• şənbə, 20 Aprel, 15:14
  • Baku Bakı 23°C

“Azərbaycan diasporunun işinin daha da səmərəli aparılması üçün beynəlxalq dəstək fondu yaradılmalıdır”

28.04.20 15:15 1686
“Azərbaycan diasporunun işinin daha da səmərəli aparılması üçün beynəlxalq dəstək fondu yaradılmalıdır”
Millət vəkili Fatma YıldırımınAPA-ya müsahibəsi
- Bilirik ki, əslən Şuşa rayonunun Malıbəyli kəndindənsiniz. Şuşanı, Malıbəylini necə xatırlayırsınız?
- Azərbaycanın dilbər guşəsi olan Şuşa, onun hər bir qarışı mənim üçün çox əzizdir. Şuşa, Malıbəyli ilə bağlı unudulmaz anlarım, nisgilli xatirələrim var. Bu gün Şuşa işğal altındadır. Ona görə də, bu haqda danışmaq mənim üçün çox çətindir. Uşaqlıq illərimin ən gözəl günləri Malıbəylidə keçib. Hər dəfə Şuşa adı çəkiləndə Maylıbəylidəki Navlı bulağı, qızlarla birlikdə səhənglə su daşımağımız, ulu babalarımızın yatdığı qəbiristanlıq, oradakı qoca çinar ağacı yadıma düşür.Ən çox xatırladığım isə Malıbəylidə hər bir evdə kitaba olan böyük maraq idi. Təsadüfi deyil ki, təkcə Malıbəyli kəndindən 40-dan çox professor yetişib. Fəxrlə deyə bilərəm ki, onlardan biri də mənim atam - dünyada tanınmış fizika elmləri doktoru, professor Əliyev Vidadi Yusif oğludur.Malıbəyli ilə bağlı ən kədərli xatirəm doğma kəndimin işğal edildiyi gündür. Məlum olduğu kimi, o vaxt xaos dövrü idi, indiki kimi güclü orduya sahib deyildik. Təəssüf ki, 1992-ci ildə fevralın 10-dan 11-nə keçən gecə Malıbəyli kəndi ermənilər tərəfindən işğal edilərək tamamilə yandırıldı. Məni qəhərləndirən anlardan biri də evimizdə ulu babalarımın da şəkillərinin yer aldığı ailə albomunu özümüzlə gətirə bilməməyimiz oldu.Amma bütün bunlara rəğmən ümidimi itirmirəm. İnanıram ki, möhtərəm Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin qətiyyətli siyasəti nəticəsində torpaqlarımız, o cümlədən Şuşamız erməni işğalından azad olunacaq. Mən həmin günü səbirsizliklə gözləyirəm. O torpaqları yenidən qarış-qarış gəzmək, xoş xatirələrimi bölüşmək, doğma torpağımın qoxusunu duymaq mənim ən böyük arzularımdan biridir. Bu, bütün xalqımızın diləyidir. Dövlətimiz bu problemin sülh yolu ilə həlli üçün bütün imkanlarını səfərbər edib, beynəlxalq birlik Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İnanıram ki, o gün uzaqda deyil, biz mütləq torpaqlarımıza geri qayıdacağıq.
- İxtisasca fizik olsanız da, daha çox müxtəlif özəl şirkətlərdə insan resursları üzrə şöbə müdiri, 2012-ci ildə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində kadrlar üzrə şöbə müdirinin müavini, daha sonra Mənzil İnşaatı Dövlət Agentliyində insan resursları şöbəsinin müdiri, 2018-ci ildən isə Dövlət Şəhərsalma və Arxitektura Komitəsində insan resursları şöbəsinin müdiri vəzifəsində çalışmısınız. Fizika ixtisası üzrə çalışmamağınızın səbəbi nədir?
- Ümumiyyətlə, hər kəsin bir həyat yolu var. Öncə orta təhsil, sonra ali təhsil, daha sonra isə həyatın ən məsuliyyətli dövrü başlayır. Qeyd etdiyiniz kimi, mən ali təhsilimi fizika ixtisası üzrə bitirmişəm. Bir müddət Azərbaycan Memarlıq və İnşaat Universitetində elmi-pedaqoji fəaliyyətlə məşğul olmuşam, fizika-riyaziyyat elmləri namizədiyəm. Bu ixtisas üzrə çalışıb-çalışmamaq isə düşünürəm ki, qismət, tale məsələsidir. Qarşıma çıxan imkanları dəyərləndirərək sonralar insan resurslarının idarə edilməsi istiqamətinə maraq duymuşam və gələcək karyeramı kadrlar sahəsində fəaliyyətimlə davam etmişəm. İşlədiyim həm özəl müəssisələrdə, həmçinin dövlət qulluğunda komandanın formalaşmasında, əsasən, savad, məsuliyyət, komanda işi, vətənpərvərlik amillərinə üstünlük və xüsusi diqqət yetirərək dövlətimizə faydalı olmağa çalışmışam.
- Bir müddət diaspor sahəsində fəallığınızla da seçilmisiniz. Bu gün Azərbaycan diasporunun durumunu barədə nə deyə bilərsiniz? Lobbiçilik fəaliyyəti istiqamətində görülən işləri necə qiymətləndirirsiniz?
- Hər bir vətəndaş öz dövlətini beynəlxalq arenada da təmsil etməyi bacarmalıdır. Mən bir neçə il Avropada yaşamışam və orada diaspor fəaliyyəti ilə məşğul olmuşam. Fəaliyyətimiz daim dövlətimizin xarici siyasətini dəstəkləyərək Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması üzərində qurulmuşdu. Eyni zamanda, əsas məqsədlərimizdən biri xalqımızın ən yaralı yeri olan Xocalı soyqırımının dünya tərəfindən tanınması və buna siyasi qiymətin verilməsi idi. Hələ diasporun yeni yarandığı dövrlərdə (2004-cü il) Belçika və Niderlandda dövlətimizin haqlı mövqeyini çatdıraraq, bu məsələyə Avropa ictimaiyyətinin diqqətini çəkə bilmişdik. Bu gün əminliklə deyə bilərik ki, cənab Prezidentimiz İlham Əliyev və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın apardığı düşünülmüş, məqsədyönlü xarici siyasət nəticəsində Azərbaycan dünyada sayılıb seçilən nüfuzlu ölkələr sırasında yer alıb.Buna əsaslanaraq diaspor fəaliyyəti daim davam etdirilməlidir. Bu gün Azərbaycan diasporu təşkilatlanmış formadadır. Dövlətimiz xaricdə diasporumuzun gücləndirilməsi üçün lazımi addımlar atır. Ötən illər ərzində xeyli sayda diaspor təşkilatları yaradılıb, onlar Azərbaycan diasporunun xaricdə mütəşəkkil qüvvəyə çevrilməsi üçün çalışırlar.Son illər xarici ölkələrdə Azərbaycan Evləri, Koordinasiya Mərkəzləri yaradılır ki, bütün bunlar diasporumuzun daha güclü və səmərəli fəaliyyət göstərməsinə xidmət edir. Bizim diasporun qarşısında duran vəzifələr Azərbaycanın uğurlu inkişafını təbliğ etməklə yanaşı, Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq, erməni yalanlarını ifşa etməkdir. Bu istiqamətdə ciddi nəticələr əldə olunmaqdadır.Lakin bununla kifayətlənmək lazım deyil, biz çalışmalıyıq ki, xaricdə yaşayan soydaşlarımız daha mütəşəkkil formada fəaliyyət göstərərək yaşadıqları ölkələrin, şəhərlərin siyasi həyatında da yer alsınlar. Parlament seçkilərinə, bələdiyyə seçkilərinə qoşularaq bu seçkili orqanlarda təmsil olunmağa çalışsınlar. Bunu dəfələrlə çağırışlarında Prezident İlham Əliyev də vurğulayıb. Biz böyük xalqıq! Dünyada 50 milyon soydaşımız yaşayır, daha da aktiv və strateji fəaliyyət qurmaq məcburiyyətindəyik ki, səsimiz daha da yüksəklərdən eşidilsin.Bilirsiniz ki, cənab Prezident hər zaman beynəlxalq arenada dövlətimizin Qarabağ məsələsi ilə bağlı prinsipial mövqeyini cəsarətlə səsləndirməkdədir. Biz də millət vəkilləri olaraq beynəlxalq fəaliyyətimizdə Ermənistanın işğalçılıq siyasətinin ifşa olunmasında aktiv olmalıyıq. Biz nə qədər fəal olsaq, bir o qədər də Azərbaycan, Qarabağ həqiqətlərini dünyada yaya, qazandığımız dostların sayını artıra bilərik.Bilirsiniz ki, xaricdə Azərbaycan və Türk diaspor təşkilatları daim əməkdaşlıq edir, erməni yalanlarının ifşa olunmasında birgə fəaliyyət göstərir. Düşünürəm ki, lobbiçilik məsələsində xaricdəki türk icmasının təcrübəsindən faydalanmaq lazımdır. Türk xalqının lobbiçilik fəaliyyəti güclüdür. Onlar illərdir ermənilərin qondarma "soyqırımı” yalanlarına qarşı mütəşəkkil formada mübarizə aparmaqdadırlar.Azərbaycan diasporunun işini daha da səmərəli aparılması üçün hesab edirəm ki, beynəlxalq dəstək fondu yaradılmalıdır. Çünki maddi dəstək həm ölkəmizin tanıdılmasında, həm də Qarabağ həqiqətlərinin dünyada daha geniş yayılması prosesində çox vacibdir. Mən inanıram ki, dünya azərbaycanlıları, iş adamları dövlətimizə dəstək olaraq lobbiçiliyimiz üçün bu çağırışa səs verəcəklər.
- İş və ailə həyatınızı uzlaşdırmaqda çətinlik çəkdiyiniz məqamlar olubmu? Ailədəki münasibətlər karyeranızdakı uğurlarda nə dərəcədə rol oynayıb?
- Əlbəttə ki, hər bir insan üçün həm iş həyatı, həm də ailə çox böyük önəm kəsb edir. Bu səbəbdən də, iş və ailə həyatının uzlaşdırılması lazımlıdır. Çünki ailə müqəddəs dəyərdir, eyni zamanda, iş həyatı da çox önəmlidir. Bu məsələ qadın və ana üçün dahahəssasdır. Qadınlar iş və ailə həyatını elə uzlaşdırmalıdır ki, bir-birinə əngəl olmasın. Əsas odur ki, bu məsələdə qarşılıqlı hörmət və anlayış olsun. Belə olan halda, çətinliklər asanlıqla həllini tapır.Şəxsən mənə gəlincə, deyə bilərəm ki, bu məsələdə bəxtim gətirib. Ailəm hər zaman mənə dəstək olur. Bu da iş həyatımda uğur qazanmağım üçün böyük stimuldur.
- Bir xanım üçün dövlət qurumunda çalışmaq, daha sonra millət vəkili seçilərək qanunvericilik fəaliyyəti ilə məşğul olmaq həyatında nələri dəyişdirir?
- Qeyd edim ki, Azərbaycan qadınının tariximizin bütün mərhələlərində xalqımızın həyatında özünəməxsus rolu olub. O, qayğıkeş ana, fitri istedada malik şair, möhkəm iradəli hökmdar, dərin zəkalı mütəfəkkir olaraq öz adını tariximizin səhifələrinə yazdıra bilib. Elə buna görə də, cəmiyyətin inkişafının bütün dövrlərində qadınlar kişilərlə bərabər dövlət quruculuğunda, siyasi qərarların verilməsində fəal iştirak ediblər.Qadınlar bu gün də cəmiyyətimizin həyatında fəal iştirak edirlər. Onların arasında görkəmli dövlət, elm, mədəniyyət və ictimai-siyasi xadimləri var. Azərbaycan qadını ana olmaqla yanaşı, həm də bacarıqlı siyasətçi, iş adamı, dövlət məmuru, xalqın inanıb səs verdiyi millət vəkilidir. Müasir dövrdə respublikamızın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva ictimai-siyasi fəaliyyəti ilə Azərbaycan qadınlarına nümunədir. O, müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir.Bütövlükdə, Azərbaycan qadını hər zaman olduğu kimi, bu gün də dövlətin dəstəyini hiss edərək, özünün fəallığı ilə cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail olmağı bacarır. Qadınlarımız müstəqil dövlətimizin daha da güclənməsi naminə bütün fəaliyyət sferalarında öz töhfələrini verirlər.
- Parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi və Elm və təhsil komitəsində üzv kimi təmsil olunursunuz. Komitələrin parlamentin fəaliyyətində rolunu necə görürsünüz?
- Bilirsiniz ki, Milli Məclis ali qanunvericilik orqanıdır. Parlament dövlətin qanunlarını qəbul edir. Amma bu qanunlar plenar iclasdan əvvəl müvafiq komitələrdə müzakirə olunur. Əgər komitə iclaslarında müzakirə olunan qanun layihələrinin plenar iclasın müzakirəsinə çıxarılması tövsiyə edilirsə, layihələr plenar iclasın gündəliyinə daxil edilir.Düşünürəm ki, qanun yaradıcılığı prosesində parlament komitələrinin rolu kifayət qədər böyükdür. O cümlədən, mənim də üzv olduğum "Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi" və "Elm və təhsil komitəsi" Milli Məclisin qanun yaradıcılığı işində vacib rol oynayırlar.Hər iki komitə indiyə qədər aidiyyəti üzrə dövlət həyatı üçün mühüm qanun layihələri hazırlayıb, müzakirə edib və parlamentin plenar iclaslarına təqdim edib. Plenar iclaslarda isə həmin qanunlar qəbul olunub. Üzv olduğum komitələrin yaz sessiyası üçün iş planında da vacib məsələlər nəzərdə tutulur. Hesab edirəm ki, komitələr bu vəzifələri layiqincə yerinə yetirəcək.
- VI çağırış parlamentin qismətinə koronavirus, neftin kəskin ucuzlaşması fonunda bir növ fərqli, faktiki fövqəladə formada çalışmaq düşdü. Milli Məclis bu qeyri-adi rejimində nə qədər effektiv çalışa bilir?
- Doğrudur, hazırda çətin, məsuliyyətli günlər yaşayırıq. Bütün dünya böyük risklə üz-üzədir. Bu gün koronovirus pandemiyası dünya ölkələrinin iqtisadiyyatına, sosial həyatına ciddi şəkildə təsir göstərməkdədir. Hazırda dünya birliyi bu təhlükədən xilas olmaq üçün bütün imkanlarını səfərbər edir.Bu mənada, Azərbaycanda da koronovirusa qarşı güclü mübarizə aparılır, dövlət tərəfindən önləyici addımlar atılır. Dövlətimiz bu problemin iqtisadiyyatımıza və sosial həyatımıza zərər vurmaması üçün maksimum çalışır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, "Biz birlikdə güclüyük!” VI çağırış Milli Məclis də belə bir zamanda üzərinə düşən vəzifələri layiqincə həyata keçirməyə çalışır. Komitələr daha çox onlayn rejimdə fəaliyyətlərinə davam edir, axı həyat davam edir və biz də öz vəzifələrimizi layiqincə yerinə yetirməyə çalışırıq. Parlamentin plenar iclasları da müntəzəm olaraq keçirilir və dövlətin, cəmiyyətin həyatı üçün vacib qanunlar qəbul edilir. Düşünürəm ki, Azərbaycan parlamenti bu çətin və məsuliyyətli dövrdə şərəflə fəaliyyət göstərəcək.
banner

Oxşar Xəbərlər