• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

“Azərbaycan ata, Özbəkistan ana yurdumdur” - Soydaş

28.06.16 12:10 2835
“Azərbaycan ata, Özbəkistan ana yurdumdur” - Soydaş
Qəzetimizin bu dəfəki qonağı 25 yaşlı Xəyal Sarıyevdir. Xəyal əslən azərbaycanlıdır. Lakin ailəsi uzun müddət əvvəl Özbəkistanın paytaxtı Daşkəndə gedib və orada yaşamalı olublar. Xəyal hazırda Amerikada təhsil alır. Qonağımız bizimlə söhbətində Özbəkistandakı məktəb həyatından və Amerikada təhsil aldığı kollecindən danışdı.

"Bir ayağım vətəndədir”
Müsahibimiz 2006-cı ildə Özbəkistanda orta məktəbi bitirib. Sonra imtahan verərək Daşkənd "Elektronika və Avtomatika Professional Kolleci”nə daxil olub. 2009-cu ildə kolleci bitirib və imtahandan keçərək "Daşkənd Kimya Texnologiya Universiteti”nə qəbul olunub. 2013-cü ildə bu universiteti yüksək qiymətlərlə başa vuran müsahibimiz doğma yurdu Azərbaycana gəlib.
X.Sarıyev deyir ki, valideynlərinin doğulub boya-başa çatdıqları vətəni çox sevir. Özbəkistanda böyüsə də, mütəmadi şəkildə Azərbaycana gəlib, qohum-əqrəbaları ilə görüşüb. Nə qədər vətəndən kənarda yaşasalar da, bir ayaqları doğma torpaqda olub: "Azərbaycana yalnız qonaq kimi gedib-gəlirdik. Amma valideynlərim Azərbaycan dilində danışmağımıza həmişə diqqət edib. Doğma dilimizi unutmağımıza imkan yaratmayıb. Çünki onlar Özbəkistanda belə, azərbaycanlıların toplaşdığı məkanlara gedir, həmyerlilərimizlə ailəvi şəkildə dostluq edirlər. Azərbaycan mənim ata yurdum, Özbəkistan isə ana yurdumdur. Axı bütün uşaqlığım, yeniyetməliyim orada keçib...”

"Oxforda dəvət aldım”
Müsahibimiz Özbəkistanda təhsil aldıqdan sonra işləmək üçün doğma yurdu Azərbaycana üz tutur. Burada xarici dildə imtahanlardan keçir. Deyir ki, Azərbaycanda 3 imtahandan keçərək Oxford Universitetinə dəvət alıb: "İmtahanlardan keçdikdən sonra Amerika səfirliyinə gedib, cənab səfirlə görüşdüm. O mənə bir çox suallar verdi. Mən səfirə Oxford Universitetində oxumaq istəmədiyimi bildirdim. Çünki mən Kolumbiya Universitetinin tələbəsi olmaq istəyirdim. Hazırda Nyu Yorkda yerləşən Bruklin kollecində təhsil alıram. Bundan sonra Kolumbiya Universitetinin tələbəsi olmağı planlaşdırıram”.
Müsahibimiz Amerikadakı təhsil sistemini belə şərh edir: "Amerikada təhsil sistemi xaricdən gələn tələbələr üçün zəngin seçim sahəsinə malikdir. Burada məktəblərin belə, öz nizam-intizam qaydası var. Belə ki, proqram və yerlər üçün seçim imkanları təqdim olunur. Əgər siz Amerikada məktəb axtarışına başlasanız, bir də görəcəksiniz ki, amerikan təhsil sisteminin içərisindəsiniz. Təhsil sistemi özü sizin dar seçim imkanınıza kömək edəcək. Burada təhsil sizin inkişaf etməyinizə çox səbəb olacaq. Amerikanı çox bəyənirəm. Çünki burada özünü özün kimi hiss edirsən, tam azadsan. İstədiyini edə bilərsən. Əgər nəsə etmək istəsən, seçimlər çoxdur. Amerikalılar çox mehribandır. Amerika böyük və gözəl ölkədir, insanları səmimidir”.
Həmsöhbətimizin sözlərinə görə, amerikalılar çox fərqlidir. Onlar sağlamlıqlarının qədrini bilir, özlərini əziyyətə salmırlar: "Amerikanlar bütün həyatlarını planlı şəkildə yaşayırlar. Təhsillərinə də, əyləncələrinə də, yuxu rejimlərinə də riayət edirlər. Kitabxanada ən gec saat 11-ə qədər otururdular. Bizim tələbələr isə bütün günü yatır, səhərə qədər də kitabxanada otururlar”.

"Üzmək, üzmək, yenə də üzmək”
Asudə vaxtlarında maraqlı bədii əsərlərə müraciət edir və idmanla məşğul olur. Ən çox sevdiyi hobbisi üzmək, üzmək və yenə də üzməkdir. Müsahibimiz deyir ki, Amerikada hər səhər yuxudan adrenalinlə qalxır.
X.Sarıyevdən gələcək hədəflərini soruşduq. Aydın oldu ki, çox iddialıdır. Deyir ki, qlobal fenomen olmaq istəyir: "Həyatda böyük ambisiyalarım var. Qarşıma məqsəd qoymuşam və ona doğru addımlayıram. Ən böyük arzum isə dünyanı dəyişməkdir”.
Xəyal bizimlə söhbətində Özbəkistanın təhsil sistemindən də danışdı. Bildirdi ki, orada orta təhsil müddəti 9 ildir: "Məktəbi bitirdikdən sonra kollecə daxil oluruq. Kollec 3 illikdir. Kollecdə gənclər istədikləri ixtisasda təhsil alırlar. Ondan sonra isə əgər bu sahədə çalışmaq istəyirsənsə, 4 il də universitetdə təhsilini davam etdirməlisən”.
Müsahibimizin dostlarının əksəriyyəti Özbəkistandadır: "Mən orada hərbi xidmətdə olmuşam. Demək olar, uşaqlığım orada keçib. Bu ölkədə gənclərə dəstək az olsa da, Özbəkistanı sevirəm”.
Aygün Əziz
banner

Oxşar Xəbərlər