• cümə axşamı, 18 aprel, 11:40
  • Baku Bakı 12°C

“Azər-İlmə” yeni uğurlara imza atdı

12.11.13 15:02 3064
“Azər-İlmə” yeni uğurlara imza atdı
Naxçıvan Dövlət Xalça Muzeyində “Naxçıvan xalçaçıları” kitabının, “Azərbaycan xalçaları” jurnalının 8-ci sayı, “Naxçıvan xalçaları” sənədli filminin və Naxçıvan Dövlət Xalça Muzeyinin internet saytının təqdimat mərasimi keçirilib.
“Azər-İlmə” xalçaçılıq şirkəti elmi və praktik əhəmiyyətli tədqiqatlar aparmaqda davam edir və bir sıra uğurlu layihələrə imza atır. Belə layihələrdən biri də Naxçıvan xalçaçılığının tarixi keçmişinin və bu gününün, həmçinin gələcək perspektivlərinin araşdırılmasına həsr olunub. Naxçıvan Dövlət Xalça Muzeyində baş tutan mərasimdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev, “Azər-İlmə” xalçaçılıq şirkətinin direktoru, dekorativ-tətbiqi sənət üzrə professor Vidadi Muradov çıxış edərək zəngin koloriti, təkrarsız naxışları və orijinal kompozisiyaları ilə seçilən Naxçıvan xalçaçılığının inkişafı istiqamətində aparılan işlərdən danışıblar.
Qeyd edək ki, Naxçıvan xalçaçılıq məktəbi ilk dəfə olaraq “Azər-İlmə” xalçaçılıq şirkəti tərəfindən kompleks tədqiqatlara cəlb olunub.
İndiyədək Azərbaycanın qədim tarixi-coğrafi bölgələrindən biri olan Naxçıvan xalçaçılığının əsas inkişaf meylləri Qarabağ xalçaçılığı ilə vəhdətdə tədqiqata cəlb olunurdu. Təəssüf ki, bu yanaşma tərzi də çox vaxt Naxçıvan xalçaçılığını kölgədə qoyurdu, onun bədii-texniki xüsusiyyətləri, özünəməxsus ənənələri fundamental şəkildə araşdırılmırdı. “Azər-İlmə” şirkətinin nəşr etdirdiyi nəfis tərtibatlı “Naxçıvan xalçaçıları” kitabı isə bu sahənin bir çox qaranlıq məqamlarına aydınlıq gətirdi. Kitabı ekspedisiya materialları, Muxtar Respublikanın 7 rayonunun 68 kəndindən 254 toxucu haqqında məlumatlar daha da zənginləşdirir.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər