AZE | RUS | ENG |


“Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib”

“Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib”
Millət vəkilləri hesab edirlər ki, ölkəmiz “Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları”nda öz standartlarını tətbiq edib

Coğrafi baxımdan olduqca həssas bir regionda yerləşən Azərbaycan Şərqlə Qərb arasında sağlam körpü rolunu oynamaqdadır. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tolerantlığı, multikulturalizmi, tarixi, milliliyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə, ən əsası isə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir. Bununla bərabər, Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərin keçirildiyi məkan, o cümlədən "Avroviziya-2012”, "Bakı-2015: I Avropa Oyunları” kimi mühüm yarışmaları ən yüksək səviyyədə ev sahibliyi edən, təşkilatçılıqda öz standartlarını müəyyənləşdirən ölkədir. Təbii ki, bütün bunlar ölkəmizin real gücünün, beynəlxalq nüfuzunun göstəricisidir. Cari il 12-22 may tarixlərində paytaxt şəhərimizdə keçirilən "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları” zamanı da Azərbaycan öz gücünü, bacarığını bir daha nümayiş etdirib. Prezident İlham Əliyevin təbirincə desək, beynəlxalq səviyyəli yarışa ev sahibliyi edən ölkəmiz yeni yanaşmanı ortaya qoyub, yeni standartlar tətbiq edib. Bu gün Azərbaycanı nəinki İslam aləmində, bütün dünyada inkişafda olan müasir, mütərəqqi, güclü dövlət kimi tanınır. Belə mötəbər yarışların ən yüksək səviyyədə keçirilməsi ilə bərabər, idmançılarımızın da fəallıq göstərmələri, qələbələr qazanması ölkəmizin gücünə güc qatır, Azərbaycanı idman dövləti kimi də məşhurlaşdırır.
 
 

Azərbaycan cəmiyyətinin nümayəndələri də "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları” və sair bu kimi beynəlxalq əhəmiyyətli tədbirlərin ölkəmizdə keçirilməsini mühüm hadisə kimi qeyd edirlər. Tarixçi alim, millət vəkili Fəzail İbrahimli bu barədə "Kaspi”yə açıqlamasında bildirib ki, müstəqil dövlət kimi inkişaf edən Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, o cümlədən forumlara, konfranslara, musiqi və idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edib. O, hər hansı tədbirə ev sahibliyi etməyin böyük məsuliyyət olduğunu diqqətə çatdıraraq, ölkəmizin bütün hallarda bu işin öhdəsindən layiqincə gəldiyini vurğulayıb: "Dövlətimizin həyata keçirdiyi iqtisadi, siyasi xarakterli islahatlar, ölkəmizin beynəlxalq aləmdə, dövlətlərarası münasibətlər sistemində öz yerində olması əsas götürülərək, məhz Azərbaycan mühüm tədbirlərin keçirilməsi ünvanı kimi seçilir. Bu, heç də təsadüfən baş vermir. Belə mötəbər tədbirlərin keçirilməsi üçün o yerlər seçilir ki, həmin yerdə siyasi sabitlik hakim olsun. Bütün bu parametrlər baxımından Azərbaycan əsas ünvan kimi seçilir. Təbii olaraq ev sahibi qonaqları qarşılamalı, təşkilatçılıq, təhlükəsizlik və sair bu kimi işləri görməli, potensialını, sahib olduğu dəyərləri nümayiş etdirməli, özünü dünyaya daha yaxından tanıtmalıdır. Millətin qüdrəti, dövlətin gücü, ölkənin təşkilatçılıq qabiliyyəti məhz belə tədbirlərə ev sahibliyi edilən zaman özünü büruzə verir. Bu üç amil bir-biri ilə bağlı məsələdir. Tədbirlərin keçirilməsi zamanı millətin tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri yarışlarla, idmançılarımızın bacarıqları ilə paralel olaraq təqdim edilir. Azərbaycan bütün bu deyilənləri rəvan formada həyata keçirə bilib. Ən böyük uğurumuz isə bu oldu ki, Azərbaycan idmançıları yüksək nəticələr göstərdilər, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarının qalibi oldu. Bu o deməkdir ki, Azərbaycan təşkilatçılıq baxımından bacarıqlı olmaqla bərabər, həm də güclüdür. Ötən 10 gün ərzində Azərbaycanın mədəniyyəti, tarixi dünyanın 50-dən artıq ölkəsində təbliğ olundu. Həmin ölkələrdən yarışlara qatılan idmançılar Azərbaycanla əyani şəkildə daha yaxından tanış oldular. Bu yarışlarda Azərbaycan idmançılarının gücü də ortaya çıxdı. Artıq Azərbaycan beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etmək istiqamətində öz müsbət təcrübəsini dünya ilə bölüşür. Bu tədbirlərə bundan sonra ev sahibliyi edəcək dövlətlər Azərbaycan standartlarını öyrənmək məcburiyyətində qalacaqlar”.
 
 

Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov da IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda yüksək səviyyədə keçirildiyini və ölkəmizin yüksək təşkilatçılıq qabiliyyətini bir daha göstərdiyini dilə gətirib. Onun sözlərinə görə, ölkəmiz IV İslam Həmrəyliyi Oyunlarını elə səviyyədə təşkil edib ki, gələcəkdə bu oyunları keçirəcək ölkələr Azərbaycan standartına uyğun keçirmək haqqında düşünəcəklər. Deputat İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərinin də yüksək səviyyədə təşkil olunduğunu bildirib. O deyib ki, mərasimlərdə Azərbaycan mədəniyyəti, tarixi, adət-ənənələri səhnələşdirilmiş formada nümayiş etdirildi: "Bizdən əvvəl İslam Həmrəyliyi Oyunlarını keçirən ölkələr Azərbaycanda oyunların neçə yüksək səviyyədə keçirildiyinin şahidi oldular. İnanmıram ki, gələcəkdə hansısa ölkə bu oyunları Azərbaycan kimi yüksək təşkilatçılıqla, bu cür həmrəylik ilə keçirə bilsin. 57 İslam ölkəsinin 54-ü bu Oyunlarda iştirak etdi. Azərbaycan İslam Həmrəyliyi Oyunlarının keçirilməsində yeni standartları müəyyən etdi”.

S.Novruzov bildirib ki, böyük dövlətlərin yüzilliklər boyu keçdiyi yolu ölkəmiz qısa müddətdə keçib və bu gün Azərbaycan Olimpiya Oyunlarının keçirilməsinə də hazırdır. Millət vəkilinin fikrincə, gələcəkdə belə bir qərar qəbul olunsa, Azərbaycan ən yüksək səviyyədə bunu həyata keçirməyə qadirdir. O qeyd edib ki, İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsi eyni zamanda, turizmin inkişafına da mühüm töhfə verəcək: "Bu gün Azərbaycana kifayət qədər turist gəlir. Təbii ki, bu qədər turistin gəlməsində belə yüksək səviyyədə oyunların keçirilməsinin də böyük rolu var. İdman yarışları dünyanın aparıcı televiziya və digər mətbuat orqanları vasitələri ilə yayımlanır, ölkəmizin gözəllikləri dünyaya göstərilir, insanlar bizi daha yaxşı tanıyır və turist kimi Azərbaycana üz tuturlar. Getdikcə ölkəmizə daha çox turist gələcək. Belə böyük tədbirlər ölkəmizin dünyada daha da yaxşı tanınması üçün bir vasitədir”.
 
 

AMEA Qafqazşünaslıq İnstitutunun direktoru, millət vəkili Musa Qasımlı da IV İslam Həmrəyliyi oyunlarının ölkəmizdə keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, qəzetimizə açıqlamasında bildirib ki, bu yarışlarda iştirak etmək üçün müsəlman ölkələrindən olan idmançılar Bakıda bir araya gəliblər. Alimin fikrincə, bu fakt Azərbaycanın birləşdirici rol oynadığını bir daha dünyaya nümayiş etdirib. Millət vəkili deyib ki, İslam oyunları ölkəmiz haqqında məlumatların dünyaya çatdırılması və onun beynəlxalq nüfuzunun artması üçün də bir vasitə olub.

Milli Məclisin deputatı Rauf Əliyevdə hesab edir ki, "Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları” İslam dünyasında həmrəyliyin daha da gücləndirilməsi istiqamətində mühüm addım olub. O, bildirib ki, bütün İslam aləminin, eləcə də dünyanın diqqətini özünə cəlb edən, yüksək təşkilatçılıq səviyyəsində baş tutan IV İslam Həmrəyliyi Oyunları artıq tarixə çevrilib: "Mayın 22-də Azərbaycan paytaxtında Bakı Olimpiya Stadionunda Oyunların möhtəşəm bağlanış mərasimi keçirildi. Bağlanış mərasimi də açılış mərasimi kimi çox möhtəşəm, Azərbaycanın yüksək inkişaf səviyyəsini, İslam dəyərlərini, müasirliyi əks etdirən, yüz milyonlarla tamaşaçı auditoriyasını valeh edən bir beynəlxalq idman tədbiri kimi uzun müddət yaddaşlarda qalacaq. On gün ərzində İslam dünyasını təmsil edən 54 ölkədən 3 mindən çox idmançı beynəlxalq standartlara cavab verən idman obyektlərində 268 medal dəsti uğrunda yarışdı. Bakı-2017 bundan qabaq keçirilmiş Oyunlardan bir çox cəhətləri ilə fərqlənərək bu yarışlar tarixində yeni səhifə açdı. Əvvəlki Oyunlarda iştirakçı dövlətlərin 38 milli yığma komandaları tərəfindən cəmi 956 medal, o cümlədən 291 qızıl, 289 gümüş və 375 bürünc medal qazanılmışdısa, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında ümumilikdə 40 yığma komanda tərəfindən 886 o cümlədən 269 qızıl, 267 gümüş və 350 bürünc medal qazanıldı. Bu, yarışların daha gərgin keçdiyinə, komandalar arasında rəqabətin daha yüksək olduğuna əyani sübutdur”.
 
 

Millət vəkili R.Əliyev Azərbaycan idmançılarının Avropa Oyunlarından, Rio-2016 Olimpiya Oyunlarından sonra növbəti tarixi qələbəyə imza atdığını da dilə gətirib. Qeyd edib ki, yığmamız ümumi komanda hesabında 1-ci yeri tutaraq, bütövlükdə 162, o cümlədən 75 qızıl, 50 gümüş və 37 bürünc medal əldə edib. Deputatın fikrincə, bu, fantastik göstəricidir: "Yada salmaq lazımdır ki, bundan qabaq keçirilmiş İslam Oyunlarında Azərbaycan yığması ümumilikdə 39 medal, o cümlədən 10 qızıl, 13 gümüş və 16 bürünc medal qazanmışdı. Bu nəticələr bir daha göstərir ki, Azərbaycan artıq dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. Bakı-2017: IV İslam Həmrəyliyi Oyunları böyük idman uğurları ilə yanaşı, eyni zamanda İslam dünyasında həmrəyliyin gücləndirilməsi, xalqlar və dövlətlər arasında dostluq münasibətlərinin daha da inkişaf etdirilməsi istiqamətində mühüm bir addım oldu. Oyunların keçirildiyi günlərdə Azərbaycan, onun paytaxtı Bakı bütün İslam dünyasının diqqət mərkəzində idi. Azərbaycan bir daha sübut etdi ki, o, müasir dünyəvi bir dövlət olmaqla bərabər, eyni zamanda din və vicdan azadlığı bərqərar olan, tolerantlığın, multikulturalizmin yüksək səviyyədə qorunub saxlanıldığı, bu sahədə dünyaya nümunə göstəriləcək bir ölkədir”.

Rufik İSMAYILOV


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.6853
GBP 1 İngilis funt sterlinqi 2.2538
TRY 1 Türk lirəsi 0.4659
KWD 1 Küveyt dinarı 5.6320
SEK 1 İsveç kronu 0.2095
EUR 1 Avro 2.0028
CHF 1 İsveçrə frankı 1.7405
USD 1 ABŞ dolları 1.7003