• cümə, 29 Mart, 11:19
  • Baku Bakı 5°C

“Azərbaycan bu yarışı keçirməklə sübut etdi ki...”

21.06.16 12:11 2680
“Azərbaycan bu yarışı keçirməklə sübut etdi ki...”
Bu günlərdə ölkəmizdə "Formula-1” üzrə Avropa Qran-prisi keçirilib. Yarış haqda fikirlərini bölüşənlər bunun ölkəmiz üçün əhəmiyyətini vurğulayır, tanınmaq və müsbət imic qazanmaq yolunda aparılan təbliğatın bir parçası hesab edirlər. Mövzu ilə bağlı fikirlərini öyrəndiyimiz millət vəkili Elman Nəsirov da bunun dövlət üçün mühüm məsələ olduğunu düşünür. Hesab edir ki, "Formula-1”-ə təkcə idman yarışı kimi qiymət vermək düzgün olmaz. Çünki bu turnir həm də siyasi çəkisi və əhəmiyyəti olan hadisədir.
- Elman bəy, bu yarışın keçirilməsinin Azərbaycan üçün nə kimi əhəmiyyəti var?
- Bu aralar dünyanın diqqəti futbol üzrə Avropa çempionatına yönəlib. Düşünürəm ki, o cür çempionata alternativ "Formula-1” yarışlarıdır və belə bir mötəbər idman yarışı Bakıda keçirildi. İlkin məlumata görə, yarışları yarım milyarddan artıq adam izləyib. Yarışın keçirilməsi bir daha göstərdi ki, Azərbaycan sözün həqiqi mənasında, bütün istiqamətlər üzrə öz inkişaf modelini ortaya qoyub. Bu baxımdan, idman da istisna təşkil etmir. Söhbət sıradan olan bir idmandan deyil, avto idmanın kralı hesab edilən "Formula-1” yarışlarından gedir. Qürurverici hadisədir ki, bu yarış məhz paytaxtımızda keçirildi. Burada bir məqam daha çox diqqəti cəlb edir. Bu da ondan ibarətdir ki, yarışa rəhbərlik edən şəxslər, idarə heyəti belə bir bəyanatla çıxış etdilər ki, Bakı şəhəri bu yarışları keçirmək üçün olduqca unikal bir şəraitə malikdir. Onlar xüsusilə, Azərbaycan haqqında bədxahlarımızı üzəcək fikirlər bildirdilər. Çünki müəyyən qüvvələr var idi ki, yenə də tənqidlər səsləndirirdilər. Deyirdilər ki, guya Azərbaycanda demokratiya boğulur, insan haqları tapdanır. Ona görə də belə bir yarışın Azərbaycanda keçirilməsinə ehtiyac yoxdur. Lakin "Formula-1” rəhbərliyi tam əksini söylədi. Sual olundu ki, korrupsiya hansı ölkədə yoxdur? Qeyd etmişdilər ki, belə olan təqdirdə, gərək "Formula-1” heç bir ölkədə keçirilməsin. Nəticə odur ki, yarış uğurla keçirildi. Hesab edirəm ki, Azərbaycan bu yarışı da keçirməklə sübut etdi ki, biz ən nəhəng beynəlxalq tədbirləri keçirmək imkanına, potensialına, gücünə malikik. Azərbaycan belə yarışlar keçirməklə bir model, səviyyə formalaşdırır. Tədbiri bizdən sonra keçirən dövlətlər ən yüksək səviyyəni görmüş olurlar və müqayisə etmək imkanı yaranır. Azərbaycan tək idman deyil, bütün tədbirləri ən yüksək səviyyədə keçirmək mədəniyyətini ortaya qoyub. Bilirsiniz ki, 2012-ci ildə Bakıda "Avroviziya” musiqi yarışmasını keçirdik. 2015-ci ildə Birinci Avropa Oyunlarına ev sahibliyi etdik. İndi isə "Formula-1” Avropa Qran-prisini keçiririk. Fikir verdinizsə, sadaladığım tədbirlərin hamısının adı Avropa ilə bağlıdır. Yəni, Avropanın mötəbər tədbirləri Bakıda keçirilir. Bununla, həm Avropa ölkəsi olduğumuzu göstərir, həm də bir müsəlman ölkəsi olaraq, inkişafımızın özümüzə məxsus modelini ortaya qoyuruq. Avropa Şurasının üzvü olaraq da, öz modelimizlə çıxış edirik. Beləliklə də, həm müsəlman dünyasının maraqlarını təmsil edirik, həm də Avropanın. Sanki Avropa sözünə yeni məna və məzmun gətiririk. Şübhəsiz, öz yüksək səviyyəli təşkilatçılığımızla Avropaya başucalığı gətiririk. Təəssüf ki, Avropada gedən son proseslər fonunda onun adı mənfi yük də daşıyır. Amma Azərbaycan Avropanın mühüm tədbirlərini yüksək səviyyədə keçirməklə Avropa sözünə müsbət bir çalar qatır. Bu oyunların bizim üçün olduqca böyük əhəmiyyəti olduğuna şübhə olmamalıdır. Birincisi, yarışın keçirilməsi ilə Azərbaycana böyük turist axınının gəlməsi üçün unikal şərait yarandı. Artıq 15 minə yaxın turist təkcə bu yarışlara görə ölkəmizə gəldi və Bakını öz gözləri ilə gördü. Bilirsiniz ki, beşillik kontraktımız var və növbəti illərdə də yarış ölkəmizdə keçiriləcək. Nəticədə, növbəti illərdə Azərbaycana gələn turistlərin sayının indikindən bir neçə dəfə çox olacağını proqnozlaşdırmaq olur. Yarışları izləyənlər arasında çox nəhəng korporasiya rəhbərləri də var idi. Onlar Bakının gözəlliklərini görüb inkişaf etmiş infrastrukturun şahidi oldular. Həmçinin, Azərbaycanın təbiətini, Bakı şəhərinin unikallığını gördülər. Ən əsası isə Azərbaycan vətəndaşını, onun mehribanlığının, qonaqpərvərliyinin canlı şahidi oldular. Bunlar vacib məqamlardır. Bəzən deyirlər ki, "Formula-1” yarışları Azərbaycanı dünya üçün kəşf etdi. Mən belə düşünmürəm. Hesab edirəm ki, dünya Azərbaycanı onsuz da kəşf etmişdi. Bu oyunlar sadəcə kəşfetmə prosesinin davamıdır. Bu gün dünyada Azərbaycanın çox müsbət imici formalaşmaqdadır. Bu oyunlar olduqca populyardır. Yarışla maraqlananlar onun harada keçirildiyi ilə də maraqlanırlar. Şəhərin, ölkənin harada yerləşdiyini öyrənir, insanları ilə tanış olurlar. Düşünürəm ki, çoxsaylı suallar olub və cavablar tapılıb. Nəzərə alaq ki, əsrimiz informasiya əsridir. Belə bir vaxtda öz həqiqətlərimizi bütün dünyaya və Azərbaycana gələn xarici KİV nümayəndələrinə çatdırırıq. İndiki dövrdə dünyanın diqqətini cəlb etmək çox çətindir. Dünyada o qədər hadisələr baş verir ki, beynəlxalq ictimaiyyətin diqqətini hər hansı məsələyə yönləndirmək mürəkkəb işə çevrilir. Amma "Formula-1” yarışları o qədər məşhurdur ki, onu izləyənlər də, izləməyənlər də haqqında məlumat əldə edirlər. Düşünürəm ki, bu məqam indiki informasiya əsrində çox vacib məsələdir.
- Azərbaycanda bu tip yarışların keçirilməsi sanki ənənə xarakterini alıb. Bunun hansı müsbət tərəfləri var?
- Beynəlxalq yarışların keçirilməsi çox əhəmiyyətlidir. Birincisi, Azərbaycan dünya üçün bir daha kəşf olunur. Eyni zamanda, bu oyunları keçirərkən bütün potensialımızı dünyaya nümayiş etdirmək imkanı əldə edirik. Burada söhbət təkcə idmandan getmir. Həmçinin mədəniyyətimizi, tariximizi, Bakı şəhərinin bütün gözəlliklərini nümayiş etdiririk. Bakı qədim şəhərdir, gözəldir. Bilirsiniz ki, pilotların altı kilometrlik traslarında təxminən 20 döngə var idi. Onun 8-i 90 dərəcə bucaq altındadır. Deməli, ölkəmizdə yarışları keçirmək üçün unikal məkan var. Biz bütün potensialımızı ortaya qoyuruq. Deməli, bizi bəyənirlər ki, yarışların burada keçirilməsinə razılıq verirlər. Digər əhəmiyyətli məqam odur ki, erməni tərəfinin bizlə bağlı yaydığı yalan məlumatlara cavab vermiş oluruq. Onlar deyir ki, guya Azərbaycan işğalçıdır, Ermənistana qarşı təcavüzkar siyasət yürüdür. Guya biz aqressivik. Amma dünya öz gözü ilə görür ki, Azərbaycan böyük bir mədəniyyətin daşıyıcısıdır, böyük idman ölkəsidir, keyfiyyətli infrastrukturu var. Ən böyük sərvət isə ölkənin mehriban insanlarıdır. Bütün bunların hamısı ölkə imicinin formalaşmasında mühüm faktorlardır. Nəzərə alaq ki, prezident İlham Əliyev dünya azərbaycanlılarının sonuncu qurultayında qeyd etdi ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün xarici KİV-lərdə ölkəmizlə bağlı mühüm məlumatlar yayılmalıdır. Düşünürəm ki, bircə tədbirin keçirilməsi ilə həmin o təbliğat maşını üçün unikal şərait yaranmış oldu. Bundan maksimum bəhrələnmək lazımdır. Əminəm ki, növbəti 4 ildə Azərbaycan yenə də gücünü, potensialını ortaya qoymuş olacaq. Bir məqam da var. Bu yarışları keçirən sayca 32-ci ölkəyik. Hər ölkənin bu yarışı keçirmək üçün imkanı yoxdur. Əvvəla bunun üçün çox güclü iqtisadiyyat olmalıdır. Həmçinin, turizm imkanları, infrastruktur, uyğun yollar olmalıdır. 3 məsələ isə ən vacib məqamlardır. Həmin ölkədə ictimai-siyasi sabitlik, təhlükəsizlik və inkişaf olmalıdır. Deməli, bunların üçü də bizdə var. Faktiki, bizdə ictimai-siyasi sabitlik və təhlükəsiz mühit var. Hesab edirəm ki, Bakıya gələn hər bir turist məmnun qaldı və gözəl bir ölkəni kəşf etdi.
- Yarışla bağlı onlarla mötəbər televiziya kanalı Bakıdan reportaj verdi. Bu məqamın Azərbaycanın təbliğatında rolu nə qədərdir?
- Məndə olan məlumata görə 450-yə yaxın KİV nümayəndəsi bu yarışları işıqlandırıb. Nəzərə alaq ki, onlar dünya miqyaslı KİV-lərdir. Bu idman yarışının özü də dünyada çox populyardır. Yarışları izləyənlər ölkəmizlə bağlı bütün müsbət məqamların şahidi oldular. Düşünürəm ki, yarışların keçirilməsi ilə ölkəmizdə yeni bir idmanın – avto idmanın yaranması və inkişafı üçün gözəl imkanlar yarandı. Gənclərimiz maşın idarə etməyi çox sevirlər. Bizdə hələ bu cür yarışlara qatılmaq adəti formalaşmayıb. Düşünürəm ki, gənclərimizin yeni bir idman növünə kütləvi şəkildə maraq göstərməsi üçün unikal imkan yarandı. İstisna etmirik ki, hazırda "Formula-1”-ə ev sahibliyi edən azərbaycanlılar gələcəkdə özləri bu yarışlara qatılacaqlar. İnanıram ki, dünyanın ən məşhur avtomobil idarə edənləri sırasında bizim gənclərimiz də yer tutacaqlar. Ona görə də "Formula-1”-in Azərbaycanda yeni bir idman növünün yaranması və inkişafı üçün təməl olduğunu düşünürəm.
- "Formula-1”-in ölkəmizdə keçirilməsi ilə bağlı tənqidi fikirlər də səsləndirilirdi. Bu haqda nə düşünürsünüz?
- Düşünürəm ki, bu dəfə tənqidlər əvvəlki yarışlarla müqayisədə daha az oldu. Məsələn, Avroviziya yarışmasında və Birinci Avropa Oyunlarında belə tənqidlər daha çox idi. Məncə, insanları bir dəfə aldatmaq olar. Uzaqbaşı iki dəfə. Amma həmişə aldatmaq mümkün deyil. İnsanlar informasiyanı qəzetlərdən, digər KİV-lərdən alır, neqativ məlumatları oxuyurlar. Bakıya gələndə isə çox təəccüblənirlər. Çünki eşitdiklərinin, oxuduqlarının tam əksini görürlər. Məlum olur ki, Azərbaycanda ictimai-siyasi sabitlik var və ölkəmiz təhlükəsizdir. Faktiki olaraq, Azərbaycan inkişafdadır və xalq öz hakimiyyətini, prezidentini dəstəkləyir. Prezident də millətin mənafeyindən çıxış edərək dövləti idarə edir. Onu da sual edirlər ki, siz bu cür irəliləyişə necə nail olmusunuz? Bunun üçün inkişafın Azərbaycan modelini öyrənmək lazımdır. Bizdə müxtəlif etnoslar arasında unikal bir birlik var. Bizim çoxmədəniyyətliliyimiz zənginliyimizdir, dövlətin siyasətidir və artıq həyat tərzimizə çevrilib. Bu məqam bizim üçün həm də çox böyük məsuliyyətdir, gələcəyimizin təminatçısıdır. Xalqımız da bunun fərqindədir. Ona görə də bizdə sabitlik var, inkişaf var. Düşünürəm ki, artıq qaragüruhun əks təbliğatı heç bir nəticə vermir. Çünki insanlar gəlib tamamilə fərqli mənzərə görürlər. Onlar öz ölkələrinə qayıtdıqdan sonra bizim təbliğatçımıza çevrilirlər. Bu dəfəki yarışda dörd il bundan əvvəllə müqayisədə qaragüruhun iflasa uğradığını görürük. Onların antiazərbaycan təbliğatı sabun köpüyü kimi partlayıb və heç bir nəticə verməyib. Turistlər görürlər ki, ölkədə səhərə qədər sərbəst şəkildə gəzə bilirlər. Halbuki elə ölkələr var ki, orada belə bir şey mümkün deyil. Ölkəmizin əleyhdarlarının apardığı kampaniyanın iflasa uğramasının kökündə dayanan mühüm məqam odur ki, xaricilər gəlib hər şeyi öz gözləri ilə görürlər.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər