AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Azərbaycan ağır atletikasının “qızıl oğlan”ı – Portret

Azərbaycan ağır atletikasının “qızıl oğlan”ı – Portret

Gənclik qəzeti
22 Fevral 2020, 10:00 4871

Amerikada tarixi ilkə imza atan Rəhman Kazımov, dünya rekordlarını hədəfləyib
 
"Tokio 2020" yaxınlaşdıqca, həyəcanımız da artır. Bu günə qədər lisenziya sayının gözləniləndən bir xeyli aşağı olması, idmansevərləri əməlli-başlı qayğılandırır. Lakin vəziyyəti dəyişmək üçün qarşıda hələ çox şans olacaq. Ənənəvi rekord yenilənməsi real səslənməsə də, qənaətbəxş bir sayla təmsil olunacağımıza ümid az deyil. Təəssüf ki, ötən olimpiadalardan fərqli olaraq, Tokioda bəzi növlər üzrə fərqlənməyimiz, ümumiyyətlə, inandırıcı deyil. Məsələn, ağır atletika. İndiki halda, ənənəsi olan bu idman növündə bir lisenziya belə, böyük uğur sayılacaq. Səbəbləri haqqında əvvəlki saylarımızda geniş söhbət açılıb. Odur ki, budəfəki buraxılışımızda gələcəyimiz hesab edilən daha bir gəncin qısa da olsa, maraq doğuracaq hekayəsinə nəzər salacağıq. Vur-tut dörd illik zamana dayanan karyerasında, o, artıq bir tarixi ilkə də imza atıb.

Pəhləvanlıq ənənəsi olan ailə

Yeniyetmələr arasında ilk dünya "qızıl"ımızın müəllifi olan Kazımov Rəhman Fazil oğlu 26 aprel 2002-ci ildə, pəhləvanlıq ənənəsinə malik ailədə dünyaya göz açıb. Atası, əmiləri vaxtilə daş qaldırma, güləşlə məşğul olub. Bununla belə, Rəhmanın potensialı bir qədər gec kəşf edilib. Daha əvvəl qısa müddət futbola gedən mundialın kiçik "qızıl" mükafatçısı, təsadüf nəticəsində ağır atletikaya gəlib. Belə ki, bir sinifdə oxuduğu Ömər Cavadov, ona məşğul olduğu növ haqqında danışaraq, Rəhmanı özü ilə birgə məşq elədiyi zala aparır. Beləcə, 14 yaşlı Kazımov elə həmin gündən Turan Abdullayevlə çalışmalara başlayır. 25 yaşlı gənc məşqçi ilə söhbətimizi qısa variantda təqdim edirik: "Ömər onu həm özünün, həm də mənim müəllimim olan Ağakərim müəllimin yanına gətirmişdi. İş elə gətirdi ki, onu mən götürəsi oldum. Açığı, o vaxtlar çox təcrübəsiz idim. Düşünürdüm, bu məsuliyyətin altından çıxa bilməyəcəyəm. Rəhman kimi uşaqların sayəsində getdikcə işə alışdım. Rəhman, ümumiyyətlə, çox məsuliyyətlidir. Məşqə məndən əvvəl gəlib, zaldan ən axırda çıxardı. Düzü, ilk görəndə fiziki durumu ürəyimcə olmamışdı. Öz-özümə demişdim, bununla işimiz çətin olacaq. Lakin elə ilk tapşırığı yerinə yetirəndə yanıldığımı hiss elədim. Elastikliyi, ştanqa münasibəti xoşuma gəlmişdi. Ən önəm verdiyim cəhəti isə qane olmasıdır. Yadımdadır ki, Azərbaycan çempionatında ikinci olanda çox təəssüf keçirmişdim. Düşünürdüm ki, birincilik onun haqqı idi. Ürək-dirək vermək üçün yaxınlaşanda, fərqli mənzərə ilə qarşılaşdım. Birbaşa dedi ki, buna da şükür, müəllim. Adətən əksini söyləsələr də, məncə, bu, idmanda - hələ azyaşlı ağırlıqqaldıran üçün - önəmli faktordur. Məsələn, özüm barışmaz olmuşam. Fəsadlarını bildiyim üçün deyirəm".
 


Kosovoda yazılan tarixin iştirakçısı

Azərbaycanın yeni nəsil ağır atletləri arasında ən perspektivlilərdən sayılan Rəhman, yeniyetmə və gənclər arasında dəfələrlə ölkə çempionatlarının, respublika kubokunun mükafatçısı olub. İlk belə uğuru isə 2017-ci ilə təsadüf edib. Belə ki, o, ölkə çempionatında liderdən cüzi fərqlə geri qalaraq, gümüş medal qazanır. Bununla belə, o da çempionla birgə yığma komandaya cəlb edilir. Qısa vaxtda özünü doğruldaraq, Kosovoda keçirilən Avropa birinciliyinə aparılan Rəhman, Azərbaycan ağır atletika tarixində xüsusi yer tutan qitə yarışının qəhrəmanlarından biridir. 15 yaşadək yeniyetmələr arasında +94 kiloqram çəki dərəcəsində çıxış edən Kazımov, birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirərək, 115 kq göstərici ilə ikinci nəticə göstərirsə, təkanla qaldırmada 149 kq ağırlığın öhdəsindən gəlib üçüncü sırada qərarlaşır. 264 kq-lik nəticə ilə o, toplamda da mükafatçılar arasına düşür - gümüş medal.
 


Amerika fatehi!

Ötən ilin 8-16 mart tarixlərində ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya birinciliyində bir sıra əlamətdar hallar yaşandı. 44 ölkədən 200-dək atletin çıxış etdiyi yarışda Azərbaycan yığması cəmi 5 nəfərlə mübarizə aparsa da, sonda ilk "beşlik"də yer almağa müvəffəq oldu. Oğlanlar arasında komanda hesabında beşinci olduqsa, ümumi sıralamada ilk "onluğ"u qapadıq. Bu da ilk belə hadisə idi. Belə ki, indiyədək yeniyetmələr arasında heç bir DÇ-də hər hansı komandamız "beşliy"ə qədər irəliləməmişdi. Birdən qaldırma hərəkətini 131 kq nəticə ilə başa vuran, toplamda 305 kiloqram göstəriciyə nail olaraq dördüncü yeri tutan Rəhmanın, təkanla qaldırmadakı birinciliyi isə yuxarıda qeyd etdiyimiz kimi, tarixə bir ilk kimi düşdü. Bunun məntiqi yekunu olaraq, +102 kq çəki dərəcəsində çıxış edən 17 yaşlı Kazımov, Azərbaycan üzrə 2019-cu ilin ən yaxşı ağır atleti adına sahib çıxıb.

Mövzunun davamı olaraq, vurğulayaq ki, DÇ-yədək onun təkanla qaldırmada ən yaxşı nəticəsi 165 kiloqram olub. Yarışdan sonrakı açıqlamasından da məlum olur ki, qızıl medal özü üçün əsl sürpriz olub: "Yarış çox həyəcanlı keçdi. Dünya birinciliyinə 3-cü yeri götürmək ümidi ilə getmişdim. Qızıl medal haqqında heç düşünməmişdim".
 


Hədəf: Uzaq Paris, yaxın Buxarest

Bəli, hələ bir neçə il əvvəldən məlum olduğu kimi, mövcud imkanlar Tokio üçün ciddi planlar qurmağa əsas vermirdi. Ağır atletikada bütün diqqətlər "Paris 2024" olimpiadasına yönəlib. DÇ və ona qədər keçirilən yarışların qalib-mükafatçısı olan yeniyetmələr dörd il sonra baş tutacaq zirvə yarışında sözlərini deyə, bayrağımızı dalğalandıra bilərlər. Qısa vaxtda əhəmiyyətli nailiyyətlərlə yadda qalan Rəhman, Nizami Paşayevin adı ilə bağlı olan böyük ənənənin layiqli davamçılarından biri olmaq yolunda inamla addımlayır. Hazırda o, yığmanın sıralarında gənclərin dünya çempionatına hazırlaşır. Gələn ay Buxarestdə keçiriləcək yarışda +109 kq-də körpücük üzərinə çıxacağı şübhə doğurmur. Nəticə barədə proqnozlara gəldikdə, təcrübəsiz olsa da, bizləri təəccübləndirmək ehtimalı az deyil. YDÇ-də ən yaxşı halda "bürünc"ə ümid edən gənc, müvafiq kateqoriyada debütünü də medalla əlamətdar edə bilər.
 


Cığır açdı...

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının birinci kursunda oxuyan Rəhman, tam olaraq işinə fokuslanan gənclərdəndir. Gündəlik həyatının ana xəttini məşqlər müəyyənləşdirir, ibadət edir, əyləncələrə az vaxt ayırır, bəzən isə buna heç zamanı çatmır. Hobbisi olmasa da, kumiri var. Bu, iranlı ikiqat olimpiya, dördqat dünya çempionu və rekordçusu Hüseyn Rezazadədir. "Ən böyük arzum onunla bir səviyyəyə çatmaqdır", - deyir. Ümumiyyətlə, məşğul olduğu növün yaxın və uzaq tarixi haqqında kifayət qədər məlumatlı olduğu diqqətdən qaçmadı. İdman olsun, ya qeyri sahə, təbii ki, hər bir işdə bu, önəmli məsələdir.

Qısa vaxtda nəinki ailəsinin, bütöv bir nəslin fəxarət yerinə çevrilən Rəhman, artıq özündən sonra bir cığır açıb. Belə ki, kiçik qardaşı Rəhim də ağır atletika ilə məşğul olur. Lakin məşqçilər böyük Kazımovdan fərqli, onun fiziki göstəricilərinin daha çox döyüş idman növlərinə uyğun olduğu qənaətindədir. Hər halda, hadisələri qabaqlamayaq. Pəhləvanlıq ənənəsinə malik ailədə növbəti parlaq simanın formalaşması istisna edilməməlidir.

Portret

Həvəs, məsuliyyət, nikbinlik. Başqa sözlə, karyerasının lap başlanğıcında olan hər bir perspektivli idmançının ən önəmli portret cizgilərinə sahibdir, bizim Rəhman. Bunlar varsa, təbii ki, uğur da olacaq. Necə deyərlər, qaldırdığım yük xoşbəxtlik olsun, yorulmaz qollarım... Olduqca ağır dönəmi geridə buraxan Azərbaycan ağır atletikasının gələcəyi adına, o, əsl ümid işığıdır.
 
Sahib