• çərşənbə axşamı, 19 mart, 14:16
  • Baku Bakı 8°C

Azərbaycan alimlərinin 4 xəstəliyin qarşısını alan kəşfi - Fotolar

25.07.17 11:00 5393
Azərbaycan alimlərinin 4 xəstəliyin qarşısını alan kəşfi - Fotolar
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Aşqarlar Kimyası İnstitutunun alimləri tibb elminin bəlası olan xərçəng də daxil olmaqla, ümumilikdə 4 xəstəliyin inkişafını dayandıracaq yeni dərman maddələri hazırlayıblar. Əgər kliniki analizlərin nəticəsi gözlənilən kimi olarsa, bu maddələrdən dərman hazırlanacaq. Alimlərimizin bu kəşfi, gözləntilər, görülən işlərlə bağlı Aşqarlar Kimyası İnstitutun laboratoriya müdiri, kimya üzrə fəlsəfə doktoru, dosent Əfsun Sucayevlə söhbətləşdik.

- Azərbaycan elm adamlarının bədxassəli şişin inkişafını dayandıran dərman maddələri kəşf etməsi xəbərini aldıq. Bunu çox adam xərçəngi məhv edən dərman adlandırır. Əslində kəşfinizin mahiyyəti nədən ibarətdir?
- Çalışdığımız institutunda elmi fəaliyyətimizin əsas istiqaməti neft məhsulları olan sürtgü materiallarının, sənaye yağları, yanacaq və soyuducu mayelərin oksidləşməsinin qarşısını alan antioksidantlar almaqla bağlıdır. Elə institutun adındakı "aşqar” sözünün mənası da əlavə deməkdir. Bu sahədə aparılan tədqiqatlar nəticəsində öyrənilib ki, oksidləşmə prosesi radikal-zəncirvari prosesdir və antioksidantların təsiri də radikal mexanizmlə baş tutur. Digər tərəfdən, müəyyən olunub ki, canlı orqanizmlərdə müasir təbabətin ən aktual problemlərindən olan bədxassəli şişlərin (xərçəng) əmələ gəlməsi də ilkin mərhələdə radikal mexanizmlə baş verir. Ona görə, bir çox hallarda karbohidrogenlərin oksidləşməsinin qarşısını alan antioksidantlar qeyd olunan şişlərin qarşısını alan fizioloji fəallıq da nümayiş etdirirlər. Belə olan halda, sintezləri nəzərdə tutulan antioksidantların fizioloji fəal maddələr kimi də tədqiqini məqsədəuyğun saydıq. Bu isə ancaq müştərək beynəlxalq tədqiqatlarla mümkün idi. İlk öncə, bu istiqamətdə oxşar tədqiqatlar aparan elm mərkəzlər araşdırılıb. Türkiyənin Atatürk Universiteti, İtaliyanın Florensiya Universiteti, Səudiyyə Ərəbistanın Kral Səud Universiteti alimləri ilə birgə "Fizioloji fəal maddələrin sintezi və tədqiqində yeni yanaşmalar” adlı tədqiqatlara başlanıldı. Azərbaycandan bu tədqiqat qrupuna 4 nəfər gənc alim daxil edilmişik. Bizim tədqiqat qrupuna institutun direktoru, akademik Vaqif Fərzəliyev rəhbərlik edir. Tərəflərin razılaşmasına görə, maddələrin sintezini biz həyata keçirməliyik, onların funksional xassələrini xarici həmkarlarımız yerinə yetirməli idilər. Nəticə etibarilə sintez etdiyimiz 50-yə yaxın maddə mərhələ şəklində Türkiyə göndərildi. Həmin maddələrin fərqli metodla canlı orqanizmdə antioksidant, hüceyrə və toxuma səviyyəsində patoloji hallara səbəb olan enzim-izoenzim proseslərə inhibitor təsirləri xarici həmkarlar tərəfindən araşdırıldı, çoxsaylı analiz üsulları ilə də təsdiqləndi. Beləliklə, analizlərin ilkin nəticələri müsbət oldu. Yəni bizim sintez etdiyimiz maddələrin 4 xəstəliyə qarşı standart tətbiq olunan dərmanlardan (tokoferol, α-troloks) 10 dəfə yüksək təsir göstərdiyi məlum oldu. Bu nəticələr "Tomson Reuters”, "Scopus” kimi beynəlxalq elmi bazalarda referatlaşdırılmış, impakt faktoru 2,5-3,5 olan ABŞ, İngiltərənin nüfuzlu jurnallarının beynəlxalq ekspertləri tərəfindən də yüksək qiymətləndirilib, 1 monoqrafiya, eləcə də 6 məqalə şəklində dərc olunub.

- Hansı xəstəliklərə müsbət təsir göstərib?
- Bədxassəli şişlər, tənəffüs yollarının iltihabı, mədə traktında baş verən proseslər və Alzheimer (yaddaşitmə, ağıl zəifliyi) xəstəliyidir.

- Tez-tez müxtəlif ölkələrdə xərçəng xəstəliyinə qarşı dərmanların kəşflər edilməsi xəbərlərinə rast gəlirik. Bu kəşf olunan maddənin dərman formasında bazara çıxarılması hansı proseslərdən keçir? Həmin kəşflərdin neçə faizi dərman formasında bazara çıxarılır?
- Çox aktual bir məsələdir. Bir fizioloji fəal maddənin sintezi hələ onun dərman kimi istifadə edilə biləcəyi anlamına gəlmir. Nəzərə almalıyıq ki, bir dərman maddəsinin bir orqan, toxuma, hüceyrədəki xəstəliyə müsbət təsir edirsə, digər orqanlara 15-20-dən çox neqativ təsiri ola bilər. Bu, yalnız klinik sınaqlar vasitəsilə mümkündür. İndiki halda, bu analizləri Azərbaycanda yerinə yetirmək mümkün deyil. Baxmayaraq ki, Azərbaycan Tibb Universitetində dərman maddələrin antimikrob və antibakterial təsirlərini öyrənirlər, səmimi olaq ki, o nəticələr də inandırıcı görünmür. Əgər bizim aldığımız nəticələr xaricdə yox, burada öyrənilsəydi, bu qədər ümidverici danışmazdıq. Ancaq yenə də aidiyyəti qurumlara etdiyimiz müraciətlər cavabsız qaldı. Klinik analizlərin xarici ölkələrdə aparılması böyük xərclər tələb edir. O vəsaiti bu gün nə fərd olaraq bir və ya bir neçə alim edə bilmir, nə də çalışdığımız institutun imkanı yoxdur. Çünki söhbət 10 və ya 100 manatdan yox, milyonlarla manatın xərclənməsindən gedir. Ona görə də çox vaxt sintez olunan dərman maddələri sınaqdan keçmədiyi üçün həyata vəsiqə qazana bilmir, istehsalata tətbiqi də mümkünsüz olur. Bununla əlaqədar, əsas elmi nailiyyətimiz ilk mərhələdə yüksək fizioloji təsirə malik olan yeni dərman maddəsini almaq, onun nəzəri əsaslarını yaratmaq olub, bunu bacarmışıq. Ardınca, heç bir xərc tələb olunmadan həmin maddələrin xaricdə klinik sınaqların aparılması məhz avropalı alimlərin öz təşəbbüsləri ilə mümkün olacaqdır. İlkin nəticələr İtaliya Milli Tədqiqat Şurası (İMTŞ) Biomolekulyar və Biogörüntülənmə İnstitutunun alimlərinin diqqətini cəlb etdiyi üçün həmin institutun aparıcı alimləri tərəfindən Aşqarlar Kimyası İnstitutuna rəsmi müraciət olunaraq müştərək tədqiqatlar həyata keçirmək və nəticə etibarilə yeni dərman maddələrin klinik sınaqlarının aparılması təklif olunub. Hətta həmin institutun alimləri ilə birlikdə AMEA və İMTŞ arasında imzalanmış Elmi Əməkdaşlıq Sazişi üzrə Müştərək Proqram çərçivəsində 2018-2019-cu illər üçün elan olunmuş beynəlxalq müsabiqəyə "Patoloji hallara səbəb olan karbon anhidraz inhibitorların yaradılması” adlı layihə təklifi hazırlanıb və təqdim olunub. Bu layihə reallaşacağı təqdirdə, növbəti ildə yüksək inhibitor xassələrə malik dərman maddələrin klinik sınaqları həyata keçiriləcək. Yəni iki il ərzində biz həmin maddələrin hansı mənfi təsirlərinin olub-olmadığını öyrənəcəyik. Sonra mənfi təsir göstərən funksional qrupların kənarlaşdırılması, əvəz olunması ilə bağlı araşdırmalar davam etdirilə bilər. Bu maddəni almaqla, işimizi bitmiş hesab etmirik. Əgər bu sınaqlar da müsbət nəticə verərsə, onların dərman kimi istifadəsi tam mümkün olacaq.

- İş müştərək görülür, bəs patent məsələsi necə olacaq?
- Maddənin sintezini biz edirik, onların funksional xassələrinin öyrənilib istehsalata tətbiqi xarici həmkarlarımızın aparacağı tədqiqatlardan asılı olacaq. Müəlliflik məsələsi, alınan maddələr dərman kimi istifadə edilə bilərsə, bundan irəli gələn prosedurların tənzimlənməsi sonra müzakirə ediləcək. Hər halda, bu istiqamətdə əldə olunan və bundan sonra əldə ediləcək nailiyyətlər Azərbaycanın adına dünya elminə verdiyimiz və verməkdə olduğumuz töhfələrdir.

- Satışda xərçəng xəstəliyinə qarşı müxtəlif dərman maddələri var. Sizin kəşfiniz onlardan nə ilə fərqlənir?
- İndiyə qədər ən yüksək təsir göstərən dərmanların belə xərçəng hüceyrələrini məhv etməsi, patoloji prosesi tam dayandırmasını eşitməmişəm. Bizim sintez etdiyimiz fizioloji fəal maddələri hüceyrə-toxuma səviyyəsində fermentativ proseslərə öz təsiri ilə xarakterizə olunur. Əgər müasir tibb sənayesinə baxsaq, indinin özündə əczaxanalarda fermentləri stimullaşdıran dərmanlar demək olar ki, yox dərəcəsindədir. Amma yuxarıda sadaladığımız patoloji halların hamısı hüceyrə və toxuma səviyyəsində məhz fermentativ proseslərin pozulmasından qaynaqlanır. Deməli, hədəfimiz düzgün seçilib, müsbət nəticəyə varmaq üçük kifayət qədər fundamental-nəzəri əsaslarımız var. Əgər bunu klinik sınaqlarda da təsdiq edəcəyiksə, bu, həmin xəstəliklərin müayinəsi və müalicəsində tam yeni yanaşma olacaq.

- Bu maddələr bütün orqanların xərçəng xəstəliyi üçün effektli olacaq?
- Bu maddə istənilən halda patoloji xəstəliyin qarşısını alan maddələrdirsə, hansı orqanda olmasının fərqi yoxdur. Biz maddəni sintez etmişik. Sonrakı proseslər tibb alimlərinin fəaliyyəti nəticəsində mümkün ola bilər. Klinik sınaqlar müsbət nəticələnərsə, tövsiyə necə olarsa, o formada tətbiq oluna bilər.Burada başqa maraqlı bir məqam qlobal çağırışlarla bağlıdır: xatırlayırsınızsa, ötən il V Bakı Beynəlxalq Humanitar Forumda kimya üzrə Nobel mükafatı laureatları – Ada Yonat, Ariye Varşel və Aron Çexanover qeyd etdilər ki, xəstəlikdoğuran bakteriya və göbələklərin hazırda istifadə olunan antibiotiklərə müqavimətinin artması bəşəriyyət üçün ciddi problemə çevrilib. Bu da yeni antibiotiklərin kəşfi və istehsalına başlamağın zərurətini meydana çıxarıb. Bu nöqteyi-nəzərdən də aldığımız fizioloji fəal maddələrin struktur təkmilləşməsini aparmaqla hazırda tətbiq olunan standart dərman preparatlarına nisbətən daha yaxşı farmakoloji təsirə malik mürəkkəb maddələrin əldə edilməsini təmin etmək olar. Eyni zamanda, bakteriya və mikrob infeksiyalarına qarşı mübarizə aparmaq məqsədilə daha yaxşı dərmanların istehsalını təmin etmiş olarıq. Nobel mükafatçıların sözlərinə görə, bu, tək bir hökumətin və alimin işi deyil, bütün dünya bu istiqamətə vəsait sərf etməlidir. Azərbaycanda - Pirallahıda dərman maddələrinin sintezi zavodunun yaradılması ilə bağlı ölkə başçısının sərəncamı, Nazirlər Kabinetinin qərarı var. AMEA-nın Yüksək Texnologiyalar Parkı fəaliyyətə başlayıb. Hesab etmək olar ki, müştərək fəaliyyət nəticəsində bu istiqamətdə daha çox iş görmək olar. Çünki həm bizim, həm də AMEA-nın digər ixtisaslaşmış kimya institutlarının dərman maddələrinin alınması ilə bağlı böyük təcrübəsi var.

- Bizdə də deyirlər ki, alimlərimiz iş görmürlər. Belə çıxır ki iş gedir. Alimlər üzdə olmağa meylli deyillər, yoxsa, üzə çıxaran yoxdur?
- Bəzən bizi əsassız ittiham edirlər ki, Azərbaycanda beynəlxalq səviyyəli tədqiqatlar aparılmır. Mən Akademiyanın bir institutunun bir laboratoriyasında gənc alimlərin apardığı beynəlxalq səviyyəli nailiyyətlərdən söz açdım. Belə faktları sıralamaq olar. Yüksək elmi nailiyyət üçün birincisi, alimdən yüksək intellekt, yaradıcı yanaşma tələb olunursa, digər tərəfdən, yüksək səviyyəli şərait lazımdır. Unutmayaq ki, beyinlərini aylıq əmək haqqı, mənzil kimi məişət qayğıları ilə məşğul edən gənc alimlərdən böyük elmi uğurlar da gözləməyə dəyməz. Bu gün Azərbaycana Nobel mükafatı qazandıracaq gənc alimin beynəlxalq səviyyəli tədqiqatları üçün istedadı ilə ona yaradılan şəraiti uzlaşdırmaq, imkanlarını reallığa çevirmək lazımdır.

Aygün Asimqızı

banner

Oxşar Xəbərlər