• cümə axşamı, 28 mart, 17:51
  • Baku Bakı 16°C

Azərbaycan BMT müstəvisində fəal diplomatiya həyata keçirir

24.09.20 09:30 430
Azərbaycan BMT müstəvisində fəal diplomatiya həyata keçirir
Azərbaycan BMT müstəvisində fəal diplomatiya həyata keçirir. Ölkəmiz dünyanın ən böyük beynəlxalq təşkilatı olan BMT-nin tribunasından inkişaf və tərəqqi siyasətini, xüsusilə Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında dərin məzmunlu və əhatəli çıxış etdi. Prezident Qoşulmama Hərəkatının sədri kimi çıxışında dünyanı narahat edən problemlər, münaqişələr, koronavirus pandemiyası ilə mübarizə, BMT-də islahatların aparılmasının vacibliyini diqqətə çatdırdı.
AZƏRTACxəbər verir ki, bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Azərbaycan dünyada böyük nüfuza sahib olan dövlətdir. Məhz bunun nəticəsidir ki, ölkəmiz 2012-2013-cü illərdə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib. Onun sözlərinə görə, hazırda BMT-də islahatların aparılması günün reallığıdır. Prezidentin qeyd etdiyi kimi, beynəlxalq hüquqa hörmət və bunu təmin etmək iqtidarında olan səmərəli qlobal təsisatlara ehtiyac var. Bu baxımdan Qoşulmama Hərəkatının rolu mühüm əhəmiyyətə malikdir. Qoşulmama Hərəkatı BMT-nin rolunun gücləndirilməsinə çox böyük əhəmiyyət verir və onun potensialından tam istifadə olunması üçün səylərin göstərilməsini vacib hesab edir. Azərbaycan Prezidenti çıxışında qeyd etdi ki, BMT-nin gücləndirilməsi və müasirləşdirilməsi, Baş Assambleyanın canlandırılması, beynəlxalq sülh və təhlükəsizlik sahəsində təşkilatın demokratik, məsuliyyətli, şəffaf və təmsilçiliyi təmin edən orqana çevrilməsi üçün BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına çağırırıq. BMT universal üzvlüyü təmin edən yeganə qlobal təsisatdır və beləliklə də dayanıqlı inkişafa nail olunması məqsədilə qlobal iqtisadi idarəçiliyi əhatə etmək iqtidarındadır. Bu səbəbdən BMT-nin qlobal iqtisadi idarəçilikdə rolu gücləndirilməlidir.
Deputat bildirib ki, Prezident İlham Əliyevin belə bir mötəbər toplantıda Qoşulmama Hərəkatının adından çıxış etməsi Azərbaycanın beynəlxalq miqyasda artan nüfuzunun göstəricisidir. Dövlətimizin başçısı çıxışında BMT Nizamnaməsinə qoşulmaqla hər hansı bir ölkənin siyasi müstəqilliyinə və ərazi bütövlüyünə qarşı güclə hədələməkdən və gücün tətbiqindən çəkinmək öhdəliyini xatırladıb. Lakin Ermənistan öz öhdəliklərini kobud şəkildə pozaraq Azərbaycana qarşı hərbi güc tətbiq edib. Belə ki, Ermənistan Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və ətraf yeddi rayonunu işğal edib. BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul edilmiş dörd qətnaməsi isə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan torpaqlarından dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edir. Amma işğalçı Ermənistan hələ də bu qətnamələrə məhəl qoymamaqda davam edir.
Onun sözlərinə görə, dövlətimizin başçısı Ermənistan hakimiyyətinin təxribatçı bəyanatlarını, cəbhə xəttində gərginliyi artırdığını, işğal olunmuş ərazilərimizdə qanunsuz məskunlaşdırma siyasəti həyata keçirdiyini faktlarla sadalayıb. S.Fətəliyeva qeyd edib ki, Ermənistan bu davranışı ilə Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli istiqamətində bütün imkanların üzərindən xətt çəkir: "Ermənistan bilərəkdən danışıqlar prosesindən imtina edir və regionda gərginliyi artırmağa çalışır. Dünya ictimaiyyəti, bütün beynəlxalq təşkilatlar və dövlətlər Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığı, Ermənistanın Azərbaycan ərazilərinin 20 faizini işğal etməsini pislədiyi halda indiyə qədər Ermənistan öz təxribatçı əməllərindən geri çəkilmir. Ermənistanın işğalçı olduğunu təsdiq edən kifayət qədər beynəlxalq sənəd var. Azərbaycanın mövqeyi bundan ibarətdir ki, münaqişə BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalı, ərazi bütövlüyümüz bərpa olunmalı və məcburi köçkünlər öz doğma yurdlarına qayıtmalıdırlar”.
banner

Oxşar Xəbərlər