• şənbə, 20 Aprel, 03:03
  • Baku Bakı 15°C

Azərbaycan cüdosunun əzmkarlıq simvolu – Bir qələbənin tarixi

01.02.20 10:05 11652
Azərbaycan cüdosunun əzmkarlıq simvolu – Bir qələbənin tarixi
Elxan Məmmədov: "Dedim, bir il möhlət verin, içimdə böyük yanğı var"
O, ilk dəfə cüdo zalına daxil olanda yaşıdlarının əksəriyyəti müəyyən yarış təcrübəsinə sahib idi. Bəzilərinin isə evində kubok, medallardan ibarət bir guşə yer alırdı. Başqalarının Avropa, dünya, hətta olimpiya çempionu olduğu yaşda, o, bir dəfə də olsun, beynəlxalq yarışda iştirak etməmişdi. Habelə, qitə çempionatında medal hesabını açdığı yaşda, cüdo üzrə hər iki olimpiya çempionumuz karyerasının sonunu yaşayırdı...

Azərbaycan cüdosunun əzmkarlıq simvolu Elxan Məmmədovun alın təri ilə yazdığı daha bir tarixə dönəcəyik. Xatırladaq ki, onun bizim üçün ilk və yeganə olan dünya çempionluğu haqqında hələ altı il əvvəl, "Portret" rubrikasında ətraflı söhbət açılıb.
Heyrətamiz qayıdış
Cari olimpiya dövrü Rüstəm Orucov və Hidayət Heydərov arasındakı misilsiz rəqabətlə əlamətdardırsa, Rioyaqədərki illər Elmar Qasımov və Elxan Məmmədovun "ölüm-dirim" savaşı ilə yadda qalmışdı. Nəticədə, reytinqdə üst pillədə qərarlaşan "İrəvan fatehi" ölkəmizi təmsil edərək, rekord medal səbətimizi "gümüş"lə zənginləşdirdi. Lisenziya üçün sona qədər can qoyduğu yarışları tribunadan, sadə azarkeş kimi izləməyə məcbur qalan dünya çempionu, bu vaxt artıq 35 yaşının astanasında idi. Düşünmək olardı ki, hər şey bitib, keçmiş komanda yoldaşı Elnur Məmmədlinin təbirincə desək, olimpiya çempionlarının qənimini tatamiyə qaytaracaq bir stimul yoxdur. Rio olimpiadasından heç iki ay keçməmiş "Böyük Dəbilqə" seriyasından olan turnirdə iştirak üçün Əbu-Dabiyə yollanan Məmmədov, maksimum nəticə ilə "hələ tələsməyin" - deyə, mesaj verdi. Ardınca Antalya Qran Pri və Bakı "Böyük Dəbilqə" yarışlarında əldə olunan bürünc medallar illərin stabillik nümunəsini yenidən diqqət mərkəzinə gətirdi.


"Dedim, bir il möhlət verin, içimdə böyük yanğı var"
Yaş kifayət qədər çox, ilk dünya çempionu kimi möhürünü vurubsan, mundial, dəfələrlə AÇ mükafatçısı, müxtəlif turnirlərin qalibisən. Üstəlik, gələcəyin təmin olunub. Ömrünün qalan hissəsini yorucu, bəzən bezdirici məşqlərsiz, daha komfortlu şərtlərlə yaşamaq üçün yetərincə əsasın var. Sadə sual doğur: Bəs niyə?
- Elmarın əvəzinə Rioya mən getsəydim, olimpiya çempionu da ola bilərdim. Həmin ərəfədə özümü çox güclü hiss edirdim. Sadəcə, son turnirdə o, daha yaxşı oldu. O cür forma ilə olimpiadanı kənardan izləmək çox çətin idi. Digər tərəfdən isə məndə əminlik yarandı ki, bu rəqiblərlə hələ mübarizə aparmaq mümkündür. Olimpiadadan dərhal sonra məşqçi kimi davam etməyim qərara alınmışdı. Federasiya rəhbərliyindən xahiş etdim ki, mənə cəmi bir il möhlət verin. Dedim, tükəndiyimi hiss etmirəm, içimdə böyük yanğı var, imkan yaradın, peşman olmamağınız üçün əlimdən gələni edəcəyəm.

"Yuxudan ayılanda hiss elədim ki..."
Mövqelər fərqli idi. Elxanın komandada boşuna yer tutduğuna, karyerasını bu qədər uzatmağının həm özünə, həm də çəkisindəki həmkarlarına zərərdən başqa heç nə verməyəcəyinə dair fikirlər zamanla media müstəvisində də yer alırdı. Əvvəlki üç yarışı mükafatla başa vursa da, bu cür düşünənlərin sayı az deyildi. Odur ki, Varşavada keçirilən Avropa çempionatı Elxana hava-su kimi lazım idi. Böyük təcrübənin özü də yaxşı anlayırdı ki, bundan əlverişli şans ələ düşməyəcək. Məşqçi heyəti çempionat öncəsi açıqlamalarda hər nə qədər bir ay sonrakı İslamiadanı prioritet göstərsə də, AÇ medalının daha qiymətli olduğu faktdır.

"Səhər yuxudan ayılanda hiss elədim ki, gün, mənim günüm olacaq" deyir, Məmmədov: "Biz, adətən yarış günü nəticənin necə olacağını hiss edirik. Həmin gün özümə çox arxayın idim. Ümumi əhval-ruhiyyəmin, bədənimin reaksiya qabiliyyətinin istədiyim kimi güləşməyə imkan verəcəyinə inanırdım".

Yarış iştirakçılarının reytinqində dördüncü sırada olan Elxan, reqlamentə əsasən, ilk yarımqrupun ikincisi idi. Lider mövqeyində isə komanda yoldaşı Elmar Qasımov qərarlaşmışdı. Beləliklə, ilk qarşılaşmada italiyalı Vinçenzo Darko, sonradan köhnə tanış, latviyalı Yevgenis Borodavko, qrupun həlledici mərhələsində İsrail təmsilçisi Piter Paltçik "ippon"la məğlub edilir. Qasımov da Almaniya, Belarus və Rusiyadan olan həmkarları ilə görüşlərdə lider iddiasını ortaya qoyunca, gözlənilən duel - növbəti Azərbaycan derbisinin baş tutması üçün heç bir maneə qalmır.
Belə məqamlarda adətən "əsas odur finaldayıq, kimin udmasının fərqi yoxdur" deyilsə də, razılaşaq ki, hər idmançının öz tərəfdar ordusu olur. Elxan Məmmədovun karyerasının sonlarını yaşadığını nəzərə alsaq, bəzi neytral azarkeşlər də, istər-istəməz, onun qələbəsini arzulayırdı.
Gözlənildiyi kimi, əzəli, bir-birinə dərindən bələd olan rəqiblərin budəfəki dueli də kifayət qədər gərgin idman mübarizəsi şəraitində keçir. Görüşün sonlarına yaxın qazandığı "vaza-ari" xalı ilə Məmmədov, həm də bir əy əvvəl Bakıda qeydə alınan məğlubiyyətinin əvəzini çıxır.

Dərsliklərə düşəcək fənd və baxdıqca baxılan sevinc
100 kiloqramda ilk dəfə qitə çempionatının finalına çıxan Elxan, "Rio 2016"nın bürünc mükafatçısı, fransalı Sirill Mare ilə bunadək üz-üzə gəlməmişdi. Digər tərəfdən, onun kimi 30 yaşlı təcrübəli rəqibin də kolleksiyasında Avropa çempionatının qızıl medalı yox idi. Odur ki, tərəflərin bir-birinə zərrə qədər də güzəştə getməyəcəyini proqnozlaşdırmaq çətin deyildi. Olduqca soyuqqanlı, ağır mübarizə "qızıl xal"a doğru uzanır. Nəhayət, əlavə vaxtın 38-ci saniyəsində nəhəng Mareni aldadaraq, sağ qol tutuşundan çiyin üzərinə gətirən Məmmədov, əsl finala layiq amplituda ilə öz " kral" fəndinin (yaponca; "sode tsurumi qoşi) icrasını başa çatdırır. Ələlxüsus da, yüz kiloqram çəki dərəcəsində bu cür mükəmməl fəndlərə nadir hallarda rast gəlindiyindən, yarışın təcrübəli şərhçiləri belə, heyrətini gizlədə bilməmişdi. Sevinci isə ən azından, fəndin özü qədər möhtəşəm alındı. Elxan sanki olimpiya çempionluğunu qeyd edirdi. Belə baxanda, bu, onun üçün elə olimpiadanı udmağa bərabər idi. O hayqırtıda nələr yox idi ki... Üstündən üç ilə yaxın zaman keçməsinə baxmayaraq, baxdıqca baxılan, hər dəfə də fərqli hisslər yaradan kadrları tərif etməyə heç gərək də yoxdur.

"Ən"lər arasında böyük Elxan izi
35 yaş 55 günlüyündə Avropa çempionatının qalibi olan Elxan Məmmədov, Azərbaycan cüdosu tarixinə ən qocaman qitə çempionu kimi düşüb. Yarışın tarixində isə ilk "üçlüy"ü qapayır. 2012-ci ildə 35 yaş 103 günlüyündə Çelyabinskdə keçirilən AÇ-nin qızıl medalçısı olan israilli Ariel Zeevidən sonra kişilərin sıralamasında ikincidir. Bu arada, qocaman dünya çempionlarının da ilk "onluğ"unda yer alan Elxan, indiyədək 9 dəfə keçirilən "World Masters" turnirinin ən "ağsaqqal" qalibidir. Bu gün, sadəcə statistika kimi görünə biləcək bu faktlar, bir vaxtlar ortaya qoyulan dəmir iradə və inanılmaz qətiyyətin bəhrəsidir. Ümumilikdə, müstəqilliyinin 29-cu ilini yaşayan Azərbaycan idmanı tarixində qazanılan onlarla qitə və dünya "qızıl"ı arasında Məmmədovun fantastik çempionluqlarının müstəsna yeri var, şübhəsiz.
2018-ci ildə karyerasını başa vuran Elxan, hazırda kişilərdən ibarət yığmamızın məşqçilər korpusunda yer alır. Hərçənd, idmançı karyerasını davam etdirsəydi, ardıcıl dördüncü dəfə olimpiadaya lisenziya normativini yerinə yetirməsi kifayət qədər real görünürdü. Xatırladaq ki, o, AÇ-dən sonra İslamiadanın qalibi, dünya çempionatının yarımfinalçısı, Dünya Turu seriyasından olan ən nüfuzlu "World Masters" yarışının bürünc mükafatçısı olmuşdu. İlin sonunda "Tokio olimpiadasınadək karyeramı davam etməyi düşünürəm" desə də, Bakıda keçirilən mundial ərəfəsində məşqçiliyə başladığı aydınlaşdı. Dünya və Avropa çempionu bunu, davamlı zədələrin ona istədiyi kimi mübarizə aparmaq imkanı verməməsi ilə əlaqələndirdi.
Sahib

banner

Oxşar Xəbərlər