• cümə axşamı, 28 mart, 12:44
  • Baku Bakı 16°C

Azadinform oxunur, izlənilir və xəbərləri gözlənilir - Reportaj

10.01.17 18:40 2339
Azadinform oxunur, izlənilir və xəbərləri gözlənilir - Reportaj
Dünən Azadinforum İnformasiya Agentliyinin 18 yaşı tamam oldu. 1999-cu ildən fəaliyyət göstərən informasiya agentliyinin yaradılmasında məqsəd beynəlxalq aləmdə, regionda, xüsusən də respublikamızda baş verən ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni hadisələri operativ, qərəzsiz və obyektiv şəkildə ictimaiyyətə çatdırmaqdan ibarət olub.
18 ildir fəaliyyətini davam etdirən agentliyi biz də təbrik etdik. Agentliyin baş redaktoru Niyaz Niftiyevlə görüşüb onun təəssüratlarını öyrəndik. Niyaz müəllim bildirdi ki, Azadinform İnformasiya Agentliyi 1998-ci il noyabrın 9-da AR Mətbuat və İnformasiya Nazirliyinin lisenziyasını əldə edib: "Mən Azadinform fəaliyyətə başlayan ilk gündən burdayam və agentliyin ilk xəbərinin müəllifiyəm. İlk əvvəl müxbir, parlament müxbiri, sonra isə redaktor və baş redaktor olduğumdan proseslər bilavasitə iştirakımla baş verib. Bu gün Azadinform-un xəbərləri Azərbaycan, rus və ingilis dillərində həm saytımızda yerləşdirilir, həm də e-poçt vasitəsilə hökumət və qeyri-hökumət təşkilatlarına, xarici ölkələrin Azərbaycandakı diplomatik nümayəndəliklərinə, Azərbaycanın xarici ölkələrdəki səfirliklərinə, beynəlxalq təşkilatların Bakı nümayəndəliklərinə göndərilir. Əslində 18 il bir İnformasiya Agentliyinin davamlı fəaliyyəti üçün böyük rəqəmdir. Siyasi proseslərin çox gərgin zamanına təsadüf edən ilk fəaliyyətimiz düşünürəm ki, uğurlu olub, fasiləsiz çalışmışıq. Azadinform-a bu zaman ərzində gəlib-gedən həmkarlarımızın sayı yüzlərlədir, onlar bu gün də Azərbaycanın müxtəlif aparıcı sayt və qəzetlərində çalışırlar. Onların hər birinin Azadinform-un inkişafında və ayaqda qalmasında xidmətləri var. Bu 18 ildə sırf xəbər istehsalı ilə məşğul olduğumuzu düşünürəm. İstər mənə qədər, istərsə də mənim baş redaktorluğum dövründə media ilə bağlı qanunvericilikdən kənar informasiya istehsalını xatırlamıram. Xəbər istehsalında qərəz, digər neqativ hallara yol vermədən fəaliyyət göstərmişik. Bu illərdə ölkənin inkişafı, dövlətçiliklə bağlı məsələlərdə mövqeyimiz qəti və sabit olub. Biz oxucunun arxasınca getməkdənsə, çalışmışıq ki, oxucunu öz arxamızca apara bilək. Buna nə dərəcədə nail olmuşuq, əlbəttə, bizi izləyənlər daha yaxşı bilir”.
Saytın redaktoru Adəm Abbaslı deyir ki, Azadinform bu gün yaş etibarilə Azərbaycan elektron informasiya aləminin məhək daşı sayıla bilər: "Bu Azadinform nə imiş?! Bu Azadinform ki var... (Gülür) Çox qəribədir, əksər tanınmış jurnalistlərlə söhbət edəndə məlum olur ki, sən demə, onlar fəaliyyətə ya Azadinform-da başlayıb, ya da ki, nə vaxtsa Azadinform-da çalışıblar. Söhbət Azərbaycan mətbuatında bu gün öz imzası ilə yetərincə tanınan jurnalistlərdən gedir. Mən Bakı Dövlət Universitetinin tələbəsi idim, Azadinform yarananda. O vaxt deyirdilər ki, elektron sayt yaranıb. O zamanlar interneti indiki kimi cibdə, əldə gəzdirmək qeyri-mümkün idi. Və internet deyilən bir şeyi tam dərk etmək üçün yekə kompyuter lazım idi. Əsasən idarələrdə olan bu qeyri-adi cihaz evlərdə çox az olurdu. Bu səbəbdən də hər dəfə hansısa saytın yarandığı haqda eşidəndə hamıya çox qəribə gəlirdi. Elə bu gün 18 yaşını qeyd etdiyimiz Azadinform da bir zamanlar kompyuter monitorlarından üzünə qəribə baxışlar dikilən saytlardandır. Bizim özümüz haqda nə deyəcəyimizdən daha vacibi oxucularımızın nə deməsi, nə düşünməsidir. Saytın əməkdaşı və sosial şəbəkələrdə müşahidələr aparan bir şəxs kimi belə bir qənaətə gəlirəm ki, Azadinform oxunur, izlənilir və xəbərləri gözlənilir. Çünki biz maraq dairəsindən asılı olmayaraq, bütün oxucularımızın diqqətinə xəbərlər təqdim etməyə, onların informasiya bazasının yenilənməsinə çalışırıq. Və əminəm ki, buna nail oluruq da. O ki qaldı mənə, jurnalistikanı çox sevirəm və deyərdim ki, özümü onsuz təsəvvür etmirəm. Təbii ki, bu gün bu peşə və işlədiyim yer haqqında xoş sözlərin meydana gəlməsində kollektivin də böyük rol var. Çox mehriban və işgüzar kollektivimiz var. Ürəyimiz dolu olsa da, vaxtımız çox azdır. Ona görə də fikirlərimi tamamlayaraq, başda baş redaktorumuz Niyaz Niftiyev olmaqla, Leylaya, Samirə, Elçin müəllimə, Məmmədsana, Nigar xanıma, Ləmana, Eşqinə, Rüstəmə bu yolda uğurlar arzulayıram! Siz də çox sağ olun ki, bizə yer və vaxt ayırdınız”.
Agentliyin rus versiyasının redaktoru Elçin Bayramlı 2 ilə yaxındır burada işləyir. Belə bir qocaman agentlikdə işləməyin məsuliyyətli olduğunu deyir: "Azadinform-un öz iş prinsipi, öz kriteriyaları, öz standartları var. Bizim agentlikdə yalan, daha çox oxucu toplamaq üçün etikadankənar materiallar yaymaq, kimisə təhqir, şantaj etmək kimi fəaliyyət mümkün deyil. Agentliyimizin rəhbərliyi bu prinsipləriə riayət edilməsinə ciddi nəzarət edir. Baş redaktorumuz Niyaz Niftiyev isə agentlik yaranandan burda işləyir və agentliyin 18 illik fəaliyyətinin canlı şahididir. Əgər hansısa xəbər bizim agentlikdə yayılırsa, oxucularımız əmin olur ki, deməli o, tam dəqiq, obyektiv və doğrudur. Çünki keçən 18 ildə bunun əksi olan hala rast gəlməyiblər. Biz operativlikdən çox, obyektivliyə qiymət veririk. Hamıdan tez səhv xəbər yaymaqdansa, hamıdan gec doğru xəbər yaymaq üstündür. Agentliyimizin saytında təkcə xəbərlər deyil, müəllif yazıları, maraqlı müsahibələr, reportajlar və sair materiallar yayımlanır. Azadinform-un öz xüsusi auditoriyası var. Əməkdaşlarımız mütamadi olaraq jurnalistlər arasında təşkil olunan müsabiqələrdə iştirak edir və yüksək yerlər tuturlar. Azadinform gənc jurnalistlərin də peşəkarlaşması, təcrübə qazanması üçün ideal yerdir. Saytımızın (azadinform.az) oxunma sayı getdikcə artır və bu sevindiricidir. Redaksiyaya gələn oxucu məktubları isə fəaliyyətimizin güzgüsüdür. Lakin bunlarla qənaətlənmək fikrində deyilik. Hədəflərimiz daha böyükdür. 18 yaşımız münasibətilə bütün oxucularımızı, agentliyin rəhbərliyini və köllektivini təbrik edirəm. Burada vaxtilə işləmiş bütün həmkarlarımızı da”.

Siyasi yazar, ingilis dili bölməsinin redaktoru Leyla Məhərrəmova isə Azadinform-da artıq 3 ildir ki, çalışdığını deyir. Davamlı jurnalist fəaliyyətinə məhz bu agentlikdə başlayıb: "Universitetdə oxuduğum illərdə başqa mətbu orqanlarla əməkdaşlıq etmişəm. Hesab edirəm ki, informasiya agentliyində işləmək jurnalistdən daha çox məsuliyyət tələb edir. Çünki operativ olmalısan, gündəmin tez-tez dəyişdiyi gün ərzində bir neçə mövzu işləməlisən. Mən daha çox siyasi xəbərlər yazıram, xarici saytlardan tərcümələr edirəm, politoloqlar, səfirlərlə işləyirəm. Hər gün bu sahəyə marağım daha da artır. Bu işdə redaktorlarımızın rolu əvəzsizdir. Təcrübəli jurnalistlərlə birgə işləmək bu peşəyə sevgini daha da artırır, daha çox öyrənmək, uğur əldə etmək istəyirəm. Ona görə də hesab edirəm ki, Azadinform mənim üçün bir məktəbdir. Bu illər ərzində həm ölkədə, həm dünyada elə hadisələr baş verib ki, medianın diqqətindən kənarda qala bilməzdi. 2014-cü ildə ermənilərin cəbhədə gərginlik yaratması, Azərbaycanın hava məkanını pozduğu üçün erməni helikopterinin vurulması, 4 günlük aprel döyüşləri və sairi bu tip hadisələrin sırasına aid etmək olar. Həmin vaxtlar bizim agentlik həmişə olduğu kimi jurnalistikanın etika və prinsiplərinə uyğun fəaliyyət göstərdi. Məsələyə əməkdaş kimi yox, oxucu kimi münasibət bildirsəm, deyə bilərəm ki, Azadinform oxucular üçün etibarlı media orqanlarından biridir. Çünki burada heç vaxt təsdiq olunmamış, təhrif edilmiş yazılara rast gəlinmir. Həmişə bu prinsiplərə sadiq qalmağı arzu edirəm. Agentliyimizin ad günü münasibətilə redaktorumuz başda olmaqla, bütün həmkarlarımı təbrik edirəm”.

Müxbir Samir Soltanov 4 ilə yaxındır ki, burada çalışır. Deyir ki, Azadinform-da çalışdığı müddətdə jurnalistika ilə bağlı çox biliklərə yiyələnib: "Mənim bu sahədə yetişməyimdə baş redaktor Niyaz Niftiyevin və tanınmış jurnalist Adəm Abbaslının əməyi böyükdür. Həqiqətən də Azadinform jurnalistika məktəbidir. Bu məktəb hal-hazırda fəaliyyət göstərən Azərbaycan mətbuatının adlı-sanlı jurnalistlərini yetişdirib. Mən Azadinform-un bütün kollektivini səmimi-qəlbdən təbrik edirəm. Onlara işlərində uğurlar arzulayıram”.

Saytın rus dili tərcüməçisi Rüstəm Əliyev isə 18 yaşlı kollektivini belə təbrik etdi: "Burda biz informasiyanı müxtəlif ilkin mənbələrdən alıb onun tərcümə edilməsi, xalqın anlayacağı dildə hazırlanması və sonda əhalimizə çatdırılması işlərini görürük. Agentliyimiz bizim üçün çox dəyərlidir. Onu bizim üçün dəyərli edən bizim mehriban kollektivimizdir. Agentliyimizdə çalışan bütün həmkarlarımı təbrik edirəm”.

Azadinform-un əməkdaşı Nigar İsfəndiyar deyir ki, bir qurumun adında "azadlıq” sözü varsa, sevilməyə bilməz: "Azadinform mənim üçün sürətli, günün nəbzini tutan xəbərlər agentliyindən daha çox azadlığı, məsələlərə obyektiv münasibəti, ən önəmlisi də ədəbi sözü özündə ehtiva edən bir qurumdur. Hamımız yaxşı bilirik, günümüzün mediasında rəqabət hökm sürür. İnsan psixologiyasına dəhşətli təsir edən xəbərlər zibilliyi içərisində təmiz qalmaq, axına qoşulmamaq özü də bir hünərdir və bunu 18 il qorumaq sözün əsl mənasında qəhrəmanlıqdır. Mən həmişə redaksiyamızda hörmət, isti münasibət görmüşəm. O münasibət oxucularımıza da təsir edib. Əgər bu gün bizim yazılarımıza ölkəmizin ucqar yerlərindən oxucu münasibəti gəlirsə, bu elə ən yaxşı İP deməkdir. Siz Azadinform-un manşetində üçüncü səhifə xəbərləri görə bilməzsiniz, insan ləyaqətini alçaldan düşüncələr gözünüzü deşməz! Mənə görə, bu, yetərli səbəbdir. Bu gün bizim 18 yaşımız tamam olur. Bu on səkkiz ildən kimlər gəldi, kimlər keçdi. Onların hamısına dərin hörmətlə, mən də öz növbəmdə təmsil etdiyim qurumu təbrik edir, sükanı belə saxlamağı və qismətsə QƏLƏBƏ xəbəri verməyi arzu edirəm”.
Ləman Hüseynzadə burada fəaliyyətə hələ yeni başlasa da, tez bir zamanda kollektivə qaynayıb-qarışıb: "Yeni olmağıma baxmayaraq, işimi və iş yerimi çox sevirəm. Məhz Azadinform-u seçməyimə səbəb isə universitetin 2-ci kursunda təhsil alrkən təcrübə keçmək üçün bura göndəriləndə baş redaktorumuz Niyaz müəllim və kollektivdən xoş davranış görməyim oldu. Bura mənim üçün həm böyük bir məktəb, həm də hadisələrdən anındaca xəbərdar olduğum bir məkandır. Jurnalistikaya olan marağım Azadinform və onun kollektivi sayəsində daha da artır. Bildiklərimi işimdə tətbiq edir, bilmədiklərimi isə məhz onların yardımı ilə öyrənməyə çalışıram. 18 illik Azadinform-un bir parçası olmağım mənim üçün sevindirici haldır. İldönümü münasibəti ilə Azadinform-un fəaliyyət göstərməsində rolu olan hər kəsi təbrik edir və uğurlar arzu edirəm”.

Biz də Azadinform-u təbrik edir, kollektivə uğurlar arzulayırıq!

Xəyalə Rəis






banner

Oxşar Xəbərlər