AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan dünyada pandemiyaya qarşı aparılan tədbirlərə öz töhfəsini verir

Azərbaycan dünyada pandemiyaya qarşı aparılan tədbirlərə öz töhfəsini verir

Siyasət
03 İyun 2020, 18:03 5608
Bu, ölkəmizin nə qədər qüdrətli və sülhsevər olduğunu sübut edir

Koronavirus pandemiyasının dünyanı cənginə aldığı bir vaxtda Azərbaycan nəinki öz vətəndaşlarının sağlamlığını qorumaq üçün qabaqlayıcı tədbirlər həyata keçirir, eyni zamanda beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq edir, virusa qarşı mübarizədə həmin qurumlara, həmçinin bir sıra dövlətlərə ciddi dəstək verir. Misal olaraq qeyd edə bilərik ki, bütün dünya üçün önəmli vaxtda liderlik göstərmək və çox mühüm əməkdaşlıq formatını yaratmaq öhdəliyini Azərbaycan öz üzərinə götürüb. Prezident İlham Əliyevin iştirakı ilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı ilə uğurlu zirvə görüşləri keçirilib. Zirvə görüşündən sonra üzv ölkələrin müvafiq nazirlərinin iştirakı ilə koronavirusla mübarizə sahəsində birgə səylərlə bağlı çox mühüm məsələlərə həsr olunan bir sıra konfranslar baş tutub. Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ianə ayıran birinci ölkələrdən olub və rəsmi Bakı tərəfindən verilmiş humanitar dəstək 14 ölkəni əhatə edib. Bunun ardınca Azərbaycanın ÜST vasitəsilə yardıma ən çox ehtiyacı olan daha 15 ölkəyə dəstək göstərib. Beləliklə, bu çətin zamanda ölkələrin və insanların bir-birini dəstəkləməsinin zəruriliyi nəzərə alınaraq, Azərbaycan tərəfindən ümumilikdə 30 ölkəyə humanitar dəstək verilib.
 
 

Sevindirici haldır ki, ölkəmizin bəşəriyyətə, insanlığa xidmət edən humanist addımları beynəlxalq təşkilatların, həmçinin humanitar dəstək alan və almayan dövlətlərin rəsmi şəxsləri tərəfindən dilə gətirilir, başqalarına nümunə göstərilir. İyunun 1-də Asiya inkişaf bankının (AİB) təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevlə bankın prezidenti Masatsuqu Asakava, vitse-prezidenti Şiksin Çen və bankın rəhbərliyinin digər nümayəndələri arasında keçirilən videokonfransda da bütün bu faktlar minnətdarlıqla xatırlanıb. Bankın prezidenti M.Asakava qeyd edib ki, AİB COVID-19 pandemiyasının yayıldığı və neftin qiymətinin kəskin aşağı düşdüyü bir vaxtda Azərbaycanın atdığı addımları tam şəkildə dəstəkləyir. O bildirib ki, Azərbaycan Prezidentinin rəhbərliyi ilə beynəlxalq platformalarda - Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və Qoşulmama Hərəkatı çərçivəsində pandemiyaya qarşı səylərin əlaqələndirilməsi dərin təəssürat yaradır. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına (UST) COVID-19-la mübarizə fonduna toplam 10 milyon ABŞ dolları, o cümlədən bu sahədə ehtiyacı olan Qoşulmama Hərəkatına üzv dövlətlərə 5 milyon ABŞ dolları həcmində ianə ayırmasını təqdirəlayiq hal kimi dəyərləndirən M.Asakava pandemiyadan əziyyət çəkən ölkələrə, o cümlədən Çin Xalq Respublikası, Pakistan, Qırğızıstan, Tacikistan və Özbəkistana da Azərbaycan tərəfindən yardım göstərildiyini məmnunluqla dilə gətirib. AİB prezidentinin sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən pandemiya əleyhinə atılan qabaqlayıcı tədbirlər, ölüm hallarının aşağı səviyyədə olması və aparılan test sayının artması onu nümayiş etdirir ki, ölkədə səhiyyə sahəsində risklər çox yaxşı idarə edilir. 
 


Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev deyib ki, Azərbaycan özünün dayanıqlı iqtisadiyyatı və faydalı tərəfdaşlığı ilə hətta dünya iqtisadiyyatının resessiyası izlənən pandemiya dövründə belə, beynəlxalq maliyyə institutları üçün maraqlıdır. Onun sözlərinə görə, bu, Azərbaycanın həm sabit və rəqabətə dözümlü tərəfdaş olduğunun, həm də qlobal maliyyə mərkəzləri arasında ciddi nüfuza sahiblənməsinin göstəricisidir. Deputat bildirib ki, dünya iqtisadiyyatının dərin böhran keçirdiyi, iqtisadi əlaqələrin minimum səviyyəyə endiyi dövrdə beynəlxalq maliyyə institutları ilə belə təmaslar həm əlamətdardır, həm də Azərbaycan iqtisadiyyatına olan etimaddan irəli gəlir: "Xatırlayırsınızsa, aprelin sonunda Prezident İlham Əliyevlə Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti arasında işgüzar videokonfrans keçirilmişdi. Bu görüşün ardınca iki dünya nəhəngi - CISCO və "Signify” şirkətlərinin rəhbərləri ilə Azərbaycan Prezidenti arasında da videokonfrans baş tutmuşdu. Son iki görüş həmin şirkətlərin rəhbərlərinin təşəbbüsü ilə reallaşmışdı. Başqa sözlə, onlar əməkdaşlıqda maraqlıdırlar və bu fakt bir daha onu göstərir ki, dünyanın aparıcı texnoloji şirkətləri və maliyyə mərkəzləri bizim rəqabətə dözümlülüyümüzü və yüksək ödəmə qabiliyyətimizi qiymətləndirirlər. Hazırda qlobal iqtisadi böhran şəraitində dövlətlər və transmilli korporasiyalar əməkdaşlıq layihələrinə, yeni bazarların kəşfinə və kapital yatırımına böyük həvəs göstərmirlər. İndiki qeyri-sabitlik erasında dəyərləndirilən ən vacib kateqoriya reputasiyadır. Müasir iqtisadi proseslərdə tərəfdaşların reputasiyası və imici həlledici faktora çevrilib. İmic etibarın təminatçısıdır. Bu gün dünyanın 150-dən çox ölkəsinin beynəlxalq maliyyə institutlarından kredit istədiyi dövrdə Azərbaycanın özünün özünü təmin etməsindən gözəl reputasiya göstəricisi ola bilərmi? Büdcələri ayrı-ayrı dövlətlərin büdcəsindən çox olan şirkətlər, maliyyə mərkəzləri bu amilə ciddi önəm verirlər. İri maliyyə mərkəzlərinin ölkəmizə marağı Azərbaycanın işgüzar reputasiyasının göstəricisidir”.
 


E.Allahverdiyev söyləyib ki, Azərbaycanın pandemiya dövründəki dayanıqlı iqtisadi göstəriciləri, yerli özəl biznesi pandemiyanın zərbələrindən sığortalamaq tədbirləri, üstəlik, yeni növ koronavirusun fəsadlarından əziyyət çəkən bir neçə dövlətə, ÜST-ə COVID-19-la mübarizə üçün böyük miqdarda yardımlar etməsi mühüm əhəmiyyət kəsb edir: "Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsi kursu reallığında kənd təsərrüfatı da daxil olmaqla perspektivli sahələr çoxdur. Xarici kapitalın bu sahələrə axını Azərbaycanın iqtisadi inkişafına əlavə və yeni təkan verə bilər. Bu, ölkə iqtisadiyyatına postpandemiya mərhələsində çox vacib olmaqla yanaşı, həm də böhranın fəsadlarını tezliklə aradan qaldıracağımıza dair proqnozların xeyrinə olan güclü arqumentdir”.
 
 

Milli Məclisin deputatı Cavid Osmanov da bildirib ki, Azərbaycan koronavirus pandemiyası dövründə mübarizə tədbirlərini təkcə ölkə daxilində deyil, eyni zamanda regional və qlobal çərçivədə həyata keçirilib: "Ölkəmizdə pandemiya ilə mübarizə istiqamətində həyata keçirilən geniş miqyaslı və sistemli tədbirlər bir daha göstərdi ki, Azərbaycan Prezidentinin apardığı siyasətin mərkəzində ilk növbədə ölkə vətəndaşı və onun sağlamlığı dayanır. Eyni zamanda, ölkə iqtisadiyyatının davamlı və dayanıqlı şəkildə fəaliyyət göstərməsi üçün dövlət tərəfindən özəl sektora çox böyük dəstək verilib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına maliyyə dəstəyi göstərib ki, pandemiyadan əziyyət çəkən ölkələrə yardım edilsin. Ümumilikdə Azərbaycan belə yardımları 30-a qədər ölkəyə edib. Bu onu göstərir ki, Prezident İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində koronavirus pandemiyası dövründə Azərbaycan vətəndaşlarını qorumaqla yanaşı, dünyada pandemiyaya qarşı aparılan tədbirlərə öz töhfəsini verib. Bu, Azərbaycanın nə qədər qüdrətli, sülhsevər bir ölkə olduğunu sübut edir”.
 
Rufik İSMAYILOV