• cümə axşamı, 25 aprel, 11:44
  • Baku Bakı 14°C

Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirər?

14.10.17 11:30 3013
Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirər?
Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Avropa Şurası Parlament Assambleyasında Azərbaycan əleyhinə yenə qərəzli qətnamələr qəbil edilib. Bu əslində, Avropa Şurasının uzun illərdən bəri Azərbaycana olan mənfi münasibətinin davamı idi. Hətta iş o yerə gəlib çatdı ki, avropalı deputatlar təşkilatın rəhbərliyinin Azərbaycanla bağlı atdığı bu addıma əks reaksiya verdilər.

Sentyabr ayının əvvəllərində Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanın təşkilatdan çıxarılması ilə bağlı təklifi heç də yaddan çıxmayıb. Qurum rəhbərinin belə bir təklifi hələ də qaranlıq məqamlardan xəbər verir. Əslində Azərbaycanın Avropa Şurasında təmsil olunması Dağlıq Qarabağ münaqişəsinin həllini sürətləndirmək məqsədi daşıyıb. Lakin təşkilata üzv olduğumuz 2001-ci ildən bu yana münaqişənin həlli ilə bağlı Avropa Şurası konkret olaraq heç bir addım atmayıb. Əksinə, hər zaman Azərbaycan bu təşkilatdakı qaragüruhçu, islamofob, ksenofob qüvvələrin hədəfinə tuş gəlib.

Əgər nəzəri baxımından Azərbaycan Avropa Şurasından çıxarsa, nə itirəcək?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə bildirdi ki, bu gün Azərbaycanın Avropa Şurasından çıxmaq niyyəti yoxdur və bu nəzərdən keçirilmir: "Ancaq hadisələr bu cür davam edərsə, Avropa Şurası Azərbaycanı "xüsusi” diqqətə götürərsə, əlbəttə ki, bu zaman münasibətlərin daha aşağı pilləyə keçirilməsi, yaxud da təşkilatdan çıxmaq məsələsi qoyula bilər. Misal üçün, son iki gün ərzində ABŞ və İsrailin YUNESKO-dan çıxması barəsində qərar elan olunub. Maraqları qorunmadığına görə hər iki dövlət bu təşkilatla əlaqələrini kəsir. Amma biz Avropa Şurasından çıxarıqsa, təşkilat itirəcək. Çünki təşkilatın artıq hüquqi və siyasi təsir imkanları Azərbaycan üzərində olmayacaq. İstənilən beynəlxalq təşkilat ilk növbədə öz təsir dairəsinin geniş və effektli olmasında maraqlıdır. Əgər Azərbaycan çıxacaqsa, Avropa Şurasının qərarları, qurumun gündəlik siyasəti bizim ölkə üzərində öz təsirini itirəcək. Digər tərəfdən, Avropa məsələlərinin həllində Azərbaycan Avropa Şurasız da iştirak edəcək. Amma Avropa Şurası Azərbaycanın töhfəsindən istifadə edə bilməyəcək. Azərbaycan isə bu məsələdə heç nə itirməyəcək. Ora keçirdiyimiz vəsait büdcəmizdə qalacaq, ölkəmiz yenə də islahatların aparıldığı, eləcə də demokratiyanın mövcud olduğu, insan hüquqlarının qorunduğu ölkə kimi qalacaq. Azərbaycan yenə də Avropanın əməkdaşlıq və ikitərəfli əlaqələri inkişaf etdirmək istədiyi ölkə olacaq. Avropa Şurası Parlament Assambleyası Azərbaycanla bağlı iki qətnamə qəbul edib. Amma ondan da üstün və səmərəli olan Avropa Birliyinin 20 səfiri Azərbaycana səfərə gəlir, Prezident İlham Əliyevlə görüşdə ikitərəfli münasibətlər müzakirə olunur və eyni zamanda dövlət başçısını bu ay Brüsseldə baş tutacaq sammitə dəvət edirlər”.

A.Mirzəzadə qeyd etdi ki, Azərbaycan bu gün Avropa qitəsinin enerji təhlükəsizliyini təmin edən bir ölkədir: "Vaxtı ilə ulu öndər Heydər Əliyevin uzaqgörənliyi nəticəsində inşa edilmiş Bakı-Tblisi-Ceyhan neft kəməri günü-gündən daha artıq tərəfdaş cəlb edir. Məsələn, bu günlərdə Türkmənistan neftinin BTC vasitəsilə ötürülməsi barədə qərar qəbul edilib. "Şimal-Cənub” dəmiryol xətti Azərbaycandan keçəcək. "Azəri-Çıraq-Günəşli” neft yataqlarının istifadəsi barəsində yeni müqaviləyə əsasən, Azərbaycana birdəfəlik 3,6 milyard dollar bonus veriləcək. Yəni, göründüyü kimi, belə bir ölkəni itirmək Avropa Şurası üçün doğrudan da təsirli olacaq. Amma seçimi onlar edir. Azərbaycan əməkdaşlığa hazırdır. Ancaq Yaqland kimi Avropa Şurası təmsilçilərinin dostluq körpüsünü dağıtmaq istəyi ilk növbədə bu qurum üçün zərərli olacaq”.
Deputat Azərbaycanın Avropa Şurasından çıxacağı halda, ölkəmizin maliyyə sıxıntıları olacağı ilə bağlı səsləndirilən fikirlərə toxunaraq dedi ki, bu yanaşmalar doğru deyil: "İlk növbədə ona görə ki, Azərbaycan xaricdən bir o qədər çox kredit götürməyib. Ölkəmiz biznes layihələri üzrə kredit götürür və ümumiyyətlə, bu gün Azərbaycanın kreditlərə ehtiyacı belə yoxdur. Bizim valyuta ehtiyatlarımız 42 milyard dollara bərabərdir və bu, ildən-ilə artmaqda davam edir. Azərbaycan məhsullarına onsuz da bazar var və bu genişlənməkdədir. Hansı kredit və investisiyasının kəsilməsindən söhbət gedir? Azərbaycan özü kredit verən bir ölkədir. Bu gün investor daha çox gəlir götürməkdə, qoyulan investisiyanın qorunmasında maraqlıdır və o, bazar seçərkən heç də Yaqlandın fikrini soruşmur. Azərbaycanın Avropa Şurasından çıxması heç də Avropadan çıxması demək deyil. Ölkəmiz demokratik prinsiplərdən əl çəkməyəcək, insan hüquqlarının qorunmasını arxa plana atmayacaq, xarici investisiya üçün əlverişli şərait yaradılması öhdəçiliyindən çıxmayacaq. Ona görə də bəzi ekspertlərin fikri sadəcə olaraq, cəmiyyəti çaşdırmaq məqsədi güdür”.

Millət vəkili, politoloq Rasim Musabəyov bildirdi ki, Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan Avropa Şurasında qalmaqla elə də böyük qazanc əldə etmir, çıxsa da itiriləsi bir şey yoxdur: "Sadəcə olaraq, Avropa Şurası bir siyasi meydandır və oranı boş qoymaq düzgün deyil. Onsuz da bu təşkilatda Azərbaycana xor baxan dövlətlər və onların nümayəndələri var. Onlar qarşı tərəfin cavabını gözləmədən ermənilərin xeyrinə ard-arda qərarlar qəbul edəcəklər. İndi təşkilatda təmsil olunduğumuz üçün cavablarını elə oradaca veririk. Yox əgər çıxarıqsa, Azərbaycan rəsmi şəkildə təşkilatın cavabını verər”.
Bəxtiyar MƏMMƏDLİ

banner

Oxşar Xəbərlər