• cümə, 29 Mart, 15:46
  • Baku Bakı 14°C

Azərbaycan dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində xarici təcrübəni öyrənir

15.11.17 11:50 792
Azərbaycan dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsi istiqamətində xarici təcrübəni öyrənir
"Azərbaycan Respublikasında dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı tvinninq layihəsinin icrası üzrə tərəfdaş ölkələrin (Litva Respublikası, Avstriya Respublikası, İsveç Krallığı) mütəxəssislərindən ibarət ekspert qrupu ölkəmizdə səfərdədir.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən "APA-Economics”ə verilən məlumata görə, səfər çərçivəsində xarici ekspertlər tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Litva, Avstriya və İsveçin Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyəti barədə təqdimatların edilməsi məqsədilə tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ötən dövrdə Avropa İttifaqının Avropa Qonşuluq Siyasəti çərçivəsində ölkəmizdə ayrı-ayrı sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahələrində icra olunmuş tvinninq layihələrinin müsbət nəticələrinin olduğunu diqqətə çatdırıb. O, həyata keçirilən "Dövlət məşğulluq xidmətlərinin modernləşdirilməsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə dəstək” adlı yeni tvinninq layihəsinin də əhəmiyyətindən bəhs edib.

Nazir müavini bildirib ki, ölkəmizdə dövlət məşğulluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində, məşğulluq xidmətlərində qabaqcıl dünya təcrübəsindən irəli gələn modern və səmərəli iş üsullarının tətbiqində həmin layihə mühüm dəstək rolu oynayır. Layihənin icrasında Litva, Avstriya və İsveç tərəfdaş ölkələr kimi müəyyən olunub. Bu ölkələrin aidiyyəti qurumları ilə fəal əməkdaşlıq müstəvisində Avropanın məşğulluq xidmətləri sahəsində qabaqcıl təcrübələrinin, eləcə də əmək bazarının monitorinqi və proqnozlaşdırılması üzrə praktikasının öyrənilməsi xüsusi önəm kəsb edir. Hazırda keçirilən tədbirdə də layihənin icrası çərçivəsində həmin ölkələrdən olan ekspertlərin edəcəkləri təqdimatlar buna imkan yaradacaq.

Tədbir Litva, Avstriya və İsveçdən olan mütəxəssislərin ölkələrində Dövlət Məşğulluq Xidmətlərinin fəaliyyətinə dair təqdimatları ilə davam edib. Təqdimatlar zamanı tərəfdaş ölkələrdə Dövlət Məşğulluq Xidmətlərinin missiyası və idarə olunması, məqsədləri və icra hədəfləri, yerinə yetirdikləri funksiyalar, işəgötürənlərlə əməkdaşlıq təcrübələri barədə məlumatlar verilib. Həmçinin bu ölkələrdə göstərilən xüsusi məşğulluq xidmətlərindən, informasiya idarəetmə sistemlərindən (işə götürənlərin və iş yerlərinin qeydiyyatı), iş keyfiyyətinin idarəetmə mexanizmlərindən, Dövlət Məşğulluq Xidmətlərinin kadr potensialından və s. bəhs olunub.

Təqdimat zamanı iştirakçıların müvafiq mövzulara aid sualları da cavablandırılıb və təqdim olunan məlumatlar əsasında geniş müzakirələr aparılıb.
banner

Oxşar Xəbərlər