AZE | RUS | ENG |


Azərbaycan cüdosunun “bürünc” oğlanı - Portret

Azərbaycan cüdosunun “bürünc” oğlanı - Portret
Onun ən böyük “düşmən”i kimdir?


Cüdo Azərbaycanda ən çox sevilən idman növlərindən biridir. Hər olimpiadada diqqətlər güləşçilərlə yanaşı, məhz cüdoçularımıza yönəlir. Dünya və Avropa çempionatlarında və digər turnirlərdən ölkəmizə dəst-dəst medal gətirən idman növlərindən biri də məhz cüdodur. Son illərdə cüdoda qazanılmış nailiyyətlər uşaqların bu idman növünə olan axınını bir az da artırıb. Ancaq təkcə cüdonun yox, ölkə idmanın problemlərindən biri də ağır çəkilərdə yerli idmançı çatışmazlığıdır. Mötəbər yarışlarda, əksər hallarda, ağır çəkilərdə ciddi boşluqlar yaranır. Bu boşluqlar isə çox vaxt ölkə xaricindən cəlb edilmiş idmançılarla - legionerlərlə doldurulur.
Cüdo millimizdə isə bu cəhətdən ciddi problem görünmür. Elə təkcə 100 kq çəkidə son olimpiya oyunlarında gümüş medal qazanmış Elmar Qasımovu misal göstərmək olar. Cüdoda 90 kq çəkidə də ölkəmizin şərəfini yerli idmançı, Məmmədəli Mehdiyev qoruyur. Son illərdə zədələrlə "boğuşmasına” rəğmən, ölkəmizin medal kolleksiyasını zənginləşdirən gənc cüdoçu, qarşıdan gələn İslam Həmrəyliyi Oyunlarında və digər mötəbər yarışlarda əsas medal ümidlərimizdəndir. Bu dəfə sizə cüdo millimizin ağır çəkili idmançısı, Məmmədəli Mehdiyevi təqdim edəcəyik. 
 
 
4 yaşında başlayan karyera

 
Məmmədəli Mehdiyev 1993-cü il, aprelin 9-da Bakının Əmircan kəndində dünyaya gəlib. O, lap uşaqalıqdan cüdonun sirlərinə yiyələnməyə başlayıb. Belə ki, atası cüdoçu olan Məmmədəli hələ məktəbə getməmiş, qələm tutmağı öyrənməmiş bu idman növü ilə məşğul olmağa başlayıb. Atası ona 4 yaşından bu idman növünün "əlifba”sını öyrədib. Ancaq ata Mehdiyev oğlunun cüdo ilə ciddi məşğul olmasını istəyirdi. O, oğlunu özünün də məşqçisi olmuş Tərlan Həsənovun qrupuna yazdırır.
3 il Tərlan müəllimin yanında cüdonun sirlərinə yiyələnən Məmmədəli, dərslərlə əlaqədar idmana ara verməli olur. Lakin o, idmandan çox da kənarda qalmır. Futbola marağı olan Məmmədəli, bu idman növünə yazılır. Qapıçı mövqeyində çıxış edən Mehdiyev futbolçu kimi karyerasını davam etdirmir. Ailəsinin, əsasən də atasının məsləhətilə yenidən cüdoya qayıdır. Bunda onun idman təmayüllü məktəbə keçməsinin də təsiri olur.
 
"Bürünc”lə zəngin kolleksiya
 
Uzun müddət cüdodan kənarda qalsa da, Məmmədəli tezliklə nəticə göstərir. O, yeniyetmələrin Azərbaycan çempionatında 3-cü olur. Öz üzərində daim işləyən Məmmədəli tezliklə daha yaxşı nəticələrə imza atır. Uğurlu nəticələrə gedən yol isə heç də hamar olmur. O, bir neçə dəfə uğursuzluqla üzləşir, ruhdan düşür. Lakin ən çətin anlarında belə, ailə dəstəyi onun dadına çatır. Xüsusilə atasının dəstəyi ilə yenidən həvəslə məşqlərini davam etdirən Məmmədəli, nəhayət, gözlənilən uğurlara imza atmağa başlayır.
Bir il sonra gənclərin respublika birinciliyində yenə 3-cü olan Mehdiyev, Yunanıstanda keçirilən gənclər arasında Avropa çempionatında da bürünc medal qazanır. 2013-cü ildə Kazanda keçirilən Universiadaya qatılan Məmmədəli, həmin yarışda da 3-cü olur. Ümumiyyətlə, Mehdiyevin medal kolleksiyası bürünc medallarla zəngindir. Elə həmin ildə qatıldığı gənclər arasında dünya və Avropa çempionatlarını bürünc medalla başa vuran gənc cüdoçu, 2014-cü ildən etibarən kişilərin yarışlarında çıxış etməyə başlayır.
Kişilərin yarışında isə o, nəhayət, "şeytanın qıçını” sındıraraq, "qızıl”la tanış olur. Kişilər arasında ölkə çempionatını fəxri kürsünün birinci pilləsində başa vurur.
Hər şey qaydasında getdiyi zaman, Məmmədəli heç bir idmançının sığortalanmadığı bəxtsizliklə üzləşir. 2015-ci ildə, paytaxtımızda təşkil ediləcək birinci Avropa oyunlarına hazırlaşan Mehdiyev ağır zədə alır. Çiyin sümüyü çatlayan Məmmədəli uzun müddət - 8-9 ay idmandan kənarda qalır. Zədəli olduğu dövrü səbirlə başa vuran Mehdiyev, tatamiyə qayıdan kimi uğurlarını davam etdirməyə başlayır.
Zədədən qayıtdıqdan sonra ardıcıl olaraq, qran-pri yarışlarında, Avropa və dünya kuboku yarışlarında uğurla çıxış edən Mehdiyev, Rio Olimpiadasına lisenziya qazanır. Ancaq dünyanın ən mötəbər idman yarışındakı çıxış elə də uğurlu olmur. Məmmədəli rusiyalı Kiril Denisov və meydan sahibi olan braziliyalı rəqibi Tyaqo Karnilonu mübarizədən kənarlaşdıraraq 1/4 finala adlayır. Burda isə cənubi koreyalı Qvak Donq-Hana uduzan Məmmədəli, təsəlliverici döyüşdə monqolustanlı Lxaqvasürengin Otqonbatara məğlub olaraq, olimpiya oyunlarını medalsız başa vurur. Mehdiyevin Rioda medalsız qalmasında köhnə zədəsinin özünü göstərməsi də rol oynayır.
 
Texniki səhvlə əldən çıxan "bürünc”
 
Bir neçə gün öncə Məmmədəli cüdo yığmamızın heyətində Polşanın paytaxtı Varşavada keçirilən Avropa çempionatına qatıldı. Mehdiyev Polşa paytaxtında mübarizəyə 1/16 finaldan başlayıb. O, ilk görüşündə moldovalı İon Dumbravanı yolundan kənarlaşdırıb. 1/8 finalda Monteneqro idmançısı Marko Bubanya ilə qarşılaşan həmyerlimiz bu rəqibinə də qalib gəlib. O, 1/4 finalda qarşılaşdığı belaruslu Yeqor Vorobyovu da məğlub edərək, yarımfinala vəsiqə qazanıb. Ancaq təmsilçimiz yarımfinalda serbiyalı Aleksandr Kukolja uduzaraq, "bürünc" uğrunda təsəlliverici görüşlərə çıxıb. Lakin burda gürcüstanlı rəqibi Beka Qvinaşviliyə uduzan həmyerlimiz, yarışı medalsız başa vurub.
Məmmədəli komanda yarışlarında yığmamıza uğurla kömək edib. O, Fransa və Hollandiya yığmalarına qarşı görüşlərdə tatami üzərinə çıxır. Mehdiyev hər iki görüşdə yığmamıza qələbə ilə kömək edir. Bürünc uğrunda görüşdə isə yığmamız Ukrayna ilə qarşılaşır. İlk 3 təmsilçimiz ukraynalı rəqiblərini məğlub edərək, hesabı 3:0 yığmamızın xeyrinə dəyişir. Bununla da, yığmamız digər iki görüşdə məğlub olsa belə, "bürünc”ü təmin edir, ancaq... Tatami üzərinə çıxacaq 4-cü cüdoçumuz Məmmədəli olur. Məşqçilərin göstərişi ilə zədəsi olan Məmmədəli görüşdən imtina edir. Onsuz da bürünc medalı təmin etdiyimizdən, millimizin məşqçiləri Mehdiyevin texniki məğlubiyyət almasında ciddi problem görmür. Ancaq Beynəlxalq Cüdo Federasiyasının yeni qərarına əsasən, bir cüdoçu döyüşə çıxmayacağı təqdirdə, təkcə ona yox, bütün komandaya texniki məğlubiyyət verilir. Bu qərara əsasən, Ukrayna qarşısında 3:0 hesabı ilə öndə olan yığmamıza 0:5 hesablı məğlubiyyət verilir.
  
"İslam oyunları daha çətin olacaq”

 
Ancaq Varşavadakı uğursuzluq Məmmədəlinin gələn ay paytaxtımızda baş tutacaq İslam Oyunlarında uğurlu çıxışına mane ola bilməz. Hazırda bütünlüklə Bakıda keçiriləcək mötəbər yarışa köklənən Mehdiyev, Polşa paytaxtındakı uğursuzluğu İslam Həmrəyliyi Oyunlarındakı medalla "yumağı” hədəfləyib. Ancaq bu, heç də asan olmayacaq. Bunu Məmmədəli özü də bilir: "İslam Oyunlarında əsasən, asiyalı cüdoçular olacaq. Onlar perspektivli idmançılardı. Məncə, Avropa çempionatından da çətin olacaq. Asiyalıların döyüş stili mənim döyüş tərzimlə oxşardır. Demək olar, eyni fəndlərdən istifadə edirik. Buna görə, ola bilsin, müəyyən çətinliklər olsun. Ancaq çalışacağam ki, İslam Oyunlarını çempion kimi başa vurum”.
 
Məhəmməd Əlinin pərəstişkarı

 
Hər bir uşağın kumiri olub. Mehdiyevdə də həmçinin. Ancaq onun kumirləri cüdoçular yox, boksçular olub. Özünün sözlərinə görə, uşaq vaxtı adaşı Məhəmməd Əli və Mayk Taysona pərəstiş edib, nə vaxtsa onlar kimi məşhur idmançı olmağı arzulayıb.
Məmmədəlinin əsas məşğuliyyəti isə dostları ilə vaxt keçirməsidir. Futbol həvəskarı olan cüdoçu pleysteyşn oynamağı da sevir: "Dostlarla oturmaq, pleysteyşn oynamaq, futbola baxmaq, şəhərdə gəzintidə olmaq əsas məşğuliyyətimdi. Uşaq vaxtımdan "Real”ın azarkeşi olmuşam. Sevimli oyunçum İker Kasilyas olub. Düzü, gərgin məşqlərə görə, əlavə məşğuliyyətlərə elə də vaxtımız olmur”.
Məmmədəli film izləməyi də sevir. Fantastik filmləri elə də arası olmayan Məmmədəli, əsasən, döyüş filmlərinə baxmağı xoşlayır.
Gənc cüdoçunun ali təhsil diplomu da var. O, Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirib.
 
Ancaq çempionluq...
 
Hazırda ancaq İslam Oyunları barədə düşünür. Bundan sonra Meksika qran-prisi, daha sonra Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatını uğurla başa vurmağı planlaşdırır. Məmmədəli "ancaq çempion olmaq barədə düşünürəm” deyir. 
Bu, Məmmədəlinin yaxın gələcək üçün hədəfləridir. Uzaq hədəfləri arasında isə ilk növbədə olimpiya çempionluğu var.
 
 
Portret 

Karyerasının son illəri zədələrlə mübarizə ilə keçən Mehdiyev, buna baxmayaraq, medal kolleksiyasını zənginləşdirməyə nail olub. O, öz mənfi xüsusiyyətlərindən danışarkən, aqressiv olmasını və tez ruhdan düşməsini göstərir. Lakin "həvəsdən düşsəm də, tez toparlanıram” deyir. Varşavadakı uğursuzluqdan sonra bir qədər ruh düşkünlüyü yaşayan Məmmədəli, məhz bu xüsusiyyətini işə salmalı, toparlanaraq, bütün islam dünyasının diqqət mərkəzində olan yarışda cüdo millimizin medal kolleksiyasını zənginləşdirməlidir. Kolleksiyadan söz düşmüşkən, İslam Oyunları Mehdiyev üçün "bürünc”lə zəngin kolleksiyasına "qızıl”ı da əlavə etmək üçün yaxşı fürsətdir. Bunun üçün isə o, tatami üzərindəki rəqiblərindən öncə, ən böyük "düşmən”i - zədənin kürəyini yerə vurmalıdır. 




 
 

Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7069
GBP 1 İngilis funt sterlinqi 2.1810
TRY 1 Türk lirəsi 0.4864
KWD 1 Küveyt dinarı 5.6340
SEK 1 İsveç kronu 0.2099
EUR 1 Avro 2.0003
CHF 1 İsveçrə frankı 1.7563
USD 1 ABŞ dolları 1.7009