Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri müzakirə edilib
İqtisadiyyat naziri, Azərbaycan
Respublikasının Avropaya İnteqrasiyası üzrə Dövlət Komissiyasının sədri Şahin
Mustafayev ölkəmizdə səfərdə olan Avropa İttifaqı-Azərbaycan Parlament
Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edib.
Azərbaycan-Avropa
iqtisadi əlaqələrindən danışan nazir Şahin Mustafayev vurğulayıb ki, ölkəmiz Avropanın enerji təhlükəsizliyinin təmin
edilməsində əhəmiyyətli rol oynayır, Avropa İttifaqı ilə investisiya, müxtəlif
proqramlar (Tvinninq, TAİEX və s.) çərçivəsində əməkdaşlıq həyata keçirilir.
Avropa İttifaqının 23 üzv ölkəsi ilə ikiqat vergitutmanın aradan qaldırılması,
18 ölkəsi ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər
imzalanıb, 14 üzv ölkə ilə Hökumətlərarası Komissiya yaradılıb. Son 5 ildə
Avropa İttifaqı və ona üzv ölkələrlə 100-dən çox biznes forum və müxtəlif
tədbirlər, o cümlədən bu ilin mayında Bakıda Azərbaycan-Avropa İttifaqı biznes
forumu keçirilib.
Avropa İttifaqı Azərbaycanın əsas
ticarət tərəfdaşlarındandır. Ötən il Avropa İttifaqı ilə ticarət dövriyyəsinin
həcminin ümumi ticarətdəki payı 47%, bu ilin yanvar-avqust aylarında isə 37%
təşkil edib.
Görüşdə Azərbaycan iqtisadiyyatı
və onun prioritet istiqamətləri, iqtisadiyyatın şaxələndərilməsi, eləcə də son
zamanlar iqtisadi sahədə həyata keçirilən kompleks islahatlar barədə məlumat
verilib, Azərbaycan-Avropa İttifaqı iqtisadi əlaqələri və əməkdaşlıq
perspektivləri müzakirə edilib, Avropa parlamentarilərinin ölkə iqtisadiyyatına
dair sualları cavablandırılıb.
Avropa İttifaqı-Azərbaycan
iqtisadi əlaqələri barədə fikirlərini bildirən Avropa Parlamentinin Böyük
Britaniyadan olan deputatı, mühafizəkarlar və islahatçılar qrupunun təmsilçisi
Sayyad Kərim Avropa İttifaqı və Azərbaycan arasında enerji sahəsi ilə yanaşı, digər
sahələrdə də əlaqələrin genişləndirilməsinin önəmini qeyd edib, Avropa
İttifaqının əməkdaşlığın inkişafı istiqamətində səylərini davam etdirəcəyini
vurğulayıb.