• cümə, 29 Mart, 14:46
  • Baku Bakı 14°C

Azərbaycan diplomatiyasının mühüm nailiyyəti

16.05.20 17:45 475
Azərbaycan diplomatiyasının mühüm nailiyyəti
Mayın 11-də Avropa İttifaqı Şurası 2020-ci ildən sonra "Şərq Tərəfdaşlığı” siyasəti ilə bağlı Avropa İttifaqı və Şərq Tərəfdaşlığı çərçivəsində ölkələr arasında əməkdaşlığın bütün sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, alternativ enerji, təhlükəsizlik, beynəlxalq münasibətlər sistemi, eyni zamanda, iqtisadi əməkdaşlığın gücləndirilməsi ilə bir çox sahələrdə qarşılıqlı əlaqələri özündə birləşdirən, həmçinin ölkələrin sərhədlərinin toxunulmazlığı və ərazi bütövlüyünün təmin olunmasını xarakterizə edən yekun qərarını yayıb. Bu sənəddə Azərbaycan üçün xarici siyasətdə uğurlu çalarlar təşkil edən ən mühüm amillərdən biri də, əlbəttə ki, ərazi bütövlüyü, müstəqillik və suverenlik prinsiplərinin Avropa İttifaqı tərəfindən rəsmən təsdiq olunması və ölkələrin ərazisinin, sərhədlərinin toxunulmazlığı ilə bağlı müddəaların yer almasıdır. Sənəddəki bu müddəalar, həmçinin münaqişələrin beynəlxalq hüquq normaları çərçivəsində həllinin vacibliyi Avropa İttifaqı ilə Azərbaycan arasında yeni sazişlə bağlı danışıqlara dəstək ifadə olunmasının göstəricisidir və bizim üçün çox əhəmiyyətlidir.
Bu fikirləriAZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ramil Həsən bildirib.
Deputat deyib ki, Helsinki Yekun Aktı Bəyannaməsindəki ərazi bütövlüyü məsələsi, eyni zamanda, insanların hüquq və azadlıqlarının müdafiə olunması və qarşılıqlı ünsiyyətə əsaslanan münasibətlərin genişləndirilməsi ilə bağlı müddəada əksini tapan məsələlər Azərbaycan ilə Avropa İttifaqı arasında Prezident İlham Əliyevin də dəfələrlə vurğuladığı kimi, yeni səhifələr açmağa kömək edən amillərdən biridir. Sənədin 2-ci bəndində Şura tərəfindən, eyni zamanda, COVID-19 pandemiyasının səbəb olduğu hazırkı vəziyyətdə beynəlxalq tərəfdaşlarla həmrəylik və əməkdaşlığın əhəmiyyəti vurğulanır. Təbii ki, biz bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə nüfuzlu beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilən tədbirləri xüsusi qeyd etməliyik. Göründüyü kimi, Ümumdünya Səhiyyə Təşkilat, Avropa Yenidənqurma və İnkişaf Bankı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Birləşmiş Millətlər Təşkilatı və onun Baş Assambleyası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı kimi dünyanın öndə gələn nüfuzlu beynəlxalq təşkilatları ilə birgə təşkil olunan beynəlxalq tədbirlər həm bu təşkilatların rəhbərləri tərəfindən təqdir olunur, həm də dünya ictimaiyyəti tərəfindən ən yüksək səviyyədə dəyərləndirilir.
Əlbəttə ki, Avropa İttifaqının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda martın 31-də keçirilən qondarma "seçkilər”lə bağlı yaydığı bəyanat və daha sonra mayın 11-də yaydığı bu rəsmi sənəddə ölkələrin ərazi bütövlüyünün təsdiqi Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlığın yeni mərhələdə, yeni müstəvidə qarşılıqlı anlaşmaya, hörmətə və eyni zamanda, Azərbaycanın xarici siyasətində yürütdüyü taktiki gedişlərə müsbət reaksiya verilməsinin bariz nümunəsi kimi qəbul edilə bilər.
Ümumiyyətlə, Avropa İttifaqı uzun illərdir fəaliyyət göstərən, dünyanın ən önəmli bir bloku, ölkələri birləşdirən bir təşkilat olaraq Şərq Tərəfdaşlığı proqramını tətbiq etməklə yeni bir səhifə açıb. Şərq Tərəfdaşlığına üzv ölkələrlə Avropa İttifaqının, eyni zamanda, ikitərəfli əməkdaşlığı da mövcuddur. Azərbaycan xarici siyasətində əsas elementlərdən biri hesab edilən Avropa İttifaqı ilə ikitərəfli əməkdaşlığa üstünlük verir. Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu məqam sənədin 3-cü bəndində yer alıb. Burada Şura "əhatəlilik” (inclusiveness) və "fərqləndirmə” (differentiation) prinsiplərinə uyğun olaraq İttifaqla Şərq Tərəfdaşlığı ölkələri arasında ikitərəfli münasibətlərin inkişaf etdirilməsini alqışlayır.
Qərarın 12-ci maddəsində nəqliyyat, enerji və rəqəmsal texnologiyalar sahəsində əməkdaşlıq məsələsinə xüsusi diqqət yetirilib. Məlumdur ki, Azərbaycan bu gün Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bu gün Avropa İttifaqının enerji təminatı, eyni zamanda, enerji resursları ilə bağlı həyata keçirdiyi irimiqyaslı Qərb-Şərq və Asiya-Avropa əməkdaşlığı çərçivəsində Azərbaycan həm xüsusi körpü rolunu, həm də etibarlı tərəfdaş rolunu oynamaqdadır. Bu baxımdan, maddədə qeyd olunanların bilavasitə Azərbaycana aidiyyəti var. Sənəddə qeyd olunan amillər Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən enerji və nəqliyyat layihələrinin Avropa İttifaqı tərəfindən yüksək qiymətləndirildiyi mənasına gəlir. Ona görə də enerji siyasətinin həyata keçirilməsi beynəlxalq münasibətlər sistemində beynəlxalq təhlükəsizliyin əsas amillərindən biri hesab olunur.
Beynəlxalq təhlükəsizliyin əsas amillərindən biri kimi, əlbəttə ki, bu sahədə Azərbaycan–Avropa İttifaqı əməkdaşlığı xüsusi müstəvidə, başqa ölkələrdən fərqli, daha geniş sahələri əhatə edən, amma, eyni zamanda, unikal, özünəməxsus bir əməkdaşlıq prinsiplərini meydana çıxarır. Buna görə də sənədin 5-ci maddəsində Şura yeni çərçivə sazişi üçün Avropa İttifaqı ilə Azərbaycan arasında davam edən danışıqların gedişini alqışlayır. Bu baxımdan Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, Azərbaycan hücum diplomatiyasına üstünlük verməlidir. Azərbaycan öz haqq səsini bütün dünyada açıq və aydın şəkildə ifadə etməlidir. "Azərbaycanın beynəlxalq platformalardan öz haqq səsini dünyaya çatdırması, beynəlxalq təhlükəsizliklə bağlı addımlar atması, ümumiyyətlə, qlobal səviyyədə ölkəmizin mövqeyinin ortada qoyulması üçün hücum diplomatiyası mühüm əhəmiyyət kəsb edir” tezisi dövlətimizin xarici siyasətində ana xətt hesab edilməlidir. Cənab Prezidentin bu istiqamətdə verdiyi bütün tapşırıqlar bu gün öz uğurlu bəhrəsini verməkdədir. Bu baxımdan, Avropa İttifaqının qəbul etdiyi qərarlar və bu çərçivədə Azərbaycanın ərazi bütövlüyünün təsbit olunması ölkəmizin xarici siyasət fəaliyyətindəki uğurlara yeni çalarlar qatdı. Bu, çox mühüm məsələdir. Bu, gələcəkdə beynəlxalq münasibətlər müstəvisində Azərbaycanın mövqeyini daha da gücləndirəcək. Ümumiyyətlə, cənab Prezidentin xüsusilə vurğuladığı hücum diplomatiyası ən effektiv diplomatiyadır. Çünki hücum diplomatiyası ölkənin haqlı mövqeyinin qabarıq şəkildə ön plana çıxmasına şərait yaradır. Bu baxımdan, Avropa qonşuluq siyasəti çərçivəsində, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində Azərbaycan- Avropa əlaqələrinə bu prizmadan yanaşılması da bizim haqq səsimizin daha geniş miqyasda eşidilməsinə və daha geniş platformalarda bizimlə qarşılıqlı hörmətə və ünsiyyətə əsaslanan münasibətlərin daha da inkişafına böyük təkan verib və verməkdə də davam edəcək.
Azərbaycan Prezidentinin bir çox platformalarda, "Valday” Beynəlxalq Diskussiya Klubunun sessiyasında, Davos Forumunda, Münxen Təhlükəsizlik Konfransında və bir çox beynəlxalq konfranslardakı qətiyyətli çıxışları, bilavasitə hücum xarakterli diplomatiyanı ön plana çıxarması və haqlı mövqeyimizi konkret faktlarla, unikal liderlik qabiliyyəti ilə dünya ictimaiyyətinin diqqətinə çatdırması hər birimiz üçün, xüsusən də xarici siyasətlə məşğul olanlar üçün mükəmməl bir örnək olmalıdır. Biz bu hücum diplomatiyasına hər zaman diqqət etməliyik. Əlbəttə, Azərbaycan parlamentinin beynəlxalq əlaqələr sahəsindəki fəaliyyətində bu məsələ öz əksini ən yüksək səviyyədə tapmalıdır. Eyni zamanda, Azərbaycan parlamenti–Avropa İttifaqı əməkdaşlığında, eyni zamanda, Şərq Tərəfdaşlığı proqramı çərçivəsində, ümumiyyətlə, Avropa institutları ilə birgə əməkdaşlıqda yuxarıda qeyd edilən istiqamətlər ana xətt olaraq qəbul edilməli və cənab Prezidentin düşünülmüş, konkret hədəflərə yönəlmiş uğurlu siyasətinin parlament diplomatiyası səviyyəsində həyata keçirilməsində hər zaman uğurlu addımlar atılmalıdır.
banner

Oxşar Xəbərlər