• çərşənbə, 24 Aprel, 06:29
  • Baku Bakı 13°C

Azər Mirzəyevin qismət payı

30.07.14 14:06 2560
Azər Mirzəyevin qismət payı
Əli qələm tuta bilən insan üçün ən pis hal sevdiyi, xətrini dünyalar qədər istədiyi birinin ölüm xəbərini yazmaqdır. Təəssüflər olsun ki, son bir neçə həftə ərzində sevilən sənətkarların ölüm xəbərləri ilə yazılar dərc edirik. Ötən həftə Azərbaycan teatrı daha bir itki xəbəri ilə böyük sarsıntı keçirdi. Respublikanın Əməkdar artisti, istedadlı aktyor, tamaşaçıların sevimlisi Azər Mirzəyev bizim dünyamıza əlvida dedi. Aktyorluq qabiliyyəti ilə yanaşı, gözəl aparıcı və maraqlı insan olan Azər Mirzəyevin Azərbaycan teatr və televiziya məkanında hər zaman yeri görünəcək.
Azər Mirzəyevlə son dəfə 2 il bundan qabaq, aktyor 2012-ci ilin may ayında iflic olduqdan sonra görüşmüşdük. Yeriməkdə yaman çətinlik çəkirdi. O zaman aktyora yenidən teatra geri dönəcəksinizmi deyə sual etmişdim. O, isə Əzrayılı gözlədiyini, teatr haqqında heç bir şey düşünmədiyini demişdi. Onun sözlərinə görə, 2006-cı ildən bəri işlədiyi Akademik Milli Dram Teatrının direktor müavini vəzifəsindən getməsinə səbəb də elə bu xəstəlik olub: “2012-də vəzifədən öz ərizəmlə çıxdım. İş ağır idi. Gəzməyimdə problem yarandı, müalicə alıram. Həkimlərin və dostların köməyi ilə hazırda daha yaxşıyam. Müalicəm evdə davam edir.”
O zaman da siması çökmüş, gözlərinin altı qaranlığa qərq olmuşdu. Sanki yaşamaq eşqini, ümidini itirmişdi Azər müəllim.
Ömür yolu
Azər Mirzəyev Azərbaycan incəsənətində gözəl obrazları, ssenari ilə insanların yaddaşında həkk olmağı bacardı. Çoxşaxəli yaradıcılıq yolu ilə bir növ nümunə oldu ...
1970-ci ildə Dövlət İncəsənət İnstitutunun “dram və kino aktyorluğu” fakültəsinə daxil olan Azər Mirzəyev orada Xalq Artisti, professor Rza Təhmasib və Fikrət Sultanov kimi korifey sənətkarlardan aktyorluq sənətinin sirlərinə yiyələnib.
1974-cı il oktyabrın 15-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında aktyor kimi fəaliyyətə başlayıb. Teatrın səhnəsində T.Vəliyevanın “Mənim ağ göyərçinim” (Qürbət Musayev), Ə.Orucoğlunun “Pul dəlisi” (Teymur), Ə.Əmirlinin “Bala bəla sözündəndir” (İzzət Nəfisli), A.Şaiqin “Danışan gəlincik” (Kərim), Ə.Dəmirçizadənin “Dədəm Qorqud” (Qaraca çoban), H.Mirələmovun “Yaddaş ağrısı” (Murad), S.S.Axundov, A.Şaiqin “Qaraca qız” (Hüseynqulu bəy), M.Haqverdiyevin “Ah qadınlar, qadınlar” (Kişi) tamaşalarında bədii cəhətdən inandırıcılığı, emosionallığı, hisslərin dərinliyi, zəngin ifadə vasitələri ilə səciyyələnən maraqlı obrazları ilə tamaşaçıların yaddaşında iz qoyub.
2006-cı il yanvarından Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinə dəvət olunan Azər Mirzəyev İncəsənət şöbəsində məsul vəzifədə çalışmış, burada fəaliyyət göstərdiyi illərdə bir sıra dövlət tədbirlərinin təşkili və həyata keçirilməsində müstəsna rolu olan aktyor Nazirlikdə bir müddət işlədikdən sonra Akademik Milli Dram Teatrına direktor müavini vəzifəsinə təyin olunan A.Mirzəyev, səhhəti ilə əlaqədar öz ərizəsi ilə aktyor vəzifəsinə keçirilib.
Azər Mirzəyev uzun illər Azərbaycan televiziyasında yayımlanan “Xoş gördük, tələbə”, “Birimiz-hamımız”, “Biz romantiklərik”, “Sabahın ustaları” və digər verilişlərdə aparıcılıq edib. Onun çəkildiyi “Nekroloq” (2001), “Qeybdən gələn səs” (2002), “Dəvətnamə” (2003), “Yol yoldaşları” (2003), “Mükafat” (2004), “Böyük ömrün davamı” (2007), “Mürafiə vəkillərinin hekayəti” (2011), “Sübhün səfiri” (2012) və s. ekran əsərləri, eləcə də Dövlət Gənc Tamaşaçılar və Akademik Milli Dram Teatrlarının səhnəsində yaratdığı bir-birindən maraqlı obrazlar qalereyası sənətkarın zəngin istedadının təzahürü olub.
Azər Mirzəyev xatirələrdə

Azər Mirzəyevin ölümünə bütün sənət əhli, eləcə də onun yaxın dostları üzülərək öz kədərlərini bildirdilər. Mərhum aktyorun 44 illik dostu, həmkarı Əməkdar artist Elxan Quliyev bizimlə söhbətində dostunun ölümünü qəbul edə bilmədiyini, onun ölümünə çox üzüldüyünü dilə gətirdi: “Azər müəllimlə İncəsənət Universitetinin birinci kursuna qəbul olunandan ta dünyasını dəyişənə qədər yaxın dost olmuşuq. O, çox gözəl dost və mükəmməl insan idi. Biz onunla dostdan da artıq idik, hər gün görüşür, başımıza gələn maraqlı əhvalatlar danışırdıq. Azər Mirzəyev Universitetə daxil olanda bizim məhəllədə kirayədə qalırdı və bu bizi daha da yaxınlaşdırırdı. Universiteti bitirdikdən sonra isə bizə təyinat veriləndə o, Gənc Tamaşaçılar Teatrına, mən isə Akademik Milli Dram Teatrına gedəsi olduq. Yollarımızın ayrılmasına baxmayaraq biz tez-tez görüşürdük. Azər həm gözəl natiq, həm də istedadlı aktyor idi. Onun qələmindən gözəl ssenarilər, hekayələr çıxırdı. Azər Mirzəyev obrazlarının öhdəsindən ustalıqla gəlirdi. Bütün respublika onu çox gözəl tanıyırdı. Bölgələrə gedəndə onu öz doğmaları kimi qəbul edirdilər. Bu sənətdə hər sənətkarın öz yeri, öz dəsti-xətti var. Düzdür, gənc aktyorlar yetişir, ancaq Azərin yerini doldura bilmir”.
Elxan Quliyev aktyorluq sənətinin gözəlliyini qeyd etsə də bəzən bu sənəti etibarsız hesab etdiyini söylədi. Fikrini isə Azər Mirzəyevin xəstə vaxtlarında rastlaşdığı hadisə ilə əlaqələndirdi: “Nə qədər ki, sənətdəsən o zaman sən varsan, yaşayırsan, elə ki, bu sənətdən bir balaca uzaqlaşdın artıq yox olursan. İki il bundan öncə Azərin 60 illik yubileyini qeyd etdik. Ondan 15 gün sonra o xəstələndi, biz onu xəstəxanaya yerləşdirdik. Gömrük xəstəxanasında gözləmə zalında onu çox gözlətdilər. Orada dedilər ki, altı min pul köçürün və ondan sonra biz onu xəstəxanamıza qəbul edək. Biz nə qədər onları dilə tutmağa çalışsaq da, həkimləri razı sala bilmədik. Sonda Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov altı min pul tapdı, kassaya köçürdü, ondan sonra onu xəstəxanaya qəbul etdilər. Bu da sənətə, sənətkara olan münasibət”.
Azər Mirzəyevin uşaqlıq dostu Cabir Əsədov yaxın dostunun ölüm xəbərindən sarsıldığını, onu ömür boyu unutmayacağını bildirdi: “Azər gözəl insan kimi, yaxşı dost kimi yaddaşımızda qaldı. O, dünyasını dəyişərək bizləri tərk etdi. Azər Mirzəyev mənim 50 illik dostum olub. Çox ziyalı ailədə böyüyüb. Uşaq vaxtı onun şərqşünaslığa, jurnalistikaya böyük marağı var idi. Ancaq tale onu efirlərə, sənətə gətirdi. Çox mərd və ən sadiq dostlardan biri idi. İndiki zamanda belə dostları əl-əl axtarırlar. Onun haqqında danışmaq mənim üçün çox çətindir”.
Xalq artisti Yasin Qarayev bizimlə söhbətində mərhumun yaxın dostlarının hazırda çox məyus olduqlarını, Azər Mirzəyevin ölümündən sarsıldıqlarını dedi: “Azərbaycan mədəniyyətinə və incəsənətinə ağır bir itki üz verib. 40 ildən artıqdır ki, tanıdığım gözəl bir aktyoru, gözəl dostu, yaxşı bir ailə başçısını itirdik. Biz Azərlə 1974-cü ildə eyni gündə Gənc Tamaşaçılar Teatrına gəlmişik. Gülşən Qurbanova, Azər Mirzəyev, onlarla bərabər bir kurs Gənc Tamaşaçılar teatrına göndərilmişdi. Biz onunla tez-tez çəkilişlərdə, tədbirlərdə görüşürdük. Azər dəyanətli dost idi. bizə hər zaman “3 Muşkatyor” deyirdilər. Azər Mirzəyev, Gülşən Qurbanova və mənin 3 nəfərlik səhnəciklərimizə görə bizə bu adı vermişdilər Hamı bilir ki, ölüm labüddür. Hamımız ölüm növbəsində dayanmışıq. Bəzən görürük ki, ölüm dediyimiz gözlənilməyən qonaq vaxtsız gəlib qapımızı döyür. Hesab edirəm ki, Əzrayıl Azərin qapısını vaxtsız döydü. Azər verilişlərin ssenarisini yazır, jurnalistlik edirdi. Rəhmətlik ulu öndərimiz Heydər Əliyev şəxsən Azəri çox istəyirdi. O, həm aparıcı kimi, həm də yaxşı ssenarist kimi dövlət tədbirlərində iştirak edirdi. Biz gözəl bir insanı Azərbaycanın teatr incisini öz əlimizlə torpağa tapşırdıq. Azər Mirzəyevin ölümü ilə Azərbaycan teatrı gözəl insanı, gözəl aktyoru itirdi.”.
Yasin Qarayev mərhum aktyorun Həsən bəy Zərdabi ilə qohumluq əlaqələrindən də danışdı: “Azər Mirzəyev əslən Zərdab rayonundandır. Onun atası müəllim idi. Atasının işi ilə əlaqədar olaraq sonradan ailəsilə Sabirabad rayonuna köçüblər. Onların ailəsini çox yaxşı tanıyıram. Həsən bəy Zərdabi ilə onların qohumluğu var. Bəlkə də yazıçılıq qabiliyyəti Azərə elə qandan gəlib”.
Əməkdar artist, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının direktoru Mübariz Həmidov da Azər Mirzəyevin ölümündən kədərləndiyini bildirdi: “Azər Mirzəyevin həyatının 30 ildən artıq dövrü Gənc Tamaşaçılar Teatrı ilə bağlı olmuşdur. Bu gün onun haqqında keçmiş zamanda danışmaq bizim üçün ağırdır. İstedadlı aktyor, sədaqətli dost, qayğıkeş ailə başçısı idi. Səhnə fəaliyyətindən başqa onda peşəkar jurnalistlik, səlis nitq qabiliyyəti və mükəmməl aparıcılıq səriştəsi də vardı. Zahirən ciddi adam təsiri bağışlayırdı, amma güclü yumor hissinə malik idi. Səhnədə yaratdığı bütün obrazlarda bu keyfiyyət özünü büruzə verirdi. Amansız əcəl hələ bundan sonra neçə-neçə zəngin xarakterlər yarada biləcək bir insanı aramızdan vaxtsız apardı”.
Allah rəhmət eləsin!
Xəyalə Rəis,
teatrşünas
banner

Oxşar Xəbərlər