• cümə axşamı, 25 aprel, 02:23
  • Baku Bakı 19°C

Azarım-bezarım odda qalsın...

02.03.21 18:45 874
Azarım-bezarım odda qalsın...
Bu gün İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsidir. İnanclara görə, odu günəşlə, işıqla, gündüzlə əlaqələndirirlər. Bu çərşənbədə odun şəninə şənliklər təşkil olunur. Adət-ənənəyə görə, bu gün insanlar tonqal qalayıb, alovun üzərindən tullanmaqla bütün azar-bezarlarını yandırmış olurlar.
AZƏRTACxəbər verir ki, bu inanclar qədimdən nəsildən-nəslə ötürülərək bu günümüzə kimi gəlib çatıb. Od çərşənbəsi yeni həyatın, baharın, istiliyin gəlişini simvolizə edir. Ənənəyə görə, Od çərşənbəsindən sonra bahara doğru daha da yaxınlaşmış oluruq, günəş yavaş-yavaş torpağı isidir. İnanclara görə, insan odu nə qədər əzizləsə, çətinlikləri bir o qədər azalar. Oda sevgi, inam insanlarda o qədər güclü olub ki, hələ qədim dövrlərdən ona and içiblər. Alqış və qarğışlarda belə, odu köməyə çağırıblar. Məsələn, "Od haqqı", "Oda düşəsən," "Ocağın gur olsun". Od çərşənbəsində açılan süfrə də zəngin olmalıdır.
Filologiya üzrə fəlsəfə doktoru Bilal Alarlı deyir ki, Od çərşənbəsi özünün adət-ənənələri, ritualları ilə zəngindir: "Od çərşənbəsi ikinci çərşənbədir. Xalq mifologiyasına görə Od çərşənbəsi ərəfəsində torpağın isinməsi, Günəşin daha hərarətli olması müşahidə edilir. Günəş tədricən Cənub yarım kürəsindən Şimal yarım kürəsinə keçir və bu da təbiətin oyanmasına anlamına gəlir. Od çərşənbəsindən başlayaraq, təbiət canlanar”.
Zərdüştlükdən hələ çox-çox əvvəl insanlar təbiəti canlandıran, torpağı isidən günəşi, onun yerdəki rəmzi olan odu təsəvvürlərində rəmzləşdiriblər. Belə bir etiqad yaranmışdı ki, insanlar günəşi və odu nə qədər əzizləsələr, təbiət o qədər tez isinər, xoşbəxtlik gətirər. Ədəbiyyatşünas Münasib Nuriyev deyir ki, ədəbiyyatımızda da çərşənbələr haqqında xalq mərasimləri və nəğmələri mövcuddur: "Ən qədim zamanlardan belə ədəbiyyatımızda odla bağlı atalar sözləri və məsəllər formalaşmışdır. Od çərşənbəsində müxtəlif rituallar icra olunur. Odun üzərindən tullanmaq da onlardan biridir. Belə inanc var ki, qalanan tonqalın üzərindən tullanmaqla, azar-bezar külə çevrilib yox olur. "Azarım-bezarım odda qalsın” deyimi də bu anlamdadır. Hətta tonqalın külünün səhər küçəyə səpilməsi, yelə verilməsi də azar-bezarın yox olması inancından irəli gəlir”.
Od çərşənbəsinə və oda aid, ümumiyyətlə, bir çox atalar sözləri və məsəllər də var. "Odu su ilə söndürmək olmaz”, "Od çərşənbəsində ocağı boş qoymazlar” və s. Bu çərşənbə axşamında hər bir ailə çalışır ki, evində süfrə açılsın, xonça bəzənsin, şamlar yandırılsın. Şam istiliyin, odun, işığın qorunub saxlanması, səadətin rəmzidir. Ona görə də hər kəs Od çərşənbəsini şad, şən və bolluq içində keçirməyə can atır. Bu çərşənbədə daha böyük tonqallar qalanmalıdır.
Xatırladaq ki, martın 9-u Yel çərşənbəsidir. Novruzun ilaxır - Torpaq çərşənbəsi isə martın 16-da qeyd olunacaq.
Azərbaycan ərazisinə baharın gəlişi isə martın 20-si Bakı vaxtı ilə təxminən saat 13:37:00 radələrində baş verəcək.
Martın 19-u ölkəmizdə bayram axşamı, 20-i isə bayram günü kimi qeyd ediləcək.
banner

Oxşar Xəbərlər