Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının möhkəmləndirilməsinə töhfə
Prezident İlham Əliyev ötən
həftə Latviyada rəsmi səfərdə olub. Səfər çərçivəsində Azərbaycan dövlət
başçısı latviyalı həmkarı Raymonds Veyonis, baş nazir Maris Kuçinskis və
Latviya Seyminin sədri İnara Murnietse ilə görüşlər keçirib, ikitərəfli
münasibətlərin siyasi, iqtisadi və digər sahələrinin uğurla inkişaf etməsinə,
daha da genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb. Müzakirələr zamanı Azərbaycan-Latviya
münasibətlərinin Azərbaycan-Avropa İttifaqı münasibətləri çərçivəsində önəmi
qeyd edilib, Hökumətlərarası Komissiyanın fəaliyyəti müzakirə olunub, ticarət
dövriyyəsinin artırılması üçün imkanların araşdırılması, ixrac-idxal
potensialının müəyyənləşdirilməsi, kənd təsərrüfatı, turizm,
informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq məsələlərindən
danışılıb. Prezident R.Veyonis Latviya dövlətinin ölkəmizin ərazi bütövlüyünü
dəstəklədiyini, gələcəkdə də Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının
möhkəmləndirilməsi işinə töhfə verəcəyini vurğulayıb. Səfər çərçivəsində Azərbaycan
və Latviya arasında mühüm sənədlər, eləcə də prezidentlər tərəfindən "Azərbaycan
ilə Latviya arasında strateji tərəfdaşlığın yaradılması haqqında Birgə
Bəyannamə” imzalanıb.
Prezident İ.Əliyev
imzalanan Bəyannamənin xüsusi əhəmiyyətini vurğulayaraq, Avropa İttifaqının
üzvü olan 11 ölkə ilə Azərbaycanın strateji tərəfdaşlıq haqqında sənədlərinin
olduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, Avropa İttifaqı ilə Azərbaycan
arasındakı əlaqələrdə enerji məsələləri ön plandadır. Burada da Azərbaycan
etibarlı tərəfdaş kimi Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində öz
rolunu oynayır və oynayacaqdır. Dövlət başçısı Azərbaycan qazının Avropa
məkanına çatdırılacaq yeganə yeni mənbə olduğunu xatırladaraq, bunu ölkəmizin
üstünlüyü kimi dəyərləndirib. Bildirilib ki, Latviyanın bu əlaqələrin
inkişafında çox böyük rolu var. Prezident İ.Əliyev Azərbaycan-NATO əlaqələrinin
uğurla inkişafında da ölkəmizin hər zaman Latviyanın dəstəyini hiss etdiyini
söyləyib. Səfər çərçivəsində Riqada Latviya-Azərbaycan biznes forumu da keçirilib.
Prezidentlər biznes forumun açılış mərasimində iştirak edərək, ölkələrimiz
arasında iqtisadi, ticari əlaqələrin inkişaf perspektivinə dair fikirlərini
bildiriblər.
Milli
Məclisin Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü,
Böyük Quruluş Partiyasının (BQP) sədri Fazil Mustafa mövzu ilə
bağlı "Kaspi”yə açıqlamasında Latviyanın Avropa İttifaqının üzvü olmasına
xüsusi diqqət çəkib. Bildirib ki, bu ölkənin Avropa İttifaqına digər üzv dövlətlərlə
yaxın olması nəzərə alınarsa, rəsmi Riqa ilə bütün sahələrdə münasibətlərin
qurulması, ölkələrimiz arasında münasibətlərin inkişaf etdirilməsi yalnız
məmnunluq doğurar: "Beynəlxalq aləmdə, eləcə də nüfuzlu təşkilatlarda
Azərbaycanın maraqlarının qorunmasına çalışmalı, bunun əksinə olacaq,
maraqlarımıza zidd hər hansı addımların qarşısının alınması üçün də hazırlıqlı,
tədbirli olmalıyıq. Bu baxımdan da Azərbaycan-Latviya münasibətlərinin
qurulması, inkişaf etdirilməsi vacibdir. Digər tərəfdən, ikitərəfli əlaqələrin
inkişaf etdirilməsində sözsüz ki, hər iki tərəfin maraqlarına uyğun məqamlar
var. Bu məqamlardan doğru istifadə etmək vacibdir. Bütün bunları nəzərə alsaq,
Azərbaycan Prezidenti İlham Əliyevin Latviya səfəri böyük əhəmiyyət daşıyır. Ən
azından, Avropa İttifaqında müəyyən rolu olan ölkələrin Azərbaycana dəstək
verməsi bizim ümumi işimizin faydasınadır”.
İşçi
qrupunun digər üzvü, Yeni Azərbaycan Partiyası (YAP) Qaradağ Rayon Təşkilatının
sədri Aydın Hüseynov da hesab edir ki, Avropa İttifaqının üzvü olan
Baltikyanı ölkələrlə, o cümlədən Latviya ilə münasibətlərin qurulması, strateji
tərəfdaşlıq səviyyəsinə çatdırılması Azərbaycanın dövlət maraqlarına cavab
verir. Onun sözlərinə görə, vaxtilə sovetlər birliyinin tərkibində olan
Azərbaycan və Latviya arasında mədəni, iqtisadi əlaqələr mövcud olub: "Zaman
keçdikcə bu əlaqələr genişlənib, hazırda müstəqillik dönəmində daha da inkişaf
etdirilir. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasətinin
təzahürüdür. Dövlət başçımızın Riqada olduğu müddətdə ölkələrimiz arasında
nəqliyyat, rabitə və yüksək texnologiyalar, yükdaşımaları, fövqəladə hallar,
təhsil sahələrinə dair sənədlər imzalandı. Cənab Prezidentin də vurğuladığı
kimi, Azərbaycanın ərazi bütövlüyü məsələləri Latviya tərəfindən dəstəklənir.
Prezidentlər tərəfindən imzalanan Bəyannamədə Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həlli ilə bağlı çox önəmli məsələlər əksini tapıb, qeyd
olunub ki, bu məsələ BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri,
Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, Azərbaycan sərhədlərinin
toxunulmazlığı çərçivəsində həllini tapmalıdır. Dövlət başçısının təbirincə
desək, bu, ədalətli, obyektiv mövqedir. Bununla yanaşı, Azərbaycanda istehsal
olunan və ehtiyac duyulan məhsulların Latviyaya ixrac edilməsi, həmçinin lazımi
məhsulların Latviyadan idxal edilməsi də səfər çərçivəsində müzakirə edilib.
Biznes forumda qarşılıqlı ticarət əlaqələrinin inkişafı üçün imkanlar diqqətə
çatdırılıb. Turizm sahəsində əməkdaşlığa da toxunularaq, Riqa-Bakı reyslərinin
müntəzəm həyata keçirilməsi üçün müvafiq göstərişlər verilib. Şimal-Cənub
nəqliyyat dəhlizinin üzərində yerləşən ölkələrdən biri kimi, Latviya
Azərbaycanla bərabər iş aparır. Bunun kimi bir çox misallar gətirmək olar ki,
ümumilikdə atılan hər bir addım ölkələrimizin maraqlarına tamamilə cavab
verir”.
Rufik
İSMAYILOV