Azərbaycan dilçiliyinə misilsiz xidmət
Bu
yaxınlarda xalqımızn sevimli oğlu, dünya şöhrətli mütəfəkkir, görkəmli şərqşünas
alim, böyük dilçi-filoloq Mirzə Kazımbəyin məşhur "Türk-tatar dilinin ümumi
qrammatikası” kitabı, nəhayət, Azərbaycan dilinə tərcümə edilərək nəşr
olunmuşdur. Bu, Vətən elminə edilən ən qiymətli töhfələrdən biridir. Əsərin təqribən
iki əsrdən sonra müasir dünya dilçiliyinin ən yeni nailiyyətləri müstəvisində
canlandırılması, eyni zamanda alimdən əvvəl və onun yaşadığı dövrdə müxtəlif dillərdə yazılmış mötəbər mənbələrlə
müqayisə edilərək ilk dəfə olaraq tədqiqat mahiyyətli müfəssəl şərhlərlə təqdim
edilməsi, sözün həqiqi mənasında, hər çətinliyə sinə gərmiş, ağırlıqlara
qatlaşaraq namuslu əmək sərf etmiş professor İdris Abbasova məxsusdur. Zəngin
linqvistik-filoloji faktları ehtiva edən irihəcmli əsər dəyərli tədqiqatlar
üçün əvəzsiz mənbədir.
Əlli ildən artıq çalışdığım Dilçilik İnstitutunun veteran əməkdaşı
kimi heç kimin bu ağır missiyanı öz üzərinə götürmədiyinin şahidiyəm. Ara-sıra
bəzi cəhdlər olsa da, bu nəhəng abidəni M.Kazımbəyin ana dilinə çevirməyə heç
bir alim cəsarət etməmiş, nəticədə ilk elmi qrammatikamızın əks olunduğu vacib
abidə sanki yaddan çıxmağa başlamışdı.
Akademik
Tofiq Hacıyevin İnstituta direktor təyin olunması vəziyyəti müsbətə doğru xeyli
dəyişdi. Damarlarında milli təəssübkeşlik qanı axan T.Hacıyev dil sərvətimizə
sahib çıxmaq istiqamətində bir proqram hazırladı. Proqrama M.Kazımbəyin məşhur "Qrammatika”
kitabının tərcüməsi də daxil idi. Mən deyərdim ki, akademik Tofiq Hacıyev nisbətən
gənc və istedadlı şərqşünas, M.Kazımbəyin malik olduğu bir çox elmi keyfiyyətlərə
malik olan, şərq və qərb dillərinin xasiyyətini bilən, bu mənada nadir mütəxəssislərdən
sayılan İdris Abbasovu sırf bu işdən ötrü İnstituta dəvət etdi və tarixi əhəmiyyətli
missiyanı ona tapşırdı.
Mirzə
Kazımbəyin "Qrammatika”sının müstəsna elmi-pedaqoji önəmini qeyd edən sovet
türkoloq-linqvisti A.N.Kononov yazırdı: "M.A.Kazımbəy nəinki təkcə türk dilinin
qrammatikasının "tatar” dilləri” ilə müqayisədə ətraflı izahını vermiş, habelə əcnəbi
türkoloqların (Jober, Davids) müşahidələrini dəqiqləşdirmiş və təshih etmişdir.
Bu əsər uzun müddət universitetlərdə türk dilinin müqayisəli aspektdə tədrisi
üçün vəsait olmuşdur”. M.Kazımbəyin dərsliyinin yüksək məziyyətlərindən bəhs edən
İ.Berezin 1844-cü ildə Şərqə səyahəti haqqında illik hesabatda göstərirdi ki,
"Azərbaycan ləhcələrinin formaları türk dilinin qrammatikasında müfəssəl şəkildə
şərh olunub”.
Professor
İdris Abbasovun "Türk-tatar dilinin ümumi qrammatikasının tərcümə, tədqiq və şərhi”
monoqrafiyası ilə tanışlıqdan sonra aydın olur ki, Mirzə Kazımbəyin məşhur əsərinin
dərinliklərinə varmaq üçün rus dilindən savayı, fransız, ərəb, ingilis, fars, hətta
yunan, latın, italyan və digər dillərə də bələd olmaq zəruridir. Biz də o qənaətdəyik
ki, saydığımız dillərin qrammatikasından xəbərsiz olan şəxs M.Kazımbəyin
"Qrammatika” əsərinin məğzini anlaya bilməz və nəticə etibarilə, mükəmməl bir tərcümə
əsəri ərsəyə gəlməz.
M.Kazımbəy müxtəlif
türk dillərində fərqli qrammatik kateqoriyalara təmas edərkən müasir dilçilik
baxımından şərhə ehtiyacı olan bəzi istilahlardan istifadə etmişdir. İ.Abbasov
imkan daxilində onların qrammatik-semantik xüsusiyyətlərini aydınlaşdırmış,
misal üçün, "təkrarlı növ” terminini morfologiyanın feil növlərindən bəhs edən
aspektologiya müstəvisində izah etmişdir. Prof. İ.Abbasov, əslində, M.Kazımbəyin
işlətdiyi ayrı-ayrı terminlərin şərhi prosesində bir sıra ümumdilçilik problemlərinə
təmas etmişdir ki, bu da bizə yeni tədqiqat perspektivlərinin çoxşaxəli
yollarını göstərir. Tədqiqatçı-alim qeyd edir ki, türkologiyada feilin iterativ formasının öyrənilməsi
feilin "tərz” kateqoriyası və semantik tərzin müəyyən edilməsi ilə sıx
bağlıdır. XIX əsrin başlanğıcından XX əsrin 40-cı illərinə qədər türk dillərində feil
formaları şiddətləndirmə, yaxud zəiflətmə (azaltma) çalarları ilə hərəkətin
çoxdəfəliliyini bildirən aspektual mənaları da ehtiva etməklə "tez-tez olma
növü”, yaxud "feilin bölünə bilən dərəcəsi” kimi səciyyələndirilmişdir. Prof. İ.Abbasov
aspektual mənaları müxtəlif dillərdə müqayisəli şəkildə izah etmiş, tərcümə, tədqiq və şərhin
gedişində bir an olsun belə, F.Meninski, J.Holderman, A.Jober, A.Davids,
K.Komidas, A.Lötelye, L.Dübö, A.Fayzmayer və digərlərinin əsərlərindən ayrılmadan
onların da əsərlərini müqayisəli tədqiqata cəlb edərək faydalı nəticələrə nail
olmuşdur. M.Kazımbəyin istifadə etdiyi qrammatik terminlərin dəqiqləşdirilməsində
bu yanaşmanın böyük əhəmiyyəti olmuşdur.
Fransız şərqşünası Amedye Joberin türk dilindən
gətirdiyi misallarla deponent feillərin mahiyyətini açmağa çalışması,
M.Kazımbəyin bunu feilin qayıdış növü kimi nəzərdən keçirməsi və digər məsələlər
İ.Abbasovun diqqətindən yayınmır. O yazır: "Qayıdış növün deponent növlə nə
kimi əlaqəsinin olduğu maraq doğurur. Deponent feil növü qayıdış növün
özüdürmü? Türk -Azərbaycan dilində feilə "deponent feil” kimi yanaşılması
düzgündürmü? və s. kimi suallara cavab axtardıqda, bizdən asılı olmayan səbəblərdən
araşdırmamız bir qədər də dərinləşdi. Oxucu bu barədə Roma qrammatiki Elius
Donatusun, A.Joberin, müasir dilçilərdən Martin Nyuman, Tamara Qrin, Danyel Valis, Artemiz Aleksiada və
digərlərinin müasir dilçilik baxımından dəyərli fikirləri ilə tanış olacaq”.
Əsasən, M.Kazımbəydən əvvəl və onun dövründəki əsərlərə istinad edən tədqiqatçı-alim
arabir müasir müəlliflərin də əsərlərinə baş vurur. Məsələn, o, K.Edvarda
istinadən yazır ki, aqqlütinativ dillərin əksəriyyəti öz qrammatik formalarının
qaydalılığı ilə fərqlənir. Aqqlütinativ (iltisaqi) dillər qrupuna daxil olan
yapon dilində üç, türk dilində isə yalnız bir köməkçi feil vardır. Halbuki
flektiv dil olan sanskrit dilində 900 irrequlyar feil mövcuddur.
Tədqiqat prosesində prof. İ.Abbasov M.Kazımbəyin
təkcə öz dövrü üçün deyil, həm də müasir dilçilik nöqteyi-nəzərindən xüsusi
aktuallıq kəsb edən "Qrammatika” əsərində yaranmaqda olan yeni dilçilik cərəyanlarının
lokomativi ola biləcək bir sıra dəyərli elmi-nəzəri müddəaları aşkara çıxarır.
Qeyd edir ki, alliterasiya, ritm, qafiyə,
epifora, dissonans, anafora, müxtəlif növ səs təkrarları, assonans, proteza,
epenteza, paraqoqa və s. kimi stilistik üsullar və fonoloji deviasiya fiqurları
M.Kazımbəyin "Qrammatika”sının hərəkət trayektoriyasını cızır.
Prof.
İ.Abbasov M.Kazımbəyin təmas etdiyi Cerund bəhsini daha müfəssəl tədqiqata
cəlb etmiş, ümumiyyətlə, Türk-Azərbaycan dilində cerundun mahiyyətini, ifadə
vasitələrini, spesifik terminologiyasını, cerund və supinin, feili bağlamanın və
ya feili sifətin oxşar və fərqli cəhətlərini izah etməyə nail olmuşdur. Bu məqsədlə
o, bir çox dillərin, xüsusilə klassik və qədim dillərin materiallarını müqayisəli
şəkildə araşdırmışdır. Məsələn, cerundu fransız dilində gérondif
(jerondif) adlandıran J.Holderman qeyd edir ki, türk dilində di ilə
əlaqədar cerund ya məsdər, ya gələcək zaman feili sifət, ya yiyəlik, ya
da yönlük halda olan məsdərlə ifadə olunur. Do ilə bağlı cerund, feili sifət və substantiv feilin cerundu vasitəsilə
ifadə olunur. Dum ilə əlaqədar cerund məsdərin
yönlük halı, yaxud infinitivdən sonra gələn bəzi postpozisiyalar vasitəsilə
ifadə olunur və s. J.Holdermanın türk dilinin qrammatikasından bəhs edərkən
işlətdiyi di, do və dum sözləri,
yaxud şəkilçiləri, çox güman ki, müəllifin latın dilinin qrammatik
istilahlarının təsirindən çıxa bilməməsidir. İstər qədim yunan, istərsə də
latın və digər dillərdə cerunda yanaşma tərzi fərqli olmuşdur. Bu heç də
bizim bu gün anladığımız, feilin təsriflənməyən formaları adı altında təsnif
etdiyimiz və ayrı-ayrılıqda spesifik xüsusiyyətlərə malik məsdər, feili
sifət və feili bağlama şəklində anlaşılmayıb. Bu mənada prof. İ.Abbasov bir
daha vurğulayır ki, Türk-Azərbaycan dilində feilin təsriflənməyən
formalarının diaxronik aspektdə dünya dilləri ilə müqayisədə geniş tədqiq
olunmasına ehtiyac vardır.
Nitq hissələrininşərhində İ.Abbasov Yuli Sezar Skaliger (1540) Rinaldi Korso (1549), F.Sançes
(1562), Renye Demare (1706), Pyer Resto (1730), Dö la Rame (1587), N.Boze (1767),
V.Levizak (1797) və digər məşhurların maraqlı elmi-məntiqi müddəalarından bəhrələnmişdir.
O, ərəb dili qrammatikasını tədqiqat dövriyyəsinə daxil edərək, köməkçi nitq
hissəsi olan nidanı, demək olar ki, bütün parametrləri üzrə araşdırmışdır.
Professor
İdris Abbasovun orijinal tərcümə ilə yanaşı, əsərə əlavə etdiyi ensiklopedik tədqiq
və şərhləri mühüm linqvistik-filoloji əhəmiyyətə malikdir. Bu tədqiq və şərhlər
dahi M.Kazımbəyin müasir dünya dilçiliyindəki layiqli mövqeyini müəyyənləşdirir.
Təqdirəlayiq
cəhətlərdən biri də odur ki, kitabın fonetika, morfologiya və sintaksis hissələrinə
və bir çox fəsillərinə İ.Abbasovun yazdığı şərhlər müasir Azərbaycan dilinin
qrammatikasının tarixi aspektdə araşdırılması, habelə dilçiliyimizin bir sıra
aktual problemlərinin öyrənilməsi üçün sanballı elmi-nəzəri baza yaradır.
Sonda qeyd
etmək istəyirəm ki, bütün dilçi-filoloqların zəruri ehtiyac duyduğu bu qiymətli
əsər, təəssüf ki, müəllifin çətinliklə əldə etdiyi vəsait hesabına çox məhdud
sayda çap oluna bilmişdir. Tam əminliklə demək olar ki, elm naminə əsl fədakarlıq
nümayiş etdirərək Mirzə Kazımbəyin
ana dilimizin ilk elmi qrammatikasının əks olunduğu "Türk-tatar dilninin
ümumi qrammatikası" əsərini tədqiq və şərhlərlə dilimizə çevirən professor
İdris Abbasovun bu fəaliyyəti ən böyük mükafata layiqdir. Əminəm ki, həmkarımızın
namuslu əməyi əlaqədar qurumlar və səlahiyyətli şəxslər tərəfindən yüksək qiymətləndriləcək!
Uğurlar diləyirəm!
Roza Eyvazova,
filologiya üzrəelmlər doktoru, professor