• şənbə, 20 Aprel, 18:52
  • Baku Bakı 24°C

“Azərbaycan buna heç vaxt imkan verməyəcək”

07.07.14 16:37 1156
“Azərbaycan buna heç vaxt imkan verməyəcək”
“Azərbaycanın xarici siyasəti prinsipiallığı və müstəqilliyi ilə seçilir”. Bunu prezident İlham Əliyev Xarici İşlər Nazirliyində Azərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində çıxışında bildirib.
O qeyd edib ki, ölkəmizin uğurlu inkişafı və son illərdə iqtisadi müstəqilliyimizin tam şəkildə təmin olunması bizə xarici arenada öz sözümüzü deməyə, maraqlarımızı müdafiə etməyə imkanlar açıb. Prezident bu siyasətin beynəlxalq birlik tərəfindən də təqdirlə qarşılandığını, bizimlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının artığını, Azərbaycanın özünü dünyada etibarlı dost və tərəfdaş kimi təsdiq etdiyini vurğulayıb. Gənc müstəqil dövlət üçün BMT Təhlükəsizlik Şurasına üzv seçilməyimizi tarixi hadisə adlandıran dövlət başçısı bildirib ki, bu, ölkənin qısa müddətdə nə qədər böyük yol keçdiyini göstərdi: “Azərbaycan iki il ərzində bu nüfuzlu təşkilatda beynəlxalq hüququ və ədaləti müdafiə etdi və bundan sonra da hər zaman müdafiə edəcək. Xarici siyasətlə bağlı əsas məsələnin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Təəssüflə qeyd edim ki, bu istiqamətdə nəticələr yoxdur”.
Dövlət başçısı Azərbaycanın məsələni dinc yolla həll etmək istəyini bildirib və qeyd edib ki, bununla yanaşı, Ermənistanın qeyri-konstruktiv mövqeyi, eləcə də beynəlxalq hüququn işləməməsi və güc amilinin əsas rol oynaması məsələnin hərbi yolla həllini istisna etmir. Azərbaycan prezidenti bu səbəbdən də ordu quruculuğu ilə bağlı aparılan ardıcıl siyasətin düzgün olduğunu vurğulayıb.
Prezident bildirib ki, diplomatların fəaliyyəti ilk növbədə Qarabağla, o cümlədən İrəvan xanlığı ilə bağlı həqiqətlərin dünyaya çatdırılmasına istiqamətlənməlidir. Prezident İlham Əliyev bir daha vurğulayıb ki, Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaranması qətiyyən mümkün deyil və Azərbaycan buna heç vaxt imkan verməyəcək.
Xarici siyasətimizlə bağlı əsas istiqamətlərdən danışarkən Prezident İlham Əliyev Ermənistan istisna olmaqla, qonşu ölkələrlə münasibətlərin sağlam, bərabərhüquqlu münasibətlər və möhkəm zəmin üzərində qurulduğunu, həmin ölkələrlə əlaqələrin ikitərəfli və çoxtərəfli formatlarda təmin edildiyini deyib. Daim axtarışda olub yeni əməkdaşlıq formaları barədə fikirləşməyin vacibliyini qeyd edən dövlət başçısı müsəlman ölkələri ilə əlaqələrdən danışıb və qeyd edib ki, Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsinə öz töhfəsini verir.
Avropa ölkələrinin ənənəvi tərəfdaşlarımız olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev ikitərəfli əlaqələrin inkişafı üçün gözəl imkanların olduğunu söyləyib, Asiya dövlətləri ilə də əməkdaşlığın son illərdə sürətlə inkişaf etdiyini bildirib.
Dövlət başçısı beynəlxalq təşkilatlarla əməkdaşlıqdan da danışıb, diaspor təşkilatları ilə səfirliklərimizin birgə fəaliyyətinin önəmini qeyd edib. Prezident İlham Əliyev, həmçinin enerji diplomatiyasındakı uğurlara diqqəti cəlb edib, bu imkanların xarici siyasətimizə müsbət təsir göstərdiyini deyib. Bildirib ki, ölkəmizin bütün istiqamətlərdə düşünülmüş konseptual yanaşmaya söykənən siyasəti var və uğurlarımız buna əsaslanır.
banner

Oxşar Xəbərlər