• cümə axşamı, 28 mart, 22:34
  • Baku Bakı 13°C

Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır

01.07.20 13:08 615
Azərbaycan dünyada qlobal problemlərin həllinə töhfə verən ölkə kimi tanınır
Azərbaycanın COVID-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi ilə bağlı yeni çağırışlarları, təşəbbüsləri, əməli addımları bütün dünyada yüksək qiymətləndirilir və dəstəklənir.
Bunu Trend-ə Milli Məclisin deputatı Pərvin Kərimzadə bildirib.
Millət vəkli qeyd edib ki, daim müasir dövrün çağırışlarına uyğun istər daxili, istərsə də xarici arenada strateji uğurları durmadan artıran Azərbaycan yer kürəsinə qara kabus kimi çökən pandemiya ilə mübarizədə bəşəri ideyalara sadiqliyini bir daha göstərdi. Dünya müharibəsi ilə müqayisə olunan COVID-19-la mübarizədə qlobal həmrəyliyə böyük ehtiyac olduğu bir vaxtda Prezident İlham Əliyev pandemiyaya qarşı mübarizənin beynəlxalq təşkilatlar səviyyəsində aparılmasının vacibliyini gündəmə gətirdi.
Dünyada ilk dəfə olaraq Azərbaycan dövləti koronavirus pandemiyasına qarşı mübarizədə dövlət və hökumət başçılarının dünyanı bürüyən bəladan çıxışyollarını müzakirə etmək və həll yollarının tapmaq üçün mühüm beynəlxalq təşəbbüslərlə çıxış edib.
Özünün xarici siyasətində dünya ölkələri ilə qarşılıqlı faydalı əməkdaşlığa böyük əhəmiyyət verən dövlətimizin təşəbbüsü ilə aprelin 10-da Türk Şurasının videokonfrans formatında fövqəladə Zirvə görüşü keçirildi. Beynəlxalq təşkilat çərçivəsində, dünya dövlətlərinin başçılarının iştirakı ilə bəşəriyyəti narahat edən COVİD - 19-un fəsadları, onun insanların sağlamlığına və ölkələrin sosial-iqtisadi təhlükəsizliyinə yaratdığı təhdidlər müzakirə edildi.
Tarixi-siyasi əhəmiyyətə malik tədbirin arxasınca Qoşulmama Hərəkatının sədri Prezident İlham Əliyevin təşəbbüsü ilə mayın 4-də təşkilatın Təmas Qrupunun Zirvə görüşü baş tutdu. Qoşulmama Hərəkatına üzv dövlətlərlə yanaşı, BMT-nin Baş katibi, BMT Baş Assambleyasının prezidenti, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru, Avropa İttifaqı və Afrika İttifaqı kimi beynəlxalq təşkilatların nümayəndələri də iştirak etdiyi tədbirdə pandemiyaya qarşı mübarizədə dünya ölkələri arasında əməkdaşlıq məsələsi müzakirə olundu. Prezident İlham Əliyev bu mötəbər tədbirdə çıxış edərək, pandemiya ilə mübarizədə qlobal həmrəyliyin yaradılması üçün BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyanın keçirilməsi təklifini irəli sürdü.
Dünyanın 130-dək dövlətinin yüksək səviyyədə Prezident İlham Əliyevin təşəbbüsünü yekdilliklə dəstəkləməsi isə beynəlxalq birliyin Azərbaycana, onun rəhbərinə olan böyük etimad və inam göstərməsindən irəli gəlir. Ölkə Prezidentinin təşəbbüsü Azərbaycan dövlətinin ev sahibliyi etdiyi böyük bir təşkilatda qazandığı növbəti uğur oldu. Eyni zamanda dövlət başçısının bu siyasi addımı onun yüksək liderlik qabiliyyətinə malik olmasını bir daha nümayiş etdirdi.
Azərbaycan dövlətinin qlobal problemə çevrilən qorxunc virusa qarşı mübarizə tədbirlərində həmrəylik təşəbbüsündən narahat olan yeganə dövlət – mənfur qonşularımız oldu. Həmişə olduğu kimi, bu dəfə də mənfur qonşularımız öz məkrli siyasətindən, xudbin niyyətindən əl çəkmədi. Ermənistan Azərbaycana qarşı qərəzli mövqedə olduğunu bir daha göstərdi. Qoşulmama Hərakatı Cənubi Qafqazın bütün parametrlər baxımından lider dövləti statusunu inamla daşıyanAzərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən təşkilat olduğunu nəzərə alsaq Ermənistanın bu reaksiyası gözlənilən idi. Bütün dünya COVID-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etdi. Bütün dünya bir daha Ermənistanın əsl irticaçı mahiyyətinin şahidi oldu.
Sözsüz ki, pandemiya əbədi deyil, tədricən zəifləyəcək, aradan çıxacaq. Dünya ölkələri bu amansız bəlaya qarşı həmrəy olmaqla, güclərini birləşdirməklə qalib gələcəklər. Azərbaycan dövləti dünyanı bürüyən COVID-19 bəlasından çıxış yollarını müzakirə etməkdə və həll yollarının tapılmasında öz töhfəsini verən dövlət kimi tarixdə qalacaq.
banner

Oxşar Xəbərlər