Azad edilmiş ərazilərdə quruculuğun inşaat sektoruna təsiri
Tikinti materialları
bahalaşmayacaq, kadr qıtlığı da gözlənilmir, amma...
İşğaldan azad olunmuş ərazilərə böyük qayıdışın təmin edilməsi
məqsədilə 2021-ci ilin dövlət büdcəsindən 2,2 milyard manat vəsaitin ayrılması
nəzərdə tutulub. Bu vəsait şəhər və kəndlərin bərpası və yenidən qurulması,
həmin ərazilərdə müasir infrastrukturların (elektrik enerjisi, təbii qaz, su,
rabitə, yol, təhsil, səhiyyə, mədəniyyət, mənzil-kommunal və digər zəruri infrastrukturların
və mədəni-tarixi abidələrin bərpası və yenidən qurulması, yaşayış evlərinin
tikintisi və sair) yaradılması məqsədilə istifadə ediləcək.
Quruculuq işlərinin başlamasının Bakıda tikinti sektoruna, əmək
bazarına, inşaat materiallarının qiymətinə təsiri olacağı ilə bağlı fikirlər
səsləndirilir. Bu təsir nə dərəcədə olacaq? Qeyd edilir ki, tikinti sektorunda
işçi qüvvəsi işğaldan azad olunan ərazilərə cəlb olunanda, Bakıda işçi qüvvəsi
cəhətdən çatışmazlıqlar da gözləniləndir. Bəs inşaat sahəsində xaricdən kadr
cəlb edilməsinə ehtiyac ola bilərmi?
Millət vəkili Vüqar
Bayramov deyir ki, işğaldan azad olunan torpaqlarda quruculuq işlərinin
aparılması inşaat sektoruna böyük maliyyə yönəlməsinə səbəb olacaq: "İşğaldan
azad olunan ərazilərimiz kifayət qədər böyükdür. Burada bərpa və yenidənqurma
işləri mərhələli şəkildə həyata keçiriləcək. Həm büdcədən, həm büdcədənkənar
fondlardan, o cümlədən beynəlxalq mənbələrdən vəsaitlərin cəlb edilməsi nəzərdə
tutulub. Bu da daha çox vəsaitin inşaat sektoruna cəlb olunmasına imkan
verəcək. Sözsüz, bu, ölkədə inşaat sektorunun dövriyyəsinin genişləndirilməsinə
gətirib çıxaracaq”.
V.Bayramov bildirdi ki, ancaq bu quruculuq işlərinin hələ ki, ölkənin
inşaat və əmlak sektorunda qiymətlərə elə də təsiri olmayacaq: "İlk növbədə
inzibati və sosial binaların inşası həyata keçiriləcək. O baxımdan, bu prosesin,
ilkin mərhələdə inşaat sektorunda qiymətlərə
təsirinin olacağı gözlənilmir. Ölkənin əmlak bazarındakı qiymətlər deyəndə,
paytaxt və iri şəhərlərin əmlak sektorundakı qiymət nəzərdə tutulur. Amma bərpa
prosesində dövlətin birbaşa dəstəyini nəzərə alsaq, əmlak bazarına xüsusi
təsiri olacağını gözlənilmir. Amma inşaat materiallarına tələb artacaq. Burda
da nəzərə almalıyıq ki, işğaldan azad olunan ərazilərimiz inşaat materiallarının
istehsalı baxımından xammal bazasına malikdir. Bu da yerli inşaat
materiallarının genişlənməsinə gətirib çıxaracaq”.
Millər vəkili qeyd etdi ki, inşaat sektorunda kifayət qədər ixtisaslı
kadrlar var və bu quruculuq işləri kadr cəhətdən problemə səbəb olmayacaq: "Son
20 il ərzində Azərbaycanda inşaat və tikinti sektorunda kifayət qədər
ixtisaslaşmış şirkətlər formalaşıb. Həmin şirkətlərin böyük qismi yeni
texnologiyalardan istifadə edirlər və yeni texnologiyanı istifadə edən
mütəxəssislərə də sahibdirlər. Ona görə, kadr cəhətdən hər hansı problem
olacağını düşünmürəm”.
Daşınmaz əmlak üzrə ekspert
Nüsrət İbrahimli bildirdi ki, quruculuq işləri, ümumilikdə tikinti
sektoruna əhəmiyyətli təsir edəcək: "Neftin qiymətinin düşməsi və pandemiya ilə
əlaqədar olaraq ölkədə tikinti sektorunda aktivlik çox aşağı düşüb. Bu il
işğaldan azad olunan torpaqlarda quruculuq işləri başlayanda, tikinti
sektorunun fəallaşması onunla paralel
digər sahələrdə də aktivliyə gətirib çıxaracaq. Məsələn, su xətti çəkmək üçün
polietilen borular lazımdır. Bu borular Bakıda istehsal olunur. Deməli, həmin
müəssisə işləyəcək. Enerji xətlərinin çəkilməsi məsələsini götürək. Naqillərə,
elektrik xətlərinə, kabellərə böyük ehtiyac olacaq. Mingəçevirdə, Bakıda bu
məhsullar istehsal olunur, deməli, həmin müəssisələr işləyəcək. Tikinti sektoru
öz ardınca 30-dan artıq sahəni inkişaf etdirir”.
N.İbrahimli deyir ki, inşaat materiallarının qiymətinin artması da gözlənilmir: "Ora ayrılan vəsaitin böyük
hissəsi büdcə vəsaitidir, ona görə, ora gedən inşaat materiallarının qiyməti
xüsusi nəzarətdə olacaq. Bu səbəbdən, tikinti materiallarının qiymətinin
artımına elə də təsiri olmayacaq. Ola bilər ki, müəyyən aylarda hansısa idxal
məhsullarının qiymətində müəyyən qədər artım olsun. Amma yerli istehsal
məhsullarında yox”.
N.İbrahimli qeyd etdi ki, bəzi sahələr üzrə xaricdən kadr cəlb
edilməsinə ehtiyac ola bilər: "Yolların inşası, qeyri-yaşayış sahələrinin
tikintisi, ərazinin abadlaşdırılması və s. işlər üzrə həm yerli, həm də
xaricdən mütəxəssislər cəlb olunacaq. Təbii ki, ölkədə layihəçilər,
mühəndislər, həm də fəhlə qüvvəsinə tələb yaranacaq. Amma mühəndislərlə bağlı
bizdə müəyyən qədər çatışmazlıq ola bilər. Əsasən layihəçilər, memarlar,
şəhərsalma istiqamətində işləyənlərlə bağlı xaricdən mütəxəssislər dəvət etməyə
ehtiyac yarana bilər. İş icraçıları, fəhlələr cəhətdən xaricdən mütəxəssis cəlb
olunmasına ehtiyac yoxdur, öz işçi qüvvəmiz kifayət edəcək. Son illər
Azərbaycanın tikinti sektorunda çox böyük kadr potensialı yetişib. Və bunlar
istənilən mürəkkəb tikintini icra etmək bacarığına sahibdirlər. Bu cəhətdən
problem olmaz”.
Daşınmaz əmlak üzrə ekspert
Ramil Osmanlı deyir ki, inşaat sektoruna investisiya yatırımları Azərbaycanda
makro-iqtisadi sabitliyin təmin olunmasına və daha da möhkəmlənməsinə gətirib
çıxaracaq: "Böyük məbləğdə vəsaitlərin, pul axınlarının yenidən daşınmaz əmlak
bazarına cəlb olunması, bu sahədə dinamikanı artıracaq. Həmin vəsaitlərin
müəyyən qisminin yenidən daşınmaz əmlak bazarına qayıtması həm qiymət
baxımından təsir göstərə bilər, həm də aktivliyin təmin olunması cəhətdən vacib
şərtdir”.
R.Osmanlı qeyd etdi ki, işğaldan azad olunan ərazilərdə quruculuq
işləri sürətləndiyində, Azərbaycanda daşınmaz əmlak bazarında qiymətlərin
artımı qaçılmaz olacaq: "Bu artımların faizi, daha çox ayrılan vəsaitlərin
əhatə etdiyi dövrdən asılı olacaq. Əgər həmin vəsaitlər qısamüddətli dövrdə
bazara cəlb olunacaqsa, təbii ki, qiymət artımları da dinamik və intensiv
şəkildə müşahidə olunacaq. Əgər proses bir qədər uzunmüddətli mərhələ üçün
hesablanmış olarsa, onda qiymət artımlarının qismən sabit baş verməsi ehtimalı
var. Hesab edirəm ki işlər qismən sürətli icra olunacaq. Bu mənada 2013-14-cü
ildəki kimi dinamik qiymət dəyişmələri gözləniləndir”.
Aygün