• cümə axşamı, 28 mart, 12:39
  • Baku Bakı 16°C

Azad ruhlu ailə – AİLƏ

18.11.16 10:38 8695
Azad ruhlu ailə – AİLƏ

Turanə Rəsulova: "Kişinin məişətdə boğulmasını sevmirəm”

Pozitiv ailədir. Yumorun gücünə o qədər inanırlar ki, ona bütün problemlərin, çatışmazlıqların həlli kimi baxırlar. Deyirlər ki, problemə gülmək onu yarıyacan həll etmək deməkdir. Xoşbəxtliklərinin sirri isə hər iki tərəfin bir-birinə verdiyi azadlıqdır. Düşünürlər ki, nə kişi qadını, nə də qadın kişini məişət problemləri, gündəlik cılız söz-söhbətlərlə "boğmamalıdır”.
"Ailə” rubrikamızın budəfəki qonaqları şair Aqşin Yenisey və həyat yoldaşı həkim Turanə Rəsulovadır. Cütlüyümüzün Ankarada qonağı olduq.
Qeyd edək ki, müsahiblərimizin İgiday adlı 3 yaşlı oğlanları var.
Həmişə olduğu kimi, bu dəfə də tanışlıq tarixçəsindən başlayırıq...

İlk görüşdə evlənmə təklifi...

Cütlüyümüz ortaq dostları vasitəsilə tanış olublar. Turanə deyir ki, şair kimi Aqşini tanısa da, onunla ailə quracağını təsəvvürünə belə gətirməyib: "Ortaq dostlarımız bizi bir-birimizdən xəbərsiz qonaq çağırmışdılar. Planlaşdırılmamış bir dəvət idi. Mənə zəng vuran dostum evdə yalnız yoldaşı ilə özü olduğunu dedi. Aqşinin orada olduğundan xəbərsiz idim. Həmin vaxt bağdan qayıdırdım və həqiqətən adam içinə çıxacaq vəziyyətdə deyildim. İsrar etdilər deyə, xətirlərinə dəyməmək üçün getdim. Onlara çatanda dostum məni qarşıladı və dedi ki, Aqşin ördək bişirib. Dedim Aqşin kimdir, hansı Aqşin? Aqşin Yenisey sizdə nə gəzir? Aqşin bir neçə il əvvəl məni görüb, bəyənib. Bunlar da fikirləşiblər ki, bizi görüşdürsünlər. Aqşini çoxdan tanıyırdım. Şerlərini çox sevirdim və bir çoxunu əzbər bilirdim. Amma onunla ailə quracağımı heç düşünməzdim. Biz ilk dəfə belə görüşdük və elə ilk görüşdəcə mənə evlənmək təklif etdi. Mən də həmin vaxt Almaniyaya getmək ərəfəsində idim, orada tibbdə fəlsəfə doktorluğu üçün elmi iş işləyəcəkdim. Aqşinə dedim ki, şair, mən iki ay sonra Almaniyaya gedirəm. Sonra gördüm ki, yox, hər şey get-gedə mənasız görünür - Almaniya da, karyera da. Hisslər planları üstələyir. Ona görə də mən də həyatımı onunla bölüşməyə razılıq verdim”.
Aqşin isə deyir ki, bu işdə ağlın və qəlbin verdiyi qərara güvənib: "Həyatda illərini bir yerdə yaşayacağın insan haqqında verdiyin qərar ağlın, qəlbin birlikdə qərarı olmalıdır. Əslində, qiyabi olaraq tanıyır və bilirdim ki, bizim çevrədə belə bir xanım var. Onunla orada rastlaşmağım gözəl təsadüf idi”.

Karyera yoxsa ailə?

Ailə qurduqdan sonra Turanə yarıda saxladığı karyerasının ardınca Almaniyaya gedir. Həmsöhbətimiz deyir ki, Aqşin heç vaxt onun şəxsi işlərinə mane olacaq qadağalar qoymayıb: "Aqşin atamla görüşəndə atam ona Almaniya söhbətini açdı və dedi ki, bu, Turanənin qarşısına çıxan böyük şansdır, Onu təhsilindən yayındırmaq olmaz. Aqşin isə cavabında dedi ki, nə indi, nə də sonra mən heç vaxt Turanənin şəxsi inkişafına, karyerasına mane ola biləcək heç nə etməyəcəyəm. Mənə də demişdi ki, mən burdayam, sən Almaniyaya get, ömür hələ qabaqdadır və mən ailə qurduqdan sonra Aqşinin razılığı ilə Almaniyaya getdim. İgidayın orada dünyaya gəlməsini və Aqşinin də tezliklə bizim yanımıza gəlməyini planlaşdırmışdıq”.
Lakin Aqşinin keçirdiyi ağır xəstəlik Turanənin bütün planlarını dəyişdi: "Almaniyada olanda Aqşin xəstələndi. Çox çətin günlər yaşadıq. Uşaq yeni doğulmuşdu. Almaniyada işlədiyim üçün uzun müddət Bakıda qala bilməzdim. Əgər işimi davam etdirmək istəyirdimsə, Almaniyada olmalıydım. Seçim etmək lazım idi. Ya Almaniyada karyera, ya da ailə. Mən ailəmi seçdim, tez-tələsik İgidayın sənədlərini hazırlayıb, geri qayıtdım. Sonra yenidən Türkiyəyə hazırlaşdım, bir il yarım əziyyət çəkdim, üç imtahan verdim. Gündə 15-16 saat uşağımın üzünü görmədən oxudum və istədiyimə çatdım - Türkiyənin ən yaxşı universitet xəstəxanası olan "Hacettepe”də ilk seçdiyim ixtisas olan Anesteziya və Reanimasiya üzrə rezidenturaya qəbul oldum. Bütün seçimlərimdə ailəm ən böyük prioritetim olub.”.

"O, ailədə millətə, cəmiyyətə lazım olan dəyərləri sevir”


Onları bir-birinə cəlb edən xüsusiyyətlərə gəlincə, Aqşin deyir ki, o, insanın ona yaxşı olan tərəflərinə yox, cəmiyyətə yararlı olan tərəflərinə dəyər verir: "Həyat yoldaşımın yalnız mənə xoş olan xüsusiyyətləri mənə maraqlı deyil. Mən onu ümumi insani ölçülərlə qiymətləndirirəm. Mənim üçün qiymətli olan onun bəşəri, mənəvi tərəfləridir. Çünki insanlar bir-biriləri ilə münasibətlərdə bütün hallarda planlı, ikili münasibət qururlar. Hamı çalışır ki, qarşısındakına ən yaxşı tərəflərini göstərsin. Mənim üçün üzdə olan, səthi, göstərici üçün edilən heç bir xüsusiyyətin əhəmiyyəti yoxdur. Görəndə ki, bir insan, sadəcə, dünyaya əlavə yükdür, gözümün işığı da olsa, o adamla mənimki tutmaz. Turanədə mənim bütün Azərbaycan xanımlarında görmək istədiyim bir xüsusiyyət var. O, ailədə özündən daha çox, millətə, cəmiyyətə lazım olan dəyərləri sevir. Dəmir-dümür, qır-qızıl, pul onun üçün maraqlı deyil. Bu, hər qadının, bəlkə də, hər kişinin də sahib ola bilmədiyi xüsusiyyətdir”.

"Aqşin aldatmaz”

Turanə isə deyir ki, bir insanla evli olmaq onun ailəsinə də inteqrasiya etmək deməkdir: "Mən bu insanla xoşbəxtəm, mənə çox maraqlıdır onunla olmaq. Bir insanla evli olmaq təkcə onun özü ilə evli olmaq deyil, onun bütün ailəsinə inteqrasiya etməkdir. Aqşinin ailəsi də mənə özü qədər doğmadır. Aqşinin şəxsi keyfiyyətlərinə gəldikdə isə dürüstdür, mərddir, Aqşin aldatmaz. Düzdür, insanlar əvvəl Aqşin haqqında başqa imic formalaşdırdılar, amma Aqşin artıq dörd ildir mənim həyat yoldaşımdır, onu çox yaxşı tanıyıram. Bilirəm ki, mərddir, sözünün arxasındadır, heç vaxt yalan deməz, bəlkə də, kəskin danışar, fikrində, qərarında qətidir. Amma mənə görə bir kişi üçün ən önəmli keyfiyyətlər - mərdlik, dürüstlük, sözünə sadiq olmaqdır. Xoşbəxtəm ki, bunların hamısı Aqşində var, bu ailə başçısı üçün çox önəmlidir”.

"Bizim cəmiyyət ailədən kənarda insan xoşbəxtliyi tanımır”

Aqşin deyir ki, həyatı başa düşdüyü dövrdən istər ailədə, istərsə də cəmiyyətdə mental, kütləvi dəyərlərə əhəmiyyət verməyib: "Qadının həyatda kişiyə etdiyi ən böyük kömək kişinin azadlığına hörmət etməsidir. Azadlığına hörmət olunmuş kişi dövlət qura bilər, millət yetişdirə bilər. Azadlığı olan kişi çox şeyə qadirdir. Bizim cəmiyyətdəki problemlərin səbəbi qadınların yox, kişiləri azad olmamasıdır. Bizim kişilər məişətdə itib-batıblar, bizim cəmiyyət ailədən kənarda insan xoşbəxtliyi tanımır. Döyüşçü də olsa, həkim də olsa, sənətkar da olsa onun fikri-zikri həmişə ev-eşikdədir, bizim kişi adı "ailə qayğısı” olan cürbəcür boş-boş işlərlə məşğul olmalıdır. Qadın kişini məişətə əsir etdikcə kiçildir, ideyalarından, ideallarından uzaqlaşdırır. Kişi ideyalarla yaşayan varlıqdır. Turanənin məndə o dəyəri görməsi, hörmət etməsi, məni məişət problemləri, ucuz, lazımsız, müvəqqəti və şəxsi problemlərlə yükləməməsi mənim üçün çox qiymətli və dəyərlidir. Bizim bütün uğurlarımız məişətdən kənardadır. Mən həmişə düşünürəm ki, bir həkim xəstəni müayinə edəndə onun fikri ailəsində qalacaqsa, vay o xəstənin halına. Şair də həkimdir, şair də millətin, cəmiyyətin mənəviyyatını sağaldır. Bir millətin mənəviyyatına həkimlik edən adamın da fikri, məsələn, mebelin rənginin, yaxud "sabun bişirməyin” yanındadırsa, vay o millətin halına”.

"Azadlıq olan yerdə xoşbəxtlik öz-özünə yaranır”

Turanə isə düşünür ki, xoşbəxtlik ailədə hər iki tərəfdən əmək tələb edir: "Mən kiminlə yaşadığımı, onun ədəbiyyat üçün, poeziya üçün kim olduğunu çox yaxşı bilirəm. Ailə isə iki tərəfdən də əmək tələb edir. Mən kişinin məişətdə həddən artıq boğulmasını sevmirəm. Aqşin də məişət insanı deyil. Daha doğrusu, onun düşüncələri və etdikləri bəsit məişət hadisələrindən çox daha dəyərli və üstündür. Biz problem mərkəzli deyil, çözüm mərkəzli düşünürük. Mənə elə gəlir ki, bizim xoşbəxtliyimizin sirri bundadır. Bəzən tanıdıqlarımdan kimsə öz həyat yoldaşları ilə yaşadıqları problemləri danışanda mənə qəribə gəlir. Bizim heç vaxt elə problemlərimiz olmur. Xoşbəxtliyin sirri bir-birinin azadlığına toxunmamaqda, onu olduğu kimi qəbul etməkdə və dəyişdirməyə çalışmamaqda, dəyərini bilməkdədir. Məncə, insanların bədbəxtliyinin kökündə hər şeyi özlərinə uyğunlaşdırıb dəyişdirməyə çalışmaq iddiaları durur. Azadlıq olan yerdə xoşbəxtlik öz-özünə yaranır”.

"İstəyim budur ki, o, mənim yox, cəmiyyət övladı olsun”.

Övladları İgidayı necə tərbiyə etdiklərinə gəldikdə isə Turanə deyir ki, İgiday doğulmamışdan Aqşin deyirdi ki, oğlum olsa tərbiyəsi ilə özüm məşğul olacağam: "İgiday sanki, elə əvvəldən evimizdə var idi. Mənim iş qrafikim elədir ki, onun tərbiyəsi ilə başlıca olaraq atası və nənəsi məşğul olur. İgidayı iki aylığından etibarən nənəsi saxlayıb. Mən nənəsinə çox güvənirəm. Nənəsi Aqşini böyüdüb və mənə elə gəlir ki, bir qadının övladına verəcəyi ən gözəl tərbiyəni verib. Ona görə də mən övladımı ona etibar edirəm. İgiday mənim öhdəmə qalanda daha dəcəl və nadinc uşaq olur. Çünki mən onun nazı ilə çox oynayıram. Nənəsi isə daha intizamlı və təcrübəlidir. Qazandığım uğurların böyük hissəsini ona borcluyam. İgidayın tərbiyəsi sarıdan qəlbən rahat olmasaydım, bu gün Hacettepedə ola bilməzdim. Onu da qeyd edim ki, atdığım hər addım, etdiyim hər şey İgidaya gözəl gələcək qurmağa hesablanıb. Ümid edirəm buna nail ola biləcəyik.”
Aqşin düşünür ki, oğlan uşağı məsuliyyət hissi ilə tərbiyə olunmalıdır: "Bir dəfə bir kitabda oxumuşdum ki, 80-ci illərdə İngiltərədə orta məktəblərdə uşaqların çubuqla cəzalandırılmasına icazə verilirmiş. İngilislər izah edirlər ki, uşaq başa düşməlidir ki, onun yaşadığı dünya cəzasız deyil. Uşaqlıqdan cəzanı nəzərə alaraq, atdığı addımları öz beynində götür-qoy etməlidir. Mən də düşünürəm ki, uşaq ev mühitində yox, həyat mühitində böyüməlidir. Bizim ailələr, adətən, uşağı cəmiyyət həyatından məhrum edib, ev mühitinə salırlar. Bu valideynlərin eqoist yanaşmalarıdır. Ata istəyir ki, oğlu özünə oxşasın, çünki o, özündən başqa müqəddəs tanımır. Bizdə hələ də yazıçı istəyir oğlu yazıçı olsun, həkim istəyir həkim… Bu yanlış və Orta əsrlər təfəkkürüdür. Ona görə bizim ölkədə ictimai mühit problemi var. Düşünürəm ki, oğlum məni cəmiyyət kimi görməlidir. Cəmiyyətdə onun rastlaşacağı hər bir hadisəni o, ilk növbədə mənimlə yaşamalıdır, mən onun üçün cəmiyyəti əvəz etməliyəm. Onun ev, məişət, həyət-baca dəyərləri ilə yox, ictimai mühit, cəmiyyət, elm-təhsil dəyərləri ilə böyüməsinə şərait yaratmalıyam. Ən böyük istəyim budur ki, o, mənim yox, cəmiyyətin övladı olsun. Mənə yox, cəmiyyətə xeyri dəyən insan olsun. Bacardığım qədər insan azadlığı duyğusunu ona ötürməyə çalışıram ki, gələcəkdə öz qərarlarını özü verə bilsin”.

"Cəmiyyət xoşbəxt olsa, onda ailə də, fərd də xoşbəxt olacaq”

Sonda cütlüyümüz ailə qurmaq istəyən gənclərə də məsləhət verdi. Turanə deyir ki, ailə qurmazdan öncə özlərini inkişaf etdirsinlər: "Qısqanclıq, məişət problemlərindən uzaq olmaq üçün dünya ilə tanışlıq vacibdir. Təhsil alsınlar, bacardıqca çox səyahət etsinlər, çox insanla ünsiyyətdə olsunlar, insanı və dünyanı, özlərinin dünyadakı yerlərini tanısınlar, missiyalarını müəyyənləşdirsinlər. İkinci ən böyük məsləhətim odur ki, cəsarətli olsunlar. Çətinlikdən, başlarına gələ biləcək hadisələrdən qorxmasınlar. İnsan cəsarətli olanda, etdiklərinin doğruluğuna inananda hər şeyin öhdəsindən gəlir. Mən dünyanın ümumi ədalət prinsipinə inanıram, əvvəl-axır ədalət qalib gəlir. Biz öz amalımız uğrunda çalışdıq və hər zaman "alnı açıq, üzü ağ” olduq. Dünyada heç də hər şey yaxşı və ya pis deyil, bu, sənin baxış bucağından asılıdır, bardağın dolu tərəfini əsas tutub, davam etmək gərəkdir. Xoşbəxt olmaq üçünsə inanmaq və çalışmaq lazımdır”.
Aqşin düşünür ki, ailənin xoşbəxtliyi cəmiyyətin xoşbəxtliyindən asılıdır: "Çalışmaq lazımdır ki, cəmiyyət xoşbəxt olsun. Cəmiyyət xoşbəxt olsa, onda ailə də, fərd də xoşbəxt olacaq. Xoşbəxt ailənin özündə belə insan öz cəmiyyətinin rifahını, səadətini yaddan çıxarmamalıdır. Biz okeanın içindəyik, okean çirkli olsa, orada ayrı-ayrı balıqların salamat qalması mümkün deyil. Xoşbəxt cəmiyyət isə özü öz ailəsini xoşbəxt etməyə qadirdir”.
Aygün ƏZİZ




banner

Oxşar Xəbərlər