• cümə axşamı, 25 aprel, 10:54
  • Baku Bakı 14°C

Azərbaycan dünya reytinqlərində sürətlə irəliləyir Rəylər

05.09.13 08:33 1619
Azərbaycan dünya reytinqlərində sürətlə irəliləyir Rəylər
Ümumdünya İqtisadi Forumu (ÜİF) tərəfindən hazırlanan 2013-2014-cü illərdə dünya iqtisadiyyatlarının rəqabətə davamlılıq reytinqində Azərbaycan dünya iqtisadiyyatının daha rəqabətə davamlı ölkələri sırasına daxil olub və 148 ölkə arasında 39-cu olub.
Trend-in məlumatına görə, ötənilki hesabatla müqayisədə Azərbaycan öz mövqeyini yeddi pillə yaxşılaşdırıb ki, bu da ölkədə aparılan uğurlu iqtisadi siyasətin göstəricisidir. UİF-in makroiqtisadi sabitlik reytinqinin göstəricilərinə görə, Azərbaycan öz mövqeyini 10 pillə yaxşılaşdıraraq ilk onluğa (səkkizinci yer) daxil olub ki, bu da çox yaxşı göstəricidir.
Hesabata görə, əmək bazarının effektivliyinə görə, Azərbaycan 30-cu yerdə mövqe tutur. İnnovasiya potensialının göstəricilərinə görə, Azərbaycan 60-cı, texnologiya səviyyəsinə görə, 50-ci, təsisatların keyfiyyətinə görə 59-cu yerdə tutur.
Azərbaycan rəqabətə davamlılıq indeksinə görə artıq beş ildir ki MDB ölkələri arasında liderdir. Sonuncu reytinq cədvəlində Qazaxıstan 50-ci, Rusiya 64-cü, Gürcüstan 72-ci, Ermənistan 79-cu, Ukrayna 84-cü yeri tutub.
Xarici investorların ölkəmizə marağı artacaq
İqtisadçı-professor Zahid Məmmədov bizimlə söhbətində bildirdi ki, ölkələr üzrə sözügedən reytinq cədvəli hazırlanarkən qanunvericilik, ölkədəki siyasi sabitlik, siyasi iradə, iqtisadi təşəbbüskarlıq, bankçılıq, faiz dərəcələri dəyərləndirilir, korporativ idarəetmənin tətbiqi, səhmdarların və kiçik investorların hüquqlarının qorunması, maliyyə bazarında qiymətli kağızların dəyərləndirilməsi, qanunların bu sahədə imkanları ayrı-ayrılıqda qiymətləndirilir və reytinq müəyyənləşdirilir”.
Z.Məmmədovun fikrincə, reytinqdə irəliləməyimiz xarici investorların da Azərbaycana marağını artırır: “Iş adamları hansısa ölkədə yatırım qoyarkən bu reytinqə nəzər salır, ölkədə rəqabət qabiliyyətinin necə olduğunu öyrənirlər. Ölkəmizdə monopoliyaya qarşı mübarizə, rəqabətin inkişafı ilə əlaqədar gərəkli addımlar atılır və işlər görülür. Təbii ki, bu görülən işlərin nəticəsi olaraq reytinq qurumları ölkələrin səviyyələrini müəyyənləşdirə bilir. Ümid edirəm ki, zaman-zaman biz bu sıraları keçəcəyik. Azərbaycanda qeyri-neft sektoru da inkişaf edir, alternativ işlər aparılır. Məsələn, rabitə və informasiya texnologiyalarının inkişafına yönəlik işlər görülür. Hesab edirəm ki, Azərbaycanda artıq bu sahədə də istehsal genişlənəcək və gələcəkdə bu sektora yönəlik investorların gəlişini də gözləyirəm”.
Yüksəlişə təsir edən səbəblər
Milli Məclisin iqtisadi-siyasət komitəsinin üzvü Əli Məsimli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycanın potensialı o qədər yüksəkdir ki, qarşısına ambisiyalı vəzifələr qoyub, o hədəflərə doğru hərəkət etməlidir: “Mən üç hədəf irəli sürmüşdüm: birincisi, ölkəmiz rəqabət qabiliyyətliliyinə, ikincisi, insan inkişafına, üçüncüsü, adambaşına düşən ümumdaxili məhsulun istehsalına görə dünyanın 50 dövləti sırasına daxil olmalıdır. Artıq Azərbaycan bu 3 göstəricidən birinə nail olub. Vaxtilə rəqabət qabiliyyətlilik göstəricisinə görə 50-ci yerdən uzaq olan Azərbaycan indi 39-cu yerdədir. Bu, təbii ki, Azərbaycan iqtisadiyyatında gedən müsbət tendensiyaların nəticəsidir”.
Millət vəkilinin sözlərinə görə, ilk növbədə Azərbaycanda müəyyən islahatlar istiqamətində atılan addımlar, eyni zamanda investisiya üçün yaradılan şərait və iqtisadiyyatımızın dünya iqtisadiyyatında yeri və rolunun artması bilavasitə rəqabətə davamlılıq reytinqində yerimizin yüksəlməsinə müsbət təsir göstərməyə başlayıb: “Konkret göstəricilər üzrə Azərbaycanda artım templərinin kifayət qədər yüksək olması, ölkəmizə qoyulan investisiyaların ümumdaxili məhsulda payının yüksək olması, bir neçə il bundan əvvəl birpəncərə sisteminin tətbiqi, ASAN Xidmətin tətbiq olunması islahat hesab edilir”.
Potensialımız imkan verir ki, daha da irəliyə gedək
Iqtisadçı bildirdi ki, rəqabət qabiliyyətlilik göstəricisinin yaxşılaşdırılması Azərbaycanı qiymətləndirən digər göstəricilərə də müsbət təsir göstərə bilər: “Bu isə Azərbaycana əlavə investisiya qoyulması üçün şərait yaradar və əgər biz bir az da çalışsaq, həmin investisiya təkcə Bakıya yox, regionlara doğru hərəkət edər və regionlardakı əhalinin güzəranına birbaşa təsirini göstərə bilər”.
Ə.Məsimlinin fikrincə, Ümümdünya İqtisadi Forumun rəqabətə davamlılıq reytinqində daha da irəliləmək imkanlarımız var: “Əgər biz islahatlar istiqamətində addımları dərinləşdirsək, sözün həqiqi mənasında ciddi islahatlar proqramını ortaya qoyub onu həyata keçirməyə başlasaq, Azərbaycanın potensialı imkan verir ki, daha da irəliyə gedək”.
Lalə Musaqızı
banner

Oxşar Xəbərlər