• şənbə, 27 Aprel, 06:16
  • Baku Bakı 12°C

“Azərbaycan Avropa İttifaqı üçün daha dəyərlidir”

05.05.15 07:29 1578
“Azərbaycan Avropa İttifaqı üçün daha dəyərlidir”
Mayın 21-22-də Riqada “Şərq tərəfdaşlığı” (ŞT) Proqramının üzvü olan ölkələrin sammiti keçiriləcək. Müşavirədə Aİ-nin 28 ölkəsinin və “Şərq Tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin yüksək vəzifəli şəxsləri, habelə Aİ təsisatlarının siyasi rəhbərliyi iştirak edəcəklər. Gözlənildiyinə görə, Riqa sammiti Aİ-nin xarici siyasətində Avropa qonşuluq siyasətinin tərkib hissəsi kimi “Şərq Tərəfdaşlığı” siyasətinin strateji əhəmiyyətini təsdiq edəcək. Sammitdə ŞT siyasətinin həyata keçirilməsinin aktual məsələləri və çağırışları müzakirə olunacaq, habelə yaxın illərdə Aİ-nin tərəfdaş ölkələr ilə əməkdaşlığın inkişafının əsas istiqamətləri qeyd olunacaq. Sözügedən sammitə Aİ-nin “Şərq tərəfdaşlığı” təşəbbüsünə qoşulan Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus prezidentləri dəvət olunublar. Riqa sammiti, Azərbaycanın bu tədbirdə iştirakı, ölkəmizin Avropa ölkələri ilə münasibətləri və sairlə bağlı “Kaspi”nin suallarını “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu cavablandırır.
- Elxan bəy, təxminən 15 gün sonra “Şərq tərəfdaşlığı” Proqramına üzv ölkələrin Riqa sammiti keçiriləcək...
- “Şərq tərəfdaşlığı” proqramı 5+1 formatındadır. Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan və Ermənistanla yanaşı, Belarus da bu proqramın iştirakçısı, tərəfdaş ölkəsidir. “Şərq tərəfdaşlığı”nın tərəfdaş ölkələrindən Gürcüstan, Ukrayna və Moldova artıq assosiativ sazişə imza atıblar. Digərləri, hələlik bu sənədə imza atmayıblar. Düzdür, Ermənistan son ana qədər bu istiqamətdə danışıqlar apardı. Lakin bu faktdır ki, Ermənistan bütünlüklə Rusiyadan asılıdır. Ermənistan müstəqil qərar qəbul etmə, müstəqil siyasət yürütmək kimi imkanlardan məhrumdur. Bu ölkənin xarici siyasəti Rusiyanın icazəsi olmadan formalaşdırıla bilməz. Assosiativ sazişə imza atmaq mərhələsində də Ermənistan prezidenti Moskvaya çağırıldı, Kremldə ona vəziyyəti başa saldılar və Serj Sərkisyan belə bir addım atmaqdan vaz keçdi. Amma Azərbaycan və Belarus da assosiativ sazişə hələlik imza atmayıb. Mənim subyektiv fikrim belədir ki, Azərbaycan bu sazişə qoşulmalıdır. Bu, indi baş verməsə də, gələcək proseslərdə reallaşdırıla bilər. Azərbaycan Ümumdünya Ticarət Təşkilatına da üzv deyil. Fikrimcə, bu proses də sürətləndirilməlidir. Azərbaycan tərəfi təklif edir ki, Avropa İttifaqı ölkələri ilə strateji sənəd imzalansın, strateji əlaqələr burada öz əksini tapsın. Bunu da mümkün sayıram.
- Azərbaycan Prezidenti İlham Əliyev ötən həftə Bakıda keçirilən III Qlobal Açıq Cəmiyyətlər Forumundakı çıxışında ölkəmizin “Şərq Tərəfdaşlığı” proqramın fəal iştirakçısı olduğunu, Avropa İttifaqının üzv dövlətləri ilə ikitərəfli əlaqələrini gücləndirdiyini xatırlatdı. Hətta bu günədək ölkəmizin ittifaqın 7 ölkəsi ilə Strateji Tərəfdaşlığa dair saziş imzaladığını, birgə bəyanat qəbul etdiyini vurğuladı. Eyni zamanda bildirdi ki, növbəti illərdə Avropa İttifaqı tərəfindən “Şərq Tərəfdaşlığı” Proqramına üzv olan dövlətlərə qarşı daha da fərqləndirilmiş yanaşma olmalıdır. Sizcə, bu fərqli yanaşmanı zəruri edən nədir?
- Əlbəttə ki, “Şərq Tərəfdaşlığı” proqramına qoşulan digər ölkələrlə müqayisədə Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının çəkisi daha “ağır” olmalıdır. Dövlət başçısı da bu reallıqdan çıxış edərək, açıq şəkildə fikirlərini ifadə edib. Onun da qeyd etdiyi kimi, “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edənlər fərqli ölkələrdir, fərqli hədəflərə və fərqli iqtisadi inkişafa malik dövlətlərdir. Bu səbəbdən Azərbaycan üçün ən münasib format strateji tərəfdaşlıqdır. Azərbaycan Prezidenti onu da bildirib ki, strateji tərəfdaşlıq formatı münasibətlərimizin mahiyyətini və gələcəyini əks etdirəcəkdir. Söylənilən fikirlərlə tamamilə razıyam. Çünki assosiativ sazişə imza atan Ukrayna, Gürcüstan və Moldovanın iqtisadi vəziyyəti ağır durumdadır. Bir neçə gün bundan qabaq Kiyevdə olan birisi kimi, şəxsi müşahidələrim, söhbətlərim əsasında deyə bilərəm ki, Ukrayna iqtisadiyyatı günbəgün geriləyərək, ağır vəziyyətə düşüb. Bu ölkədə sosial vəziyyət günbəgün ağırlaşır. 4-5 ay bundan öncə ilə müqayisədə Kiyevdə həyat şərtlərinin ağırlaşdığını aydın şəkildə müşahidə etmək mümkündür. Ukraynada “Maydan” əhval-ruhiyyəsi tamamilə arxada qalıb. İnsanlar baş verənlərdən yorulub və gündəlik tələbatlarının ödənilməsi haqqında düşünürlər. Təsəvvür edin, Ukraynada maaş az, inflyasiya və qiymətlər yüksək, bundan irəli gələrək də çətinliklər hər gün daha da artır. Orada insanlar yalnız müharibəyə görə dözür, özlərinin seçdiyi prezidentə əlavə problemlər yaratmaq istəmirlər. Ancaq hesab edirəm ki, zəruri iqtisadi islahatlar aparılmasa, insanların dözümünün sonu gələ bilər. Gürcüstan və Moldovanın iqtisadiyyatı da ürəkaçan vəziyyətdə deyil. Bu üç ölkədən fərqli olaraq, Azərbaycanda iqtisadi vəziyyət daha yaxşıdır, iqtisadi inkişaf gözə çarpır. Mövcud iqtisadi mənzərəni nəzərə alsaq, Azərbaycan Avropa İttifaqına daha çox töhfə verə bilər, nəinki assosiativ sazişə imza atan 3 ölkə. Bu gün enerji təhlükəsizliyi Avropa İttifaqına üzv dövlətlər, eləcə də dünya dövlətləri üçün milli təhlükəsizliyə bərabər məsələdir. Azərbaycanla Avropa İttifaqı ölkələri arasında enerji əməkdaşlığı var. Azərbaycan TAP və TANAP layihələrini irəli sürməklə Avropa İttifaqına müsbət dvidentlər gətirəcək. Bununla Avropanın Rusiyadan enerji – qaz asılılığı nisbətən azalacaq. Gələcəkdə Türkmənistan da bu prosesə qoşulacaq. Artıq Aşqabadda keçirilən görüşlərin nəticəsi olaraq, Türkmənistan-Azərbaycan-Türkiyə-Avropa İttifaqı dördlüyü yaranıb. Bu dördlüyün əsas istəyi türkmən qazının TAP və TANAP boru xəttinə çıxarılmasıdır. Bununla Avropaya daha çox qaz nəql ediləcək. Bu cür çoxsaylı arqumentləri ortaya qoysaq görərik ki, Azərbaycan Avropa İttifaqı üçün daha dəyərlidir. Hesab edirəm ki, Riqa sammitində bu məsələlər ətrafında da ciddi müzakirələr aparılacaq.
- Bəzi ekspertlər hesab edirlər ki, Azərbaycan assosiativ sazişə imza atmadığı üçün Avropa İttifaqı tərəfindən ölkəmizə qarşı təzyiqlər var. Siz bu fikirləri bölüşürsünüzmü?
- Hesab etmirəm ki, assosiativ sazişə imza atmadığına görə Brüsseldən Azərbaycana hər hansı təzyiq var. Çünki, Brüsseldə də Azərbaycanın vəziyyətini, ölkəmizin dəyərini yaxşı anlayırlar. Yalnız bir boru xətti kifayətdir ki, Azərbaycan assosiativ sazişə imza atan 3 ölkədən fərqli görünsün. Bu baxımdan, Riqa sammitindən yüksək nəticələr gözləyirəm. Əməkdaşlıq əlaqələrini daha da gücləndirmək həm Avropa İttifaqı, həm də Azərbaycan üçün əhəmiyyətlidir.
- Rusiya xarici işlər nazirliyinin nümayəndəsi Aleksandr Lukaşeviç Riqada keçiriləcək sammiti anti-Rusiya aktı kimi qələmə verib. O, rəsmi Moskvanın bu sammitə “olduqca mənfi” yanaşdığını dilə gətirərək, buna “kifayət qədər sərt, prinsipial” reaksiya veriləcəyini bəyan edib. Kremlin belə mövqeyi “Şərq Tərəfdaşlığı”nın altı tərəfdaş ölkəsinin Avropa İttifaqı ilə münasibətlərinə necə təsir göstərə bilər?
- Bir qədər əvvəlki sualda Ermənistanın vəziyyətini tam əks etdirdim. Ukrayna, Gürcüstan və Moldova da qərbyönümlü siyasi xətt tutublar, təzyiq və təsirlərə, itkilərə baxmayaraq, hələlik bu yolla irəliləməkdədirlər. Bu ölkələrdəki Luqansk, Donetsk, Cənubi Osetiya, Abxaziya, Dnestryanı kimi problemlər də göz önündədir. Azərbaycana gəlincə, ölkəmizin Rusiya ilə normal, tərəfdaş münasibətləri var. Biz bu münasibətlərin davam etməsində, daha da inkişafında maraqlıyıq. Lakin heç bir dövlət, digər dövlətin daxili işlərinə qarışmalı deyil. Biz necə ki, Rusiyanın daxili işlərinə qarışmırıq, eləcə də Rusiya Azərbaycanın daxili işlərinə qarışmalı deyil. Belə yanaşmanı, bu çərçivəni Azərbaycan münasibətlər qurduğu istənilən ölkəyə qarşı həm özü nümayiş etdirir, həm də onlardan gözləyir. Biz Avropa İttifaqı ilə də bu çərçivədə istənilən əlaqəni qura bilərik. Bu isə Rusiya hakimiyyətini qıcıqlandırmalı deyil. Rusiya da Qazaxıstan, Belarus və Ermənistanla birlik yaradıb. Baxmayaraq ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycan ərazisinin 20 faizini işğal edib, beynəlxalq hüququn prinsiplərini tapdaq altına atıb, öz istehsal etdiyi məhsulları bu birlik vasitəsilə satışa çıxaracaq, biz sözügedən birliyə də qarışmırıq. Azərbaycanın da öz yolu var, dövlətimiz milli maraqları öndə tutulmaqla bu yolla irəliləyir. Əgər Avropa İttifaqı ilə Azərbaycanın əlaqələrinin daha da inkişafı milli maraqlarımıza cavab verirsə, biz bundan niyə imtina etməliyik? Ona görə də düşünmürəm ki, rəsmi Moskvanın bu kimi təzyiqləri hər hansı effekt versin. Rusiyanın özü ilə normal münasibətləri davam etdirməklə yanaşı, bizim özümüzün seçdiyimiz tərəfdaşlar da var. Rusiyanın bundan xoşu gəlsə də, gəlməsə də bu tərəfdaşlar Gürcüstan, Türkiyə, Avropa İttifaqı, ABŞ və sairdir. Biz ABŞ və Avropa ölkələri ilə enerji sahəsində sıx əməkdaşlıq edirik. Bu, bizim milli maraqlarımıza söykənən seçimimizdir. Kimin nə deməsindən asılı olmayaraq, milli və təhlükəsizlik maraqlarımıza cavab verən yolla irəliləməyə davam etməliyik.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər