Azərbaycan animasiya kinosunun neçə yaşı var? - Fotolar
"Animasiya janr deyil. Animasiya kinematoqrafiyanın spesifik və
müstəqil formasıdır...” Bu sözləri məşhur rus kinorejissoru Qriqori Roşal 1935-ci
ildə animasiya işçilərinin ümumittifaq müşavirəsində demişdir.
"Animasiya sərhəd bilmir. Ona görə ki, bu sərhəd fantaziya sərhədi
ilə üst-üstə düşür.” Bu aforizm animasiya filmlərinin nə qədər böyük imkanlara
malik olduğunu göstərir.
İlk animasiya filmi 1908-ci ildə fransız karikaturaçı-rəssam Emil Kol
tərəfindən yaradılmışdır. İlk kukla filmi isə 1912-ci ildə Rusiyada istehsal
olunmuşdur. Filmin rejissor-operatoru Vyaçeslav Stareviçdir.
Amerika qurğusu ilə
başlayan tarix
Dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda tükənməz rəssam
fantaziyası cansız əşyaları və canlı aləmi ekranda hərəkətə gətirir, heyvanları
oxuyub-çalmağa, insan kimi dil açıb danışmağa məcbur edir. Animasiya filmləri
xüsusilə uşaqların tərbiyəsində, onlarda təfəkkürün, romantik hisslərin inkişaf
etməsində mühüm rol oynayır.
Azərbaycan animasiya kinosunun neçə yaşı var? Əlimizdə olan
mənbələrin böyük əksəriyyətində bu suala cavablar müxtəlifdir. Dövri mətbuatda,
Bakıda və Moskvada çap olunmuş kinoya aid albom və kitablarda 1969-cu il tarixi
göstərilir: «Кино. Енсиклопедический словарь» (Москва. 1986), «Волшебники
екрана» (Москва. 1974) kitablarında bu tarix 70-ci illərin əvvəllərinə gedib
çıxır. "Azərbaycan Sovet Ensiklopediyası”nın VII cildində (Bakı. 1983) öz
müəlliflərimizin yazdığı icmalda oxuyuruq: "Azərbaycanda ilk multiplikasiya (animasiya
- A.K.) filmi 1936-cı ildə çəkilmişdir. Azərbaycan SSR-də müntəzəm
multiplikasiya kinosunun istehsalına 1968-ci ildən başlanmışdır...”
Beləliklə, bütün mənbələrdə Azərbaycanda animasiya filmlərinin
yaranma tarixi 1936-1970-ci illər arasında, yəni 34 il fərqlə göstərilib. Uzun
illər apardığım axtarışlar, kino veteranları ilə söhbətlər, kinoya aid əldə
etdiyim ədəbiyyat Azərbaycanda animasiya filmlərinin yaranma tarixini
dəqiqləşdirməyə imkan vermişdir.
Ümumiyyətlə, animasiya kinosunun tarixi qəribə də olsa, əsrlərin
dərinliyinə gedib çıxır, lap qədim dövrlərə. Azərbaycanda, qədim Qobustan
qayalıqlarında çoxlu rəsmlər qorunub saxlanılır. Min illər bundan əvvəl
rəssamlar müxtəlif xətlərlə rəsm etdikləri adamları, heyvanları, qayıqları
hərəkətdə görməyi arzulamışlar. Onların 1000 il bundan əvvəlki arzuları bu gün
nəinki həyata keçmiş, həm də günü-gündən inkişaf etməkdədir.
Azərbaycanda animasiya kinosunun tarixi XX əsrin 30-cu illərinin
əvvəllərinə təsadüf edir. Hələ 1931-ci ildə lentə alınmış "Uçuş” adlı sənədli
filmdə xəritə üzərində Bakıdan Moskvaya və digər şəhərlərə uçan təyyarənin
hərəkət trayektoriyasını təsvir edən
texniki animasiyadan istifadə olunmuşdur. O vaxtı bu çəkiliş eksperiment
xarakteri daşıyırdı.
1933-cü ildə bir neçə sənədli filmdə texniki animasiyadan daha geniş
şəkildə istifadə edilmişdir. Mənim arxivimdə bir soraq kitabçası var:
«Репертуарный указател: Кинорепертуар.» Moskvanın «Кинофотоиздат» nəşriyyatı
tərəfindən 1936-cı ildə buraxılıb. Bu kinorepertuar göstəricisi 1935-ci il oktyabrın
1-dək RSFSR ərazisində nümayiş etdirilən bütün sovet filmlərini əhatə edir.
Həmin göstəricinin 24-cü səhifəsində "Cat” adlı təlimat sənədli filmi haqqında
belə bir məlumat verilib: 3 hissəli, 868 metr. "Azərfilm”in istehsalı. 1933-cü
il. Filmdə animasiyanı rəssam Basov çəkmişdir. 01.01.1938-ci ilə kimi
nümayişinə icazə verilir. Protokol №5655.
"Cat” amerikan qurğusunun adıdır. Hələ 30-cu illərin əvvəllərində
Abşeronda neft quyularının sıxılmış hava və ya qaz vasitəsilə vaxtaşırı
istismarı zamanı bu qurğudan istifadə olunub. Onun fəaliyyətini əyani şəkildə
göstərmək üçün kinematoqrafçılar bu filmdə texniki animasiyadan bütünlüklə
istifadə etmişlər.
1933-cü ildə lentə alınmış "Lökbatan” və "Neft simfoniyası” sənədli
filmlərində də texniki animasiyanın imkanlarından istifadə olunmuşdur.
İlk təşəbbüs uğurlu
olmuşdur
"Abbasın bədbəxtliyi” bədii animasiya filmi isə 1935-ci ildə
yaradılmışdır. Bu bir hissəli film komediya janrında fəhlə-neftçilərin məişətindən söhbət açmışdır. Rəssamlardan
Qəzənfər Xalıqov, Məhəmməd Maqomayev (nəvə Müslüm Maqomayevin atası - A.K.),
Cabir Zeynalov, Ənvər Mirzəyev, rejissor D. Dikaryov, ssenari müəllifi Aleksandr Popov, operator Qavril Yegiazarov,
yazıların müəllifi Yuri Fidler, məsləhətçi-rəssam N.Xodatayev film üzərində işləmişlər.
Film ekranlara buraxılandan sonra tamaşaçılar tərəfindən maraqla
qarşılandı. Filmi görənlərin dediklərinə görə, ilk təşəbbüs uğurlu olmuşdur.
Bundan sonra "Azərfilm” studiyasında "Dəniz səyyahı Sindibadın
macəraları” səsli bədii animasiya çəkilməli idi. Lakin Böyük Vətən
müharibəsinin başlanması ilə əlaqədar bu iş yarımçıq qaldı. O cümlədən yazıçı
Yusif Vəzir Çəmənzəminli həbs olunduğu üçün onun "Vur, toxmağım!” hekayəsi üzrə
yazılmış ssenari də işıq üzü görmədi.
Texniki və qismən bədii animasiyadan müharibədən sonrakı illərdə də
onlarla sənədli və elmi-kütləvi, eləcə də bədii filmlərin (məs: "Bir qalanın
sirri” və s.) çəkilişində yeri gəldikcə istifadə olunmuşdur. Həmin rəsmləri
rəssamlardan Mirzə Rəfiyev, Cabir Zeynalov, Ənvər Mirzəyev, Ağanağı Axundov,
Nazim Məmmədov, Bəhmən Əliyev, quraşdırma çəkilişləri operatoru Aleksandr Milov
yerinə yetirmişlər.
1965-ci ildə Azərbaycan televiziyasının "Ekran” studiyasında
(sonralar "Azərbaycantelefilm” Yaradıcılıq Birliyi - A.K.) Azərbaycan
televiziya tarixində ilk dəfə olaraq rejissor Rasim İsmayılov öz ssenarisi
əsasında "Danışan işıqlar”, 1969-cu ildə isə "Qırmızılar, qaralar və başqaları”
televiziya animasiya filmlərini çəkdi. Hər iki filmin operatoru Vaqif Behbudov idi.
Bundan sonra V.Behbudov onlarla televiziya bədii animasiya filmi, o
cümlədən "İlham”, "Göyçək Fatma”, "Sağ ol, dostum”, "Başlanğıc”, "Qız qalası”,
"Xeyirxah nağıl”, "Sehirli çıraq” və s. filmlər yaratmış, bu filmlər müxtəlif
ümumittifaq və zona kinofestivallarında mükafat və diplomlara layiq yer
tutmuşdur. Rejissor və operator Vaqif Behbudov isə Azərbaycan Dövlət Mükafatına
layiq görülmüşdür.
"Cırtdan”la başlayan ikinci
dövr
1965-ci ildə C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyası yeni
binaya köçəndən üç il sonra burada
animasiya filmləri sexi bərpa olundu. O vaxt kinostudiyaya SSRİ xalq artisti,
rejissor və aktyor Adil İsgəndərov rəhbərlik edirdi. Direktor sexin istifadəyə
verilməsinə və animasiya filmlərinin istehsalı
prosesinə xüsusi diqqət yetirirdi. Rəssam Ağanağı Axundov Moskvada
"Soyuzmultfilm” kinostudiyasında animasiya filmləri üzrə xüsusi kurs keçəndən
sonra Bakıda da belə bir kursun təşkilinə və gənc kadrların hazırlanması işinə
başladı.
Nəhayət, 1969-cu il fevralın 28-də "Cırtdan” adlı xalq nağılının
motivləri əsasında eyni adlı animasiya filminin istehsalı başa çatdırıldı. Bu bir
hissəli rəngli animasiya filminin ssenarisini kinodramaturq və şairə Alla
Axundova yazmışdır. Filmin rejissoru Yalçın Əfəndiyev, quruluşçu rəssamı Elçin
Aslanov, operatoru Aleksandr Milov, animator-rəssamları Bəhmən Əliyev, Lev
Jdanov, Nazim Məmmədov, səs operatoru Ələkbər Həsənzadə idi. Filmə musiqini
bəstəkar Oqtay Zülfüqarov yazmışdır.
Kinolent fantaziya formasının bütövlüyü, süjetin dinamikliyi ilə
diqqəti cəlb edir. "Cırtdan” "Azərbaycanfilm” kinostudiyasında animasiya
filmləri sexinin bərpasından sonra çəkilmiş ilk film oldu. Beləliklə,
Azərbaycanda animasiya kinosu tarixində ikinci dövr başlandı. 1970-ci ildə
C.Cabbarlı adına "Azərbayacnfilm” kinostudiyasında animatorlar bu janrda daha
üç filmə ekran həyatı verdilər. Bunlardan ikisi – "Ayı və siçan” (rej.
N.Məmmədov) və "Aslan və iki öküz” (rej. A.Axundov) hərəsi 0,5 hissəli, rəngli
mikroanimasiya filmidir. İkinci film o vaxt Moskvada "Kaleydoskop - 71” Ümumittifaq
kinoalmanaxının 1-ci nömrəsinə daxil edilmişdir. Üçüncü, "Fitnə” applikasiya
filmi dahi Azərbaycan şairi Nizami Gəncəvinin eyni adlı nağıl-novellasının
motivləri əsasında, orta əsr Azərbaycan miniatür sənəti üslubunda çəkilmişdir.
Hətta kinostudiyada 1972-ci ildə "Çaqqal oğlu çaqqal” adlı yeganə
genişekranlı Azərbaycan animasiya filmi (rej. M.Rəfiyev) yaradılmışdır.
Azərbaycanda animasiya filmlərinin istehsalı qaydaya salınandan sonra
istər kinostudiyada, istərsə də "Azərbaycantelefilm” Yaradıcılıq Birliyində uşaqlar və böyüklər üçün onlarla
film, o cümlədən "Bulud niyə ağlayır?”, "Şah və xidmətçi”, "Dınqıl sazım,
dınqıl”, "Arzunu yarat”, "Daş”, "Xoruz”, "Toplan və kölgəsi”, "Qız qalası
əfsanəsi”, "Toral və Zəri”, "Cücələrim”, "Xeyir və Şər”, "Meşəyə insan gəlir”,
"Cırtdan - "pəhləvan”, "Akvarium” və s. çəkilmiş, bu kinolentlər nəinki
respublikamızda, həm də bir sıra xarici ölkə ekranlarında uğurla nümayiş
etdirilmiş, respublika, ümumittifaq və beynəlxalq kinofestivallarda priz və
diplomlara layiq görülmüşdür.
1988-ci ildən "Azərbaycanfilm” kinostudiyasının animasiya sexi
"Animasiya, reklam və diafilm birliyi” kimi fəaliyyət göstərmişdir. 1990-cı
ildə həmin birliyin bazasında "Azanfilm” İcarə Bədii Yaradıcılıq Birliyi
yaradılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il tarixli
qərarı ilə bu birlik əsasında "Azanfilm” Müstəqil Yaradıcılıq İstehsalat
Birliyi təşkil olunmuşdur ("Azanfilm” - Azərbaycan animasiya filmi deməkdir.
A.K.).
Bu vacib və əhəmiyyətli iş milli kinomuzun düşdüyü böhranlı və çətin
dövrdə belə "Azanfilm” və Azərbaycan Rəssamlar İttifaqı nəzdindəki "Birlik”
studiyalarında davam etdirilmişdir.
2002-ci ildən başlayaraq "Azanfilm” studiyasında filmlər kompüter
qrafikasında, 2003-cü ildən isə həm də 3D formatında yaradılır. Bəzi filmlər
isə həm kompüter qrafikasında, həm də 3D formatında qarışıq şəkildə
çəkilmişdir.
Bu günə kimi ölkəmizdə 150-dən artıq animasiya filmi istehsal
olunmuşdur. Son illərdə animatorladan Elçin Axundov, Firəngiz Qurbanova, Gülşən
Quliyeva, Rauf Dadaşov, Firəngiz
Quliyeva, Aleksandra Şirinova, Hüseyn Cahid İsmayılov, Lalə Məmmədova, Tamilla
Əsgərova, Rafiz İsmayılov, Əbdül Axundov, Konstantin Qavriş, Cahid Əhədov, Zema
Əhədova, Teymur Kərimov və digər sənətkarların yaratdıqları "Cavanşir” (2002), "Kitabi
Dədə Qorqud. Basat və Təpəgöz” (2003), "Qarğa balası və özgə yuvası” (2005),
"Mərhəmətin dadı” (2007), "Cəsur təyyarə” (2009), "Tırtılın arzusu” (2010), "İt
sərgisi”(2010), "İlbizin evi” (2010) və s. animasiya filmləri kiçik və yaşlı
tamaşaçıların xoşuna gəlir. Çünki bu və bundan əvvəl vətənpərvərlik ruhunda
çəkilmiş digər filmlər əsasən balaca tamaşaçılara xeyirxahlıq, doğruçuluq və
əməyə məhəbbət hissi aşılayır. Onların zövqlərinin formalaşmasında əhəmiyyətli
rol oynayır.
Aydın Kazımzadə