• cümə, 26 Aprel, 00:09
  • Baku Bakı 16°C

Azadlığı və azad sözü sevən Mehdi Hüseyn

27.10.16 15:15 15290
Azadlığı və azad sözü sevən Mehdi Hüseyn
Azərbaycan ədəbiyyatının təşəkkülü və inkişafında, yeni mövzularla zənginləşməsində, eləcə də ədəbiyyatşünaslığın araşdırılmasında, ədəbi tənqidin yeni zirvələr fəth etməsində Xalq yazıçısı Mehdi Hüseynin özünəməxsus yeri vardır.56 illik ömrünün 40 ilini ədəbiyyata həsr etmiş Mehdi Hüseyn orijinal yaradıcılıq xüsusiyyətlərinə malik istedadlı yazıçı, dramaturq və prinsipial, obyektiv tənqidçi idi. Müxtəlif janrlarda yazıb yaratmış bu unudulmaz sənətkar nəsr və dram əsərlərində yaşadığı dövrün xarakterik cəhətlərini qabartmağa çalışmış, quruluşun tələbi baxımından yeni obrazlar yaratmış, tarixi mövzulara müraciət etmiş, ədəbi-tənqidi məqalələrində isə ədəbiyyatın mühüm problemləri öz əksini tapmışdır. Mehdi Hüseyn nədən yazırdısa, çalışırdı ki, qələmə aldığı mövzu və problemlər xəlqilik mövqeyindən işıqlandırılsın, o cümlədən oxucunun vətənpərvərlik duyğularına, yaratmaq eşqinə təsir etsin. Əlbəttə, Mehdi Hüseyn də, müasirləri kimi, dövrünün övladı idi, sovet rejiminin tələb etdiyi, daha cidd-cəhdlə qoruduğu çərçivələrdən o qədər də kənara çıxa bilməzdi. Bununla belə, Mehdi Hüseyn də müəyyən həqiqətləri söyləmək üçün tarixi mövzulara müraciət edərək ürəyindən keçənləri bu yolla oxuculara çatdırmağa can atmışdır.

Yaradıcılığa məqalə ilə başlayan Mehdi Hüseyn Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin (1928-1930), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1934), Azərbaycan Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1954-1958), birinci katibi (1958-1965), Ümumittifaq Yazıçılar İttifaqı İdarə Heyətinin katibi (1958-1965) olmuşdur.

Mehdi Hüseynin yaradıcılıq yolu hamar olmamışdır. Dövrün səhvləri, ədəbi irsə olan yanlış münasibət ədibin də yaradıcılığına təsir etmişdir. O, APYC (Azərbaycan Proletar Yazıçıları Cəmiyyəti) fəal rəhbərlərindən biri idi. Bu, onun da yaradıcılığının başlanğıcında müəyyən səhvlərə yol verməsinə səbəb olmuşdu. Amma o dövrün ədəbi mühitini təhlil etdikcə bir çox məqamlar aydınlaşır. Klassiklərə ögey münasibət, onların inkar edilməsi haqsızlıq idi. Mehdi Hüseyn kimi qələm sahibləri isə bu yanlışlığı sonadək apara bilməzdilər. Sonralar ədib öz yazılarında bu məsələyə toxunmuşdur: "Biz sovet ədəbiyyatı uğrunda mübarizədə yanıldıq. Çünki milli ədəbiyyata qarşı çıxmışdıq".

2009-cu ildə ölkə Prezidenti İlham Əliyevın Mehdi Hüseynin 100 illik yubileyinin keçirilməsi bağlı imzaladığı sərəncamda deyilir: "Yeni dövr Azərbaycan ədəbiyyatının inkişafında istedadlı nasir, dramaturq və tənqidçi Mehdi Hüseynin özünəməxsus yeri vardır. O, tarixi və müasir mövzulu bədii əsərlərin bir çox dəyərli nümunələrini meydana gətirməklə yanaşı, peşəkar ədəbiyyatşünas kimi sənətkarlıq və yaradıcılığın nəzəri məsələlərinə dair aktual mülahizələri ilə ədəbi prosesə istiqamət vermişdir".

Azərbaycan ədəbiyyatının inkişafı sahəsində təqdirəlayiq xidmətlər göstərmiş Mehdi Hüseyn yaradıcılığının ən kamil dövründə dünyasını dəyişib. Ona görə də ədibin yaradıcılığının dərindən və hərtərəfli tədqiqi üçün işlər görülməlidir. Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus yer tutan bu sənətkarın şəxsi arxivi, əlyazmaları diqqətlə araşdırılmalı, öyrənilməli, onun yaradıcılığı barədə yenidən sanballı, layiqli monoqrafiyalar yazılmalıdır. Doğrudur, Mehdi Hüseyn yaradıcılığı hələ ötən əsrin ortalarından ədəbi tənqidin diqqət mərkəzində olmuşdur. Azərbaycan ədəbiyyatının, tənqidi fikrinin problemlərindən danışan, tədqiqatlar aparan müəlliflərin əksəriyyəti Mehdi Hüseyn haqqında müəyyən məqalələr yazıblar. Düşünürük ki, yeni nəslə onun həyat və yaradıcılığı daha ətraflı çatdırılmalıdır.

Mehdi Əli oğlu Hüseynov 1909-cu il martın 22-də Qazax mahalının Şıxlı kəndində ziyalı ailəsində anadan olmuşdur. Ədibin atası Qori Müəllimlər Seminariyasında təhsil almış görkəmli pedaqoqlardan biri idi. Azərbaycanın müxtəlif bölgələrində, eləcə də Bakıda realnı məktəblərdə dərs demişdir. Mehdi ilk təhsilini doğma kənddə almış, sonra Qazax seminariyasında oxumuşdur. Ədəbi yaradıcılığa seminariyanın ikinci kursunda oxuyarkən başlayan Mehdi Hüseynin ilk yazısı Tiflisdə çıxan "Yeni fikir" qəzetində çap edilmişdir. Ailəliklə Bakıya köçdükdən sonra təhsilini paytaxtda davam etdirən Mehdi Hüseyn burada Pedaqoji Texnikumu bitirmişdi. Onun bu texnikumda ədəbiyyat müəllimi görkəmli Azərbaycan yazıçısı Abdulla Şaiq olmuşdur. İlk hekayəsi "Qoyun qırxımı" 1927-ci ildə "Şərq qadını" jurnalında dərc edilmişdi.

Bakı ədəbi mühiti Mehdi Hüseynin yazıçı kimi formalaşmasında böyük rol oynamışdır. Bəllidir ki, o illərdə Cəlil Məmmədquluzadə, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Abdulla Şaiq səmərəli fəaliyyət göstərərək öz əsərlərində köhnəliyi, dini fanatizmi tənqid, qadın hüquqlarını müdafiə edirdilər. O dövrdə ədəbiyyatda bir sürətli istiqamət var idi: köhnəliyi dağıtmaq, yenisini qurmaq. Bu köhnəliyin daxilində hansı məsələlər gedirdi, - bu, başqa mövzunun söhbətidir. Əsas məqsəd bu idi ki, ədəbiyyata yeni mövzular gəlirdi. Məram və məqsəd tərəqqiyə, inkişafa çatmaq idi. Doğrudur, bəzən təcrübəsizlik, dövrün tələblərinə həddən ziyadə aludəlik yeni yaranan nəsr nümunələrindən təsirsiz keçmirdi. Ona görə də istər Mehdi Hüseynin, istərsə də o dövrdə fəaliyyət göstərən yazıçıların ədəbiyyata gətirdiyi obrazlar zəmanənin, ictimai mühitin, bəzən də ədalətsizliyin məngənəsindən çıxa bilmirdi.

Mehdi Hüseyn 1926-cı ildə ADU-nun pedaqoji fakültəsinə daxil olaraq beş il sonra təhsilini tamamlamışdır. 1938-ci ildə isə Moskvada Dövlət Kinematoqrafiya İnstitutu yanında akademiya tipli kinossenarist kursunu bitirmişdir.

Bir tərəfdən yeni eranın başlanması, mədəni inqilabın kəndlərə, ən ucqar yerlərə ayaq açması, digər tərəfdən də bunun əksi olaraq repressiyaların şiddətli yürüşü əslində yazıçıları da anlaşılmaz vəziyyətdə fəaliyyət göstərməyə sövq etmişdi. Dünyanın rəngi elə qarışdırılmışdı ki, bu faciəni kənardan seyr etməklə nə baş verdiyini anlamaq o qədər də asan deyildi. Həbs edilənlər, gedər-gəlməzə göndərilənlər, mühakiməyə çağırılanlar, təzyiqə məruz qalanlar əsl həqiqəti bilirdilər. Çoxunun bu həqiqətləri deməyə imkanı, bəzilərinin isə cürəti yox idi. Quruluş insanları elə kökə salmışdı ki, onlar hətta evlərində - doğmalarının yanında da nəsə danışmırdılar. İnsanlar boğulurdu.

Ötən əsrin 20-ci illər ədəbiyyatından bəhs edənlər yazırdılar ki, o dövrdə nəsr, şeir dramaturgiyaya nisbətən zəif inkişaf etmişdi. Əlbəttə, bu fikirdə də müəyyən ziddiyyət var. Sovet dövründə qələmə alınmış bu münasibət başqa cür ola bilməzdi. Halbuki o illərdə Hüseyn Cavidin, Cəfər Cabbarlının, Səməd Vurğunun və başqalarının pyeslərinin uğurlu tamaşaları olurdu. Məmməd Səid Ordubadinin, Süleyman Rəhimovun, Əli Vəliyevin, Mirzə İbrahimovun, eləcə də Mehdi Hüseynin hekayələri, povestləri, romanları çap olunurdu. Ədəbiyyat inkişaf edirdi. "Bədii nəsrin ən gözəl nümunələrini Mehdi Hüseyn yaradırdı" (M.Arif). Bu başqa söhbətdir ki, nəsr nümunələri sovet quruluşunun tərənnümünə necə xidmət göstərirdi. Müdrik və uzaqgörən ədiblərimiz tez-tez tarixi mövzulara müraciət edirdilər. Başqa çıxış yolu yox idi.

Mehdi Hüseyn bütün yaradıcılığı boyu həyat həqiqətlərinə sadiq qalmağa çalışırdı. O, sözün əsl mənasında yazıçı kimi fəaliyyət göstərmək istəyirdi. Amma onun hekayələri nədənsə ədəbi tənqidi qane etmirdi. Hətta o dövrdə mətbuatda dərc edilmiş rəylərin birində deyilirdi: "Mehdi Hüseyn hekayə ilə tənqidi bir-birinə qarışdırır".

Uzun müddət Mehdi Hüseyn mətbuata və nəşriyyatlara nəsr əsərləri təqdim etmədi. On-on beş il "Daşqın" adlı romanın üzərində işlədi. Üç hissədən ibarət olan bu roman haqqında xalq şairi Rəsul Rza kitabın nəşrinə yazdığı müqəddimədə deyirdi: "İki dünyanın diz-dizə gəldiyi böyük günlərin yaralı səhifələri bu gün belə kimsənin xatirindən çıxmamışdır. Bu günlərin dəhşətli gurultularına qarışaraq sovrulan dumanların içində itən, sızılan qanlardan boğulan qəhrəmanlar Azərbaycan əməkçilərinin xatirindən silinməyəcəkdir".

Mehdi Hüseyn həyatın hər üzünü görən yazıçı idi. O, tez-tez rayonlara gedir, insanlarla görüşür, bəzən də uzun müddət orta məktəblərdə müəllim işləyirdi. Daim axtarışda olan Mehdi Hüseynin bir-birinin ardınca hekayələri çap edilirdi. 1940-cı ildə işıq üzü görən "Tərlan" romanı müəllifin bir nasir kimi yeni üslubunu ortaya qoydu. Azərbaycan ədəbiyyatında Süleyman Rəhimovun "Saçlı", Ə.Əbülhəsənin "Yoxuşlar" romanı hansı mövqedə durursa, Mehdi Hüseynin "Tərlan" romanı da həmin sırada ləyaqətlə dayanır.

1947-ci ilin sonunda Mehdi Hüseynin "İnqilab və mədəniyyət" jurnalında çap edilən "Abşeron" romanı ədəbi hadisəyə çevrildi. Bu romana görə, müəllif 1950-ci ildə Dövlət mükafatına layiq görüldü. Əsər rus, ingilis, fransız, alman, polyak, ərəb, hind, çin, bolqar, macar, rumın və başqa dillərə tərcümə edildi. Bu roman haqqında nəinki yerli və İttifaq, eləcə də xarici ölkələr mətbuatında ətraflı yazılar dərc olundu.

Mehdi Hüseyn mövqeli tənqidçi idi. Xüsusilə də Yazıçılar İttifaqına rəhbərlik etdiyi illərdə gənclərə - istedadlı şair və yazıçılara qayğı ilə yanaşar, onların əsərləri barədə mülahizələrini, tənqidi qeydlərini bildirərdi. Mehdi Hüseynin necə tənqidçi olması barədə filologiya elmləri doktoru, professor, mərhum ədəbiyyatşünas alim Qulu Xəlilov "Onun yeri görünür" adlı xatirəsində yazırdı: "Mehdi Hüseyn sözün həqiqi mənasında cəngavər idi. Fikir cəngavəri, söz cəngavəri, hünər cəngavəri idi. Heç bir yazıçı çıxan bütün əsərləri oxuyub onun qədər fikir demək iqtidarına malik deyildi. Mehdi Hüseynin ölümü Azərbaycan ədəbiyyatı üçün ağır itki oldu. O, sanki sənətin, ədəbiyyatın barometri, ölçüsü idi. Mehdi Hüseyn prinsipiallığın, cəsarətin zirvəsində dayanırdı. Onun sağlığı bizdə arxayınlıq və narahatlıq yaratmışdı. Arxayın idik, ona görə ki, harada ədəbiyyatın mənafeyinə bir zərər toxunsa, Mehdi Hüseyn dərhal bir qartal kimi ora şığıyırdı. Narahat idik ona görə ki, hamı fikir söyləyəndə ondan ehtiyat edirdi. Mehdi Hüseynin obyektivliyindən, cəsarətindən, düzlüyündən çəkinirdi". Bu sözlərdəki böyük həqiqət bu gün hamını düşündürməlidir. Mehdi Hüseynin vəfatından 52 il keçir. İndi ədəbi tənqidimizdə bir tost ənənəsi hökm sürür. Ədəbiyyatımıza basqılar etmiş cızma-qaraçıların zəif əsərləri barədə baş alıb gedən susqunluq həqiqətən dözülməzdir. Belə məqamda bizim də ürəyimizdən keçir ki, bu sualı verək: niyə Mehdi Hüseyn, Məmməd Arif, Məmməd Cəfər, Qulu Xəlilov, Yaşar Qarayev kimi tənqidçilərin yeri boş görünür? Ədəbiyyata dəxli olmayan kitablar - makulaturalar haqqında ədəbi tənqid niyə münasibət bildirərək sərt sözünü demir? Gənclərlə yaşlılar arasındakı əlaqələrin tarazlığı da xoşagələn deyil. Yeni yazarlar ədəbiyyatı oxumadan, yazıçıların həyatına dərindən bələd olmadan, dövrləri bilmədən bütünlükdə 70 illik ədəbiyyatın üstündən qara xətt çəkirlər. Yaşlılar da cavanları bəyənmirlər. Halbuki Mehdi Hüseynin həyat və yaradıcılığına bələd olduqda fikirləşirsən ki, ötən əsrin 20-30-cu illərində ədəbiyyata gələnlərin hər birinin həyatı örnəkdir. Təkcə onları oxumaqla, bilməklə, öyrənməklə çox dəyərli bilgilər əldə etmək olar. Ən azından xalqımızın keşməkeşli taleyindən xəbər tutarıq. Bu yazıçı və şairlərin hər birinin həyat yolu millətimizin taleyi ilə üst-üstə düşür. Hər birinin ömründə bir tarix var.

Unudulmaz yazıçımız həm də görkəmli ictimai xadim kimi tanınırdı. Dəfələrlə deputat seçilmişdi. 1964-cü ildə xalq yazıçısı fəxri adına layiq görülmüşdü.

Repressiyaların caynaqlarından xilas olaraq sədaqətlə ədəbiyyatımızın inkişafına xidmət edən Mehdi Hüseynin 1964-cü ildə Yazıçılar İttifaqında öz kabinetində ürəyi dayanmışdır. Bu, adicə əcəl olmamışdı. O günün şahidləri, hadisəni dərindən bilən qələm dostları mənə danışmışdılar: "Mehdi Hüseynin ürəyini partlatdılar. O adamlar ki, sonralar da elə öyrəncəkli olmuşdular ki, tribunalarda odlu-alovlu çıxışlar edir, digər vətən oğullarının üzünə dirənərək öz ənənələrindən uzaq düşmürdülər. Amma həyat heç nəyi borclu qoymur".

40 il ədəbi fəaliyyət göstərərək ədəbiyyatımıza sədaqətlə xidmət etmiş Mehdi Hüseyn əsl sənətkar ömrü yaşadı. Öyrənə-öyrənə, işləyə-işləyə, yüksələ-yüksələ. Mehdi Hüseyn ruhən güclü, mənən təmiz insan, millətini sevən ədib olduğundan yazdığı bütün əsərlərində mənəviyyatın qələbəsinə üstünlük vermişdir. O, qəhrəmanlarını rəğbət və məhəbbətlə, inanaraq təqdim etmişdir. Əslində, Mehdi Hüseyn azadlığı, azad sözü sevirdi. Bəlkə elə buna görə Nəriman Nərimanovdan bəhs edəcək əsərinin də adını "Azadlıq" qoymuşdu. Heyiflər olsun ki, arzuları da ömrü kimi yarımçıq qaldı.
Flora Xəlilzadə,
əməkdar jurnalist


banner

Oxşar Xəbərlər