AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib

Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib

Cəmiyyət
06 Dekabr 2019, 14:30 319
Azərbaycanın təşkilatçılığı ilə keçirilən siyasi, iqtisadi, humanitar mövzularda beynəlxalq tədbirlər, orada verilən mesajlar təkcə ölkəmizin beynəlxalq nüfuzunun göstəricisi deyil, eyni zamanda, siyasi iradə və qətiyyətin təzahürüdür. Azərbaycan kifayət qədər ciddi geosiyasi əhəmiyyətə malik ölkədir. Böyük dövlətlərin maraqlarının toqquşduğu regionda iqtisadi inkişaf və siyasi sabitlik göstəriciləri ilə fərqlənmək ölkəmizin həm də etibarlı və dayanıqlı tərəfdaş olduğunu sübut edir. Sirr deyil ki, nüfuzlu beynəlxalq tədbirlər, mühüm hadisələr ərəfəsində müəyyən xarici qüvvələr həmişə Azərbaycanı hədəfə alırlar. Məqsəd bəllidir. Lakin Azərbaycan beynəlxalq əməkdaşlığı genişlənən, siyasi nüfuzlu, iqtisadiyyatı dinamik inkişaf edən, mütərəqqi və islahatçı ölkədir. Dövlətin daxili və xarici siyasəti bir-birini tamamlayır, çevikdir və bütündür. Bütün bunlar isə XXI əsrdə münaqişələrin getdikcə artdığı bir dövrdə önəmli şərtlərdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu deyib.

Vüqar Zifəroğlu bildirib ki, bu gün Azərbaycan dünyada mühüm regional iqtisadi-siyasi mərkəzə, nəqliyyat-tranzit qovşağına çevrilib. Ümumiyyətlə, beynəlxalq və regional nəqliyyat dəhlizlərinin inkişafı iqtisadiyyatımızın səmərəliliyinin artırılmasına müsbət təsir göstərir. Eyni zamanda, nəqliyyat, infrastruktur və logistika sahələrində birgə layihələr dövlətimizin iqtisadi imkanlarını genişləndirir, əhəmiyyətini artırır. Ölkəmizin ərazisindən keçən Şərq-Qərb, Şimal-Cənub və Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizləri yükdaşımalar üçün məsafə və müddət baxımından olduqca əlverişlidir. Azərbaycan, eyni zamanda, beynəlxalq enerji layihələrində də ciddi və önəmli tərəfdaşdır. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yerinin möhkəmlənməsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün uğurla davam etdirilən düşünülmüş enerji siyasətinin rolu xüsusilə qeyd edilməlidir.

"Ölkəmizin beynəlxalq nüfuzunun artmasına ciddi təsir göstərən başqa məqam istər siyasi, istər sosial və humanitar əhəmiyyətə malik mühüm beynəlxalq tədbirlərə ev sahibliyi etməsidir. Bu il BMT-dən sonra ən çox dövlətin üzv olduğu Qoşulmama Hərəkatının sammitinin ölkəmizdə keçirilməsi və 3 il müddətinə bu nüfuzlu beynəlxalq təşkilata məhz Azərbaycanın sədr seçilməsi aparılan uğurlu xarici və daxili siyasətimizə beynəlxalq ictimaiyyətin yüksək dəyəri və etimadının göstəricisidir. Qeyd etmək lazımdır ki, Azərbaycanın beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması və sədrlik etməsi ilk hadisə deyil. Bu xüsusda ölkəmizin BMT-nin Təhlükəsizlik Şurasındakı fəaliyyətini xüsusi vurğulamaq lazımdır. Prezident İlham Əliyevin Bakı Dövlət Universitetinin (BDU) 100 illiyinə həsr edilmiş tədbirdəki çıxışında da bildirdiyi kimi, bu, heç də asan əldə edilən nailiyyət deyil. Qarşımıza çıxarılan süni əngəlləri 3 gün və 16 turda davam edən səsvermənin nəticəsində məhz prinsipiallıq, qətiyyət və əzm sayəsində dəf etmək mümkün olub”, – deyə V.Zifəroğlu qeyd edib. Bildirib ki, Azərbaycanın beynəlxalq siyasətinin təməlində dünyanı bir araya gətirməklə müxtəlif dini konfessiyalar arasında dostluq yaratmaq, dünyaya multikulturalizm nümunəsini təqdim etmək, dünyada baş verən haqsızlıq və ədalətsizliklərə qarşı birgə səylərini ortaya qoymaq istəyi durur. Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu xüsusda beynəlxalq tədbirlərdəki çıxışlarında qaldırdıqları problemlər, verdikləri mesajlar olduqca önəmlidir. Prezident İlham Əliyevin BDU-nun 100 illik yubiley tədbirində etdiyi çıxışında vurğuladığı kimi: "Bu gün əsl müstəqillik dövrüdür. Çünki bu gün biz özümüz öz gələcəyimizi müəyyən edirik. Bu gün biz özümüz qərarları qəbul edirik. Bu gün Azərbaycanda xalqın iradəsi hökm sürür. Bu gün Azərbaycan dünya miqyasında müasir, öz tarixinə, ənənələrinə sadiq, sürətlə inkişaf edən dinamik ölkədir”.

BDU-nun dekanı deyib ki, Azərbaycanda aparılan ardıcıl və kompleks islahatlar və onların nəticələri bir daha onu göstərir ki, əldə edilən nailiyyətlər hələ başlanğıcdır. Qlobal güclərin daim diqqət mərkəzində olan, ciddi strateji əhəmiyyətə malik ölkəmiz təbii imkanlarından və intellektual resurslarından istər daxili inkişafının təmin olunmasında, istərsə də beynəlxalq mövqelərinin gücləndirilməsində səmərəli istifadə edir. Birbaşa dövlət və milli maraqlara söykənən çevik siyasət nəticəsində Azərbaycan beynəlxalq münasibətlər sistemində önəmli aktora çevrilib.