“Azərbaycan dünyaya əsl humanizmin necə olduğunu göstərir”
Azərbaycan
paytaxtı Bakı sayca beşinci dəfə Beynəlxalq Humanitar Foruma ev sahibliyi edib.
Humanitar Forumun gündəliyini "Multikulturalizmin müxtəlif modelləri:
nəzəriyyədən humanist təcrübəyə doğru”, "İnsanların kütləvi yerdəyişməsi
şəraitində insan kapitalının qorunmasının önəmi davamlı inkişafın əsası kimi”,
"Jurnalistikanın informasiya dövrünə transformasiyası və onun
sivilizasiyalararası dialoqun təmin edilməsində rolu”, "Davamlı inkişaf və
ekoloji sivilizasiya”, "Molekulyar biologiya, biofizika, biotexnologiya və
müasir tibb sahəsində kadr hazırlığı məsələləri: innovativ və etik problemlər”
kimi mövzular təşkil edib. Bundan əlavə, "Texnologiyaların konvergensiyası və
gələcəyə dair proqnozlar: XXI əsrin əsas çağırışları” mövzusu da ekspertlər
tərəfindən müzakirəyə çıxarılıb. Bəşəriyyətdə maraq doğuran qlobal xarakterli
məsələlərə dair geniş spektrli dialoq, fikir mübadilələri və müzakirələr
meydanı olan bu Forum barədə "Kaspi”nin suallarını Milli Məclisin Hüquq siyasəti
və dövlət quruculuğu Komitəsinin üzvü, deputat Məlahət (Həsənova) İbrahimqızı
cavablandırıb.
-
Məlahət xanım, artıq beşinci dəfədir ki, Azərbaycan Beynəlxalq Humanitar Foruma
ev sahibliyi edir. Belə forumların paytaxt Bakıda keçirilməsinin ölkəmiz üçün
hansı əhəmiyyətə malikdir?
- Beşinci dəfədir ki,
ölkəmizdə keçirilən bu tədbir olduqca tarixi əhəmiyyətə malikdir. Prezident
İlham Əliyevin dili ilə desək, bu tədbirlər dünyada həll olunmaz səviyyəyə
çatan humanitar fəlakətlərin, problemlərin həlli üçün çözüm ünvanına çevrilib.
Azərbaycan bu gün sadəcə təmsil olunduğu bölgənin deyil, dünyanın humanitar
mərkəzinə çevrilib. Bu da Azərbaycan dövlət başçısının həyata keçirdiyi uğurlu
siyasətin düzgünlüyünü bir daha təsdiq edən amillərdəndir. Dövlət başçısı İlham
Əliyev həyata keçirdiyi müstəqil siyasətlə, atdığı addımlarla Azərbaycan
xalqının mahiyyətini, yəni, tarix boyu multikultural dəyərləri özündə yaşadan,
bəlkə də ən tolerant xalq olduğunu nümayiş etdirir. Azərbaycan xalqının daim
dünya xalqlarına, başqa dinin təmsilçilərinə hörmət və diqqətlə, sevgi və qayğı
ilə yanaşdığını ortaya qoyur. Bu kimi həyat tərzi ilə Azərbaycan dünyaya əsl
humanizmin necə olduğunu göstərir. Bu forumlarda siyasətçilər, diplomatlar,
Nobel mükafatçıları, müxtəlif təbəqədən olan tanınmış simalar iştirak edirlər.
İldən-ilə Bakıda keçirilən humanitar foruma diqqət daha da artır. Hətta Latın
Amerikasından, Avstraliyadan belə, Forumda çox tanınmış şəxslər iştirak edirlər.
Bu da Bakıda keçirilən forumun əhəmiyyətinin hansı səviyyədə olduğunu, dünya
dövlətlərinin maraq-diqqətini çəkdiyini göstərir.
-
Belə forumlarda aparılan müzakirələr, gəlinən qənaətlər bəşəriyyətdə müsbət
mənada nəyəsə təsir edirmi?
- Əlbəttə! Belə forumlarda
müzakirə edilən məsələlər, gəlinən qənaət beynəlxalq ictimaiyyətə çox ciddi
təsir edir. Biz bu gün qeyd edirik ki, hər bir cəmiyyətdə ictimai qınaq olduqca
önəmlidir. Belə qınaqlar dünya üçün də keçərlidir. Budəfəki forumda 10-dan
artıq Nobel sülh mükafatı almış şəxs iştirak edirdi. Onların hər biri öz sahəsi
üzrə dünyada tanınmış, nüfuzlu söz sahibidirlər. Onlar beynəlxalq ictimai rəyə
təsir edəcək insanlardır. Onların Bakıdakı forumda iştirakı, müzakirəyə
çıxarılan məsələlərlə bağlı fikir bildirmələri, beynəlxalq ictimaiyyətə yönəlik
müraciətlər qəbul etmələri bəşəriyyəti gözləyən fəlakətlərin qarşısının
alınmasına, mövcud təhlükələrin nisbətən səngiməsinə təsir edir. Eyni zamanda,
onların çağırışları dünyada öz maraqlarını güdən və yalnız bu maraqlara uyğun
siyasət həyata keçirən beynəlxalq güclər üçün sərt təpkidir. Bu baxımdan, Bakı
forumu böyük əhəmiyyətə malikdir. Ona görə də düşünürəm ki, belə Forumlarda nə
qədər çox tanınmış insanlar, o cümlədən siyasətçilər, prezidentlər, diplomatlar
və sair iştirak edərlərsə, bəşəriyyət üçün bir o qədər xeyirli qərarlar qəbul
olunar, dünyaya faydası toxunar.
-
Bir az konkretləşdirsək, V Bakı Humanitar Forumu dünyaya hansı mesajı verdi?
- Bu suala cavab olaraq bir
neçə məqamı vurğulamaq istərdim. Əvvəla bu Forumla Azərbaycan dünyaya daha
yaxından tanıdılır. Vaxtilə humanitar fəlakəti yaşayan, bu gün də ərazi
bütövlüyü pozulmuş, 20 faiz torpağı işğal altında saxlanılan Azərbaycan mövcud
humanitar böhranın aradan qaldırılması istiqamətində dialoq aparılması üçün
mühüm məkana çevrilir, bu böhrandan çıxış yolları araşdırılır, dünyaya
çatdırılır. Azərbaycan xalqının hansı dəyərlərə malik olduğu, mənəvi baxımdan
dünyanı qucaqlayacaq bir xalq olduğu bəşəriyyətə təqdim olunur. Bu forum
dünyaya mesaj verir ki, Azərbaycan xalqının məhəbbəti sərhəd tanımır. Bu gün
Azərbaycan mədəniyyəti, incəsənəti Avropada nümayiş olunur, diqqət və maraq
cəzb edir. Hətta əcnəbilər də Azərbaycan muğamının sehrinə düşür, bu mədəniyyət
nümunəsini sevərək dinləyir. Bu da ümumən Azərbaycanı dünyaya tanıdır. Halbuki,
vaxtilə Azərbaycana qarşı geniş informasiya blokadası mövcud idi. Təcavüzkar
Ermənistan, eləcə də dünyadakı erməni lobbisi Azərbaycan xalqının, dövlətinin
imicini korlamaq üçün bütün imkanlardan maksimum yararlanır, yalanı da doğru
kimi xarici ölkələrdə təqdim edirdilər. Bakıda keçirilən humanitar forumlar
belə yalanların ifşası baxımından da əhəmiyyətli hadisədir. Belə tədbirlərdə
iştirak edən əcnəbi şəxs ona təqdim edilən real faktlar əsasında Azərbaycanı
yaxından tanıyır, ölkəmizin Avropanın enerji təhlükəsizliyində böyük rol
oynayan etibarlı tərəfdaş olduğunu görür. Bakıda keçirilən forumlar
Azərbaycanın sülh tərəfdarı olması barədə də dünyaya mesaj verir. 20 ildən
artıq bir müddətdə ərazilərimiz Ermənistan tərəfindən işğal altında saxlanılır.
Baxmayaraq ki, Azərbaycan demoqrafik göstəricisinə görə Ermənistandan iki dəfədən
çox, hərbi, iqtisadi vəziyyətinə görə isə dəfələrlə çox üstünlüyə malikdir,
ölkəmiz Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maraq göstərir.
Baxmayaraq ki, Azərbaycanın hərbi gücü işğal altındakı əraziləri qısa zamanda
tamamilə işğal etməyə qadirdir, dövlət başçımız və onu dəstəkləyən xalqımız
münaqişənin danışıqlar yolu ilə həllinə sadiqliyini nümayiş etdirir. Biz yaxşı
başa düşürük ki, müharibə insan itkisinə səbəb ola, regionun sabitliyinə,
inkişafına mənfi təsir edə bilər. Onun üçün də ATƏT-in Minsk qrupunun həmsədr
dövlətləri vasitəsilə aparılan sülh danışıqlarının nəticə verəcəyinə ümidimizi
itirmirik. Bu gün bu mövqeyi ilə, bu həqiqətlərin, o cümlədən Ermənistanın
qeyri-konstruktiv mövqeyinin dünya dövlətləri təmsilçilərinə bir daha çatdırmaq
ilə regiondakı sülhpərvərliyimizi nümayiş etdirir, dünyaya da sülh mesajı
veririk. Bundan başqa, Bakı Forumu bəşəriyyətin inkişafını qəlbən istəyən
tərəqqipərvər, sülhpərvər insanlar üçün bir çağırışdır.
-
Forumun davam etdiyi günlərdə bu tədbirin iştirakçısı olan xarici ölkə
vətəndaşları Qubadakı Soyqırımı abidəsi, eləcə də bir sıra muzeylər və tarixi
abidələrlə tanış edildiyinin şahidi olduq. Siz bu kimi addımları Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılması baxımından necə dəyərləndirirsiniz?
- Azərbaycanı onsuz da
dünyada tanıyırlar. Çünki, Azərbaycan 1990-cı illərin əvvəlindəki zəif ölkə
deyil. Ümummilli lider Heydər Əliyevin, eləcə də onun layiqli davamçısı, Yeni
Azərbaycan Partiyasının sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu
siyasi kurs nəticəsində bu gün Azərbaycan inkişaf edib, regionun lider
dövlətinə çevrilib. Bu inkişaf və tərəqqi ölkəmizdə bütün sahələrdə, o cümlədən
təbliğat sahəsində də hiss olunmaqdadır. Misal üçün, Ermənistandan
azərbaycanlıları deportasiya edənlər, Sumqayıtda daşnakların siyasətini təqdir
etməyən erməni əhalisinə qarşı düşünülmüş qətliam həyata keçirənlər, Xocalıda
soyqırımı törədənlər əsl faktları təhrif edərək dünyaya car çəkirdilər ki, guya
azərbaycanlılar "məzlum” erməni xalqını qırır, məhv edir. Elə indinin özündə də
Türkiyəyə qarşı ermənilər qondarma soyqırımı iddiası ilə çıxış etməkdədirlər.
Halbuki, erməni diasporu və lobbisinin təsiri altında məqsədli soyqırımı və
etnik təmizləmə siyasəti həyata keçirən Ermənistan siyasi hakimiyyəti, dövləti
olub. Bu məqsəd üçün "ASALA” terror təşkilatı kimi onlarla silahlı cinayətkar
dəstələr də yaradıblar. Bakı Forumuna gələn qonaqların Qubadakı soyqırımı
məzarlığına aparılması ermənilərin dünyadakı antiazərbaycan, antitürk
təbliğatının ifşa olunması baxımından olduqca əhəmiyyətlidir. Bundan başqa, mən
əminəm ki, Qubada olan forum iştirakçıları bu rayonun Qırmızı qəsəbə adlanan
yaşayış məntəqəsində də olub, orada yaşayan yəhudi əsilli yerli əhalinin həyat
şəraiti ilə də tanış olublar. Yaxud İsmayıllıda, Gədəbəydə rusların kompakt
şəkildə yaşadıqları İvanovka, Saratovka və sair kimi yaşayış məntəqələrində
əhalinin həyat tərzi ilə maraqlanıblar. Yaxud Bakının mərkəzindəki erməni
kilsəsinə də baxış keçiriblər. Forum iştirakçıları görəndə ki, Ermənistan tərəfindən
işğala məruz qalan, düşmən tapdağındakı torpaqlarında maddi-mədəni abidələri
vəhşiliklə dağıdılan Azərbaycan öz erməni əhalisinə qarşı heç bir təsir, təzyiq
siyasəti aparmır, ayrı-seçkilik salmır, hətta onların dini ibadətgah evini
təmir etdirir, o zaman onlarda ölkəmizin, xalqımızın multikultural, tolerant,
sülhpərvər dəyərlərin daşıyıcısı olması barədə aydın təsəvvür formalaşır.
Bununla yanaşı, buradakı tanışlıqlar ermənilərin illərdir apardıqları yalan
təbliğatı da puç edir. Belə nümunələri çox sadalamaq olar.
-
Sizcə, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi, orada əhalimizə və
tarixi abidələrimizə qarşı soyqırımı siyasəti aparması barədə həqiqətlərin
Forumda diqqətə çatdırılması bu beynəlxalq tədbir iştirakçılarının düşüncəsində
hər hansı dəyişikliyə səbəb olacaqmı?
- Əminəm ki, onların
düşüncəsində Azərbaycanın xeyrinə müsbət dəyişikliklər mütləq olacaq. Onlar
Azərbaycan xalqını, dövlətini görür, reallıqlarla tanış olur, Prezidentin
həyata keçirdiyi siyasətlə tanış olurlar. Bu forumlarda iştirak edənlər
dünyanın savadlı, tanınmış fikir sahibləridirlər. Onlar bilirlər ki, BMT
Təhlükəsizlik Şurasının Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan
torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə 4 qətnaməsi heç bir halda
əsassız ola bilməz. Beynəlxalq hüququ, beynəlxalq sənədlər, beynəlxalq
təşkilatlar, eyni zamanda dünya dövlətləri Azərbaycanın ərazi bütövlüyünü
tanıyır, ona hörmətlə yanaşır. Bütün beynəlxalq təşkilatların qəbul etdiyi
sənədlərdə Ermənistan işğalçı dövlət kimi tanınır. Forumda iştirakçı olan
tanınmış adamlar həm bu sənədləri görür, bilirlər, həm də Azərbaycana gəlib
buradakı xalqı, onun yaşam tərzini görür, reallıqları qiymətləndirirlər. Belə
olan halda əlbəttə ki, forum iştirakçılarının hər birində Azərbaycanla bağlı
real təsəvvürlər formalaşır, eyni zamanda, onlar ölkəmizin dostuna,
təbliğatçısına, xoşməramlı səfirinə də çevrilirlər.
Rufik
İSMAYILOV