycanlının ürəyində ümid çırağı yandıran "Biz Azərbaycanı bu vəziyyətdən çıxarmağa qadirik" sözlərini bütün xalq bir çağırış kimi qəbul etdi. 1993-cü il iyunun 15-də yenidən respublikada siyasi rəhbərliyə qayıdan ulu öndər Heydər Əliyev yeni tarixi şəraitdə iki mühüm vəzifənin – Azərbaycan dövlətçiliyinin məhv olmaq təhlükəsinin aradan qaldırılması, dövlət müstəqilliyimizin qorunub saxlanması, dönməz və əbədi edilməsi, habelə dünyəvi, demokratik dövlət quruculuğunun həyata keçirilməsi vəzifələrinin həlli istiqamətində tarixi əhəmiyyət kəsb edən işlərə başladı. Müdrik rəhbərimizin gərgin əməyi, səriştəsi, böyük təşkilatçılıq qabiliyyəti, uzaqgörən daxili və xarici siyasəti nəticəsində tarixən qısa zaman kəsiyində dövlət müstəqilliyimizin dönməz xarakter alması təmin olundu, demokratik hüquqi dövlət quruculuğunun möhkəm təməli qoyuldu, siyasi sabitlik, bunun ardınca isə makroiqtisadi sabitlik bərqərar olundu.Milli Qurtuluş Günündən sonra ümummilli lider Heydər Əliyev ümumxalq dəstəyinə arxalanaraq, özünün yenilməz siyasi iradəsi, rəhbər qətiyyəti və zəngin idarəetmə təcrübəsi sayəsində: Azərbaycanda vətəndaş müharibəsi alovlarını söndürdü, baş qaldırmaqda olan separatçılıq meyillərinin kökünü kəsdi və dövləti keçmiş zamanlarda olduğu kimi, xanlıqlara parçalanmaq təhlükəsindən xilas etdi, nizami ordu quruculuğuna başladı, Ermənistanın Azərbaycana qarşı hərbi ekspansiyasını dayandırdı və 1994-cü ildə atəşkəsin əldə edilməsinə nail oldu, böhran və tənəzzül içərisində olan milli iqtisadiyyatın maddi bünövrəsini yaratmaq üçün Azərbaycanın yeni neft strategiyasını formalaşdırdı və 1994-cü il sentyabrın 20-də "Əsrin müqaviləsi”nin imzalanması ilə xarici investisiyaların ölkəmizə axını üçün möhkəm zəmin yaratdı, iqtisadiyyatın bazar münasibətləri prinsipləri əsasında inkişafını təmin etmək üçün dövlət mülkiyyətinin özəlləşdirilməsinə və MDB-də misli-bərabəri olmayan radikal aqrar islahatlara başladı, Azərbaycan Respublikasının yeni konstitusiya layihəsinin hazırlanmasına və ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinə nail oldu, bazar infrastrukturlarının formalaşması və azad sahibkarlığın hərtərəfli inkişafı üçün müvafiq qanunvericilik bazası yaratdı, dövlət idarəetmə sistemində geniş islahatlar həyata keçirdi, Azərbaycanın beynəlxalq birliyə intensiv inteqrasiyasını təmin etdi və son nəticə etibarilə Azərbaycanı Cənubi Qafqaz və Mərkəzi Asiya regionunda dünya siyasətinin başlıca geostrateji maraq mərkəzinə, iqtisadi cəhətdən daim yüksəlişdə olan bir diyara çevirdi.Bütün bunların da nəticəsində ulu öndər Heydər Əliyev tarix üçün çox qısa olan zaman kəsiyində özünün şah əsərini - demokratik dünya dəyərlərinə tam uyğun olan Yeni Azərbaycanı qurmağa müvəffəq olub.Milli Qurtuluş Gününün ən düzgün dəyərini isə Prezident İlham Əliyev ifadə edib. Hələ 2005-ci il iyunun 15-də Milli Qurtuluş Günü münasibətilə Yeni Azərbaycan Partiyasının keçirdiyi mitinqdə çıxış edərkən Prezident İlham Əliyev deyirdi: "Gəlin, 1993-cü ildəki Azərbaycanı və bugünkü Azərbaycanı müqayisə edək. O vaxt Azərbaycanda xaos hökm sürürdü. Bu gün Azərbaycanda sabitlikdir. O vaxt Azərbaycanda hərc-mərclik var idi. Bu gün Azərbaycanda sülhdür, əmin-amanlıqdır. O vaxt Azərbaycanın iqtisadiyyatı tənəzzülə uğrayırdı. Bu gün Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrdən biridir. O vaxt Azərbaycan vətəndaş müharibəsi ilə üz-üzə qalmışdı. Bu gün Azərbaycanda milli birlik, milli həmrəylik mövcuddur. O vaxt Azərbaycanda total böhran hökm sürürdü. Bu gün dünyanın aparıcı dairələri etiraf edir ki, Azərbaycan ən qüdrətli ölkəyə çevrilməkdədir. Bütün bunları edən, bütün bunları yaradan xalqın dəstəyinə arxalanan xalqımızın lideri Heydər Əliyev olub. Onun zəhmətidir, onun əməyidir və xalqla birlikdə bu gün biz Azərbaycanı daha da inamla, daha da sürətlə inkişaf etdiririk”.
- Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyasının ulu öndər Heydər Əliyev tərəfindən düzgün seçildiyini artıq 1996-cı ildə müşahidə olunan iqtisadi sabitlik və 1997-ci ildən başlayan sosial-iqtisadi inkişaf xətti daha bariz şəkildə nümayiş etdirir. Ümummilli Liderin iqtisadi inkişaf strategiyasının əsas məziyyətlərini nədə görürsünüz?
- "Azərbaycan dövlətinin strateji yolu yalnız demokratiya, sərbəst iqtisadiyyat və sahibkarlıq yoludur” – deyən Ulu Öndərin iqtisadi siyasət strategiyası sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi kimi başlıca istiqamətləri əhatə edib, cəmiyyət həyatının bütün sahələrinə dair düşünülüb, genişmiqyaslı radikal islahatların müvəffəqiyyətlə həyata keçirilməsi sayəsində artıq 1996-cı ildən etibarən yeni Azərbaycan quruculuğunun, o cümlədən milli iqtisadiyyatın sürətli inkişaf və yüksəliş dövrü başlanıb. Azərbaycanın sərbəst bazar münasibətlərinə əsaslanan liberal iqtisadiyyat xəttini dəstəklədiyini dünyaya bəyan edən Ümummilli Liderin böyüklüyü ondadır ki, o, həqiqi müstəqilliyin, siyasi azadlığın iqtisadi qüdrət və inkişafdan keçdiyini bilir və ölkənin məhz belə bir yolla irəliləməsini təqdir edirdi. Ulu öndər Heydər Əliyev iqtisadi platformasında iqtisadi islahatlar dedikdə, Azərbaycan iqtisadiyyatını bazar iqtisadiyyatı yolu ilə aparmaq, özəl bölmənin fəaliyyətini genişləndirmək və özəlləşdirməni həyata keçirmək, sahibkarlığa, təşəbbüskarlığa geniş imkanlar yaratmaq, ölkə iqtisadiyyatını dünyanın inkişaf etmiş ölkələrinin iqtisadi sistemi əsasında qurmaq və dünya iqtisadiyyatına inteqrasiya etmək nəzərdə tutulurdu.Ümummilli lider Heydər Əliyev idarəetmənin sosialist inzibati-amirlik sistemindən, sosialist iqtisadiyyatından bazar münasibətlərinə, inkişafın bazar qanunlarına, azad sahibkarlığa əsaslanan iqtisadiyyata keçirilməsinin nə demək olduğunu aydın dərk edirdi. Yəni müstəqil dövlət kimi, Azərbaycan gələcəkdə də bərabərhüquqlu, qarşılıqlı surətdə faydalı iqtisadi və siyasi münasibətlər əsasında dünya birliyinin fəal iştirakçısına çevrilməyi nəzərdə tutaraq, öz müstəqilliyini daha da möhkəmləndirmək və inkişaf etdirmək yolu ilə getdi. Eyni zamanda, xarici investorların, dünya maliyyə institutlarının, transmilli korporasiyaların, xarici şirkətlərin imkanlarından istifadə edilməklə iqtisadiyyatı bazar prinsipləri zəminində yenidən quraraq iqtisadi yüksəlişə böyük təkan vermək üçün məqsədyönlü tədbirlər həyata keçirildi.Keçirdiyi müşavirələrdən birində Ulu Öndər bazar iqtisadiyyatının fəlsəfəsi barədə deyib: "Bazar iqtisadiyyatı nədir? Məsələn, indi deyirlər ki, Azərbaycanda firmalar, assosiasiyalar, banklar, daha nə bilim nələr var. Bəli, var. Amma bunların əksəriyyəti, təkrar edirəm, əksəriyyəti Azərbaycanın iqtisadiyyatına heç bir xeyir verməyibdir. Mən bunu tam cəsarətlə deyirəm. Bunların əksəriyyəti ayrı-ayrı adamların varlanmasına gətirib çıxarmışdır. Əgər onların iqtisadiyyata xeyri dəysəydi, bu müddətdə yeni-yeni müəssisələr tikilərdi. Bəlkə də bir neçəsi olub. Amma bazar iqtisadiyyatı yolu ilə son illərdə Azərbaycanda kapital qoyuluşu olmayıb, olubsa da, təəssüf ki, çox az miqdarda olub".Ulu öndər Heydər Əliyev hesab edirdi ki, müstəqil Azərbaycan dövlətinin iqtisadiyyat sahəsində strateji xətti bundan ibarətdir ki, bizdə mülkiyyət forması tədricən dəyişdirilməli, iqtisadiyyatımız bazar iqtisadiyyatı əsasında qurulmalı, təşəbbüskarlığa geniş meydan verilməlidir. Məhz bu, iqtisadiyyatımızın strateji yoludur. Ümummilli Lider həmişə nominal islahatların, yəni islahat xatirinə islahatların aparılmasının əleyhinə olub. İslahatların keçirildiyi bir dövrdə mövcud iqtisadi strukturların və inzibati-amirlik metodlarının olduğu kimi saxlanması onun iqtisadi baxışlar sistemində yolverilməz hesab edilirdi. Əksinə, iqtisadi islahatlar həyata keçirilərkən iqtisadi qanunların və dünya təcrübəsinin əsas götürülməsini, islahatların sistemli, kompleks aparılmasını və sosialyönümlü olmasının zəruriliyini vurğulayırdı.Birinci prezidentliyi dövründə ulu öndər Heydər Əliyevin konkret situasiyaya və ölkənin iqtisadi "landşaftına” hesablanmış iqtisadi konsepsiyasına əsasən islahatların üç mərhələdə həyata keçirilməsi daha məqsədəuyğun hesab edilib: birinci mərhələdə güclü dövlət tənzimlənməsi ilə böhrandan çıxmaq, ikinci mərhələdə iqtisadiyyatın sabitliyini təmin etmək, üçüncü mərhələdə isə iqtisadiyyatın dirçəlişinə və yüksək xətlə inkişafına nail olmaq lazımdır.Hər bir mərhələyə uyğun olaraq, həmin illərdə məqsədli kompleks proqramlar işlənib hazırlanıb, onların həyata keçirilmə müddətləri müəyyən edilib. Kompleks proqramların məqsədi - minimum itkilərlə və sosial çaxnaşmalarsız böhrandan çıxmaq, cari tədbirlərdən perspektiv tədbirlərə adlamaq idi. Birinci mərhələni, xalq üçün ağır olduğuna görə, mümkün qədər sürətlə həyata keçirmək nəzərdə tutulurdu. Bu dövrdə reallaşdırılan sosial təmayüllü bazar iqtisadiyyatına keçid konsepsiyası dövlətin optimal tənzimləmə roluna əsaslanırdı.Ümumiyyətlə, ümummilli lider Heydər Əliyevin iqtisadi baxışlarında bir-birini tamamlayan iki məqam nəzərə çarpır: iqtisadiyyatın bütün sahələrində islahatlar aparmaq və bu islahatlar vasitəsilə ölkə iqtisadiyyatını inkişaf etdirmək; mövcud iqtisadi potensialdan istifadənin səmərəsini təxirə salmadan yüksəltmək, onun dağılmasına yol verməmək və bu potensialın bütün Azərbaycan xalqının sərvəti kimi respublikamızın vətəndaşlarının, əhalinin bütün təbəqələrinin həyat tərzinin yaxşılaşdırılmasına yönəltmək.Bütün bunların əsasında isə ulu öndər Heydər Əliyevin iqtisadi inkişaf modeli dayanırdı.Bir daha xatırlatmaq istərdim ki, Ümummilli Liderin ikinci dəfə hakimiyyətə qayıdışından sonra müstəqil Azərbaycanın iqtisadi tərəqqisinin dayaq sütunlarını müəyyən edən milli inkişaf doktrinası hazırlandı. Ulu öndər Heydər Əliyev ölkənin yeni makroiqtisadi siyasətinin şaxələrini dərinliklərinə qədər məharətlə tədqiq edərək, fundamental iqtisadi model hazırladı. Bu model çoxistiqamətli və uzunmüddətli dinamik inkişafın sütunlarını təşkil edən zəngin bir konsepsiya idi. Bu mükəmməl inkişaf konsepsiyasının həyata keçirilməsi dövlət suverenliyini bərpa edən Azərbaycanda demokratik dövlət quruculuğu və azad bazar münasibətlərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni iqtisadi dövrün tələblərinə uyğun təsərrüfat sisteminin yaradılmasına və sıçrayışlı inkişafın təmin olunmasına, kompleks islahatların reallaşmasına möhkəm əsas yaratdı.Ən önəmlisi isə budur ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş demokratik, dünyəvi dövlət quruculuğu və sosial yönümlü bazar prinsiplərinə əsaslanan sosial-iqtisadi inkişaf siyasəti artıq Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir. Bu siyasət Azərbaycanın bölgədə iqtisadi cəhətdən lider dövlətə çevrilməsi və dünya iqtisadi sisteminə uğurla inteqrasiya etməsi, ölkədə sosial problemlərin həlli və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması, yoxsulluğun sürətlə azaldılması, işsizlik problemlərinin həlli və infrastrukturun yenidən qurulması istiqamətində mühüm dövlət proqramlarının ardıcıl həyata keçirilməsi üçün möhkəm təməl yaradıb.Bəli, ölkəmizin tərəqqisinin əsasında ulu öndər Heydər Əliyevin ideyaları dayanır. Lakin bu da danılmaz bir faktdır ki, Azərbaycanın indiki zənginliyi, intibahı ümummilli lider Heydər Əliyev ideyalarının Prezident İlham Əliyevin yeni dövrün çağırışlarından çəkinməyən, əksinə, onları mahiyyətcə zənginləşdirən cəsarətli, çevik və milli maraqlarımıza yönəlik siyasəti sayəsində öz real təsdiqini tapmışdır. Bu gün ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin getdikcə artması və yoxsulluğun əhəmiyyətli dərəcədə azaldılması Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsidir. Yürüdülən uğurlu, qətiyyətli siyasət, həyata keçirilən makroiqtisadi layihələr Azərbaycan iqtisadiyyatının daha da yüksələcəyindən xəbər verir. Ayrı-ayrı dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi Azərbaycanın sosial-iqtisadi inkişafında vacib mərhələ olmaqla, ölkənin iqtisadi inkişafında və əhalinin rifah halının yaxşılaşdırılmasında getdikcə mühüm rol oynamaqdadır.
- Vahid müəllim, məlumdur ki, ulu öndər Heydər Əliyevin dövlət quruculuğu strategiyasında şəffaflıq amili və korrupsiyaya qarşı mübarizə mühüm yer tutmuşdu. Prezident İlham Əliyevin keçirdiyi müşavirələrdə də ölkə iqtisadiyyatının müzakirə edilən taleyüklü problemləri içərisində ən çox diqqət şəffaflığa yönəldilir. Sizcə, bu nə ilə əlaqədardır?
- Təkcə şəffaflığa yox, həm də korrupsiyaya qarşı mübarizəyə və kölgə iqtisadiyyatının azaldılmasına. Qeyd etmək lazımdır ki, müasir şəraitdə şəffaflığın artırılması və bununla bilavasitə bağlı olan korrupsiyaya qarşı mübarizə dünyəvi bir problem olaraq, bütün ölkələrdə, o cümlədən bizim respublikamızda xüsusi diqqət tələb edir. Ona görə ki, beynəlxalq təcrübə göstərir ki, şəffaflığı yüksək olan maliyyə sisteminin səmərəliliyi şəffaf olmayan sistemdən qat-qat yüksək olur, iqtisadiyyatın idarə olunmasında səmərəli qərarların qəbul edilməsi, təkcə dövlətin deyil, eyni zamanda, sahibkarların və əhalinin mənafelərinin qorunması sahəsində real zəmin yaranır. Şəffaflığın az olması isə əksinə, bir tərəfdən korrupsiyanın yayılmasına, digər tərəfdən isə iqtisadi sərbəstliyin məhdudlaşmasına və məmurların lüzumsuz, tələb olunandan da artıq funksiyalarının möhkəmlənməsinə səbəb olur.Maliyyə şəffaflığının təmin olunması istiqamətində ölkəmizdə görülən tədbirlər beynəlxalq peşəkar qurumlar tərəfindən böyük maraqla qarşılanır. Bunun əsas səbəbi maliyyə şəffaflığının təmin edilməsinin Beynəlxalq Mühasiblər Federasiyasının, qlobal daxili auditorlar təşkilatının, İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyasının (ACCA), Avropa Mühasiblər və Auditorlar Konfederasiyasının və sair təşkilatların mühüm tələbi olması, habelə BMT, Avropa İttifaqı, Dünya Bankı, Beynəlxalq Valyuta Fondu kimi qurumların çoxsaylı direktiv, tövsiyə və göstərişlərində əksini tapmasıdır. Təsadüfi deyil ki, şəffaflıq maliyyə hesabatlarının beynəlxalq standartlarının üç əsas prinsipindən biridir.2018-ci ilin yanvarında Davosda keçirilən Dünya İqtisadi Forumunda isə Azərbaycan Prezidenti gələcək baxımından şəffaflığı belə dəyərləndirib: "Gələcək innovasiya, texnologiya, yaxşı idarəçilik, şəffaflıq və sahibkarlığa dövlət dəstəyindən ibarət olacaq”.Bütün bu göstərilənlərə rəğmən, son illərdə ölkəmizdə həyata keçirilən kompleks tədbirlər nəticəsində əldə edilən uğurlu nəticələrlə yanaşı, maliyyə resurslarından səmərəsiz istifadə, vergidən yayınma, qanunsuz sahibkarlıq, inhisarçılıq, haqsız rəqabət və digər qanunazidd hərəkətlər hələ də tam aradan qaldırılmamışdır ki, bunlar da, öz növbəsində, ölkə iqtisadiyyatında şəffaflıq probleminin həlli yolunda əngəllər yaradır.Son vaxtlarda ölkə başçısının korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməsi tələbləri də bununla izah edilə bilər. Məsələ bundadır ki, dünya təcrübəsi göstərir ki, korrupsiya cəmiyyət üçün ciddi iqtisadi, siyasi və sosial təhlükə mənbəyi kimi çox qorxulu neqativ sosial hadisədir. Korrupsiyanın dağıdıcı təsiri hər şeydən əvvəl, hakimiyyətin bütün səviyyələrinin nüfuzunun aşağı düşməsinə və cəmiyyətin mənəvi əsaslarının korroziyasına gətirib çıxarır, kölgə iqtisadiyyatının, ondan törəyən mənfi halların geniş yayılmasına zəmin yaradır.Bütün bunlar isə son nəticədə beynəlxalq arenada ölkələrin nüfuzuna mənfi təsir göstərir. Ən təhlükəlisi isə son illərdə bir sıra ölkələrdə müşahidə edildiyi kimi, siyasi situasiyanın nəzarətdən çıxmasına və demokratiyanın pozulmasına gətirib çıxarır.Korrupsiyadan törəyən haqsız rəqabət amili də real iqtisadiyyatın inkişafına ciddi mane olur. Məhz bunun nəticəsində sahibkarlıq fəaliyyətində əsassız müdaxilə və maneə halları mümkün olur, istehlakçıların hüquqları pozulur. Təbii ki, ölkəmizdə korrupsiyaya qarşı mübarizənin əsas leytmotivi olan möhkəm siyasi iradənin mövcudluğudur. Dünya ölkələrində korrupsiyaya qarşı mübarizə istiqamətində aparılan işlər onu göstərir ki, bu mübarizə dövlət siyasəti olaraq davamlı hal alırsa, hökmən müsbət nəticələr əldə olunur. Bu baxımdan, Azərbaycan dövləti tərəfindən də belə bir siyasətin davamlı olması mühüm əhəmiyyət daşıyır. Ən önəmlisi isə bu mübarizədə ölkə başçısının siyasi iradə nümayiş etdirməsidir. Siyasi iradə olan yerdə korrupsiyaya qarşı mübarizənin strategiyasını, taktiki gedişlərini müəyyənləşdirmək asandır. Prezidentin dediyi kimi, "Korrupsiyaya qarşı uğurlu mübarizə üçün güclü siyasi iradə olmalıdır və o da vardır”.Belə hallar nəzərə alınaraq, Azərbaycanın bu istiqamətdəki fəaliyyəti, qanunvericilik bazası beynəlxalq təşkilatlar, dünya dövlətləri tərəfindən də müsbət qarşılanır. Qalır qanunların işləməsi və onların vətəndaşlar tərəfindən dəstəklənməsi. Əsas problem kimi məmur özbaşınalığı, qanunların icrasına məmur laqeydliyi, vətəndaşların hüquqi savadsızlığından irəli gələn müqavimət zəifliyidir. Bunlar ölkəmizdə kompleks şəkildə öz həllini tapmaqdadır. Çünki siyasi iradə olan yerdə ictimai iradə olmasa, korrupsiyaya qarşı mübarizənin səmərəliliyi azalır, onun qarşısına maneələr çıxır. Vətəndaşın korrupsiyaya qarşı müqaviməti daha da yüksək olmalıdır ki, cəmiyyət sözügedən xəstəlikdən tezliklə azad olunsun. Gələcəkdə korrupsiyaya qarşı mübarizədə inzibati tədbirlərin gücləndirilməsi ilə yanaşı maarifləndirilmə prosesləri davam etdirilməlidir.
- Vahid müəllim, bu ilin fevral ayında Azərbaycan Respublikasının Prezidenti tərəfindən "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” (MFP) təsdiq olunub. Bu Fəaliyyət Planında ölkəmizdə şəffaflığın təmin edilməsi, vətəndaş cəmiyyəti quruculuğunun sürətləndirilməsi, informasiya azadlığı və digər sahələri əhatə edən mühüm vəzifələr müəyyənləşdirilib. Bununla əlaqədar fikirlərinizi bilmək istərdik.
- Milli Fəaliyyət Planında yaxın 2 ildə dövlət orqanlarının fəaliyyətində şəffaflığın gücləndirilməsi sahəsində bir sıra mühüm tədbirlərin icrası nəzərdə tutulur ki, bunlar da öz növbəsində korrupsiyanın və kölgə iqtisadiyyatının qarşısının alınması baxımından çox əhəmiyyətli və önəmlidir. Diqqətçəkən məqamlardan biri də budur ki, tədbirlər sırasında etik davranış qaydalarının təbliği və tətbiqi üzrə müasir tələblərə cavab verən konkret vəzifələr qoyulub. Maliyyə şəffaflığının təmin olunması üzrə tədbirlərə də Milli Fəaliyyət Planında xüsusi diqqət yetirilib ki, bu da fikrimizcə müasir dövrün çağırışları və mövcud problemlərin həlli baxımından böyük aktuallıq kəsb edir. Onu da qeyd etmək istərdim ki, ölkəmizdə uğurla həyata keçirilən cəsarətli iqtisadi islahatlar idarəetmənin mühüm vəzifəsi olan nəzarətin, o cümlədən maliyyə nəzarətinin və ictimai nəzarətin beynəlxalq praktikaya uyğun şəkildə yenidən qurulmasını özündə ehtiva edir. Xüsusilə əlamətdardır ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən iqtisadi inkişaf və tərəqqi konsepsiyası reallaşdırılarkən qabaqcıl dünya təcrübəsi nəzərə alınmaqla şəffaflığın təmin edilməsi, iqtisadi inkişaf üçün maneələr törədən, qanunun aliliyini və sosial ədalət prinsiplərini pozan kölgə iqtisadiyyatına və korrupsiyaya qarşı mübarizə mühüm vəzifələr kimi ön plana çıxıb. Bu baxımdan heç də təsadüfi deyil ki, Milli Fəaliyyət Planında maliyyə vəsaitlərinin səmərəli istifadə edilməsi, təkmil nəzarət sisteminin tətbiqi və bütövlükdə maliyyə intizamının möhkəmləndirilməsi ölkədə sosial-iqtisadi inkişafın sürətləndirilməsinin mühüm bir istiqaməti və Açıq hökumətin bir atributu kimi təsbit olunub.Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində nəzərdə tutulmuş tədbirlər isə öz əhəmiyyətliliyi ilə bərabər beynəlxalq təcrübə ilə sıx uzlaşması baxımından səciyyələndirilə bilər. Bu nöqteyi nəzərdən risk qiymətləndirilməsi amilinin xüsusi vurğulanması öz preventiv, qabaqlayıcı xüsusiyyətinə görə daha müasir yanaşma olaraq diqqəti cəlb edir.Dünya təcrübəsi göstərir ki, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılmasına qarşı ardıcıl və sistemli mübarizə aparmadan və belə halları ləğv etmədən iqtisadi islahatların həyata keçirilməsi və inkişafın davamlı sürətləndirilməsi mümkün olmur. İstər qanunsuz yollarla əldə edilmiş pulların yuyulması, istərsə də onun törədicisi olan korrupsiya və kölgə iqtisadiyyatı hər bir ölkənin iqtisadiyyatına böyük ziyan vurmaqla bərabər, əlverişli investisiya mühitinin formalaşmasına, xarici və daxili mənbələr hesabına investisiyaların cəlb edilməsinə, sahibkarlığın inkişafına ciddi əngəl törədir. Eyni zamanda, çirkli pulların yuyulması (istər ölkə daxilində, istərsə də xaricdə) və korrupsiyanın geniş yayılması ölkənin maliyyə bazarının dayanıqlığını azaldır. Bu baxımdan MFP-da nəzərdə tutulmuş tədbirlər kompleksinin öz bəhrəsini verəcəyi şübhə doğurmur.Eyni zamanda, Açıq hökumətin təşviqinə həsr olunmuş bir sənəddə dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində tədbirlərin də əhatəliliyi və sistemli qoyuluşu MFP-nin uğurları üçün əsas yaradır. Ölkəmizdə son vaxtlarda daha güclü hiss olunmaqda olan yeni vətəndaş həmrəyliyinin və siyasi dialoqun davamlılığı və məhsuldarlığı baxımından da MFP-də çox əhəmiyyətli vəzifələrin həlli qarşıya qoyulub. Bütün bu göstərilənlərlə yanaşı Açıq hökumətin təşviqinə dair MFP-də özəl sektorda şəffaflığın və məsuliyyətin artırılmasına, kölgə iqtisadiyyatının azaldılmasına da xüsusi önəm verilməsi yeni bir yanaşma olduğu qədər də müasir dövrün tələbləri baxımından həm aktual, həm də önəmlidir.
- Prezident İlham Əliyevin son vaxtlarda daha tez-tez vurğuladığı ictimai nəzarət haqda nə deyə bilərsiniz?
- İctimai nəzarət ictimai birliklərin və ayrı-ayrı vətəndaşların, yəni dövlət-hakimiyyət səlahiyyətlərinə malik olmayan subyektlərin dövlət hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin fəaliyyəti üzərində qeyri-dövlət nəzarətidir. Hələ 1835-ci ildə V.F.Hegel "Hüququn fəlsəfəsi” əsərində ictimai nəzarətin mahiyyətini şərh edərkən yazır ki, "bunun da sayəsində məmurlara etibar edilmiş hakimiyyətə subyektiv özbaşınalıq qatılması qarşısında maneə qurulur və ayrı-ayrı hallarda yetərli olmayan yuxarıdan nəzarət aşağıdan nəzarətlə tamamlanır”.Qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyəti təsisatlarının təşəkkül tapması ictimai nəzarət təsisatının genişlənməsi ilə müşayiət olunmalıdır; bu təsisat dövlət orqanlarının nəzarət fəaliyyətini dəyişmədən və əvəz etmədən dövlət siyasətinin həyata keçirilməsində onlara kömək və dəstək göstərməyə qadirdir. Siyasi-hüquqi sistem çərçivəsində mütəşəkkil və məqsədyönlü şəkildə həyata keçirilən ictimai nəzarət vətəndaşlarla dövlətin arasında meydana çıxan problemləri tamamilə sivil qaydada, qanunla müəyyən edilmiş qarşılıqlı təsir və qarşılıqlı məsuliyyət kanallarından istifadə etmək yolu ilə həll etməlidir, çünki ictimai nəzarət Konstitusiyada bəyan edilmiş xalq hakimiyyəti prinsipinin həyata keçirilməsinin vacib şərtidir. Ona görə də müasir şəraitdə dövlət nəzarəti ilə yanaşı, bütün dövlət miqyasında nəzarət fəaliyyətinin optimallaşdırılmasının mühüm şərti olan nəzarətin ictimai formasına da böyük yer verilir. Heç də təsadüfi deyildir ki, şəffaflığın artırılmasında və korrupsiyaya qarşı mübarizədə geniş ictimai dairələrin cəlb edilməsi ölkə Prezidentinin daim diqqətində duran məsələlərdəndir.Qeyri-dövlət nəzarətinin mühüm qollarından biri olan ictimai nəzarətin inkişaf etdirilməsi ideyası və zərurəti də ilk olaraq Prezident İlham Əliyev tərəfindən aşağıdakı kimi vurğulanıb: "Qəbul olunmuş bütün qərarlar vaxtlı-vaxtında icra edilməli və ciddi ictimai nəzarət olmalıdır. Biz siyasi islahatları aparmaqla yanaşı, güclü ictimai nəzarətə də diqqət göstəririk ki, dövlətin, hökumətin bütün addımları xalq tərəfindən izlənilsin, ona güclü təhlil verilsin”.Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə ictimai nəzarətin xüsusi rolu var. Heç də təsadüfi deyildir ki, ölkəmizin Prezidenti dəfələrlə ictimaiyyəti öz nəzarətini daha da artırmağa və cəmiyyətin mənfi tendensiyalardan xilas edilməsinə yardımçı olmağa səsləyib.Regionlarda ictimaiyyətin nümayəndələri ilə görüşü zamanı Prezident İlham Əliyev deyib: "Ölkədə ictimai nəzarət daha da güclü olmalıdır, rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə daha da ciddi aparılmalıdır. ... Mən sizdən və Azərbaycanın bütün vətəndaşlarından xahiş edirəm ki, bütün xoşagəlməz hallar haqqında, bütün ədalətsizliklər haqqında, əsassız tələblər haqqında Prezident Administrasiyasına və digər müvafiq qurumlara, yerli icra hakimiyyəti orqanlarına məlumat versin ki, biz bu nöqsanları, bu yaraları daha da tezliklə aradan qaldıraq”.
- Ölkə Prezidentinin kölgə iqtisadiyyatına qarşı mübarizə, maliyyə vəsaitlərindən səmərəli istifadə ilə bağlı səslənən fikirləri vətəndaşlar tərəfindən böyük ümidlə qarşılanır. Bunu necə izah edərdiniz?
- Əvvəla qeyd edim ki, İlham Əliyevin qeyd etdiyi kimi, büdcə xərclərində şəffaflıq daha da yüksək səviyyədə olmalıdır. Xərclərə nəzarət güclənməlidir. Ona görə ki, bizim xərclərimiz artır, nəzarət də artmalıdır və güclənməlidir. Əlbəttə, Azərbaycanda siyasi proseslərin möhkəmlənməsi, demokratiyanın inkişafı, o cümlədən ictimai nəzarətin güclənməsi bizim ölkəmizin gələcəyinə lazımdır, bizim normal fəaliyyətimizə lazımdır. Təbii ki, büdcə prosesinin təkmilləşdirilməsi istiqamətində son dövrlərdə ölkəmizdə çox işlər görülmüşdür. Bunu təkcə bizlər yox, bütün beynəlxalq maliyyə qurumları da etiraf edirlər. Son müşavirədə isə ölkə Prezidenti tərəfindən yeni və aktual bir yanaşma sərgiləndi ki, bu da büdcənin planlaşdırılması və tərtibi prosesinə nəzarətin gücləndirilməsidir. Təkrar edirəm, büdcənin icrasına yox, onun hazırlanması prosesinə nəzarətin...Başqa sözlə, məqsəd büdcənin planlaşdırma, formalaşdırma, bölgü və istifadə mərhələləri də daxil olmaqla, maliyyə resurslarının, material dəyərlilərinin və qeyri-material obyektlərin idarə edilməsi, qorunub saxlanması və artırılması sahəsində sərəncamverici və icraedici hərəkətlərin qanuniliyi, məqsədə müvafiqliyi və səmərəliliyi prinsiplərinə riayət olunmasını təmin etməkdən ibarət olmalıdır.Fikrimizcə, bu yanaşma təkcə dövlət büdcəsinə yox, bütün növ büdcələrə aid edilməlidir.Müəyyən nəzərəçarpacaq uğurların da əldə edildiyi bu ilin birinci rübünün nəticələrinə dünyada baş verən pandemiyanın mənfi təsirlərinin qaçılmazlığını nəzərə alaraq, ölkə başçısı haqlı olaraq daha çox mövcud durum şəraitində qarşımızda duran problemlərdən danışarkən göstərib ki, "öz addımlarımızı elə atmalıyıq ki, iqtisadi makroiqtisadi sabitlik təmin edilsin”.Göstərilən məqsədə çatmağın yolları da Prezident İlham Əliyev tərəfindən göstərilib və onların həll edilməsi müvafiq qurumlara tapşırılıb. Tamamilə haqlı olaraq "vəsaitin xərclənməsinə çox ciddi nəzarət mexanizmi tətbiq olunmalıdır” tapşırığı yeni dövrün çağırışlarından biri kimi müstəsna əhəmiyyət kəsb edir. İqtisadi tarix göstərir ki, belə çətin durumlarda vəsaitlərdən səmərəli, düzgün və qənaətlə istifadə qələbə üçün çox mühüm amildir. Bunun üçün isə hər bir iqtisadi sahədə, təsərrüfat subyektində və regionda təkmil uçot və hesabatlılığın təşkili və qabaqcıl təcrübə nəzərə alınmaqla tətbiqi təxirə salınmadan həll edilməlidir. Fikrimizcə, bu dövlət təşkilatları və şirkətləri ilə yanaşı özəl sektora da şamil edilməlidir. İndiki durumda istehsal olunan istər sənaye, emal, istərsə də kənd təsərrüfatı mallarının düzgün uçotu və hesabatı aparılmalı, onların bölgüsündə bütün əhali qruplarının mənafeləri nəzərə alınmalıdır. Təbii ki, bu heç də sahibkarların və mülkiyyətçilərin hüquq və mənafelərinə basqı kimi dəyərləndirilməməli, sadəcə istehsal, bölgü və istehlak mərhələlərində şəffaflığın təminatı kimi qəbul olunmalıdır. Bu həm də qarşılaşdığımız mövcud durumdan uğurla çıxmağın sınanmış yolu hesab oluna bilər. Azərbaycan Prezidentinin yeni gəlir mənbələrinin aşkar edilməsinə dair tapşırığı da müasir dövrün çağırışlarından biri kimi diqqəti cəlb edir. Bu baxımdan kölgə iqtisadiyyatına qarşı mübarizənin daha ardıcıl və sistemli aparılması mühüm əhəmiyyətə malikdir. Bu barədə kölgə iqtisadiyyatına qarşı mübarizəni strateji xətt kimi dəyərləndirən Prezident İlham Əliyevin bu ilin martın 31-də söylədiyi aşağıdakı sözlərini xatırlatmaq istərdim: "Ona görə hesab edirəm vaxt gəlib çatıb ki, hələ də kölgədə fəaliyyət göstərən sahibkarlıq subyektləri artıq bu işlərə son qoysunlar. Biz səbirli olduq, biz vaxt verdik və hesab edirəm ki, bu vaxt çərçivələri kifayət qədər geniş idi”. Bu problemə çox ciddi diqqət yetirən Prezident İlham Əliyev birinci rübün yekunlarına həsr olunmuş müşavirədə kölgə iqtisadiyyatında olanlara bir daha çağırış edib: "Hesab edirəm ki, bu pandemiya dövrü hələ də kölgədə işləyənlər üçün bir dərs olmalıdır”. Son müşavirədə yuxarıda göstərilənlərdən əlavə digər bir sıra müasir durum üçün aktual problemlər də qaldırılıb, o cümlədən özəl sərmayələrin təşviqi, sahibkarlara dəstəyin genişləndirilməsi, qeyri-formal məşğulluğun azaldılması, sosial sahəyə diqqətin masştabı, işsizlik və ictimai iş yerlərinin yaradılması, özünüməşğulluğun təşkili və sair. Bütün bunlar, habelə 2020-ci ilin ölkəmizdə çox dərin və geniş islahatlar ili olacağı, siyasi islahatların və siyasi dialoqun genişləndirilməsi, yeni vətəndaş həmrəyliyinin formalaşması və digər atılan düzgün addımlar koronavirusa qarşı Prezidentimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət dünyanı cənginə almış pandemiyada insanlarımızın sağlamlığının, onların həyatının qorunması sahəsində bir çox ölkələr üçün örnək olan və vətəndaşlarımız tərəfindən yüksək dəyərləndirilən ölkə başçısı ətrafında bizim daha sıx birləşməyimizə zəmin yaratmaqla bu ağır vəziyyətdən az itkilərlə və şərəflə çıxmağımıza ümidlərimizi möhkəmləndirir.
banner

Oxşar Xəbərlər