• cümə, 19 Aprel, 07:10
  • Baku Bakı 13°C

Azad Rəhimov: "Biz o legionerləri dəstəkləyir, azərbaycanlı idmançılardan fərqləndirmirik"

22.08.16 22:05 2306
Azad Rəhimov: "Biz o legionerləri dəstəkləyir, azərbaycanlı idmançılardan fərqləndirmirik"
Gənclər və idman naziriAzad Rəhimov XXXI Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışları ilə əlaqədar Braziliyanın Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına ezam olunmuş jurnalistlərin suallarını cavablandırıb. "Kaspi" "Report"a istinadla həmin müsahibəni təqdim edir...

- Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına yollanarkən, məqsəd nə idi?
- Öncə fürsətdən istifadə edərək, bütün idmançı və azarkeşlərə minnətdarlığımı bildirmək istərdim. Biz hər gün burada onların diqqətini, dəstəyini hiss edirdik, çoxlu mesajlar alırdıq, Bakıdan məlumatlar gəlirdi. Bu, ilk növbədə, idmançılar üçün çox vacib dəstəkdir. Belə düşünürəm ki, məhz bu dəstək nəticəsində belə nailiyyət əldə olunub. Sevinirik, ona görə ki, idmançılarımız Azərbaycan tarixinə yeni səhifə yazıblar. Bu, həqiqətən də Azərbaycanda idmanın növbəti təntənəsi idi. Bu münasibətlə hamınızı ürəkdən təbrik edir, idmançılara uğurlar arzulayıram. İnanıram ki, onlar gələcəkdə də xalqımızı, azarkeşləri sevindirəcəklər.Olimpiada idman tədbirləri içərisində bir zirvədir. Bu tədbirə bütün idmançılar, cəmiyyət, idman mütəxəssisləri hazırlaşır. 4 il ərzində aparılan işlər təhlil olunur, bir proqram, layihə şəklində hazırlanır və icra olunur. Hələlik idmançılara fürsət vermək lazımdır ki, bir müddət istirahət etsinlər. Bir neçə ay ərzində fəal işlər aparılmayacaq. Amma sonradan hər növbəti gün 2020-ci Tokio olimpiadasına hazırlaşmağa başlayacağıq.Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və federasiyalar bu işə çox ciddi yanaşırlar. Onlar hazırlıq prosesini təhlil edərək, növbəti mərhələlərdə bunu planlaşdırırlar. Biz də nazirlik olaraq, onlara hərtərəfli dəstək veririk. Bu dəstək özünü təlim-məşq toplanışlarının maliyyələşdirilməsi, onların yarışlara göndərilməsi, farmakologiya məsələlərindən ibarətdir.Dopinq məsələləri də çox vacibdir. Bu, nazirliyin əsas prioritet məsələlərindəndir. Buna daha çox diqqət yetirməliyik. Federasiyalarla, həkimlərlə daha çox təbliğat işləri aparmalıyıq. Hər gün o preparatların siyahısı dəyişir. Biz bunu dərindən izləməli, vaxtı-vaxtında məlumatları çatdırmalıyıq. Maddi-texniki bazamız tam hazırdır. Hər bir növdə idmançıları qəbul etməyə hazırıq. Orada hər cür şərait yaranıb. O şərait Rio və Tokio olimpiadalarından fərqlənmir. Azərbaycan ərazicə böyük olmasa da, ölkəmizdə dünyanın 9 iqlim qurşağı var. Dağlarda da, dəniz səviyyəsindən aşağı hissələrdə də, tropik zonalarda da məşq etmək olar. "Tokio-2020"yə hazırlığa ayrıca bir proqram şəklində yanaşmalıyıq. Çünki Yaponiya paytaxtı vaxt və iqlim baxımından fərqlidir. Ona görə də məşqçilərimizin hazırlıq prosesini daha çox Asiya qitəsində planlaşdırmalarına diqqət yetirməliyik.Hansı növün bizdə populyar, nailiyyətlərimizin çox olduğu növlərdə rəqiblərimizə baxmalıyıq. Rəqiblərimizlə sınaqçı-görüşlər təşkil etməliyik. Şəxsən mənim üçün olimpiadalar çox vacibdir. İlboyu dünya və Avropa çempionatlarında özüm iştirak edə bilmərəm. Çünki onların sayı çoxdur. Olimpiya Oyunlarında isə hamısı göz qabağındadır. Oturub idmançılara da baxmaq olar, məşqçilərlə də ünsiyyətdə olmaq mümkündür, dünyada idman siyasətini də görə bilərik. Həm də bizim əlaqələr çox genişdir. Şəxsən Tomas Baxla görüşümdə sevindirici məqam o oldu ki, Beynəlxalq Olimpiya Komitəsinin prezidenti "Hansı yarışlara gedirəmsə, Azərbaycan idmançılarını görürəm" dedi. Bu, onu göstərir ki, Azərbaycanda idman növbəti, davamlı inkişaf yoluna qədəm qoyub. Bu inkişaf hər bir sahədə var.Bu işlərin hamısı sırf olimpiada adı ilə bağlıdır. Ona görə də biz buradayıq.
- 18 medal yüksəkgöstəricidir. Nailiyyətlər baxımından statistik rəqəmlərə münasibətini bilmək istərdik...
- Olimpiada bir neçə mərhələyə bölünür. İlkin mərhələ hazırlıq, idmançılarla işdir. İkinci mərhələdə idmançılar, məşqçilər nazirlik və federasiyalardan nə istəyirlərsə, həll olunur. Növbəti mərhələdə idmançıları izləyir, məsləhətlərimizi verir, dəstəkləyirik. Onlar bizi tribunalarda görəndə daha çox həvəslənirlər. Görürlər ki, dövlət də onlarla birgədir. Olimpiadadan sonra təhlillər başlanır. Biz baxırıq ki, dünya, eləcə də mütəxəssislər, bizi izləyənlər çıxışlarımızı necə qiymətləndirirlər. Bu təhlil də, statistik rəqəmlər də bizim üçün çox vacibdir. Sözsüz ki, 18 medal Azərbaycanı xüsusi yerə qoyur. Azərbaycan dünyada idmançılarının effektivliyində birinci yerdədir. Bu, dünyaca məşhur "Telegraf" agentliyinin yaydığı məlumatdır. Həmin məlumatda ABŞ 3-cü yerdə göstərilib. Medal sayı baxımından 207 ölkə arasında 15-ciyik. Bu da inanılmaz dərəcədə yüksək nəticədir. Avropada 7-ci, İslam ölkələri arasında 1-ci, MDB-dən 2-ciyik. Bunlar çox yüksək, gözlənilməz nəticələrdir.Medal keyfiyyəti baxımından, 39-cuyuq. Baxmayarar ki, "London-2012"də 30-cu idik. Amma gümüş medalların sayı "qızıl"ları ikiqat əvəzləyir. Sevindirici hal odur ki, 2 deyil, 5 idman növündə medal qazanmışıq. Bizi qızıl medal sayında qabaqlayanlar medalları 2, maksimum 3 növdə medal əldə ediblər. Həmin ölkələr üstünlüyü bu növlərə veriblər, digər növlər diqqətdən kənarda olub. Amma bizim geniş tərkib, 5 növdə medalların qazanılması onu göstərir ki, bizdə hər istiqamətə fikir verilir, nəticə də üzdədir.

- Bəs hansısa komandanı, federasiyanı xüsusi fərqləndirə bilərdiniz?
- Biz heç kimi ayırmırıq. Çünki hər bir federasiyanın, hər bir idmançının böyük əməyi var. İdmançılarla yarışlardan sonra görüşürük. Onlar nə qədər fiziki, mənəvi qüvvə sərf edir, qan-tər itirirlər. Bu onu göstərir ki, federasiyalar, idmançılar olimpiadaya hazırlaşıblar. Heç bir federasiyanı digərindən üstün saya bilmərik. Amma məqamlar var. Məsələn, cüdonu götürək. London olimpiadasında cüdodan nəticənin olacağını çox gözləyirdik. Amma heç bir nəticə olmadı. Bu gün nəticələr göstərir ki, cüdo düz xəttə qayıdır. İnanırıq ki, gələcəkdə də bu növdə nailiyyətlər daha çox olacaq. Taekvondoda Azərbaycanın müstəqillik dövründə olimpiadada nəticə olmayıb. Amma ölkənin hər yerində inkişaf edib. Bütün regionlarda bölmələr var. Seleksiya işləri aparılır. Xüsusi mərkəz tikilib. Amma medallar yox idi. Taekvondoda olan qızıl medal bu növ üçün böyük irəliləyiş, nailiyyətdir. Gənclər də bu medalları görərək, olimpiya çempionu, mükafatçıları ola bilərlər. Avarçəkmə növlərində əcnəbilər çıxış etsə də, Mingəçevir bazasında yüzlərlə uşaq məşğul olur. Düşünürük ki, bu qələbələr onlar üçün yol açacaq, böyük stimul olacaq. Güləşçilər bizi çox sevindiriblər. Medalları həmişə çox olub. Təəssüflər olsun ki, qızıl medal olmadı. Amma hər dəfə qızıl medalın bir addımlığında qalmışdıq. Bəzi hallarda hakimlərin səhvləri, haqsızlıqlar oldu. Bəzi hallarda gözə görünməyən olaylar baş verirdi.Məsələn, Toğrul Əsgərov olimpiadaya tam hazır idi. Amma özü ilə görüşəndə sifətində böyük şiş gördük. Səbəbini soruşduq, dedi ki, finalda rusiyalı rəqibi ilə görüşündə birinci andan toqquşma oldu. Rus güləşçi başla ya qəsdən, ya da təsadüfən hərəkət edərək, onu ciddi zədələyib. Toğrul deyir ki, gözüm qaralmışdı, görmürdüm. Nəticədə 0:11 hesablı məğlubiyyət oldu. Bu, idmançıya yaraşmasa da, səbəbi var. məğlubiyyətin səbəbi görüşdən sonra məlum oldu. Bu cür qeyri-idman hərəkətləri, davranışları bizi sevindirmir. Biz başa düşürük ki, bu, idmandır, olimpiadadır. Stress böyükdür, idmançıların əsəb sistemi gərgin vəziyyətdədir. Boksda Lorenso Sotomayorun göz qabağındakı qələbəsi məğlubiyyət kimi sayıldı. Hər gün medal qazanırdıq, bayrağımız yüksəlirdi. Londonda həftələrlə medalsız oturub gözləyirdik ki, nə vaxt xalqımız sevinəcək, idmançılar bizimlə birgə qələbə sevinci yaşayacaqlar. Burada isə ilk gündən medallar var idi. Biz medalları görərkən, "qızıl"ı gözləməyə başlamışdıq.
- Psixoloji hazırlıqla bağlı sual vermək istərdik. İdmançıların hamısı deyirdi ki, bizdə psixoloji gərginlik var idi. Son anda qələbənin rəqibə verilməsi bununla bağlı ola bilərdimi?
- Olimpiadada hər bir amil çox vacibdir. Psixoloji durum, fiziki, texniki hazırlıq... İdmançılarımızın çoxu hər bir məsul yarışqabağı çəki atırlar. Nazir kimi bu işlərə qarışa bilmərəm. Məşqçi belə düşünür ki, bu, lazımdır. İdmanda uzun müddət çalışan insan kimi düşünürəm ki, 3 ay ərzində 10 kq atan idmançı yarışda fiziki cəhətdən daha zəif olur. Bu, normal, tibbi prosesdir. Nə velosiped kəşf edirəm, nə də fərqli fikir səsləndirirəm. Buna fikir vermək lazımdır. Bu gün farmakologiya, psixoloji dəstək çox vacibdir. Toğrul Əsgərovla son anda əməkdaşımız görüşdü. Məlum oldu ki, onda nə qədər gərginlik var. Söhbət apararaq, Toğrulu sakitləşdirdi. Güləşçimiz bir saatdan artıq uzanıb yatdı və əsəbdən uzaq insan kimi ayağa durdu. Toğrul Əsgərovun məğlubiyyəti psixoloji və ya fiziki durumundan asılı deyildi. Sadəcə, görüş başlayanda üzləşdiyi hərəkətlə bağlı oldu.
- Digər idman növləri ilə bağlı fikirləriniz necədir?
- Triatlonda medal gözləmək çox çətin idi. Ona görə ki, orda çıxış edən insanlar sanki dəmirdən, palıddan idi. Triatlon yeni idman növüdür. Gənc idmançılarımız böyüyür. Düşünürük ki, gələcəkdə onlardan nəticə gözləmək olar. Amma bu, çox ağır idman növüdür. Bu idman növündə bəzi Avropa, MDB ölkələrindən idmançılar yox idi. Amma 55 idmançının arasında Azərbaycan idmançıları var idi və bu bizi sevindirirdi. Son nəticə yüksək olmasa da, 39-cu yer həqiqətən də bir nəticədir. Biz triatlonda "20-lik"də yer alacağımızı gözləyirdik. Götürək elə Marina Durundanın çıxışını. Federasiyaların prezidentləri, Avropa Olimpiya Komitəsinin prezidenti yaxınlaşıb dedilər ki, Durunda çox yaxşı çıxış elədi. Bu, qızıl olmasa da, bürünc medal idi. Amma təəssüflər olsun ki, hakimlərin qərarı idmanın təmizliyinə, ədalətli yanaşmaya yox, nəyəsə əsaslanırdı. Bu da çox maraqlı faktdır. Velosiped idman növü, bizim idmançılarımızın çıxışı – yenə də deyirəm dövri idman növləri çox ağırdır.Azərbaycanın bu idman növlərində iştirakı çox vacibdir. Biz avarçəkmədə idmançılarımızın uğurlarına nə qədər sevindik. Bu, tamamilə ayrı bir dünyadır. Orda tamamilə fərqli idmançılar mübarizə aparırlar. Yarımfinallarda Azərbaycanın adı bütün azarkeşlərin qarşısında dəfələrlə səslənir və böyük idman qurğusunda qürurla oturub bunları izləyirdik. Valentin Demyanenkonun sonda qayığının faktiki 5 sm gecikməsi bizi sözsüz ki, sevindirə bilməzdi.Bu, real bir qızıl idi. Ancaq o, əldən çıxdı. Ulduz idmançımız Mariya Stadniki xüsusi vurğulamaq istəyirəm. Burda söhbət fiziki, psixoloji, texniki məsələdən yox, bəxtdən gedir. Bəxt məsələsi çox maraqlı bir şeydir. Sözsüz ki, bəxtlə idmana yanaşmaq olmaz. Hər bir idmançı hazırlıqlı olmalıdır. Ancaq bu qızın bəxti niyə gətirmir, bu, hamımızı təəcübləndirir.
- Bəlkə idmançılar arxayın olurlar ki, qələbə onlardadır, son anda rahatlaşırlar?
- Hər bir idmançının öz üslubu var. Standnikin stili budur. Götürür xalları, o qədər mübariz qızdır ki, rəqibinə böyük xal fərqi ilə qalib gəlmək istəyir. Neçə dəfə onda olub ki, sonda hərəkət edəndə kiçik bir səhvə yol verir və uduzur. Olimpiadada bir zəif idmançı yoxdur. Həmin onda Stadnikin səhvindən istifadə edirlər və ona qalib gəlirlər.
- Eyni ssenari Rövşən Bayramovda da oldu…
- Bəli. Onun artıq 3-cü olimpiadasıdır. Rövşənin bəxti yoxdur. Ancaq həqiqətən Bayramov bizim qızıl medalçı, çempionumuzdur.
- Olimpiada onunla yadda qalır ki, kimisə kəşf edirsən. Siz özünüz XXXIYay Olimpiya Oyunlarında hansı idmançını kəşf etdiniz?
- Mən heç vaxt 1 nəfəri o boyda 18 insanın arasında fərqləndirib adlarını çəkə bilmərəm. Onların hamısı bizim qəhrəmanlarımızdır. Azərbaycan xalqının övladlarıdır, vətəndaşlarıdır. Mən onlarla yarışlardan sonra görüşürəm. Nə dediklərini eşidirəm. Ən gərgin vaxtda, yarışdan çıxandan insanın dediyi sözlər ən səmimi sözlərdir. Onların hamısı ölkəni düşünürlər və qazandıqları nailiyyətlərə görə hamısına dərin minnətdarlığımı bildirmək istəyirəm. Onlar üçün Azərbaycan, "ölkə", "xalq" sözləri önəmlidir. Bizə azarkeşlərimiz, dostlarımız baxırlar və onları sevindirmək istəyirik. Əsas budur.
- Ən çox söhbət legionerlərlər bağlı oldu ki, biz öz yaxşı idmançılarımızı başqa ölkələrə verdik. Buna münasibətiniz necədir?
- Biz hazırda qloballaşan dünyada yaşayırıq. Görüsünüz ki, xalqlar öz ölkələrindən, məkanlarından köçürlər. Görürsünüz ki, bu gün hansı proseslər baş verir. Biz görürük ki, Toğrul Əgsərovun rəqibi olan, İtaliyadan çıxış edən idmançı Kubadandır. ABŞ-da çıxış edən idmançı dizlərini yerə qoydu, Allaha dua elədi. Ən çox güləşdə legioner idmançıları cəlb edirlər. Rumıniyada, Fransadakı idmançıların soyadlarından görürük ki, bunlar Dağıstandan olan idmançılardır. Ramil Quliyev Türkiyəni təmsil etdi. Ağır atlet Nicat Rəhimov Qazaxıstanda qızıl medal qazandı. Yəni, vəziyyət o qarışıqdır ki, kimsə buna önəm verir, əsas qoyursa, bu, düzgün deyil. İdmançı qərar verir ki, öz ölkəsini tərk edərək başqa bir ölkəyə köçsün. İdmanın qanunlarına görə bu idmançı 3-4 il Olimpiadada çıxış edə bilməz. Yəni, bu o deməkdir ki, 3-4 ildən artıq Azərbaycanda hazırlaşır, yaşayır, məşqlər edir, Azərbaycanın çörəyini yeyir. Onların əksəriyyəti Azərbaycanın vətəndaşlarıdır və əksəri də öz gələcəyini burda planlaşdırırlar, görürlər. Məncə, legioner söhbəti bugünkü dünyada, idmanda gülməli söhbətdir. Siyasətə tamamilə toxunmaq istəmirəm. ABŞ-da, İngiltərə nə qədər anlqlosaks idmançılar var… Onlar nə vaxt həmin ölkəyə köçüb, bu, fərq etməz. Legioner məsələsinə belə yanaşıram ki, onlar bizim idmanımız üçün vacibdir, ancaq əsas onlar deyil. Gənclər və İdman Nazirliyinin əsas məqsədi gənc idmançıları yetişdirmək, hazırlamaqdır. Seleksiyaçılar gəlib onları tapıb aşkar etməli, yığmalara cəlb etməlidir. Bizim işimiz odur ki, kütləvilik olsun, idmançıların sayı artsın. Onlar düzgün məşq etsinlər. Biz baxmalıyıq ki, məşqçilər məşq prosesini düzgün qursunlar, idman qurğuları yüksək səviyyədə hazırlansın, qapılar açıq olsun və sonra növbəti mərhələ federasiyalardır. Onılar belə gənc idmançıları tapıb aşkara çıxarmalıdırlar, milli komanadalara cəlb etməlidirlər. Bunun nəticəsində qələbələr olacaq. Ancaq bugünkü Azərbaycanda yaşayan legioner idmançı medal qazanırsa, bu, bütün idman növü üçün böyük inkişafdır. Bu, bizim üçün çox vacibdir. Biz o legionerləri dəstəkləyirik və onları azərbaycanlı idmançılarla heç vaxt fərlqəndirmirik. Onlar bizim vətəndaşlardır, oğullardır, qardaşlardır və biz onları dəstəkləyirik. Bağlanış mərasimində də bayrağımızı Radik İsayev daşıdı.


banner

Oxşar Xəbərlər