Azadlıq mübarizəmizin şanlı səhifəsi
1990-cı ilin 20 Yanvar günü Azərbaycanın
azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi
daxil olub. Ölkəmizə
qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və
keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən xalq kütlələri məhz həmin tarixdə Bakının
küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildiriblər. Bunun qarşısını almaq üçün yanvarın 19-dan
20-ə keçən gecə sovet ordusunun döyüş hissələri paytaxt Bakıya yeridilərək Azərbaycanda
misli görünməmiş faciə
törədiblər. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının
azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları
canlarından keçərək şəhidlik zirvəsinə ucalıblar.
Rəsmi məlumata görə, fövqəladə
vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri
amansızcasına qətlə yetirib,
20 nəfəri ölümcül yaralayıblar.
Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın20-də və sonrakı günlərdəBakı şəhərində 21, fövqəladə vəziyyətin elan olunmadığı
rayonlarda, yəni
Neftçala və Lənkəranda daha 8 nəfər qətlə yetirilib. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində
Bakıda
və Azərbaycan rayonlarında ümumilikdə
137 nəfər öldürülüb,
744 nəfər yaralanıb,
841 nəfər qanunsuz həbs olunub.
Hərbi
qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım
maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi
əmlak məhv edilib.
Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım
işçiləri və milis nəfərləri də
olub. Bu hadisənin törədilməsilə SSRİKonstitusiyası,Azərbaycan SSRKonstitusiyası
kobudcasına pozulub, Azərbaycan Respublikasının
suveren hüquqları tapdanıb.
Qabaqcadan
düşünülüb hazırlanmış bu təcavüzkar aksiyaAzərbaycanxalqının
demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək
ona mənəvi zərbə vurmaq məqsədi daşısa da, təcavüzkarlar öz istəklərinə çata bilməyiblər.
Böyük
itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla
cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən,
öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini,
məğrurluğunu nümayiş etdirib.
Məhz bunun nəticəsində xalqlar
həbsxanası adlandırılan sovetlər imperiyası süquta uğrayıb, uzun
illərdən bəri arzusunda olduğumuz müstəqilliyimiz yenidən bərpa olunub.
Bu
qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim
xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir. Xalqımızın qan yaddaşında əbədi
yaşayacaq 20 Yanvar faciəsini respublikamız hər il ümumxalq hüzn günü, eyni zamanda azadlıq mübarizəmizin qəhrəmanlıq
səhifəsi kimi qeyd
edir. Bu gün böyükdən-kiçiyə
hər bir azərbaycanlı Şəhidlər Xiyabanına gələrək, 20 Yanvarşəhidlərinin xatirəsini hörmət və ehtiramla yad edir.
Ənənəyə uyğun olaraq bu gün də Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar20 Yanvarfaciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər.
Vətəndaşlar 20 saylı orta məktəbin qarşısından Parlament prospekti ilə Şəhidlər Xiyabanı istiqamətində hərəkət edəcəklər.
Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Daxili İşlər Nazirliyində hazırlanmış tədbirlər planına əsasən,20 Yanvarfaciəsinin 27-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanına gələn ziyarətçilərin təhlükəsizliyini təmin etmək məqsədilə yanvarın 20-si səhər saat 8.00-dan mərasim başa çatanadək Mikayıl Müşfiq küçəsi və Hüseyn Cavid prospektinin kəsişməsindən, Mikayıl Müşfiq dairəsi ilə Mətbuat prospektinin kəsişməsindən, Mehdi Hüseyn küçəsi Teleteatr binasının qarşısından, İzzət Nəbiyev və Abbasqulu Abbaszadə küçələrinin kəsişməsindən, yəni Milli Məclisin inzibati binasının arxa hissəsindən Parlament prospekti - Şəhidlər Xiyabanı istiqamətinə bütün nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücüləri həmin gün şəxsi nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyə, alternativ yollara üstünlük verməyə çağırır.
Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün Azərbaycanın xarici ölkələrdəki səfirlikləri, diplomatik nümayəndəlikləri, Azərbaycan icmaları tərəfindən də müvafiq tədbirlər həyata keçirilir.
Yanvarın 20-də Bakı vaxtı ilə saat 12.00-da ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək, gəmilər, avtomobillər və qatarlar səs siqnalları verəcək. Həmin gün ölkə ərazisində matəm əlaməti olaraq Azərbaycanın dövlət bayraqları endiriləcək.