Mehriban Əliyeva: “Azərbaycan bu gün inkişaf və tərəqqi yolu ilə gedir”
Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva oktyabrın 5-də
Abşeron rayonunun Masazır qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərcikdə
yeni inşa olunan üç binada mənzillərin təqdim edilməsi mərasimində iştirak
edib.
AZƏRTACxəbər verir ki, baş nazirin
müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Əli Həsənov görülən işlər barədə Birinci vitse-prezidentə məlumat verdi.
Bildirildi
ki, bu binalar "Qəzalı vəziyyətdə olan binalarda məskunlaşmış məcburi köçkün
ailələrinin yeni mənzillərlə təmin olunması” layihəsi çərçivəsində tikilib.
Müasir səviyyədə təmir edilən mənzillərin hamısı zəruri avadanlıqla, həmçinin
qaz, su və elektrik enerjisi ilə təmin olunub. Binaların həyətində geniş
abadlıq-quruculuq işləri aparılıb, yaşıllıq zolaqları salınıb.
Birinci vitse-prezident Mehriban Əliyeva
mərasimdə çıxış etdi.
Mehriban Əliyeva bildirdi ki, 20 ildən artıq
davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ən
ağır problemi, xalqımızın ən böyük ağrısıdır. Münaqişə nəticəsində soydaşlarımızın
qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olduğunu deyən Azərbaycanın
Birinci vitse-prezidenti vurğuladı ki, dövlətimizin başçısı İlham Əliyev istər
ikitərəfli görüşlərdə, istərsə də beynəlxalq təşkilatlarda etdiyi çıxışlarda bu
münaqişə barədə məlumat verir. Bu məsələyə dünyada olan ikili standartlar
barədə danışan Birinci vitse-prezident qeyd etdi ki, insan hüquqları
təşkilatları 1 milyondan çox qaçqın və məcburi köçkünün haqlarının pozulması
ilə bağlı məsələnin həllində səylər göstərmir.
Mehriban xanım Əliyeva dövlətimizin bu illər
ərzində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması ilə
bağlı mühüm işlər gördüyünü, onların yeni mənzillərə köçürüldüyünü, iş yerləri
ilə təmin olunduqlarını qeyd etdi. Vurğuladı ki, indiki mərhələdə
uyğunlaşdırılmış binalarda, ilk növbədə isə qəzalı vəziyyətdə olan evlərdə
yaşayan bu cür insanların mənzil məsələlərinin həlli diqqət mərkəzindədir və
gələcəkdə də bu istiqamətdə addımlar atılacaq.
"Azərbaycan qüdrətli və müstəqil dövlətdir.
İnkişaf təkcə Bakıda deyil, ölkəmizin hər yerində təmin olunub”, - deyən
Birinci vitse-prezident son illərdə ölkəmizdə turizmin inkişafı ilə bağlı
görülən işlərdən, regionlarda həyata keçirilən sosial layihələrdən, idman
sahəsində əldə edilən uğurlardan, birinci Avropa Oyunlarının və İslam
Həmrəyliyi Oyunlarının yüksək səviyyədə keçirilməsindən də danışdı. Bildirdi
ki, Prezident İlham Əliyev üçün Azərbaycanın və xalqımızın maraqları hər şeydən
üstündür.
Mehriban Əliyeva Azərbaycanın bu gün inkişaf və
tərəqqi yolu ilə getdiyini vurğuladı.
Laçın rayonundan olan məcburi köçkünlər Ağa
Əhmədov və Kəmalə Quliyeva, Ağdam rayonundan olan məcburi köçkün Aysel Bəşirova
onlara göstərilən dövlət qayğısını qeyd etdilər, Birinci vitse-prezident
Mehriban Əliyevaya bu cür layihələrin həyata keçirilməsinə görə
minnətdarlıqlarını bildirdilər.
Sonra Azərbaycanın Birinci vitse-prezidenti
binalardakı mənzillərdə yaradılan şəraitlə tanış oldu.
Bildirildi ki, burada ikisi 80, biri isə 50 mənzilli
olmaqla 3 bina inşa edilib. Bu cür layihələrin icrası bir daha sübut edir ki,
dövlətimiz məcburi köçkünlərin mənzillərlə təmin olunmasına, onların sosial
məsələlərinin həllinə daim böyük diqqətlə yanaşır. Belə binaların inşası həm də
bu qəbildən olan vətəndaşlarımızın sosial şəraitinin yaxşılaşdırılması
istiqamətində icra edilən layihələrin davamlı olduğunu nümayiş etdirir.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban
Əliyeva Laçın rayonundan olan məcburi köçkün İnnaf Nəcəfovanın mənzilində oldu.
İnnaf Nəcəfova onlar üçün yaradılan şəraitə görə
Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya minnətdarlığını
bildirdi.
Mehriban Əliyeva bu kateqoriyadan olan
insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində bundan sonra da
tədbirlərin davam etdiriləcəyini dedi, dövlətimizin başçısının müdrik siyasəti
ilə torpaqlarımızın tezliklə işğaldan azad ediləcəyinə ümidvar olduğunu
vurğuladı.